Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1146/2021 01.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması tələbi”nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılması üçün tutulan aliment məbləğinin azaldılaraq hər uşaq üçün 100 (yüz) manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, Yasamal rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-360/2020 saylı qətnaməsinə əsasən cavabdehin xeyrinə X5 və X1 üçün xx.xx.2019-cu il tarixdən etibarən hər ay hər uşağa görə 160 manat, 2020-ci ildən etibarən isə hər ay hər uşağa görə 170 manat məbləğində aliment tutulur. İndiyə qədər 4360 manat aliment borcu yaranmış və borca 2000 manat ödəniş etmişdir. Hazırda işləmir. Eyni zamanda birgə nikah dövründə bankdan götürdüyü 13000 ABŞ dolları məbləğində kredit borcunu hələ də ödəyir. Həmçinin birinci nikahından da iki övladı var və onlar da onun öhdəliyindədir. Alimenti ödəməkdə çətinlik çəkir. Cavabdeh Əmək və Əhalinin Dost çağrı mərkəzində işləyir və yüksək əmək haqqı alır. İddianın təmin edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında təqdim edilmiş və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. İşdə olan Yasamal Rayon Məhkəməsinin 2(004)-360/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunur ki, tərəflər arasında nikah ləğv edilmiş, birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağın saxlanılması üçün İddiaçı 170 manat olmaqla cəmi 340 manat miqdarında alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli arayışa əsasən X6 xx.xx.2008-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli arayışa əsasən X7 xx.xx.2008-ci il tarixdə anadan olmuşdur. İşin mübahisələndirilən halı odur ki, iddiaçı əvvəlki nikahdan övladlarının olmasını və bank öhdəliklərini əsas gətirərək alimentin azaldılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan Yasamal Rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi qanuni qüvvəsini alıb. Qətnamə çıxarıldıqdan sonra İddiaçı ailə vəziyyətində dəyişiklik baş verməmişdir. Məhkəmə uşaqların diqqətəlayiq mənafeyini nəzərə alaraq qeyd edir ki, alimentin azaldılması tələbi təmin edilə bilməz. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcud deyildir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılması üçün tutulan aliment məbləğinin azaldılaraq hər uşaq üçün 100 (yüz) manat sabit pul məbləğində müəyyən edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 238-ci, 241-244-cü, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılması üçün tutulan aliment məbləğinin azaldılaraq hər uşaq üçün 100 (yüz) manat sabit pul məbləğində müəyyən edilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-1146/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1146/2021
01.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver