Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-573/2021 17.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Məlikli (Əmirəliyeva) Səmra Mübariz qızına qarşı renta müqaviləsinin və çıxarışın ləğvi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə onun arasında xx.xx.2011-ci il tarixdə bağlanmış renta müqaviləsinin və cavabdeh X3 adına verilmiş xx.xx.2012-ci il tarixli çıxarışın ləğvi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun qızıdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi onun mülkiyyətində olmuşdur. Sonradan cavabdehlə onun arasında xx.xx.2011-ci il tarixli renta müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən o, renta alan öz mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini cavabdeh renta ödəyənin mülkiyyətinə vermişdir. Bunun müqabilində isə cavabdeh ömrünün sonuna kimi onu qida-yemək, geyim, nəqliyyat, qulluq, tibbi xidmət və s. Yardımlar göstərməli hər ayın sonu nağd olaraq 300 manat pul verməli idi. Müqavilə bağlandıqdan sonra cavabdehin adına xx.xx.2012-ci il tarixdə çıxarış verilmişdir. Lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməmiş ona qulluq etməkdən və ödənişlər etməkdən boyun qaçırmışdır. Ona olan inamından sui-istifadə etməklə onu aldatmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, lakin notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini etiraf etdiyini və iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan renta alan İddiaçı ilə renta ödəyən X2 arasında xx.xx.2011-ci il tarixdə bağlanmış renta müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən renta alan renta ödəyənin mülkiyyətinə yaşayış sahəsi 55.5 kv.m ümumi sahəsi 55.5 kv.m olan bir otaqdan ibarət 0.0204 ha mülkiyyətində olan torpaq sahəsi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 8b ünvanda yerləşən fərdi yaşayış evini verir. Həmin müqavilənin 6-cı bəndinə əsasən renta ödəyən renta alana ömrünün sonuna kimi qida-yemək, geyim, nəqliyyat xərcləri, qulluq, tibbi xidmət və digər yardımla təmin etməyi və hər ayın sonuncu iş günü nağd olaraq 300 manat olaraq ödəməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərədindən xx.xx.2012-ci il tarixdə verilmiş MA seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 X1 tam mülkiyyətindədir. İş materiallarında olan pretenziyadan görünür ki, cavabdehə renta müqaviləsi üzrə öhdəliklərini 5 gün müddətində icra etmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 864.1-ci maddəsinə əsasən renta müqaviləsinə görə bir tərəf (renta alan) əmlakı digər tərəfin (renta ödəyicisinin) mülkiyyətinə verir, renta ödəyicisi isə alınmış əmlakın müqabilində renta alana vaxtaşırı müəyyən pul məbləği şəklində renta ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 864.2-ci maddəsinə əsasən renta müqaviləsinə görə rentanı müddətsiz ödəmək (daimi renta) və ya renta alanın ömrü boyu ödəmək (ömürlük renta) vəzifəsinin müəyyənləşdirilməsinə yol verilir. Həmin Məcəllənin 869.2-ci maddəsinə əsasən pul məbləğinin və ya başqa daşınar əşyanın renta ödənilməsi üçün verilməsini nəzərdə tutan müqavilənin mühüm şərti renta ödəyicisinin öz öhdəliklərinin icrasına təminat vermək və ya bu öhdəliklərin icra olunmaması, ya da lazımınca icra olunmaması üçün məsuliyyət riskini renta alanın xeyrinə sığorta etdirmək vəzifəsini müəyyənləşdirən şərtdir. Həmin Məcəllənin 869.3-cü maddəsinə əsasən renta ödəyicisi bu Məcəllənin 869.2ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədikdə, habelə renta şərtlərinin təminatı renta alanın cavabdeh olmadığı hallara görə itirildikdə və ya pisləşdikdə renta alanın renta müqaviləsini ləğv etmək və müqavilənin ləğvi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək ixtiyarı vardır. Göründüyü kimi, tərəflər arasında renta müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə renta ödəyən öz öhdəliklərini lazımınca icra etmədiyinə görə renta alan müqavilənin ləğv edilməsi barədə iddia qaldırmış, cavabdeh isə iddianı etiraf etmiş və müqavilənin ləğv edilməsinə etiraz etməmişdir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, müqavilənin ləğv edilməsi barədə iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 191.1 və 191.3-cü maddələrinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində isə təsbit edilmişdir ki, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın etiraf edilməsinə əsaslanmaqla iddia tələbi təmin edilməlidir. Belə ki, iddianın etirafı prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq yazılı ərizə şəklində edilmiş və cavabdehin iradəsini əks etdirmişdir. Hazırki işdə iddianın cavabdeh tərəfindən etiraf edilməsində hər hansı qanuna zidd məqam yoxdur və bu etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini də pozmur. Məhkəmə iddia tələbinin çıxarışın ləğv edilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddianın bu hissəsi törəmə hüquq münasibəti olub, iş üzrə əsas olan renta müqaviləsindən törəndiyindən, iş üzrə renta müqaviləsi ləğv edilməli olduğundan, mübahisəli evə dair cavabdehin adına verilmiş çıxarış da ləğv edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2011-ci tarixdə bağlanmış renta müqaviləsi ləğv edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan 4 ünvanında yerləşən, sahəsi 55.5 kv.metr olan yaşayış sahəsinə dair Cavabdeh adına xx.xx.2012-ci il tarixdə verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” MA seriyalı, ******* saylı çıxarış ləğv edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-573/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-573/2021
17.03.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver