Məhkəmə qərarları › İş №2(004)-1095/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1095/2024

04.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1095/2024 04.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “məhkəmə qətnaməsi əsasında müəyyən edilmiş aliment ödənişindən azad edilmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “məhkəmə qətnaməsi əsasında müəyyən edilmiş aliment ödənişindən azad edilmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-237/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında tərəflərin nikahından doğulmuş övladları xx.xx.2013-cü il təvəllüdlü X1 üçün İddiaçı hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Həmin qətnamədə hal-hazırda icra mərhələsindədir. Tərəflər ABŞ-da yaşadıqlarından xx.xx.2022-ci il tarixədək iddiaçı tərəfindən ümumilikdə 9405 ABŞ dolları məbləğində aliment tutularaq cavabdehə ödənilmişdir. Həmçinin, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-95/2022 nömrəli qətnaməsi əsasında cavabdehdən 35600 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilsə də, həmin qətnamənin icrası təmin edilməmişdir. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. Tərəflər məhkəmə baxış iclasında iştirak etməmişlər. İş materiallarına Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-237/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi əlavə edilmişdir. İş materiallarına Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-95/2022 nömrəli qətnaməsi əlavə edilmişdir. İş materiallarında olan məhkəmə qərarlarına əsasən müəyyən edilir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-237/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsinin icra edilməməsi ilə bağlı borclu İddiaçı barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarına İddiaçı ABŞ-də ödəmiş olduğu ümumilikdə 9405 ABŞ dolları məbləğində aliment ödənişi barədə sənədlər əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə nəzərə alır ki, mübahisə predmeti olan aliment ödənişi, yığılmış aliment borcunun yaranma əsası qismində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi çıxış edir və həmin qətnamə hal-hazırda da icra mərhələsindədir. Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə qərarlarının icrası təmin edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında yaranmış öhdəlik digər məhkəmə (hazırda Yasamal Rayon Məhkəməsi) tərəfindən əvəzləşdirilə və ya silinə bilməz. İddiaçının qeyd etdiyi kimi ABŞ-da aliment ödəməsini təsdiq edən müvafiq sənədlər təqdim edilsə də, həmin məbləğin yaranma əsasının məhkəmə qətnaməsi olub-olmamasını müəyyən etmək mümkün deyildir. Əgər sözügedən ödənişlərin əsası qismində ABŞ-da qəbul edilmiş məhkəmə qətnaməsi çıxış edirsə, Azərbaycan Respublikası MPM-in tələblərinə əsasən xarici ölkələrdə qəbul edilmiş məhkəmə sənədləri yalnız qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən tanındıqdan sonra hüquqi əhəmiyyət kəsb etməklə istinad ediləsi hüquqi akt statusu əldə edir. Hazırda isə iddia olunan məhkəmə qətnaməsinin (qətnamənin mövcudluğu belə qeyri-müəyyəndir) Azərbaycan Respublikasında tanınması prosedurası həyata keçirilmədiyindən məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sənədləri sübut qismində qəbul etmir. Bundan əlavə, məhkəmə iddiaçıya izah edir ki, cavabdehin iddiaçı qarşısında digər məhkəmə qətnaməsi ilə icra edilməmiş öhdəliyi varsa da, müxtəlif məhkəmə qərarlarının qarşılıqlı əvəzləşdirilməsi istisna olunur (bu barədə iddia tələbinin rədd edilməsi barədə müvafiq məhkəmə qətnaməsi iş materiallarında mövcuddur). Nəzərə almaq lazımdır ki, subyektlər arasındakı hüquq münasibətlərini və ya hüquqi aktları eyniləşdirmək olmaz. Hər bir hüquq münasibəti və hüquqi aktın şərtləri, əsasları və s. hüquqi xüsusiyyətləri tamamilə fərqlidir. Bundan əlavə, aliment ər və ya arvad üçün deyil, məhz uşaqların saxlanılması üçün müəyyən edilən pul vəsaitidir (hazırki mülki iş üzrə). Odur ki, uşaqların saxlanılması üçün nəzərdə tutulmuş vəsait valideynlərin şəxsi mübahisələri ilə əlaqələndirilə bilməz. Hazırda isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş şərtlər mülki iş üzrə mövcud deyildir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüssü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Hüquqdan (prosessual və ya maddi) sui-istifadə edilməsi yolverilməzdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “məhkəmə qətnaməsi əsasında müəyyən edilmiş aliment ödənişindən azad edilmə” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar