Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-89/2020 23.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə3, Cavabdeh, Cavabdehin nümayəndəsi Nümayəndə1, Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Xəzər Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi “uşaqların himayəyə verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı “uşaqların himayəyə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş xx xxxx 2001-ci il təvəllüdlü X5, xx xxxxxx 2004-cü il təvəllüdlü X8 və xx xxxxxx 2011-ci il təvəllüdlü X3 iddiaçının yanında qalması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında Bakı şəhəri, Əzizbəyov rayonu VVADQ şöbəsində 215 nömrə ilə dövlət qeydiyyatına alınmış xx xxxx 2003-cü il tarixli nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(003)-798/2019 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında xx xxxx 2003-cü il tarixdə Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon VVADQ şöbəsində bağlanmış 215 nömrəli akt qeydli nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2001-ci il təvəllüdlü X5, xx.xx.2004-cü il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X3 anası Cavabdeh yanında qalması qət edilmişdir. Birgə nikahdan doğulmuş xx.xx.2001-ci il təvəllüdlü X5, xx.xx.2004cü il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X3 onun yanında qalması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birgə nikahdan doğulmuş uşaqların onun qayğısına daha çox ehtiyacları var. Onlar onunla qalmaq istəyirlər. Cavabdeh ona qarşı olan soyuqluğun və söz-söhbətlərin şahidi olmuşlar. Bundan başqa uşaqlara qarşı kobudluq edir və küçə söyüşləri edir. Qonşulara, anasıgilə və istədiyi yerə saatlarla gedir, uşaqlar yeməksiz qalır. O, uşaqlar üçün həyətdə ev tikmək istəyir, lakin alınmır. Cavabdeh övladıyla danışmır, sökülən paltarları tikmək üçün verəndə həyətə atır. Bildirir ki, “ya bildiyimi edəcəm ya da bu evi ailəni dağıdacam”. Bayram günləri uşaqlara gətirdiyi hədiyyələri vermək istəmir. xx xxxx 2019-cu il tarixdə İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş xx xxxxxx 2004-cü il təvəllüdlü X8 və xx xxxxxx 2011-ci il təvəllüdlü X3 onun yanında qalması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin həcminin azaldılmasına dair ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, fevral ayının 15, 16, 17, 18, 19-u Nübarın harda olduğunu bilmir. Həmin vaxtlar Yusif xəstə idi. O, heç vaxt uşaqlarını analarına qarşı çevirməmiş, heç birinə məhdudiyyət qoymamışdır. Yusifə anası ilə getmək istəyirsə getməsini demiş, Yusif isə anası ilə getmək istəməmişdir. Nübar bilərəkdən paltarları yumurdu ki, o, geyinməsin və aralarında dava olsun. Qızını evləndirmək üçün nişan üzüyünün pulunu o, vermişdir. Nişan vaxtı Nübar telefon itdiyi üçün ona hücum etmişdir. Rəvanla Səbuhi analarına etiraz etmişdilər. O, evə gələn zaman yemək olmayanda bişirmişdir. 5 ildir ki, paltarları özü yuyur. Hər dəfə nə lazım olsa artıqlaması ilə pulunu vermişdir. Yusifin qısılmasını görməmişdir. Nübar uşaqların paltar və yeməklərini bişirmirdi. Yun paltar məsələsinə görə polisə verilmişdir. Ailəsi boşanandan sonra o, ayrı otaqda yatmışdır. İş vaxtı stabil deyil, karyerdə işləyir. Səhər tezdən gedib gecə 01:00-da da, günorta vaxtı da evə gəldiyi olmuşdur. Son bir il ərzində işi zəifləmişdir. Hal-hazırda işdə az olur. Son 1 ilə qədər Yusifi anası da o, da məktəbə aparıb gətirmişdir. Son 1 ildə anası vaxtında yemək bişirmir, vaxtında ev işlərini görmürdü. O, uşaqları analarında ayırmaq istəməmişdir. Uşaqlara yaxşı baxmadığına görə hazırda iddia qaldırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin həcminin azaldılmasına dair ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, bir ana kimi uşaqlarına daima baxmış, onlara qulluq etmişdir. Uşaqlarının onun himayəsində qalmalarını istəyir. Bu günə kimi o, ana kimi Yusifin üstünü örtə bilmir, onunla yata bilmir. O, sərbəst uşaqlarına yaxın gedə bilmir, Yusif ona yaxın gəlmir. Etibar ona heç bir şey etməmişdir. Etibar onu boğmalamışdır. 2 ay bundan əvvələ kimi aralarında dava olmuşdur. Bu günkü gündə uşaqlarına heç bir şey edə bilmir, ataları qoymur. Bu səbəbdən də iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək, cavabdehin vermiş olduğu izahatına uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, cavabdehin vermiş olduğu izahatına uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, iddiaçının oğludur. Evlərində həmişə problemlər olurdu. Problemlərin əksər hissəsini anası yaratmışdır. Bununla bağlı dəfələrlə o, babasıgilə gedib problemləri həll etmələrini demişdir. Babası isə ona polisə verməklə hədələyirdi. Evlərində adi söz söhbətdən dava düşürdü. Anası hər şeyi böyüdürdü. Atası evə gələn zaman onun paltarlarının həyətə yerə atıldığını görmüş, bununla bağlı atası anasından soruşmuş, anası isə atasını polisə şikayət edəcəyini demişdir. Anasə dəfələrlə atasını polisə şikayət etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, hal-hazırda 18 yaşı var. Orta məktəbi 218 saylı məktəbdə oxumuşdur. 1-ci sinifə anası onu aparıb sonradan özü getmişdir. Əvvəllər anası yeməklərini bişirirdi, son 3 ilə yaxındır ki, anası yemək bişirmir. Anası nəinki yeməkləri bişirmir, heç paltarları da vaxtı-vaxtında yumurdu. Çox vaxt paltarları yığılıb qalırdı. Atası ilə anasının arasında mübahisə 3 ildir ki var, son 2 ildir ki, aralarındakı münaqişələr kəskinləşmişdir. Elə həmin vaxtdan yemək bişirməsi, paltar yuması azalmışdır. Anası saat 12:00-da Yusifi dərsə aparırdı, sonra axşam saat 20:00-a kimi evə gəlmirdi. Anası həmişə atasına deyirdi ki, “ya bu ailə dağılacaq, ya da ki mən deyən olmalıdır.” Anası bir dəfə işləmək istəmiş, lakin çətin olduğuna görə işləyə bilməmişdir. Anası bir dəfə rayona toya getmiş və 1 həftə qayıtmamışdır. O, anası ilə 2 ildir ki danışmır, anası onu övladlıqdan çıxardığını demişdir. Köynəyi yaş olmuşdur, o, da köynəyini çıxarıb kreslonun üstünə qoymuş, sonradan anası götürüb onun paltarını həyətə atmış, atası bu barədə anasından soruşanda anası atasına polisə şikayət edəcəyini demiş və atasını polisə şikayət etmişdir. Valideynlərinin arasında barışıq əldə olunmasına inanmır. O səhər yuxudan saat 9-10:00 da oyanır. Bir neçə dəfə anası paltarlarını yerə atmışdır. 2 ildir ki, anası onu danışdırmır. Paltarlarını tənbəllik etdiyinə görə kresloya atır. Ümumiyyətlə nadinc uşaq olmuşdur. Anası onlara yemək bişirməyən də “elə bilin əskərlikdəsiniz” deyirdi. Məhkəmədə şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, cavabdehin qardaşı arvadıdır. O, 11 ildirki, cavabdehin ailəsinin gəlinidir. Nübar Yusif dünyaya gəlməzdən əvvələ kimi ev işlərində məsuliyyətli idi. Uşaqların yeməklərini, məktəbə apardıqları yeməkləri hazırlayırdı, onların dərsləri və digər ev işləri ilə məşğul olurdu. İddiaçı həmin zamanlar daima işdə olurdu. Böyük övladları olan qızları 3 il üniversitetə qəbul ola bilməmişdir, 2017-ci il olardı ki, Lalə hazırlığa gedirdi, onu anası yəni Nübar hazırlığa aparıb-gətirirdi. Yusifi isə həmişə Nübar məktəbə aprıb-gətirmişdir. Mütamadi olaraq məktəbə getməklərin görməsə də, gördüyü zaman həmişə Nübarın ancaq Yusifi məktəbə apardığını görmüşdür. Verilən suallara cavab olaraq bildirmişdir ki, 2008-ci ildən 11 ildirki cavabdehin ailəsinin gəlinidir. Cavabdehlə evlərinin arası 10 dəqiqəlik məsafədə yerləşir. Nübarla Yusifi hər gün görməmişdir. 5 il öncəyə kimi Nübarla hər həftə görüşürdülər. 5 ildən bu günə kimi ayda 2 dəfə olarki görür, Nübarı atasının evinə gələn zaman görmüşdür. Qaynının uşağını məktəbə aparan zaman görmüşdür. Son 5 ildə Nübarı cəmi 1 dəfə məktəbdə görmüşdür. 1 il əvvələ kimi Nübar Yusifi məktəbə aparıb qoyurdu, sonra gəlirdi atası gilə, dərs vaxtı bitən zaman isə Yusifi məktəbdən götürmək üçün gedirdi, həmin zaman o, Nübarı görürdü. Nübarı 2019-cu ilin sentyabr ayından görməmişdir. Yusifi 2019-cu ilin sentyabr ayından bu günə kimi görməmiş, Rəvan isə 2 ay əvvəl görmüşdür, Yusifi yayda görmüş, yayda cavabdehin anası ilə gəlmişdilər. Yusif oyuncaqlarla oynayırdı. Ad günü Nübargilin evində olmuşdur. Nübar özü deyirdi ki, məktəbdən gəlir və dərs vaxtı bitən zaman gedirdi. Son 5 ildə Nübargilə getməmişdir. Son 5 ildə onlara gəlmişlər, həmin zaman qızı ilə gəlirdi, Yusiflə 3-4 dəfə gəlib, arada Rəvan da gəlirdi, Səbuhi isə gəlmirdi. Etibar bəyi uzun illərdir ki görməmişdir. Çox gözəl münasibətləri var idi, Yusif hətta anasına çox bağlı olmuşdur. Özü dava etdiklərini görməmiş, lakin söz mübahisələrinin olduğunu bilir, oğlu bir dəfə onlarda olanda dava etdiklrini görüb ona demişdir. Kiçik məsələlərdən söz-söhbətləri yaranırdı. Yusifin münasibəti anası ilə çox gözəl idi, Yusif anası ilə oynamırdı, ancaq onunla və oğlu ilə oyuncaqlarla oynayırdı. Sonradan Yusif anasının yanına getmək istədiyini demiş və oğlu ilə getmişdir. Ərinin hazırki iş üzrə iddiaçının nümayəndəsi olmasından məlumatı vardır. Televiziya sahəsində montaj və sair kimi işlərdə işləyir və dini sahədə mədrəsələrdə dərs deyir. Həftədə 3 dəfə olmaqla, 2-ci və 4-cü günlər saat 11:00-dan 13:00-a kimi, bazar günləri isə saat 13:00-dan 15:00-a kimi dərs saatları olur, dərsləri Xəzər rayonu, Binə- Atçılıq yeni yaşayış sahəsində və 28 May metrosunun yaxınlığında olur. Nübar xanımın ad günündə Nübargilə getmişlər, stəkan süfrəyə gec verildiyinə görə Etibar bəy Nübara “Sən necə insansan ki, vaxtında bir şeyi edə bilmirsən” demişdi. Etibara whatsappda yazmamış, telefonla danışmışlar, telefonda demişdir ki, Nübar xanımla X7 etmişlər, Nübarda 100 ABŞ dolları var idi və cırıq idi. Sonra skoç almışlar və həmin pulu yapışdırmışlar. Nübar ona demişdir ki, pulu Etibardan götürmüşdür. Sonra Etibar bəy ona zəng edərək demişdir ki, Nübar həmin pulu oğurlamışdır. Belə olan zaman o, demişdir ki, onlar ona layiq deyillər. Bu danışıqlarını da həyat yoldaşı Əminağaya göstərmişdir. Nübar ona pulu oğurlandığını deməmişdir. Nübar gödəkçə almamışdır. Pakistan vətəndaşı olan satıcıdan oğluna gödəkçə alırdılar, Nübarla o, satıcıya necə yaşaması və ailəsinin olub-olmaması ilə bağlı suallar vermişlər. Etibar tərəfindən ona qarşı hörmətsizlik edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X9 izahatında bildirmişdir ki, cavabdehin gəlinlərinin bacısıdır. Nübar xanımı laqeyd insan kimi tanımamış, bu günə kimi uşaqların məktəbdən götürməyə getmişdir. Aralarında məhkəmə mübahisələrindən sonra uşaqları məktəbdən Etibar götürürdü. Nübargilin evlərində də olmuşdur. Axırıncı dəfə Nübargildə 2 il bundan əvvəl olmuşdur. Nübarın laqeydliyini görməmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, uşaqları yolda məktəbə gedib-gələndə görmüşdür. Çox vaxt məktəbə özü gedirdi. Həfətədə ən azı 3 dəfə məktəbə gedirdi. Nübarı Yusifi məktəbdən götürməyə gedən zaman görmüşdür. Nübar xanımı yolda, məktəbdə və anasıgildə görmüşdür. Hər ikisinin evi onların evinə yaxındır. Nübar xanımı son 2 aydı anasıgildə görmüşdür. Nübarı 1 ay olmazki, anasıgildə 1-2 dəfə görmüşdür. Uşaqları yolda görən zaman salamlaşırlar. Məktəbə bacısı uşaqlarını aparırdı. Aralarında münasibət yaxşı olmuşdur. Bacısının yeni doğulmuş uşağı olduğuna görə o, məktəbə aparırdı. xx.xx.2020-ci ildə doğulmuşdur, bundan sonra o, uşaqları məktəbə aparmışdır. Etibarın uşaqlarına qışqırdığını görmüş, onları vurduğunu görməmişdir. Uşaqlar aralarında mübahisə edirdi, Etibar bəy ona görə qışqırmışdı. O, Zeynəb Hacıyevanın bacısıdır. xx.xx.2019-cu ildən uşaqları məktəbə aparmışdır. 1-2 dəfə yağışlı havada Etibarın uşaqları məktəbə apardığını görmüşdür. Yalnız mütamadi olaraq Nübar xanımı görmüşdür. Etibar bəy həmişə danışıb-gülmüşdür, deyib-gülən insan olmuşdur. Nübar Yusifin əlindən tutub məktəbə aparırdı. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadəsini dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, mülki iş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 2(003)- 798/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında xx xxxx 2003-cü il tarixdə Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon VVADQ şöbəsində bağlanmış 215 №-li akt qeydli nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2001-ci il təvəllüdlü X5, xx.xx.2004-cü il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X3 anası Cavabdeh yanında qalmaları qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.1999-cu il təvəllüdlü X10, xx.xx.2001-ci il təvəllüdlü X5, xx.xx.2004-cü il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X11 doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyəti Başçısının Müavini tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 1618 saylı rəydən və Xəzər Rayon İcra Hakimiyyəti Başçısı Yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qərardan görünür ki, İddiaçı ilə Cavabdeh arasındakı birgə nikahdan dünyaya gəlmiş xx.xx.2001-ci il təvəllüdlü X5, xx.xx.2004-cü il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X3 öz şəxsi istəklərini nəzərə alaraq onların atalarının himayəsinə verilmələri hər üç azyaşlının gələcək mənafeləri üçün məqsədəuyğun hesab edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-psixoloji ekspertizası, insanın psixologiyasının və psixofiziologiyasının tədqiqi haqqında xx.xx.2020-ci il tarixli, 11/224 saylı rəydən görünür ki, X1 atası İddiaçı və anası Cavabdeh qarşı bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) müəyyən olunur. X4 həm atası İddiaçı, həm də anası Cavabdeh bağlılığı müşahidə olunmaqla, atası İddiaçı bağlılığı daha yüksəkdir. X2 psixi inkişafına, yaş və fərdi-psixi xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı öz fikir və mülahizələrini iradəsinə uyğun müstəqil şəkildə ifadə etmək qabiliyyətinə malikdir. X2 və X4 psixikası və davranışında fikir və mülahizələrini dəyişdirə biləcək səviyyədə psixi təsir əlamətləri müəyyən olunmur. X1 bacı və qardaşlarına qarşı hissi-emosional tələbatı və onlarla ünsiyyətdə olmağa meylliliyi yüksəkdir. X3 uzun müddət ərzində bacı və qardaşları ilə ünsiyyətdə olmaması onun idrak imkanlarına və emosional-iradi sferasına neqativ təsir göstərə bilər. İddiaçı və Cavabdeh fərdipsixi xüsusiyyətlərində azyaşlı uşaqların emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müşahidə olunmur. X11 ilə anası Cavabdeh arasında olan münasibətlərdə gərginlik müşahidə olunmur. X8 ilə anası Cavabdeh arasında soyuqluğun səbəbi ailədaxili qarşılıqlı münasibətlərdə yaranmış söz-söhbət və mübahisələr ilə şərtlənmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17.2 və 17.6-cı maddələrinə əsasən “Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.” Azərbaycan Respublikası Konstitusiyasının 34.4-cü maddəsinə əsasən “Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.” “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən “Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.” Həmin Qanunun 5-ci maddəsinə əsasən “Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.” Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Uşaq hüquqlarına dair BMT Konvensiyası”nın 3-cü maddəsinə görə, məhkəmələr uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli, 8-2/2016 saylı qərarında göstərilmişdir ki, “Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar.” Azərbaycan Respublikası Ailə Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. İddiaçı Cavabdeh ilə birgə nikahlarından olan xx.xx.2004-cü il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X3 onun himayəsinə verilməsini istəyir. Azərbaycan Respublikası Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanı azyaşlı uşaqların atalarının himayəsinə verilməsini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş azyaşlı xx.xx.2004-cü il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X11 hal-hazırda atalarının himayəsində olduğunu, onlarla atalarının maraqlandığını bildirmişlər. Azyaşlı xx.xx.2004-cü il təvəllüdlü X8 məhkəmə iclasında dindirilərkən qətiyyətli fikir bildirərək atasının himayəsində qalmaq istədiyini bildirmişdir. Azyaşlı xx.xx.2011-ci il təvəllüdlü X11 həm atası, həm də anası ilə qalmaq istədiyini, lakin bacı və qardaşlarından ayrı qalmaq istəmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi vermiş olduğu rəydə qeyd etmişdirki, X1 bacı və qardaşlarına qarşı hissi-emosional tələbatı və onlarla ünsiyyətdə olmağa meylliliyi yüksəkdir. X3 uzun müddət ərzində bacı və qardaşları ilə ünsiyyətdə olmaması onun idrak imkanlarına və emosional-iradi sferasına neqativ təsir göstərə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Məhkəmələrə tövsiyə edilsin ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur.” Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında nikah pozulmuş, nikah pozulduqdan sonra birgə nikahdan olan uşaqlar analarının himayəsinə verilmişdir. Birgə nikahdan olan xx.xx.2001-ci il təvəllüdlü X5 artıq yetkinlik yaşına çatmış və hazırda atası ilə birlikdə yaşayır. Azyaşlı xx.xx.2004cü il təvəllüdlü X8 anasının himayəsinə verilməsinə baxmayaraq hazırda atasının yanında qalır və özünün atasının himayəsinə verilməsini istəyir. Azyaşlı xx.xx.2011-ci il təvəllüdlü X11 həm atası həm anası ilə qalmaq istədiyini bildirsə də, bacı və qardaşlarından ayrı qalmaq istəmədiyini bildirmişdir. Belə olduğu zaman bu halın onun idrak imkanlarına və emosionaliradi sferasına neqativ təsir göstərə bilmə təhlükəsi vardır. Məhkəmə qeyd edir ki, xx.xx.2004-cü il təvəllüdlü X8 təkidlə atasının yanında qalmasını istədiyini bildirmişdir. Bu səbəbdən də məhkəmə Rəvan Quliyevin atasının himayəsinə verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, xx.xx.2011-ci il təvəllüdlü X11 həm atası həm anası ilə qalmaq istədiyini bildirmişdir. Lakin, tərəflərin birgə nikahdan olan digər uşaqları atasının himayəsində olduğundan, məhkəmə uşağın üstün maraqlarını nəzərə alaraq Yusif Quliyevin bacı və qardaşlarından ayrı qalmaması üçün onun atasının himayəsinə verilməsini məqsədəmüvafiq hesab edir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2004-cü il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X11 atalarının himayəsinə verilməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, tərəflərin birgə nikahlarından olan uşaqları xx.xx.2004-cü il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X11 ataları İddiaçı himayəsinə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş uşaqları xx.xx.2004-cü il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X11 ataları İddiaçı himayəsinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №2(003)-89/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-89/2020
23.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver