Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4417/2025 12.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “aliment ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən qızları X6 və X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul 246 manat miqdarında hər uşaq üçün aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən kənar münasibətlərindən 2 qız övladı – xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7 vardır. Cavabdeh uşaqların saxlanılmasında iştirak etmir, uşaqları saxlamaq hazırda iddiaçı üçün maddi cəhətdən çətinliklər yaradır.
3. Xəzər Rayon Məhkəməsinin 2(003)-4417/2025 saylı, xx.xx.2025-ci il tarixli qəradadından görünür ki, İddiaçı ərizəsi nəzərə alınmaqla, mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.
Proses iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında, cavabdehlə faktiki nikah münasibətlərindən iki övladı olduğunu, cavabdeh tərəflə arasında rəsmi nikahın olmadığını, cavabdehin uşaqlar üzrəində atalığının rəsmi qaydada tanındığını və müvafiq şəhadətnamə olduğunu, onun hazırda ölkə xaricində yaşadığını, uşaqlarla yalnız telefon vasitəsilə əlaqə saxladığını, cavabdehin uşaqların saxlanılmasına maddi cəhətdən köməklik göstərmədiyini, bu səbəblə aliment tutulması tələbi ilə məhkəməyə müraciət etməyə məcbur qaldığını, habelə mülki işə qiyabi icraat qaydasında baxılmasına razı olduğunu bildirmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işin materialları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
6. AZ-İ seriyalı 287691 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixdə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir.
7. AZ-İ seriyalı 293839 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixdə İddiaçı doğulmuş X3 atası hesab edilmişdir.
8. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 30 yanvar 2014-cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.
9. AZ-İİİ seriyalı 668806 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 25 avqust 2015-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.
10. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/22/2025-00059 nömrəli mediasiya arayışından görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməməsi səbəbilə mediasiya prosesinin davam etdirilməsi mümkün olmamışdır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
11. 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar.
12. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
13. 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
14. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
15. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
16. 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.
17. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
18. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
19. Azərbaycan Respublikası Prezidentinin “Minimum aylıq əmək haqqının məbləğinin artırılması barədə” 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin:
20. 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.
21. 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının:
22. 8.2-ci bəndinə əsasən, uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
23. 8.4-cü bəndə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
24. 8.4-1-ci bəndinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).
Məhkəmənin mövqeyi:
25. Məhkəmə iş materiallarını, iddia ərizəsinin dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
26. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh İddiaçı doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 atası hesab edilmişdir.
27. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh uşaqların saxlanılmasında və maddi tələbatlarının ödənilməsinə iştirak etmədiyi üçün uşaqların saxlanılması üçün vəsaitin (alimentin) məhkəmə qaydasında təyin edilməsi zərurəti yaranmışdır.
28. Məhkəmə qeyd edir ki, mülki işin materialları və iddiaçının izahatı əsasında cavabdehin uşaqların saxlanılması üçün heç bir maddi yardım göstərmədiyi müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə əsasən, uşaqların saxlanılmasını təmin etmək valideynlərin borcudur. İddia tələbi üzrə saxlanılması üçün cavabdehdən aliment tutulması tələb olunan uşaqlar – xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7 iddiaçı ilə cavabdehin faktiki nikah münasibətlərin doğulmuşdur. Tərəflər arasında rəsmi nikah münasibətləri olmasa da, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 atası olması faktı qanunamüvafiq şəkildə müəyyən edilmişdir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ona görə qeyd olunanlar əsasında məhkəmə qeyd edir ki, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (246:400=0,615) 0,615 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.
29. Məhkəmə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalı olması ilə bağlı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinin hazırki işə tətbiqi baxımından hesab edir ki, təyin edilən sabit pul məbləğində alimentin tutulmağa başlanılması iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixindən hesablanmalı, habelə qətnamə dərhal icra olunmalıdır.
30. Bununla yanaşı məhkəmə qeyd edir ki, qanunvericiliklə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad edildiyi və hazırda iddiaçı tərəfindən dövlət rüsumu ödənilmədiyi üçün, dövlət rüsumu cavabdehdən tutulmalıdır. Belə ki, MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. MPM-in 112.1.3-cü maddəsinə əsasən də, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırki iş üzrə alimentin məbləğinin hər ay cəmi 492 manat müəyyən olunduğu nəzərə alındığında, bir il ərzində ödəmənin məcmusu 5904 manat (492x12=5904) təşkil edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən də, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manat məbləğindən 10.000 manat məbləğinədək olduqda 30 manat məbləğində + 1.000 manat məbləğindən yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Qeyd olunanlara əsasən, ödənilməli dövlət rüsumunun məbləği 79.04 (yetmiş doqquz manat dörd qəpik) manat təşkil edir. Beləliklə məhkəmə hesab edir ki, 79.04 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.
32. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulmalı və qətnamə dərhal icra edilməlidir. Habelə, iddia ərizəsinin verilməsinə görə ödənilməmiş 79.04 manat dövlət rüsumunun məbləği cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
İddia təmin edilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia ərizəsinin verilməsinə görə ödənilməmiş 79.04 AZN (yetmiş doqquz manat dörd qəpik) dövlət rüsumunun məbləği Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Cavabdeh qiyabi qətnamə rəsmi qaydada təqdim edildiyi gündən sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün ("Elektron məhkəmə" İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov