Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1061/2022 06.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə aralarında 2013-cü ilin oktyabr ayından 2021-ci ilin aprel ayının əvvəllərinədək qeydiyyat orqanlarında nikahlarını qeyd etdirmədən ümumi təsərrüfat aparmaqla və birgə yaşamaqla ailə həyatı sürmüşlər. 30 iyun 2016-cı ildə onların oğlu X4 anadan olmuşdur. Uşağın atası Cavabdehdur. Həmin fakt 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş atalığın müəyyən edilməsi haqqında 308592 nömrəli şəhadətnamə və 806072 nömrəli doğum haqqında şəhadətnamə ilə təsdiq olunur. Lakin Cavabdeh bu müddət ərzində uşağın saxlanılması üçün ona zəruri maddi yardım göstərmir. Hazırda onlar ayrı-ayrılıqda yaşayırlar. Yetkinlik yaşına çatmayan uşağı isə onun himayəsindədir. Uşağı saxlamaq onun üçün maddi cəhətdən çətindir. Göstərilənlərə əsasən Cavabdeh oğlandan xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2016-cı il təvəllüdlü oğlu X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment və mediasiya xərci kimi ödədiyim 50 (əlli) manat pulun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İşə məhkəmədə baxılan zaman iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, cavabdeh ilə 9 il birlikdə faktiki nikahda yaşamışdır. 2016-cı il tarixdə onların faktiki nikah münasibətlərində Xaliq adlı övladları olmuşdur. Sonradan aralarında mübahisələr yaranmağa başlamışdır. Cavabdeh əvvələr uşağa baxsa da, sonradan isə bu öhdəliyini də yerinə yetirməmişdir. Cavabdehin maddi imkanı yaxşıdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə (həmçinin məhkəmə elektron SMS vasitəsilə) qeydiyyatda olduğu ünvan üzrə və eləcə də qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi vasitəsi ilə bildiriş göndərilmiş, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və eyni zamanda vəkili iddia tələbinə etiraz edərək, iddiaçıdan dünyaya gəlmiş uşağın atasının cavabdeh olmasında onlarda şübhə olduğunu bildirmiş və iş üzrə müvafiq ekspertizanın keçirilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh faktiki nikah münasibətlərində olmuş, tərəflərin faktiki münasibətlərindən xx.xx.2016-cı il təvəllüdlü X4 adlı uşaqları olmuşdur. 3 saylı Bakı ASAN Xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il təvəllüdlü X3 doğum haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. Cavabdeh faktiki münasibətdən doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X2 onun övladı olmasını mübahisələndirdiyi üçün, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1061/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-tibbi-genetik ekspertizası təyin edilmiş, Məhkəmə-Tibbi Ekspertiza və X1 xx.xx.2022-ci il tarixli, 364/2022-MTBŞ saylı rəyi ilə Cavabdeh ekspertizaya təqdim olunmuş X4 adlı uşağın bioloji atası olması faktı təsdiq olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 175 manat, 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilsə də, cavabdehdən uşağın saxlanılması üçün iddiaçının xeyrinə irəli sürülmüş tələb həcmində, yəni hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə tərəflərin maddi vəziyyətini və uşağın mənafeyini nəzərə alaraq, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi (Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin MTT(004)-89/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə tutulmuş və ödənilmiş alimentin məbləği nəzərə alınmaqla) xx.xx.2022-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulma müddəti, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin MTT(004)- 89/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə tutulmuş və ödənilmiş alimentin məbləği nəzərə alınmaqla xx.xx.2022-ci il tarixdən müəyyən edilsin. Qətnamə dərhal icra olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-1061/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1061/2022
06.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver