Məhkəmə qərarları › İş №2(003)-98/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-98/2023

12.07.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-98/2023 12.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ödənilməmiş əmək haqqına görə 5040 (beş min qırx) manat, əmək haqqının gecikdirilməsinə görə 6080 (altı min səksən) manat, onun tərəfindən istifadə edilməmiş əmək məzuniyyətinə görə 420 (dörd yüz iyirmi) manat və ona vurulmuş mənəvi ziyana görə 5000 (beş min) manat, cəmi 16540 (on altı min beş yüz qırx) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixinədək, xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək əmək müqaviləsi əsasında Cavabdeh MMC-də sürücü vəzifəsində işləmişdir. O, əmək müqaviləsi üzrə vəzifələrini tam və vaxtında icra etmişdir. Əmək müqaviləsinə əsasən onun əmək haqqı 210 (iki yüz on) manat olmuşdur. Lakin Cavabdeh MMC-də işlədiyi 2 il, 1 ay, 7 gün müddət üçün ona cəmi 2 ayın əmək haqqı verilmişdir. Cavabdeh tərəfindən qalan 23 ay 7 günün maaşı ona verilməmişdir. Nəzərə alınmalıdır ki, o, avtobus sürücüsü kimi gündəlik planı yerinə yetirmiş və plan üzrə toplanmış pul vəsaitlərini də cavabdehə ödəmişdir. Hər dəfə o, əmək müqaviləsi üzrə maaşının ödənilməsini cavabdehdən tələb etdikdə cavabdeh müxtəlif bəhanələrlə maaşın verilməsini yubatmışdır. xx.xx.2021-ci il tarixdə cavabdehlə onun arasında əmək müqaviləsinə xitam verilsə də, hal hazıradək cavabdeh tərəfindən onun 23 ay 7 gün üçün vəzifə maaşı ödənilməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən ona 5040 (beş min qırx) manat məbləğində əmək haqqı ödənilməmişdir. Odur ki, əmək haqqı ilə yanaşı Azərbaycan Respublikası Əmək Məlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının gecikdirilməsinə görə hər gün üçün bir faiz məbləğ hesablanmaqla cəmi 6080 (altı min səksən) manat məbləğində pul və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən iddiaçının işlədiyi 2 il, 1 ay, 7 gün üçün istifadə edilməmiş əmək məzuniyyətinin əvəzinə 420 (dörd düz iyirmi) manat pul cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən əsassız olaraq uzun müddətdir ki, onun əmək haqqı ödənilmədiyi üçün o, ailəsinin maddi tələbatlarını ödəyə bilmir. Nəticədə ailəsinin minimal maddi tələbatlarının təmin edilməsi mümkün olmadığı üçün o, uzun müddətdir ki, psixoloji və mənəvi sarsıntı keçirmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən ona ödənilməmiş əmək haqqına görə 7560 manat, əmək haqqının gecikdirilmsinə görə 6080 manat, onun tərəfindən istifadə edilməmiş əmək məzuniyyətinə görə 420 manat və ona vurulmuş mənəvi ziyana görə 5000 manat, cəmi 19060 manat pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək Cavabdeh MMC-dən İddiaçı ödənilməmiş əmək haqqına görə 7560 manat, əmək haqqının gecikdirilməsinə görə 6080 manat, iddiaçı tərəfindən istifadə edilməmiş əmək məzuniyyətinə görə 420 manat və iddiaçıya vurulmuş mənəvi ziyana görə 5000 manat, cəmi 19060 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı Cavabdeh MMC-də sürücü işləmişdir. Cavabdeh MMCdə çalışan sürücülərin əmək haqqı gündəlik gəlir ilə hesablanır. Gündəlik plan ödənildikdən sonra sürücülərin gündəlik qazancı ən azı 30-40 manat məbləğində olmuşdur və bu məbləğ ay üzrə ən azı 500 manat təşkil etmişdir. Məhkəmədən iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmiş və bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirdi ki, o da Cavabdeh MMCdə sürücü işləyir və onların əmək haqqı gündəlik gəlir ilə hesablanır. Gündəlik plan ödənildikdən sonra onların gündəlik qazancı ən azı 30-40 manat məbləğində olmuşdur və bu məbləğ ay üzrə ən azı 500 manat təşkil etmişdir. O, İddiaçı ilə bir yerdə işləmişdir və axşam haqq-hesab etdikdən sonra İddiaçı gündəlik ən azı 30-40 manat qazanc götürdüyünün şahidi olmuşdur. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak emtəmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək müqaviləsi əsasında Cavabdeh MMC-də sürücü vəzifəsində işləmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin yol vərəqəsinin surətindən görünür ki, İddiaçı 172 nömrəli avtobusun sürücüsü olmuş və o, qeyd edilən marşrut üzrə müxtəlif vaxtlarda “Daewoo” markalı avtobusu idarə etmişdir. İş materiallarında olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsi üzrə sürücü vəzifəsində işləmiş və onun aylıq əmək haqqı 210 manat təşkil etmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 29 iyul 2022-ci il tarixli, **********3 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı 2018-2021-ci il tarixlərdə cəmi 3339,48 manat məbləğində gəliri olmuşdur. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş haqq-hesab cədvəlinin surətindən görünür ki, İddiaçı iyul 2020-ci il tarixdən oktyabr 2021-ci il tarixədək cəmi 1812,85 manat ödənişləri olmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əlyazmanın surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-də əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş və bildirmişdir ki, onun quruma qarşı əmək haqqı ilə bağlı alacağı yoxdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı 172 nömrəli avtobusun sürücüsü kimi işə götürülmüş və aylıq əmək haqqısı 300 manat təşkil etmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 902 saylı əmrin surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bəndinə əsasən xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan cavabdehin nümayəndəsi X1 iddia müddətinin tətbiq edilməsi barədə ərizəsindən görünür ki, məhkəmədən iddia müddəti keçdiyinə görə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, heç kəs ona bir aydan artıq müddətdə pul verilmədiyi halda, işə getməz. İddiaçı şirkətdən pul almadığı və hüququnun pozulduğu halda, işə gəlmiş və bu barədə məhkəməyə şikayət etməmişdir. İddiaçı yalnız işdən çıxdıqdan sonra iddia qaldırmışdır. Bu iddiaçının iddiasının əsassız olduğunu göstərir. Məhkəmədən onlar tərəfindən təqdim edilmiş, İddiaçı imzası ilə təsdiq etdiyi Cavabdeh MMC-dən hər hansı pul məbləği alacağının olmaması barədə ərizənin nəzərə alınması xahiş edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək Cavabdeh MMC-də sürücü vəzifəsində işləmişdir. Əmək müqaviləsinə xitam verildikdən müəyyən müddət keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə “pul və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin mübahisəsiz halı ondan ibarət olmuşdur ki, sürücü işləyərək gündəlik gəlir əldə edərək həmin gəlirdən gündəlik plan məbləğini ödəmiş, qalıq pul məbləğ isə ona maaş kimi verilmişdir. Plan ödənildikdən sonra iddiaçıya maaş kimi verilmiş pul məbləğ ay üzrə təxminən 500 manat təşkil etmişdir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş ərizədən də görünür ki, iddiaçı əmək müqaviləsinə xitam verilərkən Cavabdeh MMC-dən əmək haqqı ilə bağlı alacağının olmamasını bildirmiş və bunu öz imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edilənlərə məcmu halında qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və iddiaçının özünün imzası ilə təsdiq edilmiş ərizəsindən bəlli olur ki, iddiaçının Cavabdeh MMC-dən əmək haqqı alacağı yoxdur. Həmin ərizəni iddiaçı işdən çıxarkən yazaraq imzalamış və Cavabdeh MMC-yə təqdim etmişdir. Həmin ərizənin təzyiq və ya təhdid altında yazılmasına dair iddiaçı tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə iddiaçı işlədiyi dövrdə, yəni həmin ərizəni verənədək “əmək haqqının verilməməsindən” məhkəməyə və ya digər yerə şikayət etməmiş və işini işdən çıxanadək davam etdirmişdir. Məhkəmə iddiaçının illər boyu bir yerdə işləyərək bunun müqabilində maaş (əmək haqqı) almamasını və bundan şikayət etməməsini ağlabatan saymır. Belə ki, heç kəs 1 aydan artıq (hazırki işdə isə illər boyu) maaş almadan, bundan narahatlıq keçirmədən, heç yerə şikayət etmədən eyni yerdə işləməz. Hazırki işdən isə belə müəyyən olunur ki, iddiaçı illər boyu maaş almadan eyni bir işə gedib-gəlmişdir və bundan heç yerə şikayət etməmişdir. Ona görə də məhkəmə iddiaçının iddiasını ağlabatan saymayaraq əsassız hesab edir. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2ci bəndinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia müddəti fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən başlandığından İddiaçı hüququnun pozulduğunu bildiyi vaxtdan 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olmuşdur. Lakin o, məhkəməyə müraciət etməmişdir və əmək fəaliyyətini davam etdirmişdir. İddiaçı yalnız əmək fəaliyyətinə xitam verildikdən xeyli müddət sonra əmək haqqının ona ödənilməməsi ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia müddətinin keçməsi ilə əlaqədar iddianın təmin edilməsini məqsədəuyğun hesab etmir. Belə ki, iddiaçı əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən ona ödənilməyən pul məbləğinin olmamasını yazılı ərizəsi ilə təsdiq etmişdir. Həmçinin, iddiaçı hüqununun pozulmasını əmək fəaliyyətini davam etdirdiyi müddətdə, eyni zamanda əmək müqaviləsinə xitam verildiyi vaxt, yəni xx.xx.2021-ci il tarixdə, həmçinin həmin müddətdən sonra bildiyi halda, mövcud iddia ərizəsi ilə məhkəməyə müəyyən müddət keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, iddia müddəti fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən başlandığından İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir. Mübahisə tərəfi olan Cavabdeh MMC-nin nümayəndəsi isə iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan Cavabdeh MMC-nin nümayəndəsi isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən iş üzrə iddia müddəti tətbiq edilərək mövcud iddia tələbi təmin edilməməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının hüququnun pozulduğunu bildiyi vaxtdan 1 ay ərzində məhkəməyə müraciət etməmiş, yalnız əmək müqaviləsinə xitam verildikdən müəyyən müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə iddiaçının iddia tələbini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, mövcud tələblər üzrə iddia əsassız olduğundan və iddia müddəti ötürüldüyündən iddia təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan İddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan və iş üzrə iddia müddəti buraxıldığından iddia rədd edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar