Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-941/2021 01.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı alimentin miqdarının artırılması barədə qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər Rayon Məhkəməsinin 2(003)-1859/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarının azaldılaraq xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan 200 manat miqdarında tutulan alimentin 100 manatadək azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2005-ci il tarixində rəsmi nikaha daxil olmaqla ailə qurmuş və birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X2 doğulmuşdur. Xəzər Rayon Məhkəməsinin 2(003)- 1859/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqların atalarının yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan 200 manat miqdarında alimentin tutulması qət edilmişdir. O, hazırda heç bir yerdə işləmir, evdar xanımdır başqa gəlir mənbəyi yoxdur. Odur ki tutulan alimenti ödəməkdə çətinlik çəkir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xəzər Rayon Məhkəməsinin 2(003)-1859/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər hər uşağa görə 175 manat miqdarında alimentin tutulmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı ilə xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X2 doğulmuşdur. Xəzər Rayon Məhkəməsinin 2(003)-1859/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqların onun yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan 200 manat miqdarında alimentin tutulması qət edilmişdir. Hazırda alimentin azaldılması ilə məhkəməyə müraciət etmişdir. Qeyd etmişdir ki, evdar xanımdır və alimenti ödəyə bilmir. Lakin hazırda müəyyən olunmuş yaşayış minimumuna əsasən uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən olunmuşdur. Bunları nəzərə alıb alimentin miqdarının artırılması ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı ilk iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Qarşılıqlı iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ilk iddia tələbini etiraf etməyərək, izahatında bildirdi ki, özü uşaqları ilə birlikdə kirayədə qalır. Fəhlə işləyir və uşaqların ehtiyaclarını ödəyə bilmir. Odur ki, ilk iddia tələbinin təmin olunmamasını xahiş etdi. Qarşılıqlı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1859/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqların atalarının yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay hər uşağa görə 100 manat olmaqla hər ay 200 manat miqdarında alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Beləliklə, hazırki ilk iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (azaldılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız о halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşağın layiqli həyat şəraitini təmin etmək mümkün olsun. Məhkəmə hesab edir ki, iddiaçının müəyyən olunmuş alimentin miqdarının azaldılmasının səbəbi kimi təqdim etdiyi əsas işləməməsi və evdar qadın olması məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının maddi vəziyyətində əhəmiyyətli pisləşmənin olmasına dəlalət edən hal kimi qəbul edilə bilməz. Həmçinin, iddiaçının qazancının olmaması övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmçinin, o, əmək qabiliyyətlidir və öz bacarığına uyğun müvafiq fəaliyyətlə məşğul olmaq iqtidarındadır. Mübahisə ilə bağlı məhkəmə həmçinin aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. Hazırkı işdə müəyyən edilmişdir ki, uşaqların saxlanılması üçün cavabdehdən tutulan aliment miqdarı hər ay hər uşaq üçün 100 manatdır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etməklə yalnız minimum təminat səviyyəsini nəzərdə tutur. İddiaçının isə iddiasının təmin edilməsi halında isə hər uşaq üçün yaşayış minimumundan çox aşağı bir məbləğdə aliment müəyyən olunmasına gətirib çıxarar ki, bu da uşaqların təminat səviyəsinə pis təsir edə bilər. Halbuki, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu belə heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Qeyd edilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, əvvəlki qətnamə ilə müəyyən edilmiş aliment məbləği göstərilən halların məcmusu baxımından da ədalətli və ağlabatandır. Göstərilən bütün halları məcmusu baxımından məhkəmə belə qənaətə gəlir ki, iddiaçının ilk iddia tələbi təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə eyni norma prinsiplərini (Ailə Məcəlləsinin 112.1-ci maddəsi) əsas gətirməklə qeyd edir ki, tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırki halda isə əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək ilk iddia üzrə iddiaçının maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, aliment ödəməli olan şəxsin, yəni ilk iddia üzrə iddiaçının diqqətəlayiq maraqları baxımından aliment məbləğinin artırılması qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlan araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqadarının azaldılması barədə ilk iddia tələbi təmin edilməsin. Cavabdeh İddiaçı qarşı alimentin miqdarının artırılması barədə qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-941/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-941/2021
01.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver