Məhkəmə qərarları › İş №2(004)-1253/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1253/2022

17.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1253/2022 17.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, iddiaçı – İddiaçı Şaqi qızının, cavabdeh – Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması tələbinə dair” mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların birgə nikahından doğulmuş 18.01.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh oğlu ilə 2018-ci ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 18.01.2020-ci il təvəllüdlü X2 doğulmuşdur. Ailə qurduqdan sonra cavabdehlə münasibətləri ilk vaxtlar yaxşı olsa da, sonradan pozulmuşdur. Aralarında olan nikah 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsində qarşılıqlı razılıq əsasında pozulmuşdur. Artıq bir müddətdir onlar faktiki olaraq ayrı yaşayırlar. Övladı onun himayəsindədir və cavabdeh övladının maddi təminatını yerinə yetirmir. Göstərilənlərə əsasən 18.01.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh oğlundan hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərmişdir ki, iddia tələbini qəbul edir, yəni, övladının saxlanması üçün hər ay ondan 193 manat sabit pul məbğində alimentin tutularaq İddiaçı ödənilməsinə razıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı Şaqi qızı arasında olan nikah 10.08.2019-cu il tarixdə 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində pozulmuşdur və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında həmin tarixdə 112 nömrəsi ilə qeydiyyat aparılmışdır. - doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflərin nikahından 18.01.2020-ci il təvəllüdlü X2 adlı övladı vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər 2018-ci il tarixdə nikaha daxil olmaqla ailə qurmuşlar. Nikahdan 18.01.2020-ci il təvəllüdlü X2 adlı bir övladları doğulmuşdur. Aralarında olan nikah 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsində qarşılıqlı razılıq əsasında pozulmuşdur. Belə ki, artıq bir müddətdir onlar faktiki olaraq ayrı yaşayırlar. İddiaçı övladının saxlanması üçün aliment tələb edir. Cavabdeh də aliment ödəməyə razıdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə iddia tələbini araşdıraraq, hesab edir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi və məbləği barədə razılıq olduğu üçün alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir. Həmin məbləğ müəyyən edilərkən aliment ödəyəcək şəxsin maddi vəziyyəti və sağlamlıq durumu nəzərə alınmalıdır. Həmçinin tələb edilən aliment məbləği minimal standartlara uyğun olmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh oğlundan hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, 18.01.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 24.01.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. 18.01.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 24.01.2022-ci il tarixdən başlayaraq Cavabdeh oğlundan hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar