Məhkəmə qərarları › İş №2(003)-661/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-661/2022

07.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-661/2022 07.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Bəhrəmzadə Sabit Xanlar oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı uşaqların üzərində qəyyum təyin edilməsi tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nəvələri xx.xx.2006-cı il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 üzərində qəyum təyin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib müəyyən etdi ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən görünür ki, iddia ərizəsi imzalanmamaqla məhkəməyə təqdim edilmişdir. Həmçinin qeyd olunur ki, Azərbaycan Respublikasının MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia tələbinin mahiyyəti azyaşlı uşaqlar üzərində qəyyum təyin edilməsi olmaqla iddia ərizəsində cavabdeh qismində Cavabdeh1 və Cavabdeh2 qeyd edilsələr də konkret olaraq onlara qarşı yönələn bir tələb mövcud deyil. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Əlavə olaraq məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 136.3-cü maddələrinə əsasən uşaqlara qəyyumluq və himayə təyin edilməsi və bunun xitamı Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı uşaqların üzərində qəyyum təyin edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədələr geri qaytarılsın. İddiaçılara izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən məhkəməyə müraciət edə bilərlər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar