Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-640/2021 26.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sığorta ödənişi məbləğinin və işlərin görülməsi xərcinin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, 1 400,00 (bir min dörd yüz) manat sığorta ödənişi məbləğinin, 600,00 (altı yüz) manat işlərin görülməsi xərcinin, və 30,00 (otuz) manat dövlət rüsumunun, cəmi 2 030,00 (iki min otuz) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında 04.05.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Vaz” markalı, ** FL *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 27.03.2019-cu il tarixdə “Vaz” markalı, ** FL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Buzovna qəsəbəsində yol-nəqliyyat hadisəsi törətmiş və “Hyundai İx 35” markalı, ** OS *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 1 400,00 (bir min dörd yüz) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Xəzər RPİ DYPŞ-dən ünvanına 27.03.2019-cu il tarixli. TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərar daxil olmuş, həmin İnzibati tənbeh vermə haqqında Qərara əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Xəzər RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi 28.03.2019-cu il tarixli, 055- 6925-1219 saylı Arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan Arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Vaz” markalı, ** FL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. Qeyd olunanlara əsasən, 1 400,00 (bir min dörd yüz) manat sığorta ödənişi məbləğinin, 600,00 (altı yüz) manat işlərin görülməsi xərcinin, və 30,00 (otuz) manat dövlət rüsumunun, cəmi 2 030,00 (iki min otuz) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etmiş və bildirmişdir ki, iddiaçının ondan tələb etdiyi məbləğ şişirdilmiş məbləğdir. Ona görə də, ağlabatan məbləğdə pul tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəfləri dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ 21901 markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş İnzibati tənbeh vermə haqqında TP ******* saylı 27.03.2019-cu il tarixli qərarının surətindən görünür ki, Cavabdeh ”VAZ 21901” markalı **-FL- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi nəticəsində İXM-in 332.1 və 337.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İşin araşdırılan hallarından görünür ki, Cavabdeh idarə etdiyi «VAZ 21901» markalı **- FL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçı "xxxx" ASC-də sığortalanmışdır. İş materiallarında olan, 02 aprel 2019-cu il tarixli sığorta aktından görünür ki, sığorta ödənişi 1400 manat təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1. maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1. maddəsinə əsasən isə başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İşin məhkəmə iclasında müəyyən olunmuş hallarına əsasən, Cavabdeh sığorta şəhadətnaməsinin qüvvədə olduğu müddətdə, yəni 27 mart 2019-cu il tarixdə “HYUNDAİ İX 35” markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyməsi ilə nəticələnən yolnəqliyyat hadisəsinin baş verməsində təqsirlidir və bu hal iş materialları ilə də təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.1. maddəsinin mahiyyətinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2. maddəsindən görünür ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. «Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 1-ci bəndindən görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsi sahibinin, yaxud onun sürücüsünün üçüncü şəxsin əmlakına və səhhətinə vurduğu zərərin ödənilməsi üçün əsas olan hal sığorta hadisəsidir. Həmin Qanunun 8-ci maddəsinin 1-ci bəndinə əsasən, üçüncü şəxs ona vurulan zərərin ödənilməsini nəqliyyat vasitəsinin sahibindən, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçısından tələb edə bilər. Onlardan biri zərəri tam ödədikdə üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 63.1. maddəsinin tələbinə əsasən, Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqress qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə, işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, mülki hüquq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədilmiş və onun təqsirli və hüquqazidd əməli nəticəsində “HYUNDAİ İX 35” markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər yetirilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuş hallara qiymət verərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, 27 mart 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “HYUNDAİ İX 35” markalı **- OS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona ödənilmiş 1400 manat məbləğində pul vəsaiti subroqasiya qaydasında inzibati xətanı törətmiş şəxs olan Cavabdeh tutularaq iddiaçıya verilməlidir. Eyni zamanda, iddiaçı işlərin görülməsi xərcinə görə 600 manat pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etmiş, lakin öz tələbini həmin hissədə əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, 30 manat məbləğində dövlət rüsumunun 21 manat məbləği cavabdehdən alınıb, iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 1400 manat sığorta ödənişi məbləği və 21 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i : İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, 1400 (bir min dörd yüz) manat sığorta ödənişi məbləği və ödənilmiş 21 (iyirmi bir) manat məbləğində dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-640/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-640/2021
26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver