Məhkəmə qərarları › İş №2(003)-740/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-740/2022

20.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-740/2022 20.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə ödənilmiş kredit borcunun yarısının alınıb verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə ailənin xərcləri üçün "xxxx" ASC-dən xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə götürülmüş 9500 manat məbləğində kredit borcunun ödənilmiş hissənin 1/2 hissəsini təşkil edən 3622 manat 14 qəpik və ödənilməmiş qalıq borcun 1/2 hissəsini təşkil edən 3627 manat 13 qəpik, ümumilikdə 7249 manat 27 qəpik məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 12 sentyabr 2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Onların birgə nikahlarında övladları yoxdur. Xəzər Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Birgə nikahda olduqları dövrdə o, 03 fevral 2020-ci il tarixdə "xxxx" ASC-dən 9500 manat məbləğində kredit götürmüşdür. Həmin kredit, onların ailə ehtiyacları üçün xərclənmişdir. Həmin kreditə görə hər ay 402 manat 46 qəpik məbləğində pul onun əmək haqqısından tutularaq banka ödənilir. Beləliklə, o, kredit götürülən gündən bu günkü günədək 7244 manat 28 qəpik məbləğində pul vəsaiti banka ödəmişdir. Bundan əlavə, kreditin ödənilməmiş hissəsi — 7254 manat 27 qəpik məbləğində də borc qalmışdır. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə faktiki ayrıldıqları 2020-ci ilin avqust ayından sonra "xxxx" ASC ilə onun arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə ödənilmiş 8027,81 manat pulun yarısını 4013,9 manat hissəsini Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, götürülmüş 9500 manat kredit məbləğinin 5000 manatına birgə nikah dövründə avtomobil alınmış, həmin pul məbləğinə dair cavabdehin məhkəmə qətnaməsi əsasında payı müəyyən edilmiş və ½ hissəsi, yəni 2500 manat alınaraq cavabdehə verilməsi qərara alınmışdır. 9500 manatın digər 4500 manat hissəsi ailə ehtiyacları üçün, yəni evin təmiri, götürülmüş qızıl-zinət əşyalarına dair yaranmış borcun ödənilməsi üçün xərclənmişdir. Hazırda isə krediti tam bağlamışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini etiraf izahatında bildirmişdir ki, iddiaçı ilə faktiki olaraq 2020-ci il avqust ayında ayrılmışlar və həmin tarixdə birgə yaşamamışlar. Birgə nikah dövrdə avtomobil alınmışdır. Evin təmiri üçün o da 800 manat məbləğində pul vəsaiti xərcləmişdir. Qızıl-zinət əşyalarına dair yaranmış borcun ödənilməsi barədə məlumatı yoxdur. Avtomobilin alınmasına xərclənmiş pul məbləğindən başqa götürülmüş kreditin digər hissəsinin nə üçün xərclənməsi barədə məlumatı yoxdur. Hazırda alınmış avtomobil iddiaçının sahibliyindədir. Odur ki, iddianın rədd eidlməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(003)-848/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanılmış nikahın pozulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-2728/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı “VAZ 21074” markalı ** UT *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə etdiyi pul vəsaitinin- 5000 manatın ½ hissəsi 2500 manat alınaraq Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-10374/2021 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-2728/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli GTKR1775868A119 saylı "xxxx" ASC ilə İddiaçı arasında bağlanılmış kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən İddiaçı 36 ay müddətinə illik 29,84 faiz olmaq şərtilə 9500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2020-ci il tarixli GTKR1775868A119 saylı kredit müqaviləsi üzrə İddiaçı bank qarşısında heç bir öhdəliyi yoxdur. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, 2020-ci ilin avqust ayınadək xx.xx.2020-ci il tarixli GTKR1775868A119 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 2286,43 manat, ümumilikdə 12047,81 manat ödəniş aparılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli nəqliyyat vəsaitəsinin alğı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı tərəfindən həmin tarixdə 5000 manat məbləğində pula “VAZ 21074” markalı ** UT *** dövlət qeydiyyat nişanlı avtomobil alınmışdır. İş araşdırılmış hallarından görünür ki, iş üzrə tərəflər xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar, onlar faktiki olaraq 2020-ci ilin avqust ayrılmışlar, aralarında bağlanmış rəsmi nikah isə xx.xx.2021-ci il tarixdə məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Birgə nikah dövründə iddiaçı "xxxx" ASC-dən 9500 manat məbləğində kredit götürmüş, həmin kredit əsasında birə nikah dövründə əsas borc üzrə 2286,43 manat ödəniş aparılmışdır. İlkin olaraq məhkəmə qeyd edir ki, iş üzrə tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş üzrə iddiaçı götürülmüş 9500 manat məbləğində pulun ailənin tələbatlarına xərclənməsini iddia etsə bu barədə sübutlar məhkəməyə təqdim etməmiş və işin araşdırılmış hallarından da müəyyən edilməmişdir. İşin müəyyən edilmiş hallarından isə görünür ki, götürülmüş həmin kredit məbləğinin 5000 manat məbləğində olan hissəsi birgə nikah dövründə ailə tələbatlarına xərclənmişdir. Belə ki, işin mübahisəsiz hallarından müəyyən olunur ki, tərəflərin birgə nikah dövründə iddiaçı tərəfindən götürülmüş 9500 manat kredit məbləğinin 5000 manatına birgə nikah dövründə avtomobil alınmışdır. Məhkəmə qətnaməsinə əsasən həmin avtomobilin satışından əldə etdilmiş pul vəsaitinin- 5000 manatın ½ hissəsi 2500 manat alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225-ci, Ailə Məcəlləsinin 31 və 32-ci maddələri ilə ər-arvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasını müəyyən etdiyindən, onların kimin adına olmasından asılı olmayaraq ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əldə etdiyi əmlak xarakterli öhdəliklər də ümumi birgə əmlaka daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1-31.2-ci maddələrinə əsasən ərarvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir (37.1). Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (37.2). Ümumi əmlak bölünərkən ərarvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir (37.3). Göründüyü kimi qanunverici mülki hüquqi bərabərlik prinsipindən çıxış edərək ümumi əmlakın bölünməsi zamanı bir qayda olaraq ər-arvadın ümumi əmlakdakı paylarının bərabər olduğunu təsbit etmişdir. Əmlak bölgüsü həyata keçirilərkən ər-arvadın ümumi öhdəlikləri də əsasən bərabər bölünür. Ailə Məcəlləsinin 37.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslar üzrə ər-arvadın mülkiyyət payları bərabər bölünmədiyi halda ümumi öhdəliklər də həmin Məcəllənin 37.3-cü maddəsinə uyğun olaraq hər birinin payına mütənasib olaraq bölünür. Lakin ər-arvad arasında ümumi öhdəliklərin bölgüsü kreditora münasibətdə hüquqi təsirə malik olmamaqla kreditor qarşısında onların birgə məsuliyyətini aradan qaldırmır. O da nəzərə alınmalıdır ki, ər-arvadın nikah dövründə qazandıqları əmlak hesabına icra edilmiş öhdəliklərlə bağlı tərəflərin bir-birinə qarşı tələbinin təmin edilməsi istisna edilir. Yəni ümumi öhdəliklərin məhz icra edilməmiş hissəsi üzrə borclar ümumi əmlakın bölgüsü halında ər-arvad arasında onların mülkiyyət paylarına uyğun olaraq bölünür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən kreditə götürülmüş 9500,0 manat məbləğində pul vəsaitinin 5000 manat hissəsi birgə nikah dövründə birgə ailə tələbatlarına xərclənməsinə müəyyən edildiyindən, həmin məbləğ üzrə birgə nikah dövründə icra edilmiş öhdəliklər nəzərə alınmaqla (əsas öhdəlikdən) icra edilməmiş hissəsinə münasibətdə qalıq qalmış əsas borc (5000,0 manata münasibətdə), hazırda isə iddiaçı tərəfindən ödənildiyi müəyyən olunmuş məbləğ tərəflər arasında bərabər şəkildə bölünməkdə payları müəyyən edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından (iş materiallarında olan hesabdan çıxarışdan) görünür ki, iddiaçı götürülmüş kredit məbləğindən 2286,43 manatını (əsas öhdəlikdən) birgə nikah dövründə ödəmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, birgə nikah dövründə 5000 manat məbləğində öhdəlik üzrə 2286,43 manat məbləğində hissəsi birgə nikah dövründə ödənildiyindən, daha sonra ödənilməli olan və iddiaçı tərəfindən ödənilmiş 2713,57 manatın (5000-2286,43) yarısı, yəni 1356,78 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1356,78 manat alınaraq İddiaçı verilməlii, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1356,78 manat alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar