Məhkəmə qərarları › İş №2(004)-1201/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1201/2021

16.08.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1201/2021 16.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, cavabdeh “X2 Evrascon” ASC-nin nümayəndəsi Nümayəndə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Dövlət Sosial Müdafiəsi Fondunun nümayəndəsi X3 iştirakı ilə İddiaçı üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti və Dövlət Sosial Müdafiəsi Fondu cəlb olunmaqla cavabdeh “X2 Evrascon” ASC-yə qarşı “əmək haqqı” tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh “X2 Evrascon” ASC-yə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə 14.12.2020-ci il tarixdə məhkəməyə müraciət edərək cavabdeh "X2 Evrascon" ASC-dən 04.01.2020-ci il tarixdən etibarən əmək haqqının və əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, o, 03 iyun 2019-cu il tarixdən “X2 Evrascon” ASC-də ekskovator operatoru vəzifəsində işə düzəlmişdir. İş sahəsi Oğuz rayonunda Aqro Park deyilən ərazi olmuşdur. 31.12.2019-cu il tarixədək gördüyü işlərin müqabilində maaş alsa da, 04.01.2020-ci il tarixdən bugünədək ona əmək haqqı ödənilməmişdir. 04.01.2020-ci il tarixdə müəssisənin məsul şəxsi (mexanik Murad) tərəfindən 05 yanvar gecə növbəsi üçün işə çağırılmışdır. Lakin 5 yanvarda həmin şəxs tərəfindən ona zəng vasitəsilə gecə növbəsinin olmayacağı və iş barədə 3-4 gün ərzində məlumat veriləcəyi bildirilmişdir. O, özü 2 gün sonra mexanik Murada zəng etmiş və bu dəfə o, onu mexanik Azər adlı şəxsə yönləndirmişdir. Həmin şəxslə əlaqə saxladıqda isə ona Xaçmazda işə başlayacağı və bu barədə ona özünün zəng edib məlumatlandıracağını bildirmişdir. O, 12 fevraladək onunla dəfələrlə əlaqə saxlasa da ona işə başlayarkən zəng edib məlumat verəcəyini bildirmişdir. Həmin müddət ərzində o dəfələrlə mexaniklə əlaqə saxlayıb iş olmadığını, işə çağrılmadığını bildirsə də o səbrli olmağını və iş olan kimi işə çağrılacağını bildirmişdir. 12 fevralda isə əməliyyat olunmuş və 11 aprelədək xəstəlik vərəqəsi əsasında işə çıxmamışdır. Eyni zamanda, bu tarixlərdə də ona həmin şəxs tərəfindən işə çağırılma ilə əlaqədar hər hansı bir zəng edilməmişdir. Müalicə müddəti bitdikdən sonra ilk iş günü olan 13 apreldə yenidən mexanik Azər ilə əlaqə saxlasa da, ilk əvvəl ona iş olanda xəbər edəcəyini, daha sonra isə xəstəlik vərəqini hansı qaydada müəssisəyə təqdim etməli olduğunu soruşduqda isə, ona xəstəlik vərəqəsi əsasında ödənişin edilməməli olduğunu bildirmişdir. Bundan sonra o, öz təşəbbüsü ilə xəstəlik vərəqələrini poçt vasitəsilə müəssisəyə göndərmişdir. Yalnız bundan sonra müəssisə tərəfindən 04 yanvar tarixdən 12 fevral tarixədək işə çıxmama səbəbi barədə ondan arayış istənilmişdir. Məsələ ilə əlaqədar AR ƏƏSMN yanında X6 Xidmətinə müraciət etdikdən sonra isə müəssisə tərəfindən 12 aprel tarixdən 01 mayadək işə çıxmama səbəbi barədə ondan arayış istənilmişdir. Halbuki, müəssisə tərəfindən koronavirus pandemiyası ilə əlaqədar ona bu tarixlərdə işə çıxmağı ilə bağlı hər hansı bir söz deyilməmişdi. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh “X2 Evrascon” ASC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirir ki, 06.10.2020-ci ildən etibarən əmək müqaviləsinə xitam verilmişdir. Cəmiyyət tərəfindən iddiaçıya bildirilmişdir ki, məzuniyyət ərizəsi yazarsa sosial ödənişlər ediləcəkdir. Lakin iddiaçı ərizə yazmamış, əmək haqqısı artırılsa belə işə gəlməmişdir. Müəssisənin təcrübəli işçiyə ehtiyacı olduğundan iddiaçının maaşı artıtılmış və ona əmək haqqısının artıldığı bildirilərək işə çıxması tələb olunmuş, o isə bundan imtina etmişdir. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Dövlət Sosial Müdafiəsi Fondunun nümayəndəsi X5 izahat verərək bildirir ki, Dövlət Sosial Müdafiə Fonduna məlumatı sığorta olunan deyil, söğorta edən verir. Lakin hazırki mübahisə ilə bağlı Fonda müraciət daxil olmadığına görə heç bir tədbir görülməmişdir. Məhkəmə cavabdehin nümayəndəsini və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “X2 Evrascon” ASC ilə İddiaçı arasında bağlanmış 06.07.2019-cu il tarixli, 15025 nömrəli əmək müqaviləsinin surətinə əsasən İddiaçı 06.08.2019-cu il tarixədək altıncı dərəcəli ekskavator maşinisti vəzifəsinə təyin edilmiş, aylıq əmək haqqı 421 manat təşkil edir. İş materiallarında olan “X2 Evrascon” ASC tərəfindən tərtib olunmuş 09.03.2021-ci il tarixli arayışa əsasən İddiaçı 2019-cu ilin iyul-dekabr ayları üçün əlavə ödənişlər nəzərə alınmaqla cəmi 4183,2 manat əmək haqqı köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin 17.06.2020-ci il tarixli, **********3 nömrəli məktuba əsasən X6 Xidməti Bakı şəhər İdarəsinə təqdim olunmuş 827/20 nömrəli məktubdan və sənədlərdən İddiaçı 04.01.2020-ci il tarixdən 12.02.2020-ci il tarixə kimi üzrsüz səbəbdən işə çıxmadığı, 12.02.2020-ci il tarixdən 12.04.2020-ci il tarixə kimi əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə xəstəlik vərəqəsini cəmiyyətə təqdim etmiş, 12.04.2020-ci il tarixdən 2020-ci ilin aprel ayının sonuna kimi isə üzrsüz səbəbdən işə çıxmadığı müəyyən olunmuşdur. İş materiallarında olan Qobustan RMX PHŞ tərəfindən verilmiş 116885 nömrəli və 116887 nömrəli əmək qabiliyyətinin olmaması vərəqələrinə əsasən İddiaçı 12.02.2020-ci ildən 11.04.2020-ci il tarixədək müvəqqəti olaraq işdən azad edilmiş, işə 12.04.2020-ci il tarixdən başlamalı olduğu qeyd edilmişdir. İş materiallarında olan “X2 Evrascon” ASC-nin 16.11.2020-ci il tarixli, 1251/2020 nömrəli məktubuna əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 06.10.2020-ci il tarixdə AR ƏM-in 68.2-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmiş, ona çatası pul vəsaiti həmin gün əmək haqqı kartına köçürülmüşdür. İş materiallarında olan sosial arayışa əsasən “X2 Evrascon” ASC ilə İddiaçı arasında bağlanmış 06.07.2019-cu il tarixli əmək müqaviləsinə 26.06.2020-ci il tarixdə xitam verilmiş, əmək haqqı artırıldıqdan sonra isə 06.10.2020-ci ildə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə mərkəzi fililanın 13.08.2021-ci il tarixli, **********2 nömrəli məktubuna əsasən “X1 Sistemi”nin “Sığorta” altsisteminə sığortaedən “X2 Evrascon” ASC tərəfindən sığortaolunan İddiaçı aid hər hansı haqq-hesab cədvəli daxil edilməmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı cavabdeh “X2 Evrascon” ASC ilə 06.07.2019-cu il tarixdə əmək müqaviləsi bağlayaraq ekskavator maşinisti vəzifəsinə təyin edilmişdir. Lakin o, 04.01.2020-ci il tarixdən 06.10.2020-ci il tarixədək işə çıxmamışdır. İddiaçının 12.02.2020-ci ildən 12.04.2020-ci il tarixədək xəstə olmasına dair müvafiq sənədi olmuşdur. Hazırda iddiaçı işə çıxmadığı müddət üçün hesablanmış əmək haqqının və müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə müavinətin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iddianı qismən, müavinətin ödənilməsi hissəsində əsaslı hesab edir. Lakin əmək haqqı tələbini əsassız hesab edir. Çünki iddiaçı özü də məhkəmə iclaslarında etiraf etmişdir ki, 2020-ci ildə əmək funksiyasını yerinə yetirməmişdir. İş materiallarında olan cavabdehin iddiaçıya ünvanlandığı məktublardan da görünür ki, iddiaçıdan işə çıxması tələb olunurdu. Məhkəmə həmçinin qeyd edir ki, ilk 14 (on dörd) gün üçün İddiaçı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət cavabdeh “X2 Evrascon” ASC-nin vəsaiti hesabına ödənilməli, qalan günlər üçün isə məcburi dövlət Sosial sığorta haqları hesabına müavinət ödənilməsi üçün cavabdeh “X2 Evrascon” ASC-nin üzərinə sığortaolunan İddiaçı barəsində haqq-hesab məlumatlarının daxil edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 1-ci əlavənin 6.3-cü bəndinə əsasən işçiyə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə müavinət verilir. Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə AR Nazirlər Kabitenin 15.09.1998-ci il tarixli qərarın 1.1-ci maddəsinə əsasən əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Həmin qərarın 6-cı bəndinə əsasən sığortaolunanların əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında itirilmiş əməkhaqlarının, gəlirlərinin və əlavə xərclərinin tam və ya qismən kompensasiya edilməsi məqsədi ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüquqları vardır. Bu hüquq əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verdikdə yaranır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasilələrlə davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq, hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Azərbaycan Respublikası Sığorta haqqında qanunun 10-cu bəndinə əsasən bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək sığortaedənlərin vəzifələrindən biridir. Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, “ilk 14 (on dörd) gün üçün İddiaçı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət cavabdeh “X2 Evrascon” ASC-nin vəsaiti hesabına ödənilməli, qalan günlər üçün isə məcburi dövlət Sosial sığorta haqları hesabına müavinət ödənilməsi üçün cavabdeh “X2 Evrascon” ASCnin üzərinə sığortaolunan İddiaçı barəsində haqq-hesab məlumatlarının daxil edilməsi öhdəliyi qoyulmalıdır, iddia tələbi qalan hissədə əsassız olduğundan təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, iddia əmək haqqı ilə bağlı olduğundan, iddiaçı dövlət rüsumu ödəməkdən azaddır və iddia qismən təmin edildiyindən, cavabdeh “X2 Evrascon” ASC-dən dövlət rüsumu olaraq 15 manat məbləğində pul dövlət nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İlk 14 (on dörd) gün üçün İddiaçı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət cavabdeh “X2 Evrascon” ASC-nin vəsaiti hesabına ödənilsin. Qalan günlər üçün isə məcburi dövlət Sosial sığorta haqları hesabına müavinət ödənilməsi üçün cavabdeh “X2 Evrascon” ASC-nin üzərinə sığortaolunan İddiaçı barəsində haqq-hesab məlumatlarının daxil edilməsi öhdəliyi qoyulsun. İddia qalan hissədə təmin olunmasın. Cavabdeh “X2 Evrascon” ASC-dən dövlət rüsumu olaraq 15 manat məbləğində pul dövlət nəfinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar