Məhkəmə qərarları › İş №2(003)-4487/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(003)-4487/2021

21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4487/2021 21.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 440 manat sığorta ödənişi məbləğinin və 30 manat dövlət rüsumunun, cəmi 470 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X1 arasında 16.09.2020-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Shacman 5X331” markalı, ** KT *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 14.10.2020-ci il tarixdə “Shacman SX331” markalı, ** KT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Mehdiabad yolunda yol-nəqliyyat hadisəsi törətmiş və “Ford Fusion” markalı ** ZO *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 440 (dörd yüz qırx) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Binqədi RPİ DYPŞ-dən ünvanlarına 14.10.2020-ci il tarixli, TXP ******* saylı İnzibati xəta haqqında Protokol daxil olmuş, həmin Protokola əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Binəqədi RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi elektron arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan Arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Shacman SX331” markalı, ** KT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət etməklə, iddia tələbini müdafiə edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 14.10.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh 14.10.2020-ci il tarixində 08:30-da Binəqədi Mehdiabad yolunda “Shacaman SX331” markalı **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan Binəqdəi RPİ DYPŞ-nin "xxxx" ASC-nin təqdim etdiyi elektron arayışda Cavabdeh yol nəqliyyat hadisəsinin baş verdiyi vaxtda “Shacaman SX331” markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd edilmişdir. İş materiallarında olan Binəqdəi RPİ DYPŞ-nin "xxxx" ASC-nin təqdim etdiyi elektron arayışda Cavabdeh yol nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına görə məsuliyyəti yaranmışdır. Yol nəqliyyat hadisəsi nəticəsində “Ford Fusion” markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilə və “Ford” markalı H017563 dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İş materiallarında olan "xxxx" ASC ilə X1 arasında bağlanmış 16.09.2020-ci il tarixli PAA********** saylı sığorta müqaviləsinə əsasən “Shacman 5X331” markalı, ** KT *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. İş materiallarında olan 20-05507/11/AA-4378/20 saylı sığorta aktının surətindən görünür ki, “Ford Fusion” markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 440 manat X2 ödənilmişdir. İş materiallarında olan 20-05555/11/AA-4378/20 saylı sığorta aktının surətindən görünür ki, “Ford” markalı H017563 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 500 manat Selman İbrahimə ödənilmişdir. İs materiallarında olan nəqliyyat vasitəsinin qeydiyat şəhadətnaməsinin surətindən görünür ki, “Ford Fusion” markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3r. İs materiallarında olan nəqliyyat vasitəsinin qeydiyat şəhadətnaməsinin surətindən görünür ki “Ford” markalı H017563 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Selman İbrahimdir. İs materiallarında olan ƏN-V seriyalı 292136 saylı nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, “Ford Fusion” markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobil 15.02.2020-ci il tarixdən 5 il 9 ay 22 gün müddətinə X4 etibar edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış 15.07.2021-ci il tarixli AS-SHTD-21/1168 saylı məktubun surətindən görünür ki, ona 940 manat məbləğində pulun 10 gün ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinin tələbinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə görə faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmişşəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmişşəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində yaranır. Həmin qanunun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edidldi ki, Cavabdeh 14.10.2020-ci il tarixdə “Shacman SX331” markalı, ** KT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Mehdiabad yolunda yol-nəqliyyat hadisəsi törətmiş və “Ford Fusion” markalı, ** ZO *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 440,00 (dörd yüz qırx) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Həmçinin məhkəmə müəyyən etrdi ki, yol-nəqliyyat hadisəsi ilə bağlı Binqədi RPİ DYPŞ-nin 14.10.2020-ci il tarixli, TXP ******* saylı İnzibati xəta haqqında protokol, həmin protokola əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Eyni zamanda Binəqədi RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi elektron arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Shacman SX331” markalı, ** KT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmiş sığorta şirkətinin haqlı olaraq subroqasiya tələbini irəli sürmək hüququ yaranmışdır. Qanunun yuxarıda qeyd olunan müddəalarının tələblərinə əsasən cavabdeh yol-nəqliyyat hadisəsi törətməklə sözügedən digər avtomobilə zərər vurması və ən əsası hadisə törədərkən cavabdehin “Shacman SX331” markalı, ** KT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmaması məhkəmə araşdırması zamanı təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək sığorta ödənişinin məbləğinin əvəzi olaraq cavabdehdən 440 manat tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 440 manat sığorta ödənişi və dövlət rüsumuna görə ödənilmiş 30 manat, cəmi 470 (dörd yüz yetmiş) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qiyabi qətnamə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar