Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4280/2024 05.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2023-cü il tarixdə qanuni nikaha daxil olub ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2024-cü il təvəllüdlü X2 anadan olmuşdur. Ailədaxili münasibətləri vardır. Həmin münasibətləri aradan qaldırmaq üçün mediatora müraciət etsə də, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Ailənin dayaqları sarsılmış, bərpası mümkün deyildir. Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli nikahın pozulmasına, uşağın himayəsində saxlanılmasına, habelə həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləği şəklində 235 manatın, uşaq 3 yaşına çatanadək özünün saxlanması üçün 150 manat vəsaitin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın həcminin azaldılmasına dair ərizə ilə müraciət edərək, iddiasının nikahın pozulması barədə tələbindən imtina edir və qalan hissədə isə iddianı tam müdafiə edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, o hal-hazırda uşağa baxmağı ilə analıq məzuniyyətindədir. Hal-hazırda işləmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddianı qismən qəbul edərək, izahatında göstərdi ki, hüquqlarını təmsil etdiyi şəxsin aylıq əmək haqqısı çox aşağıdır. Hər ay uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 120 manat miqdarında sabit pul məbləği aliment və uşağın 3 yaşına çatanadək saxlanması üçün 30 manat miqdarında aliment verə bilər. Məhkəmə tərəfləri dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhərində doğulmuş X1 atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflərin ailə münasibətlərindən xx.xx.2016-cı ildə Cavabdeh anadan olmuşdur. Hal-hazırda uşaq iddiaçının himayəsindədir. Məhkəmə hesab edir ki, uşağın saxlanması üçün iddiaçıdan sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən olduğundan və tərəflərin uşaqları iddiaçının yanında qaldığından məhkəmə hesab edir ki, cavabdehdən aliment tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunverici alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur ki, bu vəzifələr alimentin müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq digər halların nəzərə alınmasıdır. Məhkəmə tərəflərin birgə nikahından doğulmuş uşağın mənafeyini nəzərə alaraq, cavabdeh uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları əsas tutaraq hesab edir ki, Cavabdeh hər ay 235,0 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə iddia tələbinin “uşağın üç yaşı tamam olanadək ona qulluğa görə hər ay 150,0 manat tutulması” hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.1-ci maddəsinin tələbinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci madəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili cavabdehin uşağın 3 yaşına çatanadək saxlanması üçün 30 manat miqdarında aliment verə bilməsi barədə etirazına münasibətdə qeyd edir ki, tərəflərin birgə nikahından anadan olmuş uşaq hazırda 5 aylı olmaqla, südəmərdir. Ananın isə uşağına baxması, onun zəruri ehtiyaclarını qarşılaması ilə bağlı işləmək qabiliyyətində olmamaqla, ana kimi uşağın maddi ehtiyaclarını qarşılamaq imkanından məhrum olmuşdur. Lakin iddiaçı cavabdehdən uşaq üç yaşı tamam olanadək ona qulluğa görə hər ay 150,0 manat pul vəsaitinin tutulmasını tələb etsə də, cavabdehin bunun ödənilməsi üçün zəruri vəsaitə malik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməklə uşaq 3 yaşına çatanadək cavabdehdən hər ay 30,0 manat məbləğində sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti cavabdehin aliment barədə ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin materiallarından görünür ki, iddiaçı mövcud tələb ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti aliment tələbinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235,0 manat sabit pul məbləğində, xx.xx.2024-cü il təvəllüdlü X1 3 yaşı tamam olanadək 30 manat miqdarında aliment tutulub İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq. məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235,0 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il təvəllüdlü X1 3 yaşı tamam olanadək 30 manat miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-4280/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4280/2024
05.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver