Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1078/2024 22.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixində bağlanmış nikahdan dünyaya gəlmiş, xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatmayan hər iki uşaq üçün ayrı-ayrılıqda 235 manat məbləğində, ümumilikdə 470 manat həcmində alimentin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2011-ci il tarixində nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X5 dünyaya gəlmişdir. İlk dövrlərdə normal ailə münasibətləri mövcud olsa da, bir müddət sonra Cavabdeh ailə başçısı, ər və ata kimi üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirməmiş, artıq ailə münasibətləri formal xarakter daşımağa başlamışdır. Hal-hazırda faktiki olaraq ayrı yaşayırlar. Aldığı əmək haqqı iki azyaşlı övladının xərcləri üçün kifayət etmir. Cavadeh isə öz vəzifəsi olmasına baxmayaraq, övladları ilə maraqlanmır, onların saxlanmasında, nə maddi, nə də mənəvi qatqısı yoxdur. Həmçinin, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X5 hər biri üçün sabit 235 manat, ümumilikdə 470 manat məbləğində alimentlə təmin edilməlidir. Qanunvericiliyin cari tələblərinə uyğun olaraq, aliment tələbinə dair razılığa gəlmək məqsədi ilə mediasiyaya müraciət edilmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq bildirdi ki, göstərilən ünvanda qeydiyyatda olan və yaşayan həyat yoldaşı, xx.xx.1980-ci il təvəllüdlü İddiaçı Yasamal Rayon Məhkəməsində aliment ödənişi ilə əlaqədar olaraq iddia qaldırmışdır. Tərəflər arasında nikah hazıradək pozulmamış, İddiaçı, övladları ilə birlikdə həmin ünvanda yaşayır. Mənzil 4 faizli ipotekadadır, aylıq ödənişi ümumi 240 manat məbləğində təşkil edir və onun tərəfindən ödənilir. Bundan əlavə birgə nikah dövründə “Accesbank” təşkilatından 15000 AZN məbləğində 3 illik pul vəsaiti nəğd şəklində götürülmüş və hər ay 596 manat həmin məbləğdə tərəfindən ödənilir. Əlavə olaraq, övladları üçün oyun əşyaları “VordTelekom” mağazalar şəbəkəsindən götürülərək, aylıq 105 manat tərəfindən ödənilir. Rəsmi olaraq işsiz olduğu üçün “əl” krediti vasitəsilə avtomobil götürərək hazırda sərnişin daşıma ilə məşğul olur, həmçinin avtomobil krediti aylıq 600 AZN təşkil edir. Göstərilən ünvanda son altı aydır yaşamır, 450 manat məbləğində Əhmədli qəsəbəsində kirayəşin yaşayır. Mənzili tərk etdiyi zamandan hər on gündən bir övladlarının lazımi təminatını xx.xx.2023-cü ilə qədər təmin etmişdi. Aliment tələbini bildikdən sonra, ailə təminatının ödənişlərini dayandırmışdı. Bildirmişdir ki, valideyn olaraq ailə və övlad təminatının qarşılanmasını dərk edir, lakin işsiz olduğunu, göstərilən ödənişlərin üzərində olduğunu nəzərə alınmasını, eləcə də aliment ödənişinin güzəştli kəsilməsini xahiş edir. Əlavə olaraq, ödənişlərin övladlarının adlarına açılacaq hesablara ödənilməsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, hal-hazırda onlar ayrı yaşayırlar, aralarında olan nikah münasibətlərindən xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X5 anadan olmuşdur, uşaqlar onun himayəsindədir, uşaqlar böyüdükcə o, onların maddi tələbatını çatdıra bilmir. Bu günə kimi cavabdeh uşaqlara baxmır və onlarla maraqlanmır. Etirazda qeyd olunanlar isə tamamı ilə yalandır. Cavabdeh hazırda başqa qadınla yaşayır. Onun tərəfindən uşaqlara hec bir əşya alınmamışdır. Evin pulu isə cavabdeh tərəfindən ödənilmir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş (məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə nikah bağlanmış, tərəflərin birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X5 anadan olmuşlar. Tərəflər hazırda ayrı yaşayır və uşaqlar anasının himayəsində qalır, cavabdeh uşaqlara baxmır. İddiaçı iddia tələbinin təmin olunmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat, 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə tərəflərin maddi vəziyyətini və uşağın mənafeyini nəzərə alaraq, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin hesab edir ki, aliment iddiaçının məhkəməyə ərizə ilə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən tutulmalıdır. Məhkəmə iddianı təmin edərkən cavabdeh tərəfindən iddiaya etirazın əsasları kimi qeyd etdiyi hallara da, qiymət verərək hesab edir ki, həmin hallar yəni, etirazda qeyd edilən hallar iddianın təmin edilməməsi və ya alimentin aşağı həddə müəyyən edilməsi üçün əsas ola bilməz. Bundan başqa məhkəmə cavabdeh tərəfindən etiraz ərizəsində qeyd edilmiş, tutulacaq ödənişlərin (alimentin) övladlarının adlarına açılacaq hesablara ödənilməsinin təmin edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, hazırda məhkəmənin icraatında bununla bağlı qarşılqlı iddia ərizəsi olmasa da, cavabdeh tərəfindən etiraz ərizəsində, iddiaya etirazın əsasını təşkil edən belə bir tələb irəli sürüldüyündən məhkəmə tərəfindən həmin hala da, qiymət verilməlidir. Belə ki, Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə 08 dekabr 2023-cü il tarixli, 04/2023 saylı qərardadına əsasən bu məsələ həm alimentin tutulması barədə qətnamədə, həm də alimentin tutulması barədə qətnamənin icrası mərhələsində həll edilə bilər. Alimentin tutulması barədə müstəqil iddiaya baxılarkən və ya nikahın pozulmasına dair iddia çərçivəsində alimentin tutulması məsələsi həll edilərkən, aliment ödəməli olan tərəfin alimentin ödənilməsi qaydası ilə bağlı müraciəti olduqda, məhkəmə baxılan iddia çərçivəsində bu məsələyə hüquqi qiymət verməli və buna dair dəlillərlə razılaşdığı halda, MPM-in 220.6-cı maddəsinə əsasən icra qaydasını müəyyən edərək, alimentin hansı hissəsinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməli olduğunu qətnamənin nəticə hissəsində göstərməlidir. Göründüyü kimi qanunvericiliyin mənasına görə məhkəmə valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Məhkəmə hazırda tutulacaq alimentin məbləğini, yəni alimentin 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu səviyyəsində, yəni 235 manat məbləğində müəyyən edilməsini nəzərə alaraq, belə olan halda da, həmin məbləğdən də, alimentin 50 faizədək müəyyən hissəsinin uşağın bank hesabına köçürülməsini, hazırki halda uşaqların mənafeyinə uyğun saymadığından, etirazı bu hissədə də, əsassız hesab edir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulma müddəti xx.xx.2024-cü il tarixdən müəyyən edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-1078/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1078/2024
22.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver