Məhkəmə qərarları › İş №2(003)-76/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-76/2021

02.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-76/2021 02.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Mustafayev Ceyhun Mustafa oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ilk, Cavabdehnun İddiaçı qarşı uşaqların ananın yanında saxlanılması tələbi barədə qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2008-ci il təvəllüdlü X1 və xx xxxxxx 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslındırmışdır ki, Cavabdeh ilə faktiki nikahlarından iki uşaqları var: xx xxxx 2008-ci il təvəllüdlü X3 və xx xxxxxx 2009-cu il təvəllüdlü X5. Uşaqların anası 2019-cu ilin iyun ayından evi tərk edib, uşaqlarla maraqlanmır, uşaqların saxlanmasında, maddi tələbatlarının ödənilməsində iştirak etmir. Uşaqların bütün maddi xərclərini özü ödəyir. Ona görə də cavabdehdən aliment tutulmasını xahiş edir. Cavabdeh İddiaçı qarşı uşaqların ananın yanında saxlanılması tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2008-ci il təvəllüdlü X1 və xx xxxxxx 2009-cu il təvəllüdlü X2 cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı öz iddia tələbində qeyd etmişdir ki, guya o, 2019-cu ilin iyun ayında evi tərk etmişdir və övladları ilə maraqlanmır. Əslində isə İddiaçı iddia tələbində qeyd etdikləri həqiqəti əks etdirmir. Belə ki, o, xx xxxxxx 2007-ci il tarixdə X4 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından iki övladları olmuşdur: X3 - xx xxxx 2008-ci il təvəllüdlü; X6 - xx xxxxxx 2009-cu il təvəllüdlü. İddiaçı 2014-cü ildən 2019-cu ilin yanvar ayının 23-dək həbsdə olmuşdur. Həmin müddət ərzində övladlarını təkbaşına böyütmüşdür. Övladlarının saxlanılmasında ona İddiaçı nə anası, nə qardaşı, nə də ki bacıları heç birköməklik göstərməmişlər. İddiaçı özü də övladlarına heç bir qayğı göstərməmişdir. 2019-cu ilin iyun ayınadək o, Zirə qəsəbəsi ünvan 1 ünvanında yaşamışdır. Bundan sonra isə o, Bahadırın təzyiqləri nəticəsində evdən çıxmağa məcbur olmuşdur. Həmin vaxt Bahadır onun köməksiz qadın olmasından istifadə edərək, övladlarını da məcburi şəkildə ondan almışdır. Hazırda da o, doğma övladlarını ona verməkdən imtina edir və onlardan əl çəkməsini ondan tələb edir. Öz doğma övladları ilə görüşməsinə belə imkan vermir. İddiaçı həbsdə olarkən övladlarını çox çətinliklə böyüdüb, boya-başa çatdırmışdır. Hazırda isə cavabdehin hərəkətləri ucbatından övladlarının üzünə belə həsrət qalmışdır. Üstəlik də öz zorakı hərəkətlərini ört-basdır etmək üçün Bahadır ona qarşı belə bir iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hər ay sosial maddi yardım kimi ona ayrılmış 140 manatdan 100 manatını övladlarına verir, 40 manatını isə özünə xərclik saxlayır. Başqa heç yerdən gəliri yoxdur. İddiaçı isə heç bir yerdə işləmir və əyyaşlıq edir. Belə ki, evə çox vaxt sərxoş vəziyyətdə gəlir, övladlarını döyür, təhqir edir və ona qarşı onlarda nifrət hissi yaradır. Ümidi yalnız məhkəməyədir. Övladlarının cavabdehlən alınıb mənə verilməsini istəyir. Bu məqsədlə də qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə qəbul etməyərək rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil qarşılıqılı tələbini müdafiə edərək təmin edilməsini, iddia tələbinin isə qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında fikri dinlənilən xx xxxx 2008-ci il təvəllüdlü X3 məhkəməyə bildirmişdir ki, o, hal-hazırda qardaşı və nənəsi ilə birlikdə atasının yanında Zirə qəsəbəsində yaşayır. Zirə qəsəbəsində yerləşən 120 saylı tam orta məktəbin 7-ci sinfində təhsil alır. Valideynləri arasında mübahisə yarandığından anası evi tərk etmişdir. O və qardaşı atasının yanında qalmışdır. Anası Türkan qəsəbəsində yaşayır. Anası ilə 3-4 ay əvvəl görüşmüşdür. Anası onları tez-tez, səbəbsiz olaraq döymüşdür. Atаsı və nənəsi daim onun və qardaşının qayğısına qalır, təlim və tərbiyələri ilə məşğul olurlar. O, bundan sonra da atasının yanında qalmaq istəyir. Məhkəmə iclasında fikri dinlənilən xx xxxxxx 2009-cu il təvəllüdlü X5 məhkəməyə bildirmişdir ki, o, hal-hazırda qardaşı və nənəsi ilə birlikdə atasının yanında Zirə qəsəbəsində yaşayır. Valideynləri arasında mübahisə yarandığından anası evi tərk etmiş, onlar atasının yanında qalmışlar. Atası həbdsə olarkən onlara nənəsi baxmışdır. Anası əvvəllər bir neçə dəfə onları səbəbsiz döymüşdür. 3-4 ay əvvəl anası ilə görüşmüşlər və bu zaman anası ona 10 manat pul vermişdir. Atаsı daim onun və qardaşının qayğısına qalır. O, bundan sonra da atasının yanında qalmaq istəyir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 687984 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxx 2008-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 687985 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxxx 2009-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh xx xxxx 2017-ci il tarixdən etibarən “xxxx” MMC-də istixana fəhləsi vəzifəsində çalışır, aylıq əmək haqqı DSMF və əlavə yığımlar daxil olmaqla 260 AZN təşkil edir. İşdən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərardadı ilə iş üzrə əsaslandırılmış rəy alınması üçün sənədlər Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmiş və Komissiya iş üzrə 753 saylı, xx.xx.2020-ci il tarixli rəyini məhkəməyə göndərmişdir. Həmin rəydən görünür ki, komissiya yetkinlik yaşına çatmayan xx xxxx 2008-ci il təvəllüdlü X1 və xx xxxxxx 2009-cu il təvəllüdlü X2 öz şəxsi istəklərini nəzərə alaraq ataları İddiaçı himayəsində qalmalarını azyaşlıların gələcək mənafeyi üçün məqsədəuyğun hesab etmişdir. Məhkəmə yuxarıda sadalananlara münasibətdə ilk öncə uşaqların bugünədək atalarının yanında qalması səbəblərinə və şəraitinə, onların atadan alınaraq analarına verilməsinin məqsədəuyğun olub-olmamasını qiymətləndirilməsini zəruri sayır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ilk iddia üzrə iddiaçı ilə ilk iddia üzrə cavabdeh arasında ailə münasibətləri pozulduğundan 2019-cu ilin iyun ayından Cavabdeh yaşadıqları evi tərk etmiş, həmin vaxtdan uşaqlar İddiaçı ilə birlikdə yaşayırlar. O, uşaqların tərbiyəsi ilə özü məşğul olur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. “Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 3-cü maddəsinə görə də məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Məhkəmə, iddiaçının şəxsən öz uşaqlarının qayğısına qalıb onları böyütmək, tərbiyə etmək arzusunda olmasını və bir ata, valideyn kimi qanunvericilikdə bu hüquqa malik olmasını, Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini, həmçinin uşaqların fikrini nəzərə alaraq qeyd edir ki, azyaşlıların atanın himayəsində qalıb böyümələri onların mənafeyinə uyğundur. Çünki, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşaqların mənafeyi üstün tutulmalı, onların maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il № 8- 2/2016 7.1-ci bəndində yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Əvvəla məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmayan uşaqlar 2008 və 2009-cu il təvvəllüdülü olmaqla azyaşlıdırlar. Bununla yanaşı, azyaşlılar doğulduqları vaxtdan ataları ilə birlikdə olmaqla daimi olaraq onun himayəsində olmuşlar. Bununla bağlı məhkəmə hesab edir ki, azyaşlıların artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından da hazırda yanında qaldıqları eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. BMT Baş Məclisinin 1386 (XİV) nömrəli, xx xxxxxx 1959-cu il tarixli qətnaməsi ilə qəbul olunmuş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə azyaşlı uşaq müstəsna hallardan başqa, anasından alına bilməz. Burada müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından tam məhrum olmasına dəlalət edən hallar başa düşülür. Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi və s. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ilk iddia üzrə iddiaçının bir ata olaraq uşaqlarının böyüyüb boya-başa çatmasındakı rolunu, uşaqlara daha sıx bağlı olmasını, həmçinin, əxlaqi və digər şəxsi keyfiyyətlərini, uşaqların yaşını, uşaqların inkişafı və tərbiyəsi üçün ilk iddia üzrə iddiaçının normal şəraitinin olmasını, sağlam ruhda böyüməsini, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtac olmasını, uşaqların atalarından alınmasına dair müstəsna halların mövcud olmamasını nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilməməli, uşaqların faktiki vəziyyətə uyğun olaraq atalarının yanında qalması məqsədyönlü və uşaqların mənafeyinə uyğun hesab edilməlidir. Məhkəmə uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin müəyyən edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə iddianın cavabdehdən alimentin tutulması hissəsinə qiymət verərək hesab edir ki, uşaqların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. Lakin tələb edilən alimentin məbləği iddia tələbində qeyd edilən məbləğdə müəyyən edilməməlidir. Belə ki, iddiaçı iki uşağın saxlanılması üçün hər uşağa 170 manat sabit pul məbləğində aliment tələb etsə də, cavabdehin bunun ödənilməsi üçün zəruri vəsaitə malik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda iş materiallarından görünür ki, cavabdehin aylıq əmək haqqı 260 manatdır. Buna baxmayaraq göstərilən hal cavabdehin övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Bu baxımdan atanın yanında saxlanılan uşaqların gündəlik tələbatlarını, ölkədə olan istehlak qiymətləri və.s dəyişməsini, uşaqların böyüməkdə davam etməklə onların müvafiq olaraq tələbatlarının da artmasını nəzərə almaqla məhkəmə hesab edir ki, xx xxxx 2008-ci il təvəllüdlü X1 və xx xxxxxx 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulacaq alimentin məbləği 100 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə göstərilən məbləği qeyd edilən halların məcmusu baxımından ədalətli və ağlabatan hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, ilk iddia üzrə iddiaçı aliment tələbi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, ilk iddia tələbi qismən təmin edilməli, xx xxxx 2008-ci il təvəllüdlü X3 və xx xxxxxx 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay hər uşağa görə 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia tələbi qismən təmin edilsin. xx xxxx 2008-ci il təvəllüdlü X3 və xx xxxxxx 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay hər uşağa görə 100 (bir yüz) manat sabit pul, umumilikdə 200 manat məbləğində aliment tutularaq İddiaçı verilsin. İlk iddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh İddiaçı qarşı uşaqların ananın yanında saxlanılması barədə qarşılıqlı iddia tələbi təmin edilməsin. Cavabdeh 30 (otuz) manat alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar