Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-832/2023 02.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə onun birgə nikahlarından xx.xx.2009-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə Bakı şəhəri Xəzər Rayon Qeydiyyat Şöbəsində 29 iyun 2007-ci il tarixdə nikah bağlamışdır. Cavabdehlə birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X4 adlı övladları anadan olmuşdur. Onların nikahı Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-1535/2021 saylı qətnaməsi ilə pozulmuşdur. Nikahın pozulması haqqında şəhadətnamə var. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-1535/2021 qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X1 nikah pozulduqdan sonra ananın yanında saxlanılması qət edilmişdir. Onların ailə münasibətləri ailə münaqişələri nəticəsində pozulmuşdur. Artıq uzun müddətdir ki, o, cavabdehlə birlikdə yaşamır. Onların azyaşlı övladı iddiaçı ilə birlikdə yaşayır. Uşağın onun yanında qalması Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-1535/2021 saylı qətnaməsi ilə öz təsdiqini tapmışdır, lakin həmin qətnamədə ona uşağın saxlanılması üçün aliment kəsilməmişdir. Cavabdeh bu müddət ərzində bir ata kimi uşağa nə maddi cəhətdən, nə də mənəvi cəhətdən hər hansı bir köməklik göstərməmişdir. Cavabdeh uşağın maddi tələbatları ilə maraqlanmır. Cavabdeh onlar ailə kimi birlikdə yaşayarkən də ailənin tələbatlarını qarşılamırdı. O, ailənin tələbatlarını özü ödəyir. Onun maddi gəliri yoxdur. O, himayəsində olan övladının saxlanılmasında çətinlik çəkir və övladının tələbatlarını təmin edə bilmir. Buna görə də övladının yetkinlik yaşına çatana kimi saxlanılması üçün qanunla müəyyən olunmuş qaydada cavabdehdən aliment tutulması zərurəti yaranmışdır. Cavabdeh rəsmi olaraq heç yerdə işləməsə də, normal qazancı var. Cavabdeh mebel ustasıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iclası olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında aliment ödəməyə maddi imkanının olmadığını bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı, 230841 nömrəli doğum haqqında şəhadətnamənin və AZE seriyalı, 12879567 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası isə X3r. İş materiallarında olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1535/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X5 arasında 29 iyun 2007-ci il tarixdə Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon VVADQ şöbəsində bağlanmış 473 №-li akt qeydli nikahın pozulması, birgə nikahdan doğulmuş 23 yanvar 2009-cu il təvəllüdlü X1 anası X2 yanında qalması qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 380692 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X5 arasında olan nikah Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması barədə akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 120 № ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Babalıyeva soyadı verilmişdir. İş materiallarında olan Mediasiya Şurası Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş MSB\2-01820\2022 nömrəli, 1512.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, X6 ilkin mediasiya sessiyasında iştirak etməmişdir və İddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci ödənilmişdir. İşin araşdırılmış hallarından görünür ki, məhkəmə qətnaməsi ilə tərəflər arasında olan nikah pozulması, uşağın ananın yanında qalması qət edilmişdir. İddiaçı mübahisənin mediasiya vasitəsi ilə həlli üçün mediasiya təşkilatına müraciət etsə də, cavabdeh mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. İddiaçı isə hazırda uşağın saxlanılması üçün aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı alimentin tutulması barədə iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən qeyd edir ki, iddia təmin edilməlidir. Eyni zamanda məhkəmə, cavabdehin maddi durumunun pis olması ödəyə bilməməsi dəlilinə münasibətdə qeyd edir ki, onun maddi durumunun pis olması bir valideyn kimi uşağının tələbatlarının qarşılamasından azad etmir. Məhkəmə, tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən uşağın saxlanılması üçün hər 220 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı aliment tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulma müddəti xx.xx.2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-832/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-832/2023
02.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver