Məhkəmə qərarları › İş №2(003)-4227/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4227/2024

28.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4227/2024 28.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi, Xudiyeva Ayşən Əmir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment tələbinə” dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sahib oğlundan birgə nikahlarından doğulmuş övladıları - 01 fevral 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 (iki yüz otuz beş) manat alimentin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Sahib oğlu ilə 22 fevral 2013cü ildə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Həmin nikahdan 01 fevral 2013-cü il təvəllüdlü X3 anadan olmuşdur. Ailə qurduqları dövrdən münasibətləri normal olsa da, getdikcə bu münasibətlər gərginləşməyə və pisləşməyə başlamış və aləni bərpa etmək mümkün olmamışdır. Nəticədə 05 mart 2016-cı il tarixində rəsmi olaraq nikahları ləğv edilmişdir. Bir neçə ildir ki, cavabdehlə ayrı yaşayırlar. Bu müddət ərzində cavabdeh övladının necə yaşaması ilə maraqlanmır, onun təlim tərbiyəsi ilə məşğul olmur. Hazırda işləsə də az əmək haqqı aldığından övladının saxlanmasında çətinlik çəkir. Cavabdehin hazırda rəsmi işləyib-işləməsindən məlumatı yoxdur. Buna görə də alimentin hansı şəkildə və hansı məbləğdə ödənəcəyini məhkəmə müəyyən edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin dəlillərini müdafiə etməklə yanaşı izahatında əlavə olaraq bildirdi ki, artıq uzun müddətdir ki, cavabdehlə ayrıayrılıqda yaşayırlar. Cavabdeh həmin müddətdə uşağa heç bir maddi yardım etməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməsi barədə ərizə təqdim etməklə yanaşı izahatında bildirmişdir ki, iddiaçı ilə birgə nikahlarından olan - 01 fevral 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 (iki yüz otuz beş) manat mənləğində alimentin tutulmasına etirazı yoxdur. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib eləcə də cavabdehin iddia tələbinə münasibətini mülki iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 01 fevral 2013-cü il tarixdə X3 anadan olmuşdur. İş materiallarında olanBakı şəhəri Xəzər rayon Məhkəməsinin 22 yanvar 2016-cı il tarixli, 2(003)-15/2016 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh Saib oğluna qarşı “nikahın pozulması” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 22 fevral 2013-cü il tarixdə Qubadlı rayon qeydiyyat şöbəsində bağlanmış 28 nömrəli akt qeydli nikah pozulmuş və birgə nikahdan anadan olmuş 01 fevral 2013-cü il təvəllüdlü X2 anası – İddiaçı yanında qalması qət edilmişdir. İş materiallarında olan 05 mart 2016-cı il tarixli “nikahın pozulması” haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X1 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqında akt qeydləi kitabında 05 mart 2016-cı il tarixdə 63 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı 9 saylı Mediasiya təşkilatının MŞB/9/2024-01201 nömrəli, 04 oktyabr 2024-cü il tarixli “ilkin mediasiya sessiyasından iştirak edilməmə” barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyasında iştirak etmiş İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Cavabdeh isə ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Beləliklə iş materialları ilə müəyyən edilmişdir ki, tərəflər 22 fevral 2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və tərəflərin birgə yaşayış dövründə 01 fevral 2013-cü il təvəllüdlü X3 anadan olmuşdur. Hazırda iddiaçı, Cavabdeh 01 fevral 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 235 manat miqdarında aliment tutularaq iddiaçıya verilməsini istəyir. Bununla yanaşı cavabdeh ərizə təqdim etməklə iddia tələbini qəbul etməsini bildirmiş və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göründüyü kimi qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Həmçinin yetkinlik yaşına çatmayan uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ mövcuddur. Belə ki, tərəflərin birgə nikahından olan 01 fevral 2013-cü il təvəllüdlü X2 iddiaçının yanında saxlanılması işin mübahisəsiz hallarıdır və uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin hazırki vəziyyətdə iddiaçının üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərcləri miqdarında məbləğin aliment kimi cavabdehdən tutulmasına əsas ola bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, sabit məbləğdə müəyyən edilən aliment məbləğinin uşaqlar üçün həmin dövrün yaşayış minimumu həddində müəyyən edilməsi, uşağın minimum tələblatlarının tam təmin edilməsi yönəlmiş hüquqi tədbirdir. 2024-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024 cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həmin il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda cavabdeh məhkəmənin hazırlıq iclasında ərizə təqdim etməklə iddia tələbini qəbul etməsini bildirmişdir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Bu baxımdan məhkəmə hesab edir ki, tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq iddia tələbi təmin edilməklə cavabdehdən hər ay 01 fevral 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanaqədər saxlanılması üçün alimentin məbləği – 235 manat müəyyən edilməsi hazırki mübahisənin halları baxımından ağlabatan və ədalətlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, alimentin tutulması İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 11 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 01 fevral 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 11 oktyabr 2024-cü il tarixdən başlayaraq hər ay 235 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd olunan maddələrin tələblərinə əsasən məhkəmə hesab edir ki, “ilkin mediasiya sessiyası” zamanı iddiaçı tərəfindən ödənilmiş 50 manat rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli eləcə də ödənilməli olan 48.20 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 01 fevral 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 11 oktyabr 2024-cü il tarixdən başlayaraq hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə ödənilsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. “İlkin mediasiya sessiyası” zamanı İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat rüsum Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilməli olan 48.20 (qırx səkkiz manat, iyirmi qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar