Məhkəmə qərarları › İş №2(003)-783/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-783/2024

06.03.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-783/2024 06.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı müqavilənin ləğvi və pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı müqavilənin ləğvi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bağlanılmış xx.xx.2023-cü il tarixli “Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında” nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi və bu müqavilə üzrə alıcının ödəməyi öhdəsinə götürdüyü 17010 (on yeddi min on) manat pul məbləğinin və ödənilmiş dövlət rüsümunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 6 saylı notarial ofisində “Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında” nisyə alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqavilə ilə ona məxsus nəqliyyat vasitəsinin (AR DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2023-cü ildə verilmiş BA 283422 qeydiyyat şəhadətnaməsi əsasında mülkiyyətçiyə məxsus Toyota Prius (Hibrid) minik markalı, 2006cı il buraxılışlı, ** KE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi) nisyə alqı-satqısı həyata keçirilmişdir. Müqavilənin şərtlərinə görə nəqliyyat vasitəsi iddiaçı tərəfindən cavabdehə 21250 (iyirmi bir min iki yüz əlli) manata nisyə alqı-satqı yolu ilə satılmış, cavadeh isə həmin nəqliyyat vasitəsini həmin qiymətə əldə etməyi qəbul etmişdir. Müqaviləyə əsasən nəqliyyat vasitəsinin alışı ilə bağlı cavabdeh alıcı tərəfindən ilkin olaraq notariusun bankda olan depozit hesabı vasitəsilə 4240 (dörd min iki yüz qırx) manat ona ödənilmiş, məbləğin qalan hissəsinin, 17010 (on yeddi min on) manatını isə 3 ay müddətində yəni xx.xx.2023-cü il tarixinə qədər hissə-hissə olmaqla, hər ay 5670 (beş min altı yüz yetmiş) manat ödəməyi cavabdeh öz öhdəsinə götürmüşdür. Müqavilənin qeyd olunan şərhlərindən aydın görünür 3 ay ərzində cavabdeh hissə-hissə ödəməyi öhdəsinə götürdüyü məbləğləri ödəməli idi. Lakin, cavabdeh öhdəliklərini icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Belə ki, cavabdeh xx.xx.2023-cü il tarixinə qədər ümumi borc məbləğinin ilk hissəsini (5670 (beş min altı yüz yetmiş) manat) ödəməli olmasına baxmayaraq ödəməmişdir. Bununla bağlı cavabdehlə telefon əlaqəsi yaratmaq istəməyinə baxmayaraq, telefon zənglərinə cavab verməmişdir. Növbəti günlərdə yenidən cavabdehə zəng etdikdə, o, borcunu həmin gün saat 18:00-a qədər ödəyəcəyini bildirmişdir. Lakin həmin gün də borcunu ödəməmiş və yenə də telefon zənglərinə cavab verməmişdir. 2-3 gün fasilədən sonra cavabdehə zəng etdikdə o, yenə də borcunu ödəyəcəyini bildirmiş, lakin dəqiq ödəyəcəyi tarixi deməmişdir. O, ona borcu ödəməməyin səbəblərini müzakirə etmək üçün üz-üzə görüşməyi təklif etmiş, üstəlik cavabdehə müəyyən güzəşt etməyə hazır olduğumu bildirmişdir. Bir neçə gün sonra təkrar telefonla etdiyi xahişdən sonra saat 17:00-18:00 radələrində yaşadığı ünvanın yaxınlığındakı küçəyə gələrək onunla görüşmüşdür. Görüş zamanı cavabdehdən xahiş etmişdir ki, əgər borcunu ödəyə bilmirsə onda ona satdığı avtomobili heç olmasa ona geri qaytarsın, əvəzində isə alqı-satqı zamanı cavabdehin ona ödəmiş olduğu 4240 (dörd min iki yüz qırx) manat ilkin ödəniş məbləğini o, ona qaytarsın. Lakin cavabdeh bildirdi ki, avtomobili üçüncü şəxsə satıb və əldə etdiyi vəsaiti şəxsi biznes dövriyyəsinə yönəldib. Bu səbəbdən də avtomobili qaytara bilməyəcək. Həmin göruş zamanı cavabdeh ona bir həftə sonra borcu ödəyəcəyini söz verdi. Söz verdiyi tarixdə isə artıq cavabdehə zəng etdikdə heç bir nömrəsinə zəng çatmadı. Göründüyü kimi cavabdehə tərəfimdən müxtəlif vaxtlarda borcun ödənilməsi üçün möhlət verilmiş, borcun ödənilməsi üçün şərait yaradılmışdır. Lakin bütün humanist cəhdlərimə baxmayaraq cavabdeh ondan hər dəfə məqsədyönlü şəkildə vaxt istəyərək müddəti uzatmağa çalışmış, borcu ödəyəcəyi ilə bağlı yalan vədlər vermişdir. Qeyd edir ki, o da ailəlidir, həm özü həm də ailə üzvlərinin xərcləri ilə bağlı məsuliyyət sahibidir. Üstəlik böyük məbləğdə bank öhdəlikləri var. Eyni zamanda iki banka qrafik üzrə aylıq ödənişlər edir. Sadalanan xərclərinin olduğu bir zamanda cavabdehin ona olan borcunu ödəməməsi onu maddi tərəfdən çıxılmaz vəziyyətə salmışdır. Nəticə olaraq o da telefon zənglərindən (cavabdehə edilən zənglər), ona verilən yalan vədlərdən ümidini kəsərək, müqavilə üzrə təsbit olunmuş borcun cavabdeh tərəfindən ödənilməyəcəyi qənaətinə gələrək, hüquq və mənafelərinin müdafiəsi üçün məhkəmə orqanlarına müraciət etmək qərarına gəlmişdir və düşünür ki, məhkəmənin ədalətli qərarı nəticəsində cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icra olunmasına nail olmaq mümkündür. Bağlanılmış xx.xx.2023-cü il tarixli “Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında” nisyə alqı-satqı müqaviləsində də qeyd edildiyi kimi, borclu ilk 1 (bir) ay ərzində müqavilə üzrə öhdəsinə götürdüyü məbləği üzrə Ödənişi həyata keçirməzsə, mülkiyyətçi tərəfindən müqaviləyə məhkəmə qaydasında xitam verilə bilər. Odur ki, bağlanılmış xx.xx.2023-cü il tarixli “Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında” nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi və bu müqavilə üzrə alıcının ödəməyi öhdəsinə götürdüyü 17010 (on yeddi min on) manat pul məbləğinin və ödənilmiş dövlət rüsümunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş maateriallarında olan xx.xx.2023-cü il tarixli (müddətli (nisyə) alqı-satqı) nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilədən görünür ki, həmin müqavilə Cavabdeh ilə İddiaçı arasında ümumi dəyəri 21 250 manat olan Toyota Prius (Hibrid) minik markalı, 2006-cı il buraxılışlı, ** KE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi satılmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən tərəflər Müqaviləni imzaladıqdan ve o, notarial qaydada təsdiq olunduğu andan notariusun bankda olan depozit hesabı vasitəsilə 4240 manatı Mülkiyyətçiyə ödəyir, qalan 17010 (on yeddi min on) manatı isə, 3 ay müddətinə, yəni xx.xx.2023-cu tarixinə qədər hissə hissə olmaqla hər ay 5670 (beş min-altı yüz yetmiş) manat ödəməyi öz öhdəsinə götürür. İlk 1 ay ərzində ödəniş keçirilməzsə, Mülkiyyətçi tərəfdən müqaviləyə məhkəmə qaydası ilə xitam verilə bilər. Müqavilənin 4.3-cü bəndinə əsasən əgər öhdəliklərin tam və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı aralarında hər hansı bir mübahisə yaransa Tərəflər onu “Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələbləri esasında danışıqlar aparmaq yolu İlə tezliklə həll etməyə çalışacaqlar. Bu nəticə vermədiyi halda isə hər bir Tərəf mübahisənin həll olunması üçün Azərbaycan Respublikasının müvafiq məhkəməsinə müraciət edə bilər. İş maateriallarında olan pretenziya məktubundan görünür ki, İddiaçı tərəfindən Cavabdeh müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və məhkəməyə qədər nizamasalınması haqqında məktub göndərilmişdir. İş maateriallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh adına xx.xx.2023-cü il tarixdə TOYOTA PRİUS (HİBRİD) markalı **-KE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixdə alqısatqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. Hal-hazırda Cavabdeh adında nəqliyyat vasitəsi qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında nəqliyyat vasitəsinin satılması ilə bağlı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə iddiaçı öz üzrəinə düşən öhdəliyi icra edərək, nəqliyyat vasitəsini Cavabdeh təhvil vermiş, lakin sonuncu müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri icra etməmiş, qalan 17010 manat pulu iddiaçıya ödəməmişdir. Bu səbəbdən də iddia müqavilə üzrə alıcının ödəməyi öhdəsinə götürdüyü 17010 (on yeddi min on) manat pul məbləğinin iddiaçının xeyrinə tutulması hissədə təmin edilməlidir. Bundan başqa müəyyən edilmişdir ki, (müddətli (nisyə) alqı-satqı) nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilədə Cavabdeh qalan 17010 (on yeddi min on) manat pulu 3 ay müddətinə, yəni xx.xx.2023-cü tarixinə qədər ödəməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, iddianın “Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında” nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi hissəsinə münasibətdə iddia tələbi təmin edilməməlidir. Belə ki, müqavilənin müddəti artıq öhdəlik icra edilməsi zamanına görə xx.xx.2023-cü il taxidə vaxtı bitmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 141,50 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 141,50 manat dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 17010 (on yeddi min on) manat pul və ödənilmiş 141,50 manat dövlət rüsumu olmaqla, cəmi 17151,50 manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 17010 (on yeddi min on) manat pul və ödənilmiş 141,50 manat dövlət rüsumu olmaqla, cəmi 17151,50 manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar