Məhkəmə qərarları › İş №2(004)-1193/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1193/2025

08.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1193/2025 08.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən səhhətinə vurulmuş zərərin əvəzi olaraq 6000 manat məbləğində maddi ziyan, 2000 manat məbləğində vurulan mənəvi ziyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, məhkəməyə müraciət etmə səbəbi Yasamal Hospitalda fəaliyyət göstərən opr.DR Cavabdeh1 səhhətinə vurduğu ağır zərərlə əlaqəlidir. Belə ki, 2022-ci ilin dekabr ayında o, estetik əməliyyat keçirmişdir. Həkimdən narazı qaldığı üçün prosesi onunla sonlandırmış və yeni həkim axtarışında olan zaman 2023-cü ilin aprel ayında o, instagram sosial şəbəkəsi vasitəsilə Cavabdeh1 şəxsi səhifəsinə mesaj yazaraq qəbul yazılmışdır. Həmin gün həkimin qəbuluna getdikdə müvafiq müayinələr aparılmış və həkim bildirmişdir ki, 2 ay sonra yəni ilkin əməliyyatdan 6 ay tamam olduqda sonra müvafiq əməliyyatlar aparıla bilər. Bu minvalla o, xx.xx.2023-cü il tarixində Cavabdeh1 rəhbərliyi ilə əməliyyata girmiş. 2 saata yaxın olan əməliyyatdan 2-3 gün sonra o, baş nahiyəsində-əməliyyatın olduğu hissənin ətrafında bərkimənin olduğunu müşahidə etmişdir. Həkimə müraciət etdikdə o bildirmişdir ki, o "qərtməkdir" va yuduqdan sonra gedəcək. Birneçə gün sonra alın hissəsində çöküntünün olduğunu müşahidə etmişdir. Həkimə təkrar müraciət etdikdə isə o ona bildirmişdir ki, yataq yarasıdır. Birneçə gün sonra yenidən həkimə müraciət etdikdə isə yenə də müxtəlif bəhanələrlə onu sakitləşdirmək və yenə müxtəlif bəhanələrlə təxirə saldıqlarını müşahidə etmişdir. Daha sora bir başqa həkimə müraciət etdikdə isə müayinələr aparılmış və ona bildirilmişdir ki, baş nahiyəsində nekroz əmələ gəlmişdir. Nekroz yaranan hissədə hüceyrələrin ölməsi deməkdir. Növbəti həkim müyainəsində belə müəyyən edilmişdir ki, həkim Cavabdeh1 əməliyyat edərkən onun kök hüseyrələrini, qan damarlarını və sinirlərini zədələmişdir. Bunu ona bildirdikdə isə o imtina edərək, sonda qabul etmişdir ki, həmin hissədə nekroz əmələ gəlmişdir.. Hazırda onun səhhətində onun səriştəsizliyi və qeyri-peşəkar şəkildə icra etdiyi əməliyyat nəticəsində ciddi zərər dəymişdir. Belə ki, onda saç tökülməsi, üz mimikalarında dəyişiklik (qaşını tərpədə bilmir) baş nahiyəsində ağırlıq, alın hissədə çapıq və sair zərərlər dəymişdir. Əməliyyatdan sonra əməliyyat olan hissəni açıq saxlamış və tikiş atmamışdır. Bunu ona bildirdikdə isə o cavab olaraq dedi ki, "o hissə açıq qalmalıdır belə olmalıdır. Yekun olaraq ərar vermilşdir ki, həkimin əməllərindən hüquq mühafizə orqanlarına müraciət etmişdir. Əlavə olaraq qeyd edir ki, ondan icazə alınmamış, razılıq olmadan onun əməliyyatının görüntülərini sosial şəbəkədə paylaşmışdır. Bütün bunlarla bağlı həkimə irad va etirazlarını bildirdikdə isə o "nahaq yerə mən sənin kimi insana xidmət göstərdim, kaş sənə kömək etməzdim və sair" kimi ifadələr irəli sürmüşdür. Bütün bunlara əsasən tərəfindən onun əməllərinə hüquqi qiymət verilməsi üçün müvafiq orqanlara müraciət edilmişdir. Nəticədə xəstəxana rəhbərliyi həkimin üzərinə, həkim də başqa şəxslərin üzərinə günahi ataraq bu məsələdə əlaqələrinin olmamasını bəyan etdilər. Lakin məsuliyyətsizlik nəticəsində dəymiş zərərlə bağlı nə xəstəxana nə də həkim öz təqsirlərini anlayaraq məsələnin həlli yolunda müvafiq addımlar atmamışlar. Həmçinin qeyd edilməsi zəruridir ki, ona ödənişlərin nəticəsində qəbz də təqdim edilməmişdir. Müraciətinə cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən cavab olaraq bildirilmişdir ki; qeyd edilən faktlar üzrə ətraflı araşdırılma aparılması üçün məhkəməyə müraciət etməlidir. Bundan əlavə olaraq Bakı şəhər Yasamal Rayon Prokurorluğu tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilərək ona təqdim edilmişdir. Qərardan da göründüyü kimi cavabdeh özü də gəlib izahat vermiş və bəzi faktları etiraf etmiş, bəzilərini isə danmışdır. Hal-hazırda hesab edir ki, ona vurulmuş zərərin əvəzi kimi 6000 manat məbləğində pul vəsaitinin, mənəvi zərərin əvəzi kimi 2000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən İddiaçıı izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü mddəsinə əsasən özəl tibb müəssisələrində xəstələrə göstərilən tibbi xidmətlərin tarifləri tibb müəssisələri ilə xəstələr arasında razılaşma yolu ilə müəyyənləşdirilir və tibbi yardımın göstərilması tərəflər arasında bağlanmış müqavilənin şərtləri ilə tənzimlənir. Bildirirlər ki. "YASAMAL HOSPİTALİ”- nin həkim ümumi cərrahı Cavabdeh1 mərkəzə dəvət olunaraq ondan müvafiq izahat götürülmüşdür. Cavabdeh1 öz izahatında sizin xx.xx.2023-cü il tarixdə klinikaya hər iki gicgah nahiyyəsində olan geniş əsaslı köhnə əməliyyat çapığı (kelloid) diaqnozu ilə müraciat etdiyinizi, sizə bu haqda məlumat verildikdən sonra həmin tarixdə ÜEN-altında kelloid toxumanın ləğvi əməliyyatının icra olunduğunu, əməliyyat vaxtı dəri deffekti yarandığından, zəruri olduğu üçün alın nahiyyəsindən bir kəsiklə dəri mobilizasiya olunduğunu və əməliyyatın standart qəbul olunmuş protokol əsasında, ağırlaşmasız keçdiyini qeyd etmişdir. Odur ki, müraciətinizdə qeyd olunan faktlar Məhkəmə Tibbi Ekspertizası tərəfindən qiymətləndirilməli olduğu üçün, məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. İş materiallarında olan Yasamal rayon prokurorluğunun cinayət işinin rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı “Yasamal Hospital"da həkim-cərrah işləyən Cavabdeh1 tərəfindən düzgün əməliyyat olunmaması və bunun nəticəsində başında nekroz-irin əmələ gəlməsi barədə şikayəti əsasında asasında toplanmış materialda cinayət tərkibi olmadığndna CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı sağlamlığına ziyanını vurulması ilə bağlı zərərin əvəzinin və ya xərclərinin "xxxx" və ya həkim tərəfindən ödənilməsi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 4-cü maddəsinə əsasən mülki qaydada müvafiq birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 xx.xx.2025-ci il tarixli 147/KEŞ nömrəli ekspert rəyinə əsasən İddiaçı təyin edilmiş diaqnoza uyğun olaraq, onun ararinda "Köhnə əməliyyat çapığının kəsilib götürülməsi ila kelloidin ləğvi, qaşların qaldırılması" cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün aparılmışdır.İddiaçı mütəxəssis müayinəsi zamanı onun 2 dəfə əməliyyat olunduğu müəyyən edilmiş, 1 əməliyyatda qismən üzgərmə əməliyyatı olunmuş va bundan sonra çapıq toxumaları qalmışdır. İİ cərrahiyyə əməliyyatı zamanı isə çapıq toxumaları yenilənmiş, İ cərrahi əməliyyatın korreksiyası icra olunmuşdur. Hər iki əməliyyatdan sonra çapıq toxumaları əmələ gəlmişdir. Kosmetik korreksiya olmasına ehtiyac var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, cavabdehlərin iddiaçı qarşısında qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyəti yaranması üçün ziyanın həqiqətən vurulduğu aşkar olmalı, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı və təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Həmçinin, iddiaçı maddi ziyanın məbləğini və onun vurulduğunu, cavabdeh tərəflər isə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludur. Bu baxımdan, məhkəmə hesab edir ki, iddia üzrə araşdırma predmetini cavabdehlərin qeyd edilən normalar çərçivəsində məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olubolmamasının müəyyən edilməsi təşkil edir. Yalnız qeyd edilən əsaslar müəyyən olunduqda cavabdehlərin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Belə ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları, cavabdehin qanunazidd əməli nəticəsində ona ziyan vurulduğunu sübut edə bilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı qızı xx.xx.2023-cü il tarixində Cavabdeh1 rəhbərliyi ilə əməliyyata girmiş, 2 saata yaxın olan əməliyyatdan 2-3 gün sonra iddiaçı baş nahiyəsində əməliyyatın olduğu hissənin ətrafında bərkimənin olduğunu müşahidə etmişdir. Daha sonra bir başqa həkimə müraciət etdikdə isə müayinələr aparılmış və iddiaçıya bildirilmişdir ki, baş nahiyəsində nekroz əmələ gəlmişdir. Nekroz yaranan hissədə hüceyrələrin ölməsi deməkdir. Növbəti həkim müyainəsində belə müəyyən edilmişdir ki, həkim Cavabdeh1 əməliyyat edərkən iddiaçının kök hüseyrələrini, qan damarlarını və sinirlərini zədələmişdir. Hazırda iddiaçının səhhətində Cavabdeh1 səriştəsizliyi və qeyri-peşəkar şəkildə icra etdiyi əməliyyat nəticəsində ciddi zərər dəymişdir. Belə ki, iddiaçıda saç tökülməsi, üz mimikalarında dəyişiklik (qaşını tərpədə bilmir) baş nahiyəsində ağırlıq, alın hissədə çapıq və sair zərərlər dəymişdir. Lakin qeyd olunan halların iddiaçıda mövcud olmasını və məhz cavabdehlər tərəfindən törədilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X2” X4 xx.xx.2025-ci il tarixli 147/KEŞ nömrəli ekspert rəyində Köhnə əməliyyat çapığının kəsilib götürülməsi ila kelloidin ləğvi, qaşların qaldırılması" cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün aparıldığı qeyd edilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Cavabdeh2 MMC və X3 tərəfindən ona ziyan vurulması, səbəbli əlaqə və s. bu kimi halların mövcudluğu sübuta yetirilmədiyindən, bununla da cavabdehin hərəkəti nəticəsində iddiaçıya maddi zərər vurulması halı müəyyən olunmadığından cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə İddiaçı mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə qeyd edir ki, cavabdehlər tərəfindən hər hansı hüquqa zidd əmələ yol verildiyi müəyyən olunmadığından və bununla da maddi zərərlə bağlı tələb rədd olunduğundan, bundan irəli gələn mənəvi zərərlə əlaqədar iddia tələbi də rədd olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlərin hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya maddi və ya mənəvi zərər vurulması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmadığından İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü madəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin və 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar