Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1028/2023 27.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “X7 Life” MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X7 Life” MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə sertifikat müqabilində ödədiyi 500 manatın, işə qəbul edilmədiyi üçün əldən çıxmış 300 manat məbləğin, 200 manat mənəvi zərərin və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı 2022-ci ilin iyulun ayının 29-da "X7" MMC-yə ingilis dili müəllimi vakansiyasına müraciət etmiş, bir neçə mərhələdən sonra işə qəbul olunacağını bildirmişlər: yazılı imtahan, şifahi imtahan, demo dərs, intervyu və bir aylıq ödənişli təlim. O, 29 avqust 2022-ci ildə imzaladıqları müqaviləylə "İnlingua" kursunda təlimdə olmuş və təlim 30 oktyabrda bitmişdir. Bu təlim və sertifikat üçün ondan 500 manat tələb olunmuş və ödəmişdir. Müqavilədə qeyd olunmuşdur ki, təlimi uğurla bitirən və imtahandan uğurla keçən namizədlər "X7" MMC-də ingilis dili müəllimi vəzifəsində işə başlayır. Mərkəzin direktoru X2 iddiaçıya şifahi şəkildə bildirmişdir ki, təlimdən sonra baş ofisdən rəsmi sertifikat veriləcək, işlə təmin olunacaq və bu sertifikatla başqa ölkələrdəki inlingua mərkəzlərində işləmək imkanı olacaq, həm də 1 il işləyəndən sonra əlavə təlim götürüb baş müəllim olmaq olar. 21 oktyabrda ona onlayn sertifikat verilmişdir. Amma bu iddiaçıya deyilmiş əvvəlki sertifikatdan fərqli olmuş, ona deyilən sertifikat rəsmi şəkildə İsveçrədəki baş ofisdən göndərilir, ona görə də təlimdən bir müddət sonra gəlir. Onlayn sertifikat 24 saatlıq kiçik bir proqramı bitirməyi göstərən sənəddir, özündə bütün təlim prosesini əks etdirmir, amma 2 aylıq təlimin sonunda İsveçrədə yerləşən baş mərkəzdən gələn sertifikatda isə iddiaçının İnlingua tədris metodunu tamamilə mənimsədiyi və 2 aylıq uzun müddətli təlim prosesini yekunlaşdırdığı qeyd olunmalıdır. Onu da qeyd edir ki, əvvəlcə ona təlimin bir ay davam edəcəyini və artıq oktyabrda işə başlayacağını bildirmişlər. Amma təlim müddətində “X7" MMC-nin rəhbəri Pərvin Əsədova onların azyaşlılara tədris keçəcəklərini bildirərək onların təlim müddətini bir ay uzatmışdır. İddiaçı təlimi bitirdikdən sonra noyabrın 1-i əmək müqaviləsi ilə işə başlamalı olmuş, iddiaçı işə başlamağı qəbul etmiş X9ya bildirmişdir ki, dekabrın sonunda ailə qurmağı planlayır. Bunun üçün də dekabrda 10 günlük icazə müddətii istifadə edəcəkdir. X9 qruplar yığıldıqdan sonra bunun mümkün olmayacağını, ona iki ay ərzində şəxsi işlərini həll edib, yanvarın əvvəli işə başlamağı təklif etmiş, ondan ən geci 1 dekabr tarixində yazılı cavab verməyi tələb etmişdir. 25 noyabr 2022-ci ildə İsveçrədən göndəriləcək rəsmi sertifikatı tələb etmək barədə İnlingua meneceri Pərvin xanıma sorğu məzmunlu maili göndərdikdən bir müddət sonra, təlim boyunca hazırladığı bütün dərs materiallarının olduğu mail hesabının kodu kurs tərəfindən dəyişdirilmişdir. Həmin mail hesabında onun onlayn təlimlə bağlı sertifikatı və demo dərsi ilə bağlı baş ofisdən göndərilmiş rəy olmuşdur. 29 noyabr 2022-ci ildə isə o sertifikatla bağlı yenidən X3, "xxxx" MMC-nin menecerinə Whatsapp üzərindən mesaj yazmış, cavab mesajında Lalə Əsədova "sizə sertifikat verilməsi üçün siz bu şirkətdə işə başlamalı və işləməyinizin 1 ili tamam olmalıdır" bildirmişdir. İddiaçı isə bu barədə ona əvvəlcədən xəbər verilmədiyini dedikdə, nömrəsini əngəlləmişlər. Və daha sonra başqa bir nömrədən yazaraq onu niyə əngəllədiklərini soruşduqda, onu əsassız şəkildə işə başlamamaqla şərtləri pozduğunu iddia edərək günahlandırb izahat yazmağını tələb etmişlər. Halbuki iddiaçı onlara işə başlayıb-başlamamağı ilə bağlı qarşılıqlı razılığa əsasən 1 dekabr 2022-ci il tarixində məlumat verəcəyini demişdir. 1 dekabr 2022-ci ildə tarixində MMC-nin direktoru Pərvin Əsədovaya məktub yazaraq yanvarın 5-i 2023-cü ildən yarım-ştat (09:00-15:00 və ya 12:00-18:00 növbələrindən birində) işə başlayamağa hazır və razı olduğu barədə məlumat vermişdir. İddiaçı 6 dekabr 2022-ci il tarixində İnlingua mərkəzinin İsveçrədə yerləşən baş ofisin virtual classroom koordinatoru X6-a bu vəziyyət barədə elektron poçt vasitəsilə məlumat vermişdir. X5 yerləşən Mərkəzin ancaq İsveçrədə yerləşən heyətinin keçdiyi təlimlər üçün sertifikat təqdim etdiyini, digər regional mərkəzlərin təlimlər üçün sertifikat təqdim etmədiyini bildirmişdir. 13 dekabrda isə Pərvin Əsədova onu işlə təmin edə bilməyəcəyini bildirmişdir. “Lakin siz öz şəxsi səbələrinizə görə işə başlamaqdan imtina etmisiniz. Bundan əlavə xahiş etmisiniz ki, sizi 5 yanvar tarixinsə işə götürək. Bu səbəblə sizin üçün açılan qruplardakı tələbələrin ödənişləri geri qaytarılıb. Təəssüf ki, sizin üçün yığdığımız qruplardaki tələbələr yanvar ayında kursa yazılmaqdan imtina ediblər" - deyə o bildirmişdir. İsveçrədəki baş ofisdən gələcək sertifikatla bağlı baş ofisə müraciət etdiyini bildirmişdir. Mülki Məcəllənin 425-ci maddəsinə əsasən şəxs öz vəzifələrini icra edərkən vicanla hərəkət etməli, işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Lakin "X8" MMC daha sonra vicdanla hərəkət etməmiş, 29 noyabr 2022-ci il tarixində iddiaçının sertifikatla bağlı tələbinə cavab olaraq bir il işlədikdən sonra sertifikat veriləcəyini bildirmiş, halbuki ona heç zaman bu şərt deyilməmişdir, təlim zamanı ona sertifikatın təlimdən bir müddət sonra gəldiyini və bu gec gəlmənin səbəbini də İsveçrədən gəlmə ilə əlaqədar olduğunu bidirmişlər. 13 dekabr 2022-ci il tarixindəki cavab məktubunda iddiaçıya sertifikatla bağlı müraciət etdiklərini bildirmişlər, bu cavabda sertifikatın nə vaxt veriləcəyi ilə bağlı dəqiq cavab olmadığı kimi, verilib-verilmədiyi ilə bağlı da dəqiq cavab verilməmişdir. Mike Goodwine ilə 6 dekabr 2022-ci il tarixində yazışmaları da onda sertifikat veriləcəyi ilə bağlı şübhələr yaratmişdir. Halbuki, ona təlim zamanı dəqiq sertifikatla təmin olunacağı deyilmişdir. Eyni zamanda, MMC ilə iddiaçı arasın da əmək müqaviləsi də bağlanacaqdı. Əmək müqaviləsinin bağlanmamasının səbəbi də cavabdehin təqsirli davranışıdır. Belə ki, iddiaçı Əmək Məcəlləsinin 130-cu maddəsində qeyd edildiyi səbəb üzrə ailə səbəbləri üçün icazə istədikdə, cavabdeh ona qruplar yığıldıqdan sonra belə bir icazənin verilə bilməyəcəyini bildirmiş, ona yanvarın 5-i işə başlamağı təklif etmiş və son qərarını dekabrın 1-dən gec olmayaq bildirməklə razılaşmışlar və dekabrın 1-ə o cavabdehə işə başlamağa razı və hazır olmağı ilə bağlı məktub yazmışdır. Amma dekabrın 13-də cavab məktubunda cavabdeh qrup olmadığı üçün iddiaçını işə götürə bilməcəyini bildirmişdir. Halbuki, dekabrın 5-də İnligua Baku instagram səhifəsində ingilis dili müəllimliyi üzrə vakansiyası olduğunu bildirmişdir. Bu da onların vicdanlı hərəkət etmədiyini göstərir. Cavabdeh öhdəliklərini icra etmədiyi üçün iddiaçıya maddi ziyan da dəymişdir. MM-nin 21-ci maddəsinə əsasən ona vurulmuş zərəri tələb etmək hüququ var. Maddi zərərə hüququnu bərpa etmək üçün məhkəmə xərcləri, real zərər- sertifikat üçün ödədiyi məbləğ və əldən çıxmış fayda - aylıq maaşı aiddir. Belə ki, təlimdən sonra danışığımıza əsasən cavabdeh onun yanvarın əvvəli işə başlaya biləcəyini bildirmiş, beləliklə də iddiaçının yanvar ayından etibarən işləyəcəyini və aylıq qazancı barədə legitim gözləntisi yaranmış və digər bir iş axtarmamışdır. Təlim zamanı və sonra cavabdehlə olan danışıqlarında yanvar ayından etibarən işinin olacağı və mütəmadi gəlirinin olacağı ilə bağlı gözləntisi yaranmış, eyni zamanda sertifikatın da beynəlxalq əhəmiyyətli olub, onun gələcək karyerasında çox faydalı olacağı bildirilmişdir. Beləliklə, cavabdehin qəsdən etdiyi hərəkətsizlik iddiaçıda gələcək maddi sıxıntılarla bağlı narahatlıq və stressə səbəb olmuşdur. Belə ki, iddiaçının 25 noyabr 2022-ci il tarixli mesajları cavabsız qalmış, hətta onun iş elektron mailimə girişi bloklanmış, 29 noyabr 2022-ci il tarixdə menecerlə danışıqlarında iddiaçıya əvvəlcədən deyilməmiş 1 il işləmək şərt irəli sürülmüş, onu mesajlaşma applikasiyasında bloklamış və ancaq 13 dekabr 2022-ci il tarixində ona cavab vermişlər. Amma cavabda da İsveçrədəki Mərkəzə müraciət etdiklərini bildirmiş, sertifikatın dəqiq verilməsi ilə bağlı məlumat verilməmişdir. Bunlar hamısı iddiaçıda sertifikatla bağlı qeyri-müəyyənliyə və təşvişə səbəb olmuş, bunun üstünə cavabdeh iddiaçını üzərinə götürdüyü öhdəliyə zidd olaraq işə götürməyəcəyini də bildirmiş və 5 dekabrda həmin vakansiya üzrə elan vermişdir. Bu da onun keçirdiyi mənəvi təşvişi artırmışdır. İddiaçı ona dəymiş mənəvi zərəri 200 manat qiymətləndirir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, ona kursu bitirdikdən sonra iş təklif edilmiş, lakin o ailə qurmağa hazırlaşdığı üçün həmin vaxt işə başlaya bilməmişdir. Cavabdehlə aralarındakı şifahi razılaşmaya əsasən ona problemlərini həll etdikdən sonra işlə bağlı müraciət etməsi tövsiyyə olunmuş və həmin vaxt onu işlə, yəni qrupla təmin edəcəklərinə söz vermişdirlər. Daha sonra o, yanvar ayının 5-də işə başlayacağını bildirdikdə ona qrup olmadığı, iş üçün növbəti tədris ilində müraciət etməsi bildirilmişdir. Əlavə olaraq bildirmişdir ki, baş ofisdən tələb etdiyi sertifikat artıq gəlmişdir və ona təqdim edilmişdir. Məhkəmədən qətnamə çıxarılarkən bunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddia tələbində qeyd edilən sertifikat artıq iddiaçıya təqdim edilmişdir. Həmçinin qeyd etmişdir ki, iddiaçı treninqi bitirdiyi xx.xx.2022ci il tarixdən onların şirkətinə işə qəbul olunması üçün tanışlıq məqsədilə müqavilə verilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdən onu işə götürmək məqsədləri olmuşdur. Bu səbəbdən də iddiaçının noyabr ayında işə başlaya bilməsi üçün oktyabr ayında qruplar yığılmiş, tələbələr öncədən ödəniş etmiş, lakin İddiaçı öz şəxsi səbəblərinə görə bundan imtina etmişdir. Bildirmişdir ki, ailə qurmağa hazırlaşır və dekabrda toyu olan zaman bir müddət icazə almalı olacaq. Amma dəqiq tarixi bilmir. Belə olan halda rəhbərlik razı olmamış ona bildirilmişdir ki, kursa başladıqan sonra icazə verilməsi mümkün olmayacaqdır. Belə ki, qruplar təlimçilərin sayına uyğun olaraq yığılır və sonradan təlimçilərin biri olmadıqda onu başqası ilə əvəz etmək mümkün olmur. Daha sonra iddiaçı toyu olduqdan sonra bir neçə ay sonra işə başlamasını xahiş etmişdir. Dekabr ayında iddiaçı MMC-yə ərizə ünvanlayaraq 5 yanvar tarixdə işə başlamaq üçün müraciət etmişdir. Həmin vaxt iddiaçının müraciətini təmin etmək mümkün olmamışdır. Belə ki, iddiaçı ondan əvvəl işə başlamaqdan imtina etdiyindən onun üçün açılan qrupdakı tələbələrin ödənişləri geri qaytarılmışdır. Çünki həmin vaxt o işə qəbuldan imtina etdiyindən yığılmış qrupa dərs keçmək üçün başqa tədrisçi olmamışdır. Həmin tələbələr yanvar ayında qrupa yazılmaqdan imtina etmişlər. Belə olduğu halda iddiaçıya tədris ilinin ortasında tədris ilinin əvvəlindən fərqli olaraq yeni qruplar açmağın çətin olduğu əsas göstərilərək iş üçün növbəti tədris ilinin əvvəlində müraciət etməsi tövsiyə edilmişdir. Ümumiyyətlə, tədris qruplarının yaradılması cavabdehin istəyindən və təşəbbüsündən aslı deyildir. Qrupların formalaşması üçün tələblər tərəfindən müraciətlər olmalıdır ki, yeni qruplar açılsın və tədrisçiyə də ehtiyac duyulsun. Bundan başqa onu da qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi və kurs keçərək kursun nəticələrinə dair almalı olduğu sertifikat iddiaçıya artıq təqdim edilmişdir. Sertifakatın gec təqdim olunmasına səbəb isə həmin sertifikatın İsveçrədə yerləşən Goodwine Mike-a şirkətindən gəlməsi və bunun da, ən azı 06 ay zaman müddətində icra olunması olmuşdur. Bu barədə iddiaçının məlumatı olmuş, tərəfindən keçəcəyi kursun dəyəri ödənildikdən sonra kursu başa vurmuş və ona ilkin kursun nəticələrinə dair ilkin sertifikat verilmiş, iddiaçı da bunu öz izahatında təsdiq etmişdir. Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, işin halları ilə müəyyən edilmişdir ki, İddiaçı və cavabdeh X7 Life MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 0626№-li Treninq müqaviləsinə əsasən İddiaçı X7 Life MMC tərəfindən keçirilən “İnlingua metodikasının əsasları” və “İngilis dilinin xarici dil kimi tədris olunma metodu” treninqində iştirak etmək üçün müraciət etmişdir. Treninqin şərtlərinə görə treninq bitdikdən sonra təşkil olunan imtahanı uğurla keçən müəllim X7 Life MMC-də ingilis dili müəllimi vəzifəsinə qəbul olunur. Treninq ödənişi 500 AZN təşkil etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən 500 manat English Life MMC-nin hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli elektron məktubdan, xx.xx.2022-ci il tarixli sms yazışmalardan, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı sertifikatın verilməsi üçün English Life MMC-yə müraciət etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli elektron məktubdan görünür ki, İddiaçı English Life MMC-yə müraciət edərək yanvarın 5-dən işə başlaya biləcəyini qeyd etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli yazışmadan görünür ki, İddiaçı bildirilmişdir ki, baş ofis tərəfindən sertifkat 1 il işlədikdən sonra verilə bilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı treninqi bitirdiyi xx.xx.2022-ci il tarixdən onların şirkətinə işə qəbul olunması üçün tanışlıq məqsədilə müqavilə verildiyi, xx.xx.2022-ci il tarixdən onu işə götürmək məqsədlərinin olduğu, bu səbəbdən də onun noyabr ayında işləmək üçün oktyabr ayında qruplar yığıldığı, tələbələrin ödəniş etdiyi, lakin İddiaçı öz şəxsi səbəblərinə görə bundan imtina etdiyi, 5 yanvar tarixdə işə başlamaq barədə müraciət etdiyi, bu səbəblə də onun üçün açılan qruplardakı tələbələrin ödənişlərinin geri qaytarıldığı, həmin tələbələrin yanvar ayında qrupa yazılmaqdan imtina etdikləri, tədris ilinin əvvəlindən fərqli olaraq yeni qruplar açmağın çətin olduğu və iş üçün növbəti tədris ilinin əvvəlində müraciət edə biləcəyi qeyd edilmiş, həmçinin xx.xx.2022-ci il tarixli məktubuna cavab olaraq baş ofisdən onun adına olan sertifikatın verilməsi üçün müraciət edildiyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı ilə əlaqə saxlanıldığı zaman o tələbinin təmin edildiyini bildirmişdir. Azərbaycan Respublikası Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən və Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmiş, cavabdeh tərəfindən onun hüquqlarını pozulmasına dair irəli sürdüyü dəlilləri isə mülahizə xarakterli olmaqla əsassız olmuşdur. Belə ki, məhkəmə iddia tələbinin iddiaçının cavabdehə sertifikat müqabilində ödədiyi 500 manatın cavabdehdən alınıb iddiaçıya ödənilməsi ilə bağlı hissəsini iddiaçının məhkəmə iclasında sözügedən sertifikatı əldə etməsi ilə bağlı izahatını nəzərə alaraq iddia tələbinin həmin hissədə rədd edilməsi qərarına gəlir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı tərəflər arasında bağlanmış müqaviləyə əsaslanaraq onun müqavilədə nəzərdə tutulduğu halda işlə təmin olunmadığını, iddiaçının yanvar ayından etibarən işləyəcəyini və aylıq qazancı barədə legitim gözləntisi yarandığını və digər bir iş axtarmadığını əsas gətirərək ona nəticədə 300 manat məbləğində maddi ziyan (əldən çıxmış fayda), həmçinin keçirdiyi stres nəticəsində mənəvi zərər vurulduğunu qeyd etsə də, iş materialları ilə iddiaçının kursu bitirdikdən sonra ona noyabr ayından işə başlaması barədə müqavilə göndərildiyi, işə başlamasının təklif edildiyi, iddiaçının ailə məsələləri ilə bağlı olaraq həmin vaxt işə başlaya bilmədiyini bildirməsi müəyyən edilmiş, həmçinin iddiaçı, eləcə də cavabdeh məhkəmə iclasında verdiyi izahatlarında həmin halı mübahisələndirməmiş, eyni məzmunlu izahat vermişlər. Məhkəmə qeyd edir ki, cavadeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş və kursu bitirdikdən sonra iddiaçını işlə təmin etmək barədə cəhdlər etmiş, ona nümunə üçün müqavilə göndərmiş, tədris etməsi üçün qrup təşkil etmişdir. Lakin iddiaçı öz şəxsi səbəblərinə görə işə başlamaqdan imtina etmişdir. İş materialları ilə cavabdehin növbəti aylarda iddiaçını işlə təmin etmək öhdəliyinin olması müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 300 manat maddi zərərin (əldə çıxmış faydanın) tutulması barədə iddia tələbi rədd edilməlidir. Həmçinin məhkəmə iddia tələbinin digər 2 hissədə- 500 manat sertifikata görə ödənilmiş məbləğin, 300 manat maddi zərərin (əldən çıxmış faydanın) rədd edildiyini nəzərə alaraq 200 manat mənəvi zərərin tutularaq iddiaçıya ödənilməsi hissəsini müzakirə etməyi məqsədə müvafiq hesab etmir. Məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi, nəticədə iddiaçıya maddi və mənəvi zərər vurulması halı müəyyən edilmədiyindən, iddiaçı tərəfindən həmin halları təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi əsassız hesab edilərək rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “X7 Life” MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 32 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-1028/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1028/2023
27.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver