Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1152/2021 05.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “xxxx” MMC-yə qarşı "yaşayışistifadə hüququnun müdafiəsi tələbinə dair" iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “xxxx” MMC-yə qarşı "yaşayışistifadə hüququnun müdafiəsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evlə bağlı onun və azyaşlı övladı X1 hüquqları kompensasiya olunmadan alqı-satqı və ya digər özgəninkiləşdirmə müqaviləsinin bağlanılmasının qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh2 ilə xx.xx.2000-ci il tarixdə nikaha daxil olmuş, sonra isə birgə yaşamaq üçün qaynatası Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə köçmüşdür. Cavabdeh2 ilə birgə nikahdan xx.xx.2001-ci il təvəllüdlü Aytac və xx.xx.2009-cu il təvəllüdlü Murad adlı uşaqları dünyaya gəlmişdir. 2014-cü ildə nikahları pozulmuşdur. Bir müddət keçdikdən sonra Cavabdeh2 onun və azyaşlı uşaqlarının həmin mənzildə yaşamalarına maneçilik törətmiş, cavabdehlər mənzili satıb onlara ayrıca mənzil alacaqlarını və ya sökülərkən pul verəcəkləri vəd etmiş, onlar da məcbur olub müvəqqəti olaraq mənzildən çıxmaqla kirayədə yaşamağa davam etmişdir. Hal-hazırda da əşyalarının bir hissəsi ünvan 1 ünvanında yerləşən evdədir. Bir müddət sonra maddi imkanı məhdud olduğundan mübahisəli evə qayıtmaq istədiyini bildirmiş, cavabdehlər buna cavab olaraq artıq həmin ərazidə söküntü işlərinin başladığını və evlə bağlı sakinlərlə müqavilə bağlanılması prosesinin getdiyini dedilər. Bunun həqiqiliyini öyrənmək üçün həmin əraziyə gedərkən müəyyən etmişdir ki, həqiqətən də ünvan 1 ünvanındakı mənzilin yerləşdiyi ərazidə Cavabdeh3 tərəfindən pilot layihəsi olaraq çoxmənzilli bina tikiləcəkdir. Şirkətə müraciət etsə də, ona bildirilmişdir ki, yaxın günlərdə həmin evlə bağlı mülkiyyətçi olaraq Cavabdeh1 ilə müqavilə bağlanılaraq pul kompensasiyası və ya mənzil veriləcəkdir. Nəzərə alaraq ki, söküləcək ünvan 1 ünvanında yerləşən evdə yaşamır, həmçinin bu evlə bağlı müqavilə mülkiyyətçi olaraq Cavabdeh1 ilə bağlanılacaqdır, onların yaşayış sahəsindən istifadə hüququ təhlükə altındadır. Halbuki, isitifadə hüququ da mülkiyyət hüququ ilə bərabər qanunvericiliyin qoruması altındadır. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə verdiyi izahatında iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək, izahatında mübahisəli mənzilin atasına məxsus olduğunu göstərmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh1 və cavabdeh “xxxx” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh1 ilə xx.xx.2000-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2001-cü il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Yasamal Rayon Məhkəməsinin 2(004)-535/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə, tərəflər arasında bağlanmış nikahın pozulması, xx.xx.2009-cu il təvəllüdlü X1 anasının yanında qalması qət edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5596/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı onun və X1 ünvan 1 ünvanında yerləşən mənzilə köçürülərək yaşayış sahəsindən istifadə etmək hüquqlarının tanınması barədə iddiası təmin edilməmişdir. Məhkəmə iddia tələbinin rədd edilməsini onunla əsaslandırmışdır ki, qeyd edilən mənzilin mülkiyyətçisi olan Cavabdeh1 ilə İddiaçı arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, bununla da İddiaçı qeyd edilən mənzildən istifadə hüququ yaranmamışdır. Hazırda İddiaçı mübahisəli mənzildən istifadə hüququnun müdafiəsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilir ki, “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Məhkəmə qanuni qüvvəsini almış qətnamə ilə təmin olunan iddianın mübahsiləndirilməsini məqbul saymır. Habelə, iddiaçının gətirdiyi “dəlillər” məhkəmə üçün inandırıcı gəlmir. O, müdafiə etdiyi tələbi yetərincə əsaslandıra bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyi üçün iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “xxxx” MMC-yə qarşı "yaşayış-istifadə hüququnun müdafiəsi tələbinə dair" barədə iddia tələbi təmin edilməsin. İddia tələbi təmin edilmədiyi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-1152/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1152/2021
05.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver