Məhkəmə qərarları › İş №2(004)-1071/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1071/2025

22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1071/2025 22.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi, 55.000 manat pulun və ödənilmiş 255 manat dövlət rüsumunun tutulması” tələbinə dair mülki işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi, 55.000 manat pulun və ödənilmiş 255 manat dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Bilgən-Nardaran-Kürdəxanı şossesi, 14-cü km , sol tərəf sahə 38 ünvanında 2 mərtəbəli fərdi yaşayış evinin tikintisi ilə bağlı müqavilə münasibətləri yaranmış və müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 55.000 manat pul ödənilmişdir. Lakin, cavabdeh fərdi yaşayış evi üzrə bir neçə tikinti hərəkətləri aparmış, evin bünövrəsini hazırlamış və 1-ci mərtəbənin divarlarını mişar daşı ilə hörmüşdür. Lakin, digər tikinti hərəkətləri həyata keçirilməmiş, fərdi yaşayış evi tikilməmişdir. Nəticədə, cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilməmişdir. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. Tərəflər tərəf məhkəmə iclaslarında iştirak etməmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli podrat müqaviləsiyə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Bilgən-Nardaran-Kürdəxanı şossesi, 14-cü km , sol tərəf sahə 38 ünvanında 2 mərtəbəli fərdi yaşayış evinin tikintisi ilə bağlı müqavilə tərəfləri sifarişçi İddiaçı və podratçı Cavabdeh MMC-dir. Müqavilə Cavabdeh MMC-nin direktoru X3 tərəfindən imzalanmışdır. Həmin müqavilənin 4.1.1-ci bəndinə əsasən, işlərin təhvil verilməsi 180 gün ərzində həyata keçirilir. Həmin müqavilənin 1 nömrəli Əlavə Razılaşmasına əsasən müqavilə müddət 30 ay, görülən işlərin dəyəri 114548 manat, avans məbləği 35000 manat, 30 ay ərzində aylıq kredit məbləği 2700 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müqaviləyə (iltizam) əsasən müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Bilgən-Nardaran-Kürdəxanı şossesi, 14-cü km , sol tərəf sahə 38 ünvanında 2 mərtəbəli fərdi yaşayış evinin tikintisi ilə bağlı müqavilə tərəfləri İddiaçı və Cavabdeh MMC-dir. Müqavilə Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi X3 tərəfindən imzalanmışdır. Sonuncu İddiaçı 55.000 manat pulun aldığını müqaviləyə qeyd etmiş, öhdəliyi icra etməyəcəyi təqdirdə isə 55.000 manat pulu xx.xx.2024-cü il tarixədək ona geri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş tapşırıqları və Cavabdeh MMC tərəfindən təsdiq edilmiş kassa mədaxil qəbzlərinə əsasən müəyyən edilir ki, müqavilə üzrə İddiaçı tərəfindən Cavabdeh MMC-yə 55.000 manat pul ödənilmişdir. İş materiallarına İddiaçı Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubu əlavə edilmişdir. Poçt qəbzinə əsasən pretenziya məktubu xx.xx.2024-cü ildə poçt xidmətinə təqdim edilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, X3 Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsidir. İş materiallarında olan X5 Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli rəyinə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Bilgən-Nardaran- Kürdəxanı şossesi, 14-cü km , sol tərəf sahə 38 ünvanında 2 mərtəbəli fərdi yaşayış evində həyata keçirilmiş işlərinin dəyəri 13600 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 600 (altı yüz) manat İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli podrat müqaviləsinin şərtləri və aşağıdakı hüquq normaları edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 762.3-cü maddəsinə əsasən, podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Həmin Məcəllənin 763-cü maddəsinə əsasən, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Həmin Məcəllənin 776.1-ci maddəsinə əsasən, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göstərilən hüquqi mövqe əsas götürülməklə məhkəmə hesab edir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli podrat müqaviləsiyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Bilgən-Nardaran- Kürdəxanı şossesi, 14-cü km , sol tərəf sahə 38 ünvanında 2 mərtəbəli fərdi yaşayış evinin tikintisi ilə bağlı müqavilə tərəfləri sifarişçi İddiaçı və podratçı Cavabdeh MMC-dir. Müqavilə podratçı Cavabdeh MMC-nin direktoru X3 tərəfindən imzalanmışdır. X3 Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi-direktorudur. Həmin müqavilənin 4.1.1-ci bəndinə əsasən, işlərin təhvil verilməsi 180 gün ərzində həyata keçirilməli idi. Həmin müqavilənin 1 nömrəli Əlavə Razılaşmasına əsasən müqavilə müddət 30 ay, görülən işlərin dəyəri 114548 manat, avans məbləği 35000 manat, 30 ay ərzində aylıq kredit məbləği 2700 manat təşkil edir. xx.xx.2024-cü il tarixli müqaviləyə (iltizam) əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Bilgən-Nardaran-Kürdəxanı şossesi, 14-cü km , sol tərəf sahə 38 ünvanında 2 mərtəbəli fərdi yaşayış evinin tikintisi ilə bağlı müqavilə tərəfləri İddiaçı və Cavabdeh MMC-dir. Müqavilə Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi X3 tərəfindən imzalanmışdır. X1 Nurulla Telman oğlundan 55.000 manat pulun aldığını müqaviləyə qeyd etmiş, öhdəliyi icra etməyəcəyi təqdirdə isə 55.000 manat pulu xx.xx.2024-cü il tarixədək ona geri qaytarmağı öhdəsinə götürmüşdür. Ödəniş tapşırıqları və Cavabdeh MMC tərəfindən təsdiq edilmiş kassa mədaxil qəbzlərinə əsasən, müqavilə üzrə İddiaçı tərəfindən Cavabdeh MMC-yə 55.000 manat pul ödənilmişdir. Lakin, Cavabdeh MMC müqavilə öhdəliklərinə əməl etməmiş, podratçı kimi tikintini qismən aparmış, lahiyənin yekunlaşmasını təmin etməmişdir. İddiaçı Cavabdeh MMC-yə pretenziya məktubu göndərmiş və 55.000 manat pulun geri qaytarılmasını tələb etmişdir. Bununla da, müqavilə məhkəmədən kənar ləğv edilmişdir. X5 Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Bilgən-Nardaran-Kürdəxanı şossesi, 14-cü km , sol tərəf sahə 38 ünvanında 2 mərtəbəli fərdi yaşayış evində həyata keçirilmiş işlərin dəyəri 13600 manat təşkil edir. Görülmüş həmin işlərin xarakteri nəzərə alınmaqla məhkəmə hesab edir ki, sifarişçinin görülmüş həmin işlərdə marağı vardır. Bunun əksi iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Sözügedən rəyə əlavə edilmiş fotoşəkillərə əsasən görülmüş işlərin davam etdirilməsi mümkündür. Bu səbəbdən, iddia tələbi qismən təmin edilməlidir. Yəni, ödənilmiş 55.000 manat puldan görülən işlərin dəyəri kimi 13600 manat çıxılmaqla qalıq 41.400 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Mülki iş üzrə ətraflı araşdırma aparılmasının təmin edilməsi, sübutların tam toplanması və tədqiq edilməsi məqsədilə 2 (iki) məhkəmə hazırlıq iclası və 1 (bir) məhkəmə baxış iclasının keçirilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, hazırki mülki iş üzrə podratçı kimi müqavilə öhdəliklərinin icra edilməsi ilə bağlı sübutetmə yükü cavabdehin üzərindədir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlar əsasında mülki işə baxaraq qətnamə qəbul etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 255 manat dövlət rüsumunun 214 (iki yüz on dörd) manat hissəsi və qiymətləndirmə ilə bağlı ödənilmiş 600 (altı yüz) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarına yekun hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, sifarişçi İddiaçı ilə podratçı Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli podrat müqaviləsi ləğv edilmiş hesab edilməli, Cavabdeh MMC-dən 41400 (qırx bir min dörd yüz) manat pul, ödənilmiş 255 manat dövlət rüsumunun 214 (iki yüz on dörd) manat hissəsi və qiymətləndirmə ilə bağlı ödənilmiş 600 (altı yüz) manat pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi, 55.000 manat pulun və ödənilmiş 255 manat dövlət rüsumunun tutulması” tələbinə dair iddiası qismən təmin edilsin. Sifarişçi (iddiaçı) İddiaçı ilə podratçı (cavabdeh) Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli podrat müqaviləsi ləğv edilmiş hesab edilsin. Cavabdeh MMC-dən 41400 (qırx bir min dörd yüz) manat pul, ödənilmiş 255 manat dövlət rüsumunun 214 (iki yüz on dörd) manat hissəsi və qiymətləndirmə ilə bağlı ödənilmiş 600 (altı yüz) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar