Məhkəmə qərarları › İş №2(003)-75/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-75/2024

22.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-75/2024 22.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi X7 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, qızı X4 Cavabdeh ilə xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X8 adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2215/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş, nikah pozulduqdan sonra birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X5 anasının himayəsində saxlanılması, xx.xx.2007-ci il təvəllüdlü X1 üçün cavabdehdən ananın xeyrinə xx.xx.2021-ci il tarixdən 175 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. X14 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bundan sonra Cavabdeh ona və Məmmədova Lyudmilaya qarşı “uşaq tələbinə” dair iddia ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-802/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia rədd edilmişdir. xx.xx.2007-ci il təvəllüdlü X8 hazırkı dövrə qədər onunla birlikdə yaşayır. Onun xərclərini o çəkir. Qızı vəfat etdiyindən, işə xitam verildiyini əsas gətirərək qızının saxlanılması üçün alimenti ödəmir. Azyaşlının mənafeyi üçün cavabdeh sabit pul məbləğində aliment ödəməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, işin dayandırılmasına əsas olmuş digər mülki iş üzrə kassasiya instansiyası məhkəməsi xx.xx.2007-ci il təvəllüdlü X2 himayəsinə verilməsi məsələsi ilə bağlı hazırkı iş üzrə iddiaçının xeyrinə qərar qəbul etmişdir. Müvəqqəti təyin edilmiş alimenti cavabdeh vaxtı-vaxtında ödəyir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh əvvəlki məhkəmə iclasında ərizə təqdim edərək bildirmişdir ki, o, kiçik sahibkar kimi fəaliyyət göstərir. İkinci dəfə ailə həyatı qurmuş, oğlu və arvadına ailədə yeganə işləyən şəxs olduğundan o baxır. X12 evdar qadındır. X3 altı yaşı vardır. Onun xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək dövriyyəsi 12410 manat təşkil etmişdir. Xərcləri olan 7663 manatı həmin məbləğdən çıxdıqda 15 ayda cəmi 4747 manat gəlir təşkil edir. Bu da aylara bölündükdə aya 316 manat deməkdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi R.Cavabdeh iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, oğlunun stabil 316 manat əmək haqqı vardır. Oğlu ikinci dəfə ailə həyatı qurmuşdur. Həmin evlilikdən yetkinlik yaşına çatmayan bir uşağı vardır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-2215/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilməklə iddiaçı Sevilya Namazova ilə Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Səadət Sarayında akt qeydləri kitabında 3872 nömrə ilə qeyd ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X5 anası Sievilya Namazovanın yanında qalması, Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175,0 manat sabit pul məbləğində alimentin tutularaq Sevilya Namazovaya ödənilməsi qət edilmişdir. - Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 221484 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Namazova Sievilya xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-802/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı və Məmmədova Lyudmylaya qarşı X5 cavabdehlərdən alınması barədə iddiasının rədd edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-2496/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçının nümayəndəsi və vəkili X9 apellyasiya şikayətinin təmin edilməyərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-802/2022 saylı 31 oktyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-521/2024 saylı qərarından görünür ki, kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2496/2023 nömrəli, 04 oktyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-1268/2023 saylı qərardadından görünür ki, ərizə qismən təmin edilərək xx.xx.2023-cü il tarixdən başlayaraq iş üzrə yekun məhkəmə aktı çıxarılanadək xx.xx.2007-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 200 (iki yüz) manat məbləğində müvəqqəti alimentin tutulması qərara alınmışdır. - 08 fevral 2023-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, İddiaçı təyin edilmiş vaxtda mediasiya prosesində iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. İddiaçı nümayəndəsi 50 manat məbləğində mediasiaya dair xərci ödəmişdir (Mediator: G.M.Qulizadə). Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin 4-cü hissəsinə görə, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 79.1-ci maddəsinə əsasən valideyn himayəsindən məhrum olmuş uşaqlara görə aliment bu Məcəllənin 76—78-ci maddələrinə uyğun olaraq tutulur və uşağın qəyyumuna (himayəçisinə) və ya himayədar valideynlərə (atalığa, analığa) ödənilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinəəsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. BMT-nin «Uşaq Hüquqları haqqında» Konvensiyasının müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarından görünür ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedibgetməməsi də nəzərə alınmalıdır. Həmin qərarın 8.5-ci maddəsinə əsasən sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir (MPM-nin 77.3 maddəsi). Həmin qərarın 8.6-cı maddəsinə əsasən daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı uşağın babası olmaqla uşaq onun himayəsindədir. Uşaq üçün vəfat etmiş valideyninin (anasının) sağlığında tutulan aliment miqdarı nəinki cari ildə hətta, əvvəlki illərdə mövcud olmuş minimum aliment miqdarından da aşağıdır. Cavabdehin ikinci dəfə ailə həyatı qurması və həmin evlilikdən uşağının olmasını onu əvvəlki ailəsindən olan uşağını saxlamaq vəzifəsindən azad etmir və hazırkı məqamda alimentin miqdarının azaldılması üçün mütləq əsas hesab edilmir. Bu səbəbdən məhkəmə hazırki tələb üzrə alimentin hər ay 220 manat sabit pul məbləğində tutulması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı aliment tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi tutulmalıdır. Həmin qanunun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 1.000 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh dövlət rüsumuna görə 46,4 manat məbləğində pul tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-1268/2023 saylı qərardadı ilə tutulan müvəqqəti aliment nəzərə alınsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar