Məhkəmə qərarları › İş №2(004)-1250/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1250/2022

29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1250/2022 29.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Binəqədi Rayon Məhkəməsinin 2(001)-139/2018 saylı, 16.10.2018-ci il tarixli icra sənədinə əsasən İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Novxanı qəsəbəsi, 1060 saylı bağ evinə dair keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 139/2018 saylı 16 oktyabr 2018-cı il tarixli qətnaməsinə əsasən İddiaçı1 150000 ABŞ dolları məbləğində əsas borc, 24909 ABŞ dolları məbləğində faiz borcu, 11865 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, 200 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 186974 ABŞ dolları və 30 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Tutulmalı olan məbləğ İddiaçı2 qızma məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Novxanı qəsəbəsi, 1060 saylı bağ evinə yönəldilməlidir. Həmin ev açıq hərracda satılmalı, evin ilkin satış qiyməti 293200 manat müəyyən edilmişdir, əldə edilmiş vəsait iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Tutma evə yönəldilərək açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində İddiaçı2 ailə üzvləri ilə birlikdə həmin evdən çıxarılaraq, ev boşaldılmalı, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğ ondan tutulmalıdır və ev boşaldılmalıdır. Binəqədi rayon İcra Şöbəsi tərəfindən İddiaçı2 məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Novxanı qəsəbəsi, 1060 saylı bağ evi hərraca çıxarılmışdır, lakin sonuncu hərracın keçirilməsi barədə hərracın sonuncu məktubunu almamış və bu barədə məlumatlandırılmamışlar. Onlar "xxxx" ASCyə olan borclarını sonuncu hərracda ödəmək qərarına gəlmiş və ona görə də mülkiyyətlərində olan torpaq sahəsini satışa çıxarmışlar. Hazırda yaranmış borcun ödənilməsi üçün onlarda imkan yaransa da, sonuncu hərrac barədə onlara məlumat verilməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. "xxxx" Açıq Səhmdar Cəmiyyəti nümayəndəsinin ərizəsi əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, həmçinin “AZEMİS” elektron informasiya sistemi vasitəsilə iddiaçıların nümayəndəsi və vəkilinə SMS xəbərdarlığı göndərilməklə və 070 222 38 12 mobil nömrə ilə əlaqə saxlanılmaqla məlumat verilmişdir. Lakin iddiaçılar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, 29.03.2022-ci il tarixinə təyin edilmiş məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iş üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddəsinə əsasən işə iddiaçıların və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, Bakı Hərrac Mərkəzi” MMC tərəfindən təqdim edilmiş sənədlərdən də görünür ki, hərrac “İpoteka haqqında” Qanunun 42-ci maddəsinə uyğun olaraq tam qanuni keçirilmişdir. Hərac keçirilməsi yeri və vaxtı barədə iddiaçılara lazımı qaydada məlumat verilmiş və hərracın keçilməsindən qabaq hər iki iddiaçı bu barədə bildirişi almışlar. Mübahisə predmeti olan əmlak "xxxx" ASC-nin mülkiyyətindədir. Hesab edir ki, hərracın etibarsız hesab edilməsi üçün heç bir əsass yoxdur. Odur ki, iddia əsassız olduğundan rədd eidlməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.10.2018-ci il tarixli 2(001)-139/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddia tələbi qismən təmin ediməsi, cavabdeh İddiaçı1 150000 ABŞ dolları əsas borc, 24909 ABŞ dolları faiz borcu, 11865 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, 200 ABŞ dolları cərimə olmaqla, cəmi 186974 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin xeyrinə tutulması, tutulmalı olan məbləğin İddiaçı2 məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Novxanı qəsəbəsi, 1060 saylı bağ evinə yönəldilməsi, həmin evin ilkin satış qiymətinin 293200 manat müəyyən edilərək açıq hərracda satılması, əldə edilmiş vəsait hesabına iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə ödənilməsi, tutma evə yönəldilərək açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdeh İddiaçı2 ailə üzvləri ilə birlikdə həmin evdən çıxarılaraq, ev boşaldılması və satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin İddiaçı1 tutulması və evin boşaldılması qət edilmişdir. İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 16.10.2018-ci il tarixli 2(001)- 139/2018 nömrəli icra vərəqəsinin surətindən görünür ki, Binəqədi Rayon Məhkəməsinin 16.10.2018-ci il tarixli 2(001)-139/2018 nömrəli qətnaməsi qanuni qüvvəyə minmiş və 21.12 2018-ci il tarixdə icra vərəqəsi verilməklə icra edilməsi üçün Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. İş materiallarında olan Binəqədi rayon İcra şöbəsinin 02.11.2021-ci il tarixli sifariş məktubunun müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.10.2018-ci il tarixli 2(001)-139/2018 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə tələbin yönəldiyi borclu İddiaçı2 mülkiyyətində olan ipotekaya qoyulmuş ilkin satış qiyməti 293200 manat olan Bakı şəhəri, Novxanı qəsəbəsi, 1060 saylı bağ evinin satılması ilə bağlı hərracın keçirilməsi "xxxx" MMC-yə sifariş verilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin açıq hərracın keçirilməsinə dair 12 noyabr 2021-ci il tarixli 604/21 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Binəqədi rayon İcra şöbəsinin 02.11.2021-ci il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Novxanı qəsəbəsi, 1060 saylı bağ evinə dair ilkin hərracın keçirilməsi 08 dekabr 2021-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. İş materiallarında olan sifarişli-xəbərnaməli poçt zərflərinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 göndərilmiş bildiriş “evdə yoxdur”, İddiaçı2 göndərilmiş bildiriş isə “ünvan tam deyil” qeydi yazılmaqla geri qayıtmışdır. İş materiallarında olan “Hərrac Market ” qəzetinin 12.11.2021-ci il tarixli buraxılışının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, ilkin satış qiyməti 293200 manat olan Bakı şəhəri, Novxanı qəsəbəsi, 1060 saylı bağ evinə dair açıq hərracın keçirilməsinin 08 dekabr 2021ci il tarixə, saat 11:00-a təyin edilməsi barədə elan dərc edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin açıq hərracın keçirilməsinə dair 10 dekabr 2021-ci il tarixli 604/21 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Novxanı qəsəbəsi, 1060 saylı bağ evininin satış qiyməti 249220 manat müəyyən edilməklə təkrar hərracın keçirilməsi 23 dekabr 2021-ci il tarixə saati 11:00-a təyin edilmişdir. İş materiallarında olan sifarişli-xəbərnaməli poçt zərflərinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 göndərilmiş bildiriş “köçüb”, İddiaçı2 göndərilmiş bildiriş isə “ünvan tam deyil” qeydi yazılmaqla geri qayıtmışdır. İş materiallarında olan “Hərrac Market” qəzetinin 10.12.2021-16.12.2021-ci il tarixli buraxılışının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Novxanı qəsəbəsi, 1060 saylı bağ evininin təkrar hərracdakı satış qiyməti 249220 manat olmaqla təkrar hərracın keçirilməsi 23 dekabr 2021-ci il tarixə saati 11:00-a təyin edilməsi barədə elan dərc edilmişdir. İş materiallarında olan 053099, 053100 və 060901 nömrəli qaimələrin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 və İddiaçı2 keçiriləcək təkrar hərracın vaxtı və yeri barədə bildirişi 22.12.2021-ci il tarixdə qəbul etmişdir. İş materiallarında olan “Hərrac Market” qəzetinin 24.12.2021-30.12.2021-ci il tarixli buraxılışının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Novxanı qəsəbəsi, 1060 saylı bağ evininin 249220 manat qiymətə satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq təkrar hərracın baş tutmaması barədə elan dərc edilmişdir. İş materiallarında olan "xxxx" MMC -nin “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 17 yanvar 2022-ci il tarixli 604/21 nömrəli protokolundan və "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış poteka predimetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 17 yanvar 2022-ci il tarixli müqavilədən müəyyən edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-139/2018 saylı 16 oktyabr 2018-cı il tarixli icra sənədi əsasında İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Novxanı qəsəbəsi, 1060 saylı bağ evininin ilkin satış qiyməti 293200 manat olmaqla hərraca çıxarılmışdır. Lakin keçirilən iki hərrac baş tutmadığına görə əmlakın ilkin satış qiyməti 293200 manatın enmiş faizləri: “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən 25 % aşağı salınmaqla, əmlakın son satış qiyməti 186915 manat müəyyən edilmişdir. Keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" ASC Bakı şəhəri, Novxanı qəsəbəsi, 1060 saylı bağ evini 186915 manata almışdır. “İpoteka haqqında” Qanunun 42.4-cü maddəsinə əsasən ipotekasaxlayan "xxxx" ASC tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki, Bakı şəhəri, Novxanı qəsəbəsi, 1060 saylı bağ evi tam mülkiyyət hüququ üzrə 04.03.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə "xxxx" ASC-nin adına qeydiyyata alınmışdır. “İcra haqqında” Qanunun 53.2-ci maddəsinə əsasən borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Qanunun 61.1-ci və 61.2-ci maddəsinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunın sifarişi əsasında keçirirlər. “İpoteka haqqında” Qanununun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. “İpoteka haqqında” Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 317.2-ci maddəsinə əsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Mülki Məcəllənin 414.3-cü maddəsinə əsasən bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Mülki Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən İddiaçı2 məxsus Bakı şəhəri, Novxanı qəsəbəsi, 1060 saylı bağ evinin 293200 manat məbləğində hərracın keçirilməsi 08 dekabr 2021-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. “Hərrac Market ” qəzetinin 12.11.2021- 18.11.2021-ci il tarixli buraxılışında bununla bağlı müvafiq elan dərc edilmişdir. İddiaçılara keçiriləcək hərracın vaxtı və yeri barədə sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmişdir. "xxxx" MMC tərəfindən İddiaçı2 məxsus Bakı şəhəri, Novxanı qəsəbəsi, 1060 saylı bağ evinin 249220 manat məbləğində təkrar hərracın keçirilməsi 23 dekabr 2021-ci il tarixə saati 11:00-a təyin edilmişdir. “Hərrac Market” qəzetinin 10.12.2021-16.12.2021-ci il tarixli buraxılışında bununla bağlı müvafiq elan dərc edilmişdir. İddiaçılara keçiriləcək hərracın vaxtı və yeri barədə sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmiş, lakin təqdim etmək mümkün olmamışdır. İddiaçı1 keçiriləcək təkrar hərracın vaxtı və yeri barədə 22.12.2021-ci il tarixdə şəxsən, İddiaçı2 isə İddiaçı1 vasitəsi ilə məlumatlandırılmışdır. Həmçinin müəyyən edilmişdir ki, “Hərrac Market” qəzetinin 22 dekabr 2021-ci il tarixli buraxılışında Bakı şəhəri, Novxanı qəsəbəsi, 1060 saylı bağ evinin 249220 manat qiymətə satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq təkrar hərracın baş tutmaması barədə elan dərc edilmişdir. "xxxx" MMC tərəfindən İddiaçı2 məxsus Bakı şəhəri, Novxanı qəsəbəsi, 1060 saylı bağ evinin təkrar hərracdakı qiymətindən 25% aşağı qiymətə, yəni 186915 manat qiymətə tələbkar "xxxx" ASC təklif edilmiş və qeyd edilən qiymətə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" ASC tərəfindən müvafiq əmlak əldə edilmişdir. Bununla bağlı, "xxxx" MMC -nin “İpoteka predimetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 17 yanvar 2022-ci il tarixli 604/21 nömrəli protokolu tərtib edilmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 hazırkı iddiası əsassızdır. İddiaçılar iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. İddiaçılar təkrar hərracın keçirilməsi barədə onlara məlumat verilməməsini qeyd etsələr də, iş materiallarında olan sənədlərdlə həm ilkin, həm də təkrar hərracın keçirilməsi barədə hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirilməsi və bu barədə iddiaçılara sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilməsi, həmçinin təkrar hərracın keçirilməsi barədə hər iki iddiaçıya ünvanlanmış bildirişin İddiaçı1 tərəfindən qəbul edildiyi təsdiq edilir. Odur ki, "xxxx" MMC tərəfindən hərrac “İpoteka haqqında” Qanunla və Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəməi iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” barədə tələbi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar