Məhkəmə qərarları › İş №2(003)-544/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-544/2021

15.02.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-544/2021 15.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh MMC-nə qarşı müqavilənin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh MMC-i arasında bağlanılmış 18 sentyabr 2020-ci il tarixli “İcarə hüququnun satılmasına dair Alqı- Satqı müqaviləsi”nin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək göstərdi ki, İddiaçı etibarnamə əsasında icarə hüququ ilə X3 məxsus Neftçala rayonu 12 saylı qış otlaq ərazisində yerləşən Neftçala rayonun İcra Hakimiyyətinin 14 sentyabr 2013-cü il tarixli sərəncamına əsasən qoyunçuluğun inkişafı məqsədi ilə icarəyə verilmiş, AR ƏMDK-nin yanında DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş 27 sentyabr 2019-cu il tarixli ********** nömrəli Çıxarışa görə 255 hektar və 27 sentyabr 2019-cu il tarixli ********** nömrəli Çıxarışa görə 95 hektar, ümumilikdə 350 (üç yüz əlli) hektar torpaq sahəsinə olan icarə hüququnu 18 sentyabr 2020-ci il tarixli “İcarə hüququnun satılmasına dair Alqı-Satqı müqaviləsi” əsasında alıcı Cavabdeh MMC-yə satmışdır. Müqavilə imzalandıqdan sonra iddiaçıya məlum olmuşdur ki, torpağın sahibi X4 18 sentyabr 2020-ci il tarixdə iddiaçıya verilmiş etibarnaməni ləğv etmişdir. Buna görə də, hesab edir ki, etibarnamə əsasında bağladığı 18 sentyabr 2020-ci il tarixli “İcarə hüququnun satılmasına dair Alqı-Satqı müqaviləsi” ləğv edilməlidir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh MMC məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 27 sentyabr 2019-cu il tarixli ********** nömrəli çıxarışın surətindən görünür ki, ünvan ünvanında yerləşən 255 ha torpaq sahəsi icarə hüququ üzrə X3 məxsusdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 27 sentyabr 2019-cu il tarixli ********** nömrəli çıxarışın surətindən görünür ki, ünvan ünvanında yerləşən 95 ha torpaq sahəsi icarə hüququ üzrə X3 məxsusdur. İş materiallarına əlavə edilmiş 18 sentyabr 2020-ci il tarixli İcarə hüququnun satılmasına dair Alqı-Satqı müqaviləsindən görünür ki, X2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Mirzəyev X1 Rüfət Uruf oğluna məxsus Neftçala rayonu 12 saylı qış otlaq ərazisində yerləşən Neftçala rayonun İcra Hakimiyyətinin 14 sentyabr 2013-cü il tarixli sərəncamına əsasən qoyunçuluğun inkişafı məqsədi ilə icarəyə verilmiş, AR ƏMDKnin yanında DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş 27 sentyabr 2019-cu il tarixli ********** nömrəli Çıxarışa görə 255 hektar və 27 sentyabr 2019-cu il tarixli ********** nömrəli Çıxarışa görə 95 hektar, ümumilikdə 350 (üç yüz əlli) hektar torpaq sahəsinə olan icarə hüququnu Cavabdeh MMC-yə satmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 422.1-ci maddəsinə görə tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o, halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Mülki Məcəllənin 422.2-ci maddəsinə görə əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. Məhkəmə əvvəlcə İddiaçı, onunla Cavabdeh MMC-i arasında bağlanılmış 18 sentyabr 2020-ci il tarixli “İcarə hüququnun satılmasına dair Alqı-Satqı müqaviləsi”nin ləğv edilməsi niiddiaçının tələb etmək hüququnun aydınlaşdırılması iddiaçının belə bir iddia qaldırmağa subyektiv hüququ olub-olmamasında əhəmiyyətə malikdir. Məhkəmə müdafiəsi hüququ beynəlxalq hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi qəbul olunur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. “Eyrenin İrlandiyaya qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Göründüyü kimi, həm İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübahisəni həlli edən məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Göründüyü kimi, şəxsin məhkəmə müdafiəsindən istifadə etmək hüququ yalnız bu halda yaranır ki, onun qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqları (subyektiv hüquqları) pozulmuş olsun. İddiaçı, onunla Cavabdeh MMC-i arasında bağlanılmış 18 sentyabr 2020-ci il tarixli “İcarə hüququnun satılmasına dair Alqı-Satqı müqaviləsi”nin ləğv edilməsinə dair tələb üzrə məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq isə iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Məhz belə araşdırmanın nəticəsi olaraq məhkəmə hesab edir ki, İddiaçı onunla Cavabdeh MMCi arasında bağlanılmış 18 sentyabr 2020-ci il tarixli “İcarə hüququnun satılmasına dair Alqı-Satqı müqaviləsi”nin ləğv edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malik deyildir. Belə ki, ünvan ünvanında yerləşən 255 ha torpaq sahəsi və 96 ha torpaq sahəsi, ümumilikdə 350 (üç yüz əlli) hektar torpaq icarə hüququ üzrə X3 məxsusdur. İcarə hüququnun satılmasına dair 18 sentyabr 2020-ci il tarixli Alqı-Satqı müqaviləsi isə X4 ilə Cavabdeh MMC arasında bağlanmışdır. İddiaçı yalnız X2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olaraq müqaviləni imzalamışdır. Onun mübahisəli torpaq sahələrinə dair heç bir hüququ olmamışdır. Yuxarıda göstərilənlərəə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı İddiaçı Cavabdeh MMC-nə qarşı müqavilənin ləğv edilməsi barədə iddia tələbi əsassız olduğundan təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar