Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-808/2024 13.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı X1, Cavabdeh iştirakı ilə, iddiaçı X1 Cavabdeh qarşı “mənəvi zərərəin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı X3 Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 8000 (səkkiz min) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-459/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən xx xxxxxx 1983-cü il tarixdə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan iki uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi X6 qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi “Bolluq” yeni yaşayış sahəsində nömrəsiz evdə yaşayan Cavabdeh qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Cavabdeh 27 iyul 2022-ci il tarixdə saat 19:20 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi “Bolluq” yeni yaşayış sahəsində nömrəsiz evdə X2 əli və daş parçası ilə qəsdən vuraraq ona təpə nahiyəsinin, alın nahiyəsinin hematomaları, alnın, sol dirsəyin və sağ əlin sıyrıqları, alt dodağın selikli qişasının əzilmiş yarası, sol dirsəyin, sol əlin qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol dirsəyin yumşaq toxumalarının əzilməsi ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Cavabdehin qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində zərərçəkmiş X2 maddi və mənəvi ziyan dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində X1 döyülməsi ilə bağlı zərərçəkmişin sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququmuz vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Bu baxımdan mərhum qızının ölümü nəticəsində keçirdiyimiz stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. kimi halları nəzərə alaraq ona, dəymiş mənəvi zərər cavabdehdən alınaraq ona ödənilməlidir. Məhkəmə iclasında iddiaçı X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi və tələbin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildidi ki, cavabdeh ondan uşaqların almaqla yanaşı hazırda ondan aliment tələb edir. Onun artıq 1620 manat aliment borcu var o, həmin məbləği ödəyə bilməyəcək. O da ona mənəvi ziyan vurub. Onun hərəkətləri nəticəsində o sarsıntı keçirmişdir. Sarsıntı keçirtdiyi üçün xx.xx.2024-cü il tarixdən işdən də çıxmışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, iddiaçının tələbinin tamamilə cəfəngiyyat, həqiqətə, məntiqə, qanuna uyğun olmadığını əsas gətirərək rədd olunmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(003)-459/2022 saylı qərarının surətindən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Cavabdeh zərərçəkmiş şəxs X3 ilə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilməsi, onun cinayət məsuliyyətindən azad edilməsi, Cavabdeh barəsində Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Cavabdeh hüquqlarının ibtidai araşdırma zamanı müdafiə edilməsinə görə 12,00 (on iki) manat və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Cavabdeh hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X4 60,00 (altmış) manat olmaqla ümumilikdə 72,00 (yetmiş iki) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Həmin qərardan görünür ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X3 göstərdi ki, o, Cavabdeh ilə 2007-ci ildə ailə qurmuş və həmin evlilikdən bir azyaşlı və yetkinlik yaşına çatmayan iki uşaqları vardır. Yaşadıqları müddət ərzində dəfələrlə aralarında münaqişələr olmuşdur. 27 iyul 2022-ci il tarixdə saat 19:20 radələrində yaşadıqları evdə olduqları zaman Elvin ilə aralarında mübahisə baş vermişdir. Mübahisəyə səbəb onun qızı Aytac ilə birlikdə “Tık-Tok” sosial şəbəkəyə baxması olmuşdur. Belə ki, o, qızı Aytac ilə birlikdə “Tık-Tok” sosial şəbəkəyə baxarkən Elvin onların sosial şəbəkəyə baxmasını görmüş və ona “Tik-Tok" sosial şəbəkə yükləməyi qadağan etmişdir. Bu səbəbdən aralarında mübahisə baş vermiş, mübahisə zamanı Elvin onu əli və daş parçası ilə qəsdən vuraraq xəsarət yetirmişdir. Hazırda Elvin ona dəymiş ziyanı tamamilə ödəmiş və onunla barışmışdır. Buna görə də onun ondan heç bir şikayəti və ya tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Elvin barəsində olan hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X10 xx.xx.2022-ci il tarixli 935 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, müayinə zamanı X1 bədənində aşkar olunmuş xəsarətlər - təpə nahiyəsinin, alın nahiyəsinin hematomaları, alnın, sol dirsəyin və sağ əlin sıyrıqları, alt dodağın selikli qişasının əzilmiş yarası, sol dirsəyin, sol əlin qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol dirsəyin yumşaq toxumalarının əzilməsi ilə müşayiət olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibbi müayinəsindən 1 gün əvvəl olmaqla qərarda göstərilən 27 iyul 2022-ci il tarixə və şəraitə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər ailəli olmaqla, birgə nikahlarından iki övladları anadan olmuşdur. Birgə yaşadıqları müddətdə xx.xx.2022-ci il tarixdə saat 19:20 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi “Bolluq” yeni yaşayış sahəsində nömrəsiz evdə həyat yoldaşı X2 əli və daş parçası ilə qəsdən vuraraq ona təpə nahiyyəsinin, alın nahiyyəsinin hemotomaları, alının, sol dirsəyin və sağ əlin sıyrıqları, alt dodağın selikli qişasının əzilmiş yarası, sol dirsəyin, sol əlin qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol dirsəyin yumşaq toxumalarının əzilməsi ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Cavabdeh barəsində CM-nin 128-ci maddəsilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı açılmış və həmin material üzrə yekun protokol tərtib olunaraq məhkəməyə müraciət olunmuşdur. Məhkəmə istintaqı gedişində barışdıqları və dəymiş ziyanı tamamilə ödədiyinə görə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(003)-459/2022 saylı qərarı ilə Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilmiş, cinayət məsuliyyətindən azad edilmiş və barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iclasında iddiaçı X3 Cavabdeh hərəkətləri nəticəsində ona mənəvi zərər dəydiyini, iş fəaliyyətini itirdiyini və işdə çıxmaq məcburiyyətində qalmışdır. Halbuki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarında deyilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun və yaxın qohumlarının hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması və s. hallarda da özünü büruzə verə, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi ziyanin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Kostitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 2-ci bəndinin 3-cü abzasında izah edilmişdir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 8-ci bənində izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən norma sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iclasında iş üzrə iddiaçıya bir daha iddia tələbində qeyd etdiyi halların təsdiq edilməsi üçün sübutların təqdim edilməsi təklif edilsə də, iddiaçı iş materiallarında olan sübutları iddianın tam təmin edilməsi üçün kifayət hesab edərək əlavə sübutların təqdim edilməsinə ehtiyac olmadığını bildirmişdir. İddiaçı ona mənəvi ziyanın vurulmasını cavabdehin 2022-ci ildə onu döyməsi ilə əsaslandırır ki, həmin hal üzrə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında məhkəməyədək sadələşdirilmiş material olmuş, məhkəmə istintaqı gedişində Cavabdeh ilə Aygül Mustafayeva barışdıqları və Cavabdeh tərəfindən Aygül Mustafayevaya dəymiş ziyanı tamamilə ödədiyinə görə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi halı müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1). Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır” (maddə 218.3). Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı X1 Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-808/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-808/2024
13.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver