Məhkəmə qərarları › İş №2(003)-907/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-907/2022

30.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-907/2022 30.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh Cavabdeh qarşı aliment və əlavə xərclərə cəlb etmə tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 yanvar 2017ci il tarixdən hesablanmaqla 15 iyul 2013-cü il təvəllüdlü X6 və 16 iyun 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər uşağa görə 200 (iki yüz) manat, cəmi 400 (dörd yüz) manat və 15 iyul 2013-cü il təvəllüdlü X2 xəstəliyinin müalicəsinin aparılması ilə əlaqədar əlavə xərclərə görə 300 (üç yüz) manat, cəmi 700 (yeddi yüz) manat, Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 21 sentyabr 2012-ci ildə faktiki nikah münasibətinə daxil olaraq ailə qurmuşdur. Cavabdeh ilə bir yerdə yaşasaqda nikahlarını rəsmiləşdirməmişlər. Bu faktiki nikahdan 15 iyul 2013-cü il təvəllüdlü X6 və 16 iyun 2016-cı il təvəllüdlü X7 anadan olmuşdur. 16 iyun 2016-cı il təvəllüdlü oğlumuz X7 anadan olandan sonra 5 ay cavabdehlə birlikdə yaşadıqdan sonra onlar ayrılmışdırlar. 5 ildən artıq müddətdir ki, o cavabdehdən ayrılaraq atasının evində yaşayır. Cavabdeh son vaxtlar uşaqların səhəti və ehtiyacları ilə maraqlanmır. Adi telefon zəngi də etmir. Belə olduğu təqdirdə Cavabdeh onun xeyrinə uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər uşağa görə 200 (iki yüz) manat, cəmi 400 (dörd yüz) manat hər ay ödənilməli olan sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin 15 iyul 2013-cü il təvəllüdlü X6 2018-ci ildən talasemiya ağır formada diqanozu ilə müalicə olunur. Oğlunun müalicəsi ilə bağlı cavabdehə dəflərlərlə müracitə etsə də, cavabdeh köməklik göstərməmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə Cavabdeh iştiakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 21.02.2022-ci il tarixli iclasında iclasında cavabdeh iddia tələbini qismən etiraf edərək bildirmişdir ki, iddiaçı ilə faktiki nikah münasibətləri pozulmuşdur. O iddiaçıya dəfələrlə 100-300 manat civarında maddi yardım etmişdir. Əvəllər Daşkəsən rayonunda qızıl mədənində işləyridi və 347 manat əmək haqqı alırdı. Hazırda heç bir yerdə işləmir, həmçinin digər nikahdan iki uşağı var., özü də qan azlığı xəstəliyindən əziyyət çəkir və iddaçıya aliment ödəməyə maddi imkanı yoxdur. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03.08.2013-cü il tarixli AZ-İ 229664 nömrəli atalığın müəyyən edilməsi barədə şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 15.07.2013-cü il təvəllüdlü X3 atasıdır. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 16.07.2016-cı il tarixli AZ-İ 283076 nömrəli atalığın müəyyən edilməsi barədə şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 15.07.2013-cü il təvəllüdlü X4 atasıdır. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03.08.013-cü il tarixli AZ-İİİ 130646 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 15.07.2013-cü ildə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 16.06.2016-cı il tarixli AZ-İİİ 772845 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 16.06.2016-cı ildə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan 4478/18 nömrəli tibb kartasından görünür ki, X5 talasemiyanın ağır forması diqanozu qoyulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, uşaqlar üçün 193 manat müəyyən edilmişdir. Cavabdehdən uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən, məhkəmə qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, diqqətəlayiq olan digər halları, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, nəzərə alaraq hesab edir ki, 15 iyul 2013-cü il təvəllüdlü X6 və 16 iyun 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən İddiaçı xeyrinə hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə eyni zamanda iddia tələbinin “uşağın müalicəsi üçün əlavə olaraq 300 manat məbləğində alimentin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Buna görə də iddianın həmin hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsi”nə dair 27 yanvar 2015-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi göstərmişdir ki, yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Konstitusiya Məhkəməsi yuxarıda qeyd edilən qərarında bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla tutulmasını qeyd etmişdir. Məhkəmə qeyd edir ki, uşağın (15 iyul 2013-cü il təvəllüdlü X6) hazırki vəziyyətində müalicəyə ehtiyacının olması, yəni talasemiyanın ağır forması diqanozu qoyulması və xəstəlilə əlaqədar daim həkim nəzarətində olması tərəflər arasında mübahisələndirilmədiyindən cavabdeh bununla bağlı hər ay çəkilməli olan xərcə cəlb edilməlidir. Lakin uşağın müalicəsi ilə əlaqədar çəkilən xərcin məhz 300 manat olması barədə iddiaçı tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, o cümlədən cavabdehin hər ay məhz həmin məbləği verməsi üçün zəruri vəsaitə malik olması sübuta yetirilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdeh uşağın müalicəsi ilə əlaqədar hər ay çəkilməli olan xərcə cəlb edilməklə ondan iddiaçının xeyrinə hər ay ödənilməli olan sabit pul məbləğində 100 manat tutulmalıdır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti aliment tələbi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə 25.01.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi 25.01.2022-ci il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. İddiaçı iddia tələbindən alimentin 01 yanvar 2017-ci il tarixdən hesablanmaqla tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.3-cü maddəsinə Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Göründüyü kimi qanunvericilyin tələblərinə əsasən əvvəlki dövr üçün aliment təyin edilərkən, iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görmüş olmalı, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırmalıdır. Lakin hazırkı mülki iş üzrə iddiaçı tərəfindən əvvəlki dövr üçün aliment təyin edilməsi ilə bağlı müvafiq hərəkətlərin aparılması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda sübutetmə yüklülüyü iddiaçının üzrəinə düşür, lakin iddiaçı tərəfindən əvvəlki dövr üçün aliment təyin edilməsi ilə bağlı müvafiq hərəkətlərin aparılması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 15 iyul 2013-cü il təvəllüdlü X6 və 16 iyun 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 25.01.2022-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 150 manat sabit pul məbləğində aliment tutulmalı, 25.01.2022-ci il tarixdən başlayaraq Cavabdeh əlavə xərclərə cəlb edilərək ondan 15 iyul 2013-cü il təvəllüdlü X2 müalicəsi üçün hər ay 100 manat tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Hazırki iddia üzrə bir il ərzində olan aliment ödənişinin məcmusu 400x12=4800 manat təşkil etdiyinindən, ödənilməli olan dövlət rüsumu məbləği 68 manat təşkil edir. Odur ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyi üçün cavabdehdən 68 manat məbləğində dövlət rüsumu tutulmaqla Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddia qismən təmin edilsin. 15 iyul 2013-cü il təvəllüdlü X6 və 16 iyun 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 25.01.2022-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay, hər uşağa görə 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. 25.01.2022-ci il tarixdən başlayaraq Cavabdeh əlavə xərclərə cəlb edilərək ondan 15 iyul 2013-cü il təvəllüdlü X2 müalicəsi üçün hər ay 100 (yüz) manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsiniə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar