Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-681/2021 10.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı Ağayeva Məryəm Xanağa qızının, Cavabdeh Qurbanov Rüfət Yaşar oğlunun iştirakı ilə, İddiaçı Ağayeva Məryəm Xanağa qızının cavabdeh Qurbanov Rüfət Yaşar oğluna qarşı alimentin tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ağayeva Məryəm Xanağa qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Qurbanov Rüfət Yaşar oğlundan 04.09.2013-cü ildə anadan olmuş Qurbanov İbrahim Rüfət oğlu adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəməyə müraciət etdiyi tarixdən başlayaraq hər ay 156 manat olmaqla sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslındırmışdır ki, o, cavabdeh Qurbanov Rüfət Yaşar oğlu ilə 10.05.2013-cü il tarixdə nigahıları Xəzər rayon Qeydiyyat şöbəsində 467 sayla qeydiyyata alınmaqla ailə həyatı qurmuşdur. Həmin nigah münasibətlərindən 04.09.2013-cü ildə Qurbanov İbrahim Rüfət oğlu adlı bir uşaqları olmuşdur. Uşaq hal-hazırda salamatdır və onun himayəmdə yaşayır. Cavabdehlə nigah dövründə ər-arvad kimi normal münasibətdə yaşamış, son 1 ildə aralarında münasibətlər pozulmuşdur. Həyat yoldaşı ailəyə biganəliyi ilə yanaşı dəfələrlə ailədə heç bir səbəb olmadan münaqişə yaratmaqla onu döyməklə təhqir etmişdir. Onun bu hərəkətləri sistematik xarakter daşıdığı üçün və o bu hərəkətlərinə dözməyərək valideynlərinin yanına getmiş və hazırda onların yanında yaşayır. Həyat yoldaşının ailəyə biganəliyi, çirkin hərəkətləri və onu mütəmadi olaraq döyüb və təhqir etməsi onu məcbur etdi ki, onunla bağladığlanmış nigahılarına son qoysun. Məhkəmə araşdırılması zamanı cavabdeh ondan xahiş etdi ki, o aliment tələbi ilə əlaqədar tələbini geri götürsün belə ki, o vaxtı vaxtında alimenti ödəyəcəkdir. O inanaraq aliment tələbini geri götürdü və hesab etdi ki, bir valideyn kimi o borcunu yerinə yetirəcəkdir. Əfsuslar olsun ki, bu belə olmadı, nigahları rəsmi pozulsa da 1 ildən çoxdur ki uşağına heç bir maddi yardım göstərmir. Ona görə də iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ağayeva Məryəm Xanağa qızı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmuna uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh Qurbanov Rüfət Yaşar oğlu iddia ərizəsini qismən etiraf edərə bildirdi ki, onun aylıq əmək haqqı 650 manat təşkil edir. İddiaçı ilə nikahları pozulduqdan sonra ikinci dəfə ailə qurmuş hazırda ikinci yoldaşı hamilədir. İddiaçının xeyrinə ondan 100 manat aliment tutulmasına etirazı yoxdur. Məhkəmə tərəfləri izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı 150427 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Qurbanov İbrahim Rüfət oğlu 04.09.2013-cü ildə Bakı şəhərində doğulmuşdur. Onun atası Qurbanov Rüfət Yaşar oğlu, anası Ağayeva Məryəm Xanağa qızıdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09.01.2018-ci il tarixli 2(003)-64/2018 nömrəli qətnaməsindən görünür ki, Qurbanov Rüfət Yaşar oğlu ilə Ağayeva (Ağayeva) Məryəm Xanağa qızı arasında 10 may 2013-cü il tarixdə Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsində bağlanmış 467 nömrəli akt qeydli nikah pozulması, birgə nikahdan doğulmuş 04 sentyabr 2013-cü il təvəllüdlü Qurbanəv İbrahim Rüfət oğlu anası Ağayeva (Ağayeva) Məryəm Xanağa qızının yanında qalması qət edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, məhkəm qətnaməsi ilə tərəflər arasında bağlanmış rəsmi nikah qeydi pozulmuş və tərəflərin birgə nikahından olan 04 sentyabr 2013-cü il təvəllüdlü Qurbanəv İbrahim Rüfət oğlu anası Ağayeva (Ağayeva) Məryəm Xanağa qızının yanında saxlanılmışdır. Hazırda uşaq iddiaçı ilə qalır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdehdən uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən, məhkəmə qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, diqqətəlayiq olan digər halları hesab edir ki, müəyyən edilən aliment məbləği göstərilən halların məcmusu, eləcə də dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti baxımından ədalətli və ağlabatandır. Odur ki, cavabdehdən hər ay uşağın saxlanılması üçün 156 manat məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı aliment tələbi ilə 26.11.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 26.11.2020-ci il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 04.09.2013-cü il təvəllüdlü Qurbanov İbrahim Rüfət oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün 26.11.2020ci il tarixdən hesablanmaqla cavabdeh Qurbanov Rüfət Yaşar oğlundan hər ay 156 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 04.09.2013-cü il təvəllüdlü Qurbanov İbrahim Rüfət oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Qurbanov Rüfət Yaşar oğlundan hər ay 156 (bir yüz əlli altı) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Ağayeva Məryəm Xanağa qızına verilsin. Alimentin tutulması 26.11.2020-ci il tarixdən hesablansın. Cavabdeh Qurbanov Rüfət Yaşar oğlundan 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-681/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-681/2021
10.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver