Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-478/2022 07.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması barədə” iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək tərəflərin birgə nikahından doğulmuş 2 uşağa görə alimentin məbləğinin 2022-ci il üçün müəyyən olunmuş həddə uyğun olaraq hər uşağa 193 manat olmaqla, 386 manat tutularaq iddiaçıya ödənilməsi barədə əvvəlki qətnaməni dəyişdirməklə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlə rəsmi nikahı Xəzər rayon Məhkəməsinin 16.08.2017-ci il tarixili qətnaməsi ilə pozulmuşdur. Birgə nikahlarından doğulmuş 06.09.2013-cü il təvəllüdlü X13 və 28.11.2014-cü il təvəllüdlü X12 uşaqları onun himayəsində saxlanıldı. Hesab edir ki, cavabdeh uşaqların saxlanmasında yardımçı olmalıdır. 06.09.2013-cü il təvəllüdlü X13 və 28.11.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana qədər saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə ölkə üzrə yaşayış minumumuna görə 175 manat olmaqla, cəmi 350 manat alimentin cavabdehdən tutulub mənə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, İddiaçı hal-hazırda müəllimə işləyir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, 06.09.2013-cü il təvəllüdlü oğlu X9 və 28.11.2014-cü il təvəllüdlü X1 üçün hər ay cəmi 350 manat məbləğində aliment ödəyir. Belə ki, hər ay aylıq qazancının 1/3 hissəsi və hər uşağa görə 78,60 manat olmaqla, cəmi 157,20 manat manat pul tutulur. O, ikinci dəfə ailə qurmuşdur və həmin nikahdan da bir övladı var. Həmçinin bildirmişdir ki, hal-hazırda arvadı hamilədir. Həmçinin qeyd etmişdir ki, maddi vəziyyətində yaranmış çətinliklə bağlı bankdan kredit götürmüş və hazırda aylıq kredit borcunu da ödəyir. Eyni zamanda bildirmişdir ki, o ailəsi ilə birlikdə kirayə evdə yaşayır və hər ay kirayə haqqı ödəyir. Maddi vəziyyətində heç bir dəyişiklik yoxdur və alimentin artırılmasına etiraz edir. Məhkəmə iş materiallarını araşdıraraq və tərəflərin izahatını dinləyərək belə qənaətə gəlir ki, aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16.08.2017-ci il tarixli 2(003)-2135/2017 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək X10 ilə Cavabdeh arasında 25.08.2012-ci il tarixdə Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsində 837 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş 06.09.2013-cü il təvəllüdlü X9 və 28.11.2014-cü il təvəllüdlü X7 anası X6 yanında qalması və 06.09.2013-cü il təvəllüdlü X9 və 28.11.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 04.04.2017-ci il tarixdən başlayaraq hər ay 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X6 xeyrinə verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 11644/2017 saylı, 13.12.2017-ci tarixli qətnaməsindən görünür ki, iddiaçı X6 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 avqust 2017-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi apellyasiya baxışının predmeti olan hissədə qismən təmin edilmişdir. Cavabdeh 06 sentyabr 2013-cü il təvəllüdlü X9 və 28 noyabr 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanmalarından ötrü hər ay aylıq qazancının 1/3 hissəsi və hər uşağa görə 78,60 manat, cəmi 157,20 manat sabit pul məbləğində aliment X6 xeyrinə tutulması, iddia tələbinin apellyasiya baxışının predmetinin qalan hissəsində təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, atası Cavabdeh, anası X10 olan 06.09.2013-cü il təvəllüdlü X13 və 28.11.2014-cü il təvəllüdlü X12 Bakı şəhərində doğulmuşdur. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 21.01.2019-cu il tarixdə 4 saylı Bakı ASAN Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 116 sayla qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Baxşəli, arvada Məhərrəmova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Cavabdeh, anası X3 olan 28.08.2010-cu il təvəllüdlü X11 Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2 İnstitu” X19 tərəfindən verilmiş 24.12.2021-ci il tarixli 720 saylı arayışdan görünür ki, X3 həkim qəbulunda olmuş və 24-25 həftəlik hamiləlik diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X10 arasındakı nikah 17.05.2018-ci il tarixdə Xəzər rayon Qeydiyyat şöbəsində pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 110 sayla qeyd edilmişdir. Nikah pozulduqdan sonra sonra ərə Baxşəli, arvada Atayeva soyadı verilmişdir. İş materiallarında olan 6 saylı Bakı Asan Xidmət mərkəzində Notariat ofisində bağlanmış 31.08.2021-ci il tarixli kirayə müqaviləsindən görünür ki, X8 özünə məxsus ünvan 1 ünvanında yerləşən mənzilini Cavabdeh 31.08.2022-ci il tarixdək kirayə vermişdir. Cavabdeh aylıq 400 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC-nin 20.12.2021-ci il tarixli 105/02/1-888-11 saylı arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-də aparıcı mühəndis vəzifəsində işləyir və onun aylıq tarif maaşı 700 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC-nin 20.12.2021-ci il tarixli 105/02/1-888-12 saylı arayışından görünür ki, Cavabdeh 01.01.2020-ci il tarixdən Bakı şəhəri Xəzər rayonu İcra və Probasiya şöbəsinin 28.12.2020-ci il tarixli 17060/21F saylı qərarına əsasən təyin olunmuş aliment 01.01.2021ci il tarixdən onun əmək haqqından tutularaq İddiaçı Bank hesabına 30.02.2021-ci il tarixdən 02.12.2021-ci il tarixədək cəmi 4340 manat məbləğində pul köçürürlmüşdür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 25.08.2012-ci il tarixdə nikaha daxil olmuşlar. Həmin nikahdan 06.09.2013-cü il təvəllüdlü X13 və 28.11.2014-cü il təvəllüdlü X12 adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16.08.2017-ci il tarixli 2(003)-2135/2017 saylı qətnaməsi ilə nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş uşaqlarının anası X6 yanında qalması və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X6 xeyrinə verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 11644/2017 saylı, 13.12.2017-ci tarixli qətnaməsi ilə iddiaçı X6 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 avqust 2017-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi apellyasiya baxışının predmeti olan hissədə qismən təmin edilmişdir. Cavabdeh uşaqları X9 və X7 yetkinlik yaşlarına çatanadək saxlanmalarından ötrü hər ay aylıq qazancının 1/3 hissəsi və hər uşağa görə 78,60 manat, cəmi 157,20 manat sabit pul məbləğində alimentin X6 xeyrinə tutulması qət edilmişdir. Cavabdeh ikinci dəfə nikaha daxil oub. Onun həmin nikahdan bir övladı olmuş, arvadı hazırda hamilədir. Eyni zamanda maddi vəziyyəti ilə əlaqədar bankdan kredit götürmüş və aylıq bank ödənişlərini də həyata keçirir. İddiaçı həmin qətnamə qanuni qüvvəyə mindikdən hal-hazıradək olan müddət ərzində özünün maddi vəziyyətində hər hansı bir dəyişikliyin baş verməsi, həmçinin cavabdehin maddi durumunun yaxşılaşması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunvericiliyin bu müddəasından görünür ki, alimentin müəyyən olunmuş miqdarının dəyişilməsi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə əlaqələndirilmişdir. İddiaçı tərəf aliment məbləğinin artırılmasına dair iddiasını hər ay hər uşağa görə ödənilən aliment məbləğinin uşağın saxlanmasına kifayət etməməsi ilə yanaşı həmçinin Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunu ilə 2022-ci il üçün yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilməsi ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçının ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə bağlı hal müəyyən edilməmişdir. Lakin, əksinə tərəflərin nikahlarının pozulmasından keçən müddət ərzində cavabdehin yeni nikaha daxil olması, həmin nikahdan bir uşağının olması, hal-hazırda arvadının ikinci uşağa hamilə olması və kirayədə yaşaması cavabdehin maddi vəziyyətində dəyişiklik kimi qəbul edilməlidir. Ölkə üzrə uşaqlar üçün 2022-ci ildə yaşayış minimumunun hər ay 193 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə və ya daha çox müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Göstərilən qərarda Məhkəmə qeyd etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsi belə qərara gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətə layiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Göründüyü kimi, bu qərarında Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin “Yaşayış minimumu haqda” qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Həmçinin, qeyd edilən qərarda Konstitusiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşaqların saxlanılması hər iki valideynin borcudur. Həmin qərarda qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Qeyd olunan qərara əsasən Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin “Yaşayış minimumu haqda” qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, hətta alimentin “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununu ilə 2022-ci il üçün yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş 193 manat həddində tutulması halında da, cavabdehin alimenti iddia edilən məbləğdə ödəməsi üçün zəruri qazanca malik olması halı sübut edilmir. Bundan başqa tərəflərin arasında nikahın pozulmasından keçən müddət ərzində cavabdeh yeni nikaha daxil olmuş, həmin nikahdan bir övladı olmuşdur.Eyni zamanda uşaqların cavabdehlə yanaşı iddiaçıdan maddi təminat almaq hüququ vardır. Məhkəmə qətnaməsi icra olunması üçün çıxarılır. Qətnamə digər tərəfə sitəm verilməsi üçün deyil, ədalətli balansı bərpa etmək üçündür. Məhkəmə qətnamə çıxararkən tərəflərin əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, uşağın mənafeyini, eləcə də yuxarıda qeyd olunan dəyərlənməni nəzərə alaraq hesab edir ki, hazırda uşağın saxlanması üçün müəyyən edilmiş alimentin məbləği ədalətlidir və alimentin artırılması üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı qızının Cavabdeh qarşı “alimentin məbləğinin artırılması barədə” iddia tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-478/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-478/2022
07.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver