Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4075/2021 25.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh «Duty Free.az” MMC-yə qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh «Duty Free.az” MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, video müşahidə qrupunda nəzarətçi vəzifəsində aldığı maaş ilə faktiki olaraq vəzifələrini icra etdiyi təyyarədə təchizat xidmətində təchizatçı vəzifəsinin maaşı arasındakı olan fərqin hesablanması, həmin pul məbləğinin və işdən azad olunduğu gündən bu günə kimi əmək kitabçası ona təqdim edilmədiyi üçün həmin müddət üçün orta əmək haqqının cavabdeh "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək video müşahidə qrupunda nəzarətçi vəzifəsində aldığı maaş ilə faktiki olaraq vəzifələrini icra etdiyi təyyarədə təchizat xidmətində təchizatçı vəzifəsinin maaşı arasındakı olan fərqin hesablanması, həmin pul məbləğinin cavabdeh "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı 2017-ci ilin avqust ayında "xxxx" şirkətində video müşahidə qrupunda nəzarətçi vəzifəsinə işə qəbul olunmuşdur. İşə qəbul olunduğu gündən faktiki olaraq təyyarədə təchizat xidmətində təchizatçı işini görmüşdür. 3 ildən artıq müddət "xxxx" şirkətində işləmiş və işə qəbul olunduğu günün birinci günündən sonuncu gününə kimi təyyarədə təchizat xidmətində təchizatçı vəzifəsini icra etmişdir. Dəfələrlə rəhbərliyə bu barədə müraciətlər edib rəsmi olaraq həmin vəzifəyə təyin olunmağını, təyin olunmadığı təqdirdə öz vəzifəsini icra etmək istədiyini bildirsə də, rəhbərlik tərəfindən onun müraciətlərinə məhəl qoyulmamışdır. Qeyd edir ki, o, video müşahidə qrupunda nəzarətçi vəzifəsini bir gün belə icra etməmişdir. İşə qəbul olunduğu gündən o, təchizat xidmətində təchizatçı vəzifəsini icra etmişdir. Buna baxmayaraq 3 ildən artıq müddətdə işlədiyi dövrdə video müşahidə qrupunda nəzarətçi vəzifəsinin əmək haqqısını almışdır. Əmək haqqı 438 manat olmuşdur. Faktiki olaraq vəzifəsini icra etdiyi təchizat xidmətində təchizatçıların isə əmək haqqıları 750 manat təşkil etmişdir. Onun ilk gündən təchizatçı vəzifəsini icra etməyi bütün sənədlərdə də öz əksini tapmışdır. O, şirkətə işə düzəldiyi dövr ərzində hesab edir ki, ona təchizatçı vəzifəsi üçün müəyyən olunmuş əmək haqqı ödənilməli idi. Bildirir ki, hazırda Bakı şəhəri Xəzər Rayon Prokurorluğunda "xxxx" şirkətinin şikayəti əsasında barəmdə araşdırma aparılır. Şikayətdə də qeyd olunur ki, guya o, təchizatçı vəzifəsində işlədiyi vaxtlarda mənimsəmə etmiş və bununla da şirkətə 4200 avro ziyan vurmuşdur. 4200 avro məbləğində dəymiş ziyan isə şirkət tərəfindən şişirdilmiş məbləğdir. O, özü etiraf etmişdir ki, 300 dollar pul o, itirmiş və həmin pulu da sonradan şirkətə qaytarmışdır. Ortaya sual çıxır ki, o, əgər video müşahidə qrupunda nəzarətçi işləmişsə də, bəs necə təchizat xidmətinin təchizatçılarının işini görmüş və bu qədər şirkətə ziyan vurmuşdur? Bakı şəhəri Xəzər Rayon Prokurorluğunda gedən araşdırma özü də bir daha sübut edir ki, o, həmin şirkətdə təchizatçı vəzifəsini icra etmişdir. Buna baxmayaraq ona təchizatçının maaşı deyil, video müşahidə qrupunun nəzarətçisinin maaşı ödənilmişdir. Hesab edir ki, işlədiyi dövrdə faktiki olaraq vəzifələrini icra etdiyi təchizatçı vəzifəsinin əmək haqqısı ilə video müşahidə qrupunda nəzarətçi vəzifəsinin əmək haqqısı arasındakı fərq hesablanaraq ona ödənilməlidir. Bir daha qeyd etmək istəyir ki, o, dəfələrlə rəhbərliyə bu barədə müraciətlər etmişdir. Lakin rəhbərlik tərəfindən onaə hədə-qorxu gəlinmişdir. Bütün bu təzyiqlərin, hədə-qorxuların nəticəsində o öz xahişi ilə tutduğu vəzifədən azad olunmaq üçün ərizə verib işdən azad olunmuşdur. Qeyd edir ki, 2 aydan artıq vaxt olacaq ki, hələ də əmək kitabçası ona təqdim edilməmişdir. İşdən azad olunmağı barədə əmrin surətini belə ona verməyiblər. Dəfələrlə müraciətlər etsə də, nə əmri, nə də əmək kitabçasını şirkətdən götürə bilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsində də qeyd olunmuşdur ki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Göründüyü kimi şirkət tərəfindən qanunvericiliyin tələblərinin heç birinə məhəl qoyulmamışdır. Hesab edir ki, o, "xxxx" şirkətində işlədiyi dövrdə faktiki olaraq təyyarədə təchizat xidmətində təchizatçı vəzifəsini icra etdiyindən ona həmin vəzifənin əmək haqqısına uyğun olaraq maaş verilməli idi. Bu səbəbdən də, video müşahidə qrupundan nəzarətçi vəzifəsində aldığı maaş ilə təyyarədə təchizat xidmətində təchizatçı vəzifəsinin maaşı arasındakı olan fərq hesablanaraq ona ödənilməlidir. Bundan başqa işdən azad olunduğu gündən bu günə kimi əmək kitabçası ona təqdim edilmədiyi üçün həmin müddət üçün orta əmək haqqı ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən əmək kitabçası təqdim edildiyindən, iddia tələbini “işdən çıxdığı zaman əmək kitabçası ona təqdim edilmədiyi üçün həmin müddətə görə orta əmək haqqının ona ödənilməsi” hissəsini müdafiə etmir, lakin iddia tələbini azaldılmış həcmdə müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini etiraf etməyərək onun rədd edilməsini xahiş etdi və izahatında bildirdi ki, iddiaçının iddia tələbi tamamilə əsassız və qanunsuzdur. Həmin şəxs videomüşahidə qrupunda işləmişdir. İddia etdiyinə görə guya həmin şəxs təchizatçı kimi fəaliyyət göstərmişdir. Lakin bildirir ki, bu tamamilə absurddur. Çünki, həmin şəxs bütün müraciət ərizələrində özü tərtib etdiyi və imzaladığı kimi vidomüşahidə qrupunda nəzarətçi işləmişdir. Digər məsələyə münasibət bildirərək qeyd edir ki, həmin şəxs ərizə ilə müraciət edərək işdən çıxarılmasını xahiş etmiş, lakin əmək kitabçasını götürməkdən imtina edərək getmişdir. Bu halda qeyd edir ki, poçt xidməti kuryerləri tərəfindən bu tipli sənədlərin əsli göndəriş üçün qəbul edilmir və daşınmır. Məhkəmə bildirişini alan kimi həmin şəxsin əmək kitabçası 01.11.2021-ci il tarixdə iclas zamanı şəxsə təqdim edildi. Əgər müəssisə əmək kitabçasını verməkdən imtina etsəydi bunu iclas zalında iddiaçıya təqdim etməkdən imtina edərdi. Həmçinin qeyd edir ki, iddiaçı iddia ərizəsini tərtib edərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin tələblərinə də əməl etməmişdir. Əlavə olaraq bildirmişdir, İddiaçı "xxxx" MMCdə işlədiyi vaxt ərzində 12.10.2016-cı il tarixindən 12.01.2017-ci il tarixədək və 05.09.2019-cu il tarixindən 05.10.2019-cu il tarixədək cəmi 2 dəfə müvafiq əmrlərə əsasən video müşahidə qrupunun nəzarətçisi aeromağaza xidmətləri bölməsinə ezam edilmişdir. Həmin müddətlərdə iddiaçının ezam edildiyi vəzifə maaşını alıb-almaması barədə məlumatı yoxdur. Həmçinin qeyd etmişdir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürmüşdür. Qeyd olunanların nəzərə alınmasını və iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 ifadəsində bildirdi ki, bildiyinə görə, İddiaçı vəzifəsi video müşahidə qrupunda nəzarətçi olmuşdur. İddiaçı 2015-ci ildən onun işlədiyi şöbədə işləyib. Onun aldığı əmək haqqını alırdı. İddiaçı 2016-2020-ci illərdə onunla təyyarədə təchizat xidmətində təyyarəyə mal yükləyirdi. O özü sonuncu dəfə 795 manat əmək haqqı alıb. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan İddiaçı "xxxx" MMC-yə ünvanladığı 10.10.2016-cı il tarixli ərizəsinin surətindən görünür ki, o, "xxxx" MMC-yə video müşahidə qrupunda nəzarətçi vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan 12.10.2016-cı il tarixdə İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 545 saylı əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı "xxxx" MMC-də video müşahidə qrupunda nəzarətçi vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan 12.10.2017-ci il tarixdə İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 545 saylı əmək müqaviləsinə 3 saylı əlavənin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti 12.10.2018-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan 12.10.2018-ci il tarixdə İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 545 saylı əmək müqaviləsinə 4 saylı əlavənin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti 12.10.2019-cu il tarixədək uzadılmışdır. İş materiallarında olan 14.10.2019-cu il tarixdə İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 545 saylı əmək müqaviləsinə 5ə saylı əlavənin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti 12.10.2020-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 12.10.2016-cı il tarixli əmrin surətindən görünür ki, video müşahidə qrupunun nəzarətçisi İddiaçı 12.10.2016-cı il tarixindən 12.01.2017-ci il tarixədək aeromağaza xidmətləri bölməsinə ezam edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 05.09.2019-cu il tarixli əmrin surətindən görünür ki, video müşahidə qrupunun nəzarətçisi İddiaçı 05.09.2019-cu il tarixindən 05.10.2019-cu il tarixədək aeromağaza xidmətləri bölməsinə ezam edilmişdir. İş materiallarında olan İddiaçı "xxxx" MMC-yə ünvanladığı 01.05.2021-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, onunla bağlanmış əmək müqaviləsinə öz xahişi ilə 06.05.2021-ci il tarixdən xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan cinayət işinin rədd edilməsi barədə 03.09.2021-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı əməlində cinayət tərkibin əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə 06.05.2021-ci il tarixində xitam verilmişdir. İş materiallarında olan ilkin mediasiya sesssiyasında iştirak edilməməsi barədə 24.09.2021-ci il tarixli arayışdan görünür ki, «Duty Free.az” MMC əmək mübahisəsi üzrə 24.09.2021-ci il tarixində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyası barədə məlumatlandırılsa da, mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sesssiyasında iştirak etmiş və mediasiya sesssiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərc ödəmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə, tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Həmin Məcəllənin 43-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Məhkəmə iclasında müəyyən edildi ki, o, İddiaçı 2017-ci ilin avqust ayında "xxxx" şirkətində video müşahidə qrupunda nəzarətçi vəzifəsinə işə qəbul olunmuşdur. O, öz xahişi ilə tutduğu vəzifədən azad olunmaq üçün ərizə verib işdən azad olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinə əsasən, 1. Tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. 2. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: a) tərəflərin qarşılıqlı razılığı; b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə səhiyyə müəssisəsinin müvafiq rəyinə görə; c) əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda; ç) işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürdükdə; d) bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.2-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Məhkəmə hesab edir ki, iddiaçı əmək müqaviləsinin məzmunu ilə tanış olaraq onu imzalamış, məzmunu və şərtləri barədə ətraflı tanış olmuşdur. Məhkəmə hesab edir ki, hazırki tələblə bağlı iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında 12.10.2016-cı il tarixdə əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsinə əsasən İddiaçı "xxxx" MMC-də video müşahidə qrupunda nəzarətçi vəzifəsinə qəbul edilmişdir. İddiaçı "xxxx" MMC-də işlədiyi vaxt ərzində 12.10.2016-cı il tarixindən 12.01.2017-ci il tarixədək və 05.09.2019-cu il tarixindən 05.10.2019-cu il tarixədək cəmi 2 dəfə müvafiq əmrlərə əsasən video müşahidə qrupunun nəzarətçisi aeromağaza xidmətləri bölməsinə ezam edilmişdir. İddiaçı uzun müddət əmək müqaviləsi ilə nəzərdə tutulan vəzifəsində deyil, təyyarədə təchizat xidmətində təchizatçı vəzifəsində işləməsini, lakin həmin icra etdiyi işə görə əmək haqqı almadığını qeyd etsə də, o, bu dəlillərini sübut edə bilmədi. Bundan başqa, onun əmək müqaviləsi ilə nəzərdə tutulan işdən fərqli işdə işləməsini və bununla bağlı işəgötürənə həmin işə görə nəzərdə tutulmuş vəzifə maaşının ona verilməsini bildirdiyini qeyd etsə də, bununla bağlı iddiaçının işlədiyi təşkilata rəsmi müraciətinin olması barədə sübutu məhkəməyə təqdim edə bilmədi. Belə olan halda məhkəm ə hesab edir ki, iddia tələbinin təmin edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Bununla yanaşı məhkəmə qeyd edir ki, hətta iddiaçının həqiqətən 2016-cı ildən əmək müqaviləsi ilə nəzərdə tutulan vəzifəsində deyil, təyyarədə təchizat xidmətində təchizatçı vəzifəsində işləməsi sübuta yetirilsə belə, onun bu tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş hüququnun həyata keçirilməsi üçün müəyyən edilmiş müddəti keçib. Belə ki, o işə qəbul olunduğu gündən,yəni 12.10.2016-cı il tarixdən iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi günə, yəni 27.09.2021-ci il tarixinədək 5 il müddət keçmişdir. Qanunvericiliyin tələbindən göründüyü kimi, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Belə olan halda da məhkəmə hesab edir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş hüququnun həyata keçirilməsi üçün müəyyən edilmiş müddəti ötürdüyündən iddia tələbi təmin edilə bilməz. Yuxarıda qeyd olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh «Duty Free.az” MMC-yə qarşı video müşahidə qrupunda nəzarətçi vəzifəsində aldığı maaş ilə faktiki olaraq vəzifələrini icra etdiyi təyyarədə təchizat xidmətində təchizatçı vəzifəsinin maaşı arasındakı olan fərqin hesablanması, həmin pul məbləğinin cavabdeh "xxxx" MMCdən tutularaq ona ödənilməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh «Duty Free.az” MMC-yə qarşı video müşahidə qrupunda nəzarətçi vəzifəsində aldığı maaş ilə faktiki olaraq vəzifələrini icra etdiyi təyyarədə təchizat xidmətində təchizatçı vəzifəsinin maaşı arasındakı olan fərqin hesablanması, həmin pul məbləğinin cavabdeh "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-4075/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4075/2021
25.11.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver