Məhkəmə qərarları › İş №2(003)-4057/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4057/2023

21.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4057/2023 21.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan övladları xx.xx.2016-cı il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(005)-1933/2023 saylı qətnaməsi ilə artırılan alimentin miqdarının azaldılaraq hər uşaq üçün hər ay 110 manat olmaqla cəmi 330 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, cavabdehlə aralarında olan nikah Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-3171/2021 saylı qətnaməsi ilə pozulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-5188/2021 saylı qərarı ilə iddiaçı ilə birgə nikahından olan xx.xx.2016-cı il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçıdan hər ay hər uşağa görə 110 manat olmaqla cəmi 330 manat sabit pul məbləğində alimentin ondan tutularaq cavabdehə ödənilməsi qərara alınmışdır. Daha sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(005)- 1933/2023 saylı qətnaməsi ilə alimentin miqdarı artırılaraq hər uşaq üçün 150 manat olmaqla cəmi 450 manat sabit pul məbləğində müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-4702/2023 saylı qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(005)-1933/2023 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Hazırda rəsmi olaraq işlədiyi qurumda əmək haqqı 475 manat təşkil edir. Onun tərəfindən aliment ödənildikdən sonra özünə 25 manat əmək haqqı qalır ki, bununla da özünün təminatını qarşılamaq xeyli çətindir. Başqa bir gəlir mənbəyi yoxdur. Cavabdeh özəl klinikada həkim-laborant işləməklə 600 manat rəsmi maaş almaqla yanaşı ümumilikdə aylıq cəmi 1200 manata yaxın rəsmi və qeyri-rəsmi gəliri vardır. Cavabdehin alimentlə birlikdə ümumilikdə ailə büdcəsi 1000 manatdan yuxarı ola biləcəyi halda onun üçün yalnız 25 manat pul saxlanılması onun üçün ədalətsiz olmaqla yanaşı maddi vəziyyətini də çətin hala salmış olur. Səhhəti də qənaətbəxş deyildir. Belə ki, uzun müddətdir boyun yırtığından əziyyət çəkir. Bu səbəbdən də, xırda çəkidə ağırlıq qaldırmağı belə uzun müddət müalicəsinin davam etməsinə gətirib çıxarır. Həmçinin, cavabdeh uşaqların onu görməsinə şərait yaratmır. Bu səbəbdən də cavabdehin onun uşaqlarla maraqlanmaması barədə gətirdiyi arqument həqiqəti əks etdirmir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-5188/2021 saylı qərarı ilə iddiaçı ilə birgə nikahından olan xx.xx.2016-cı il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçıdan hər ay hər uşağa görə 110 manat olmaqla cəmi 330 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qərara alınmışdır. Daha sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(005)- 1933/2023 saylı qətnaməsi ilə alimentin miqdarı artırılaraq hər uşaq üçün 150 manat olmaqla cəmi 450 manat sabit pul məbləğində müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-4702/2023 saylı qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(005)-1933/2023 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. O, ali təhsilli həkim olsa da, uşaqlarına baxmaq üçün işdən çıxmışdır və hazırda işsizdir. İddiaçı isə yüksək məbləğdə əmək haqqı alır. 3 uşaq üçün müəyyən edilən alimentin miqdarı uşaqlar üçün olan yaşayış minimumundan xeyli aşağıdır. İddiaçı bir ata kimi uşaqlarını saxlamağa borcludur. Onun özünün heç bir gəliri yoxdur, yalnız verilən aliment sayəsində dolanır. İddiaçının valideyni onu gəlin olaraq gəldiyi evdən çıxmağa məcbur etmişdir. Hal-hazırda uşaqları ilə birlikdə kirayədə yaşayır. İddiaçı bir ata kimi uşaqları ilə maraqlanmaqdan imtina edir. 2019-cu ildən bəri uşaqlarına paltar, ərzaq və ya kitab almayıb. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -03 oktyabr 2023-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə təyin edilmiş mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı isə iştirak edərək 50 manat məbləğində mediasia sessiyası üçün mediasiya xərcini ödəmişdir. (Mediator: V.F.Hüseynov). -“Azemıs” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı Azərbaycan Memarlıq və İnşaat Universitetində “liftçi” vəzifəsində işləyir və aylıq əmək haqqı 660 manat təşkil edir. -“Azemıs” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də “ümumi həkim” vəzifəsində işləyir və aylıq əmək haqqı 560 manat təşkil edir. -Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-4702/2023 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(005)-1933/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -İş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-5188/2021 saylı qərarı ilə xx.xx.2016-cı il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçıdan hər ay hər uşağa görə 110 manat olmaqla cəmi 330 manat sabit pul məbləğində alimentin tutularaq cavabdehə ödənilməsi qərara alınmışdır. Daha sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(005)- 1933/2023 saylı qətnaməsi ilə alimentin miqdarı artırılaraq hər uşaq üçün 150 manat olmaqla cəmi 450 manat sabit pul məbləğində müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-4702/2023 saylı qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(005)-1933/2023 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (azaldılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız о halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşağın layiqli həyat şəraitini təmin etmək mümkün olsun. Məhkəmə qeyd edir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə məruz qala bilməzlər. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məsuliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Nikahda və ya nikahdankənar doğulmasından asılı olmayaraq uşaqların valideynləri barəsində eyni hüquqları vardır. (Uşaq hüquqları haqqında Qanunun 5-6 mad.) Uşaq hüquqları bəyannaməsinin (BMT-nin Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin Elşolts Almaniyaya qarşı iş üzrə 13 iyul 2000-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərinə görə Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər. Tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (§50). Məhkəmə hesab edir ki, iddiaçının müəyyən olunmuş alimentin miqdarının azaldılmasının səbəbi kimi təqdim etdiyi əsas (əmək haqqının az olması) məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının maddi vəziyyətində əhəmiyyətli pisləşmənin olmasına dəlalət edən hal kimi qəbul edilə bilməz. Həmçinin, iddiaçının maddi qazancının az olması övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə iddiaçının xəstəliyi ilə əlaqədar gətirdiyi arqumentlərə münasibətdə qeyd edir ki, iddiaçının bildirdiyi boyun yırtığı xəstəliyi onun əmək qabiliyyətini itirməsinə təsir göstərməmişdir. Bu səbəbdən də həmin əsasla alimentin miqdarı azaldıla bilməz. Mübahisə ilə bağlı məhkəmə həmçinin aşağıdakıları da qeyd etməyi zəruri hesab edir: Hazırkı işdə müəyyən edilmişdir ki, uşaqların saxlanılması üçün cavabdehdən tutulan aliment miqdarı hər ay hər uşaq üçün 150 manatdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etməklə yalnız minimum təminat səviyyəsini nəzərdə tutur. İddiaçının isə iddiasının təmin edilməsi halında hər uşaq üçün yaşayış minimumundan çox aşağı bir məbləğdə aliment müəyyən olunmasına gətirib çıxarar ki, bu da uşaqların təminat səviyəsinə pis təsir edə bilər. Bundan əlavə, uşağın valideynlərdən birinin himayəsində olması uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Həmçinin məhkəmədə müəyyən edildi ki, hal-hazırda tutulan aliment Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(005)-1933/2023 saylı qətnaməsi ilə müəyyən edilmişdir. Daha sonra isə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-4702/2023 saylı qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən təxminən 3 ay sonra xx.xx.2023-cü il tarixdə “alimentin miqdarının azaldılması” barədə tələblə müraciət etmişdir. İddiaçı 3 ay kimi qısa vaxtda maddi durumunda hər hansı çətinlik baş verməsini əsaslandırmamışdır. Qeyd edilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, əvvəlki qətnamə ilə müəyyən edilmiş aliment məbləği göstərilən halların məcmusu baxımından da ədalətli və ağlabatandır. Göstərilən bütün halların məcmusu baxımından məhkəmə belə qənaətə gəlir ki, iddiaçının iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı tələbini əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar