Məhkəmə qərarları › İş №2(003)-803/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-803/2021

25.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-803/2021 25.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən birgə nikahdan doğulan xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 manat, xx.xx.2019-cu il təvəllüdlü X5 üç yaşına çatanadək onun xeyrinə hər ay 100 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən birgə nikahdan doğulan xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 manat, xx.xx.2019-cu il təvəllüdlü X5 üç yaşına çatanadək onun xeyrinə hər ay 100 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə xx.xx.2016-cı il tarixdə nikaha girmişdir. Birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 doğulmuşdur. Cavabdeh içki aludəçisi olmuşdur. Buna görə də o, uşaqları ilə birlikdə atası evinə getmişdir. O, işləmir və uşaqlarını saxlamağa çətinlik çəkir. Cavabdeh uşaqlarına heç bir maddi yardım göstərmir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin qeyd etdi ki, cavabdehlə aralarında nikah qeydi pozulmasa da faktiki olaraq ayrılmışlar. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qismən etiraf edərək, izahatında bildirdi ki, cavabdeh sürücü işləyir. Onun aylıq əmək haqqı 332 manat təşkil edir. Odur ki, cavabdehdən hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutulmasını xahiş etdi. xx.xx.2019-cu il təvəllüdlü X3 üç yaşına çatanadək iddiaçının xeyrinə hər ay 100 manat sabit pul məbləğində aliment tutulması hissəsində isə iddia tələbini etiraf etməməklə rədd olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, tərəflər xx.xx.2016-cı il tarixdə nikahlarını bağlamışlar. Birgə nikahlarından xx.xx.2017-ci il tarixdə doğulmuş X4 və xx.xx.2019-cu il tarixdə doğulmuş X5 uşaqları vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinəəsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Məhkəmə uşaqların saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən qeyd edir ki, iddiaçı uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 175 manat alimentin tutulmasını tələb etsə də, cavabdehin bunun ödənilməsi üçün zəruri vəsaitə malik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və digər diqqətəlayiq olan halları nəzərə alaraq hesab edir ki, hazırki halda cavabdehdən uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 140 manat sabit pul məbləğində aliment tutulması ədalətli və ağlabatandır. Məhkəmə eyni zamanda iddia tələbinin “uşağın üç yaşına çatanadək cavabdehdən hər ay 100 manat məbləğində pul vəsaitinin tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddianın həmin hissəsi əsaslı deyil, buna görə də iddianın həmin hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, göstərilən qanunvericilik norması ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvadın hər bir halda deyil, yalnız zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etməsini özündə ehtiva etmişdir. Hazırki halda isə cavabdehin məhz bunu ödəmək üçün zəruri vəsaitə malik olması barədə hər hansı bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı aliment tələbi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2020-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay hər uşağa görə 140 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2020-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay hər uşağa görə 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar