Məhkəmə qərarları › İş №2(003)-4421/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4421/2021

24.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4421/2021 24.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “atalıq qeydinin ləğv edilməsi” barədə iddiası üzrə mülki işə qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.03.2020ci il təvəllüdlü X3 üzərində İddiaçı atalığının ləğv edilməsi, 4 saylı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən aparılmış qeydiyyatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 03 iyun 2019-cu ildə rəsmi nikaha girmişdir. Birgə nikahlarından övladları olmamışdır. Rəsmi nikaha daxil olsalar da o cavabdehlə bir gün də olsun birgə təsərrüfat aparmamışdır, toyları baş tutmamışdır. 24 avqust 2019-cu il tarixdə nikahları ləğv edilmişdir. Lakin bu yaxınlarda ona məlum olmuşdur ki, cavabdehin 10 mart 2020-ci il təvəllüdlü X3 adında övladı olmuş və buna dair 13 iyul 2021-ci il tarixdə doğum haqqında şəhadətnamə alınmışdır. Cavabdehdən bunun səbəbini soruşduqda bildirmişdir ki, aralarında olan nikahları vaxtında pozulmadığından ata qrafasında onun adını yazmağa məcbur olmuşdur. Onlar mediasiya prosesindən keçmişlər və 20 avqust 2021-ci il tarixli “Barışıq sazişi” bağlanmışdır. Tərəflər razılığa gəlmişlər ki, 10 mart 2020-ci il təvəllüdlü X3 üzərində birinci Tərəf İddiaçı atalığı ləğv edilsin və atalığın ləğv edilməsi üçün birinci tərəf qanunvericiliyin tələbinə əsasən məhkəmə iddia qaldırsın. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X2 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etd. Cavabdeh məhəkəmə iclasında iddianı etiraf etdiyini bildirərək qey etdi ki, Hüseyn Həsənin oğlu deyil və iddianın təmin edilməsinə etiraz etmədiyini bilıdirdi. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 4 saylı Bakı ASAN Xidmət mərkəzi tərəfindən verilmiş 24.08.2019-cu il tarixli AZ-İ 316817 nömrəli nikahın pozulması barədə şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X4 arasında bağlanmış nikah qeydi pozulmuşdur. İş materiallarında olan 4 saylı Bakı ASAN Xidmət mərkəzi 13.07.2021-ci il tarixli AZ- İV 613484 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 10.03.2020-ci il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Mediasiyanın nəticəsi olaraq tərtib edilmiş 20.08.2021-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər mediasiya prosesindən keçmişlər və 20 avqust 2021-ci il tarixli “Barışıq sazişi” bağlanmışdır. Tərəflər razılığa gəlmişlər ki, 10 mart 2020-ci il təvəllüdlü X3 üzərində birinci Tərəf İddiaçı atalığı ləğv edilsin və atalığın ləğv edilməsi üçün birinci tərəf qanunvericiliyin tələbinə əsasən məhkəmə iddia qaldırsın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Məhkəmədə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı cavabdehlə rəsmi nikah münasibətlərində olmuş, tərəflər arasında bağlanmış nikah 24.08.2019-cu il tarixdə pozulmuşdur. X3 isə 10.03.2020-ci il tarixdə doğulmuşdur. Tərəflərin vermiş olduğu izahatlarından da məlum olmuşdur ki, tərəflərin nikahı formal xarakter daşıyıb və nikah pozulduqdan sonra uşaq doğulduğu üçün onun ata qarafasında iddiaçının adı və soyadı qeyd edilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli 10.03.2020-ci il tarixdə Bakı şəhərində doğulmuş X3 barəsində 4 saylı Bakı ASAN Xidmət mərkəzi tərəfindən 13.07.2021-ci il tarixdə (AZ-İV 613484) doğum haqqında akt qeydləri kitabında qeydə alınmış akt qeydində ata haqqında məlumatlar ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. 10.03.2020-ci il tarixdə Bakı şəhərində doğulmuş X3 barəsində 4 saylı Bakı ASAN Xidmət mərkəzi tərəfindən 13.07.2021-ci il tarixdə (AZ-İV 613484) doğum haqqında akt qeydləri kitabında qeydə alınmış akt qeydində ata qrafasında İddiaçı haqqında məlumatlar ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar