Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4599/2025 15.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı nümayəndəsi (qardaşı) Nümayəndə, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "aliment tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı övladının saxlanması üçün aylıq 600 (altı yüz) manat sabit pul məbləğində alimentin tutulmasına qərar verilməsi; Aliment məbləğinin yaşayış minimumu və inflyasiya göstəricilərinə uyğun olaraq hər il indeksləşdirilməsi (artırılması) təmin edilməsi; Alimentin icra olunması barədə müvafiq icra sənədinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2013 təvəllüdlü X2 anasıdır və uşağın atası Cavabdeh ilə 2011-ci ildə ailə qurub 2013-cü ildə ayrılmışdır. Cavabdeh iddiaçı ilə ayrıldıqları tarixdən bugünədək uşağın saxlanılmasına könüllü qaydada aliment ödəməmiş və tərəflər arasında aliment öhdəliyi ilə bağlı razılıq əldə edilməmişdir. Uşağın qidalanması, geyim, təhsil və tibbi xərcləri yalnız iddiaçının hesabına təmin olunmuşdur. Cavabdeh tərəfindən heç bir dəstək göstərilməmişdir. Hal- hazırda uşağın təhsil və digər mühüm yaşayış xərclərinin cəmi 1 470 (bir min dörd yüz yetmiş) manat təşkil edir. Cavabdehin rəsmi iş yeri və gəlir mənbəyi barədə məndə məlumat yoxdur. Bu səbəbdən,İddiaçı cavabdehin faktiki gəliri və əmək fəaliyyəti barədə məlumatın əldə edilməsi məqsədilə məhkəmə tərəfindən müvafiq dövlət qurumlarına sorğu göndərilməsini, cavabdehin maddi imkanlarının nəzərə alınmasını və Ailə Məcəlləsinin müvafiq maddələrinə əsasən, uşağın hazırkı xərclərinin müəyyən qisminin ödənilməsi məqsədilə cavabdehdən aylıq 600 ( altı yüz) manat sabit məbləğdə alimentin tutulmasına qərar verilməsində dəstək göstərilməsini xahiş etmişdir.
Proses iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (qardaşı) Nümayəndə izahatında, iddiaçı ilə cavabdehin arasında rəsmi nikahın pozulduğunu, nikah pozulan zaman aliment tələb edilmədiyindən aliment tutulmadığını, boşanmadan sonra cavabdehin uşağın saxlanması üçün iddiaçıya heç bir maddi köməklik etmədiyini, bu səbəblə hazırda iddiaçının uşağın saxlanması üçün 600 manat məbləğində aliment tələb etdiyini, cavabdehin 600 manat məbləğində alimnet ödəmək üçün imkanının olması ilə bağlı hər hansı sübutunun olmadığını qeyd etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil izahatında cavabdehin rəsmi iş yerinin olduğunu, 400 manat məbləğində maaş aldığını, iddiaçının uşağın saxlanması üçün cavabdehdən 600 manat məbləğində aliment tutulmasını tələb etsə də, uşağın saxlanması xərclərinin nə qədər vəsait tələb etməsi barədə hər hansı sübut təqdim etmədiyini, bu səbəbdən məhkəmə tərəfindən aliment məbləği ilə bağlı qərar verilərkən cavabdehin maaşının nəzərə alınmalı olduğunu qeyd etmişdir.
Mülki işin materialları:
İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
5. AZ-İ seriyalı 772122 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixində Suraxanı rayon Qeydiyyat şöbəsində 889 nömrəli akt qeydi ilə nikah bağlanmış və nikahdan sonra ərə Şərifov, arvada Piriyeva soyadı verilmişdir.
6. AZ-İİİ seriyalı 130368 saylı doğum haqqında şəhadətnamədən görüünr ki, X3 19 iyun 2013-cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.
7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2562/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, iddianın təmin edilməsi; Cavabdeh ilə İddiaçı arasında 13 iyul 2012-ci il tarixdə bağlanmış və həmin tarixdə Bakı şəhəri Suraxanı rayonu Qeydiyyat şöbəsində 889 sayla qeydə alınmış nikahın pozulması; 19 iyun 2013-cü il təvəllüdlü X3 anası İddiaçı yanında qalması qət edilmişdir.
8. AZ-İ seriyalı 197897 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikah ləğv edilmişdir.
9. "xxxx" MMC-nin arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-də xəzinədar vəzifəsində işləyir və 400 manat aylıq əmək haqqı alır.
10. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/11/2025-01838 nömrəli mediasiya arayışından görünür ki, hər iki tərəfin mediasiya prosesini davam etdirməyə razılıq verməməsi səbəbilə mediasiya prosesinin davam etdirilməsi mümkün olmamışdır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
11. 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar.
12. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
13. 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
14. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
15. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
16. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
17. Azərbaycan Respublikası Prezidentinin “Minimum aylıq əmək haqqının məbləğinin artırılması barədə” 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir.
18. Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının: 8.2-ci bəndinə əsasən, uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.4-1-ci bəndinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024- cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini "xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun" məzmununda ifadə etməlidir)."
Məhkəmənin mövqeyi:
20. Məhkəmə iddiaçının izahatını dinləyərək iş materiallarını, iddia ərizəsinin dəlillərini araşdırıb və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
21. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh xx.xx.2012-ci il tarixində Suraxanı rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş, onların birgə nikahından xx.xx.2013 təvəllüdlü X3 doğulmuş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli qətnaməsi ilə tərəflərin nikahın pozulmuş və nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013 təvəllüdlü X1 İlahə Pirverdi qızının yanında saxlanılmışdır.
22. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, cavabdeh uşağın saxlanılmasında və maddi tələbatlarının ödənilməsinə iştirak etmədiyi üçün uşağın saxlanılması üçün vəsaitin (alimentin) məhkəmə qaydasında təyin edilməsi zərurəti yaranmışdır.
23. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində uşağın saxlanması üçün 600 manat sabit pul məbləğində aliment tutulmasını tələb etmişdir. Mövcud qanunvericiliyə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla müəyyən edilir. Bununla bağlı cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş arayışdan görünür ki, cavabdehin aylıq gəliri 400 manat məbləğindədir. Habelə iddiaçı uşağın saxlanması üçün aylıq 600 manat məbləğində vəsaitin tələb olunmasını əsaslandıran hər hansı sübut təqdim etməmişdir. Yuxarıda sadalan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən edilməli, xx.xx.2013 təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (246:400=0,615) 0,615 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.
24. Məhkəmə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalı olması ilə bağlı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinin hazırki işə tətbiqi baxımından hesab edir ki, təyin edilən sabit pul məbləğində alimentin tutulmağa başlanılması iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixindən hesablanmalı, habelə qətnamə dərhal icra olunmalıdır.
25. Məhkəmə qeyd edir ki, qanunvericiliklə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad edildiyi və hazırda iddiaçı tərəfindən dövlət rüsumu ödənilmədiyi üçün, dövlət rüsumu cavabdehdən tutulmalıdır. Belə ki, MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. MPM-in 112.1.3-cü maddəsinə əsasən də, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırki iş üzrə alimentin məbləğinin hər ay cəmi 246 manat müəyyən olunduğu nəzərə alındığında, bir il ərzində ödəmənin məcmusu 2952 manat (246x12=2952) təşkil edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən də, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manat məbləğindən 10.000 manat məbləğinədək olduqda 30 manat məbləğində + 1.000 manat məbləğindən yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Qeyd olunanlara əsasən, ödənilməli dövlət rüsumunun məbləği 49.52 (qırx doqquz manat əlli iki qəpik) manat təşkil edir. Beləliklə məhkəmə hesab edir ki, ödənilməmiş 49.52 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.
27. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2013 təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli həddində sabit pul məbləğində aliment tutulmalı və qətnamə dərhal icra edilməlidir. Habelə, iddia ərizəsinin verilməsinə görə ödənilməmiş 49.52 (qırx doqquz manat əlli iki qəpik) manat dövlət rüsumunun məbləği cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2013 təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilməmiş 49.52 AZN (qırx doqquz manat əlli iki qəpik) dövlət rüsumunun məbləği Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov