Məhkəmə qərarları › İş №2(004)-1073/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1073/2025

25.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1073/2025 25.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə (açar sözlər: aliment, uşağın valideyni saxlamaq vəzifəsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, X2 xx.xx.2003-cü il tarixdə Bakı şəhərində ölmüşdür.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

2. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən cari ilin sonunadək 270 manat, 2025-ci ilin yanvar ayının 1-dən 285 manat məbləğində aliment və mediasiya xərci olaraq ödənilən 60 manat məbləğdə pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddianın əsaslarına görə, oğlu Cavabdeh xx.xx.1967-ci il tarixdə doğulmuşdur. O öz valideynlik borcundan çıxaraq övladını boya başa çatdırmışdır. Həyat yoldaşı mərhum X2 xx.xx.2003-cü il tarixdə dünyasını dəyişmişdir və həmin vaxtan o yalnız yaşayaraq bütün ehtiyaclarını qarşılamağa çalışır. Onun mərhum yoldaşı ilə birgə nikahdan bir qızı - X1 da dünyaya gəlmişdir. Qızı ailə qurmuş, sonradan onun da ailəsi dağıldığından işləyərək yetkinlik yaşına çatmayan övladına baxmağa çalışır. Belə ki, keçmiş kürəkəni bildiyi qədərilə ümumiyyətlə ölkədən kənardadır. Bununla bərabər daim onun mənəvi və gücü çatdığı maddi yardım etməyə çalışır. Hazırda yaşının da artması səbəbilə xəstəliklərinin artması və yardıma ehtiyacının olmasını sübuta yetirməyə ehtiyac yoxdur. Belə ki, o artıq işləyə bilmir və oğlundan maddi və mənəvi ehtiyaclarını müəyyən hissədə qarşılamasını dəfələrlə xahiş etsə də, o, bundan boyun qaçırmışdır. Qanunvericiliyin tələbinə əsasən Əmək qabiliyyəti olan yetkinlik yaşma çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Lakin, cavabdeh heç bir şəkildə nə onunla, nə də hazırkı ailəsi ilə maraqlanmır. Hesab edir ki, minimal yaşayışının təmin olunması məqsədilə oğlu olan cavabdehdən valideynin saxlanması üçün nəzərdə tutulan aliment məbləğinin tutulması zəruridir.

b) iddiaya qarşı etiraz

4. İddia tələbinə qarşı etirazın əsaslarına görə, iddia ərizəsində iddiaçının yalnız bir qızının olduğu qeyd olunmuşdur, lakin iddiaçının X3 adında başqa övladı da var. İddiaçı Yasamal rayonu ərazisində fəaliyyət göstərən 140 saylı körpələr evi və uşaq bağçasında uzun illər çalışmışdır və həmin təhsil müəssisəsindən pensiyaya çıxmışdır. Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən, aliment öhdəlikləri tərəflərin maddi və ailə vəziyyətinə uyğun şəkildə müəyyən edilməlidir. Onun aylıq gəliri cəmi 330 manat təşkil edir və hər ay iddiaçıya 115 manat ödəyir. Bundan əlavə, onun himayəsində öz ailəsi – həyat yoldaşı və uşaqları var. İddia ərizəsində ailə vəziyyəti və maddi imkanları nəzərə alınmamışdır ki, bu da onun üçün ağır maliyyə yükü yaradır. Ailə Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəməyə müraciət üçün müddət amili nəzərə alınmalıdır. İddiaçı həyat yoldaşını 2003-cü ildə itirmiş və 21 il ərzində məhkəməyə müraciət etməmişdir. Bu, onun maddi vəziyyətinin uzun müddət ərzində sabit olduğunu və əlavə dəstək tələb etmədiyini göstərir. İddianın belə uzun müddət sonra irəli sürülməsi iddianın əsaslılığını şübhə altına alır.

c) məhkəmə icraat iştiakçılarının izahatları

5. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X1 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etmiş, əlavə olaraq təsdiq etmişdir ki, iddiaçının başqa bir qızı – cavabdehlə onun bacısı X3 da var.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh etirazla eyni məzmunlu izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 82.1. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar; Maddə 82.2. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur; Maddə 82.3. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir; Maddə 82.4. Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır.

8. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ... uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.

9. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” xx.xx.2023-cü il tarixli Sərəncamı: “…

1. Minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilsin.”

10. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: “... 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).”

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında.

Məhkəmə baxışının hədləri

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

13. İşin faktiki hallarından görünür ki, Cavabdeh iddiaçının oğludur. İddiaçının Cavabdeh başqa daha iki qız övladı var: xx.xx.1974-cü il təvəllüdlü X1, xx.xx.1969-cu il təvəllüdlü X3.

14. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

15. Belə ki, xx.xx.1944-cü il təvəllüdlü İddiaçı hazırda 80 yaşı var. Yaşa görə əmək pensiyası alır, pensiya məbləği 393,32 manatdır. Cavabdeh yetkinlik yaşına çatmış, əmək qabiliyyətli şəxsdir. “Elektron məhkəmə informasiya“ sistemindən əldə edilmiş məlumata əsasən "xxxx" MMC-də sürücü vəzifəsində çalışır və 345,14 manat əmək haqqı alır.

16. Ailə Məcəlləsinin Maddə 82.1-ci maddəsinə əsasən, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar.

17. Hazırkı işin halları baxımındanda müəyyən olunur ki, iddiaçı əmək qabiliyyətli olmayan şəxsdir. Yeganə gəlir mənbəyi pensiya məbləğidir. Belə olan halda iddiaçı məhkəmə tərəfindən Ailə Məcəlləsinin 82-ci maddəsinə əsasən aliment almağa hüquq çatan şəxs kimi qiymətləndirilir.

18. Cavabdehin iddia tələbinin rədd edilməsinə yönəlmiş etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçın pensiya alır. Bundan əlavə, onun öz ailəsi və övladı var və öz maddi vəziyyəti ağırdır.

19. Məhkəmə bu dəlilə münasibətdə qeyd edir ki, cavabdehin maddi vəziyyətinin ağır olması əmək qabiliyyətli şəxs kimi onu öz əmək qabiliyyətli olmayan valideynini saxlamaq vəzifəsindən azad etmir.

20. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin V hissəsinə əsasən 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar.

21. Bununla belə, işin mübahisə edilməyən halı kimi müəyyən edilmişdir ki, iddiaçının cavabdehdən başqa daha iki övladı var.

22. Ailə Məcəlləsinin Maddə 82.4-cü maddəsinə əsasən, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır.

23. Məhkəmə hazırkı işin halları baxımından onlara qarşı tələb irəli sürülməsə də əmək qabiliyyətli yetkinlik yaşına çatmış digər övladları da nəzərə alaraq, alimentin məbləğinin hər ay üçün 131 manat məbləğdə müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir.

24. Məhkəmə təcrübəsini müəyyən edən Ali Məhkəmənin məhkəmələrə tövsiyəsi ondan ibarət olmuşdur ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

25. 2024-cü il üçün minimum əmək haqqı 345 manat olduğundan tutulmalı olan alimentin miqdarı minimum əmək haqqının 0,38 misli həddində müəyyən edilməli, 2025-ci il və sonrakı illər üçün alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,38 mislinə uyğun hesablanmalıdır.

26. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğdə mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

28. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixdən başlayaraq İddiaçı saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla Cavabdeh hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,38 misli həddində sabit pul məbləğində aliment tutulmalı, aliment iddiaçının aliment tələbi ilə məhkəməyə ilkin müraciət etdiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı və alimentin tutulması hissəsində qətnamə dərhal icra olunmalıdır.

29. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. 18 dekabr 2024-cü il tarixdən başlayaraq İddiaçı saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla Cavabdeh hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,38 misli həddində sabit pul məbləğində aliment tutulsun. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 60 manat məbləğdə mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissədə dərhal icra olunsun. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar