Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-128/2025 12.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi, gecikdirilmiş günlərə görə dəbbə pulunun tutulması, xərclərin tutulması və 10.000 manat mənəvi zərərin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi, gecikdirilmiş günlərə görə dəbbə pulunun tutulması, xərclərin tutulması və 10.000 manat mənəvi zərərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol-nəqliyyat hadisəsi nəticəsində aldığı bədən xəsarətinə görə 1500 manat, avtomobilə vurulmuş zərərə görə 2520 manat, əlavə xərclərə görə 440 manat, ərizə xarakterli məktubların göndərilməsi üzrə poçt xərclərinə dair 43,52 manat, sığorta ödənişinin 172 gün gecikdirilməsinə görə hər gün üçün 0,1% olmaqla 691,44 manat və mənəvi zərərə görə 10.000 manat pulun cavabdeh "xxxx" ASC-dən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixdə özünə məxsus olan Vaz 2115 markalı 04BJ556 dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisində hərəkətdə olarkən X1 idarə etdiyi Vaz 2106 markalı 36BK087 dövlət qeydiyyat nişanlı avtomobillə iddiaçının avtomobilinə vurmuşdur. Nəticədə iddiaçı bədən xəsarətləri almış, avtomobilinə də zərər dəymişdir. Lakin, cavabdeh "xxxx" ASC tərəfindən sığorta ödənişinin həyata keçirilməsi təmin edilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi xahiş edilir. İddiaçı tərəf məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iştirak edərək avtomobilə vurulmuş zərər kimi qiymətləndirmə rəyi üzrə 1690 manat pulun ödənilməsi barədə cavabdeh tərəfin razı olduğunu bildirmiş, iddia tələbinin qalan hissədə təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan DİN Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara əsasən müəyyən edilir ki, sözügedən yol nəqliyyat hadisəsi üzrə Vaz 2106 markalı 36BK087 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 təqsirli bilinmişdir. İş materiallarına Vaz 2115 markalı 04BJ556 dövlət qeydiyyat nişanlı avtomobilin fotoşəkilləri və İddiaçı müvafiq tibbi sənədlərinin surətləri əlavə edilmişdir. İş materiallarında olan “Avtomobillərə texni xidmət məntəqəsi”nin xx.xx.2021-ci il tarixli 03 nömrəli qüsur aktına əsasən müəyyən edilir ki, İddiaçı məxsus olan Vaz 2115 markalı 04BJ556 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 2520 manat təşkil edir. İş materiallarına cavabdeh "xxxx" ASC tərəfindən əlavə edilmiş Dəymiş zərərin hesabata əsasən müəyyən edilir ki, İddiaçı məxsus olan Vaz 2115 markalı 04BJ556 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 1404 manat təşkil edir. İş materiallarına cavabdeh "xxxx" ASC tərəfindən əlavə edilmiş xx.xx.2025-ci il tarixli sığorta ödənişinin məbləği ilə razılaşma barədə sığorta aktına əlavəyə əsasən müəyyən edilir ki, sığorta hadisəsi üzrə İddiaçı vurulmuş az ağır bədən xəsarətlərinə görə 1500 manat sığorta ödənişi edilmişdir. İş materiallarına İddiaçı tərəfindən müxtəlif dövlət orqanlarına göndərilmiş şikayət ərizələri üzrə müvafiq poçt qəbzləri əlavə edilmişdir. İş materiallarında olan X3 Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli rəyinə əsasən müəyyən edilir ki, İddiaçı məxsus olan Vaz 2115 markalı 04BJ556 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 1690 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil etmiş və xidmət haqqı İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində tərəflər arasında bağlanmış sığorta müqaviləsinin şərtləri (öhdəlik münasibətləri) çıxış edir. “İcbarı Sığortalar” haqqında Azərbaycan Respublikası qanununun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat hadisəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkənin üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Mülki Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 926.1-ci maddsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 904.1-ci maddəsinə əsasən, sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. Həmin Məcəllənin 934.1-ci maddəsinə əsasən, bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda pulla müəyyən edilir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərər dedikdə, maddi (real zərər və əldən çıxmış fayda) və mənəvi zərər başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə özünə məxsus olan Vaz 2115 markalı 04BJ556 dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisində hərəkətdə olarkən X1 idarə etdiyi Vaz 2106 markalı 36BK087 dövlət qeydiyyat nişanlı avtomobillə iddiaçının avtomobilinə vurmuşdur. Nəticədə iddiaçı bədən xəsarətləri almış, avtomobilinə də zərər dəymişdir. DİN Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara əsasən sözügedən yol nəqliyyat hadisəsi üzrə Vaz 2106 markalı 36BK087 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 təqsirli bilinmişdir. “Avtomobillərə texni xidmət məntəqəsi”nin xx.xx.2021-ci il tarixli 03 nömrəli qüsur aktına əsasən İddiaçı məxsus olan Vaz 2115 markalı 04BJ556 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 2520 manat təşkil edir. Cavabdeh "xxxx" ASC tərəfindən əlavə edilmiş Dəymiş zərərin hesabata əsasən, İddiaçı məxsus olan Vaz 2115 markalı 04BJ556 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 1404 manat təşkil edir. X3 Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli rəyinə əsasən, İddiaçı məxsus olan Vaz 2115 markalı 04BJ556 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 1690 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil etmiş və xidmət haqqı İddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh "xxxx" ASC tərəfindən əlavə edilmiş xx.xx.2025-ci il tarixli sığorta ödənişinin məbləği ilə razılaşma barədə sığorta aktına əlavəyə əsasən, sığorta hadisəsi üzrə İddiaçı vurulmuş az ağır bədən xəsarətlərinə görə 1500 manat sığorta ödənişi edilmişdir (mülki işin mübahisəsiz halıdır). Sığorta vəsaitinin gec ödənilməsinin səbəbi avtomobilə ödəniləcək sığorta məbləği ilə bağlı mübahisə olduğundan iddiaçı tərəfindən qəbul edilməməsi olmuşdur. Məhkəmə prosesi zamanı məhkəmə tərəfindən iddiaçıya və cavabdehə bildirilmişdir ki, sözügedən sığorta ödənişinin təmin edilməsi məqsədə müvafiqdir. Bundan sonra həmin 1500 manat vəsait iddiaçı tərəfindən qəbul edilmiş və sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı və cavabdeh tərəfindən avtomobilə vurulmuş zərərlə bağlı təqdim edilmiş müvafiq qiymətləndirmə aktlarında ziddiyyətin olması müəyyəndir. Avtomobilin buraxılış ili, markası nəzərə alınmaqla X3 Mərkəzi MMC-nin xx.xx.2025ci il tarixli rəyi məhkəmə tərəfindən daha mötəbər və əsaslı hesab edilir. Cavabdeh sığorta şirkəti tərəfindən iddiaçıya təxminən 1400 manat dəyərində sığorta ödənişinin təklif edilməsi, lakin, həmin məbləğin zərərin real həcmindən nisbətən aşağı olması əsası ilə iddiaçı tərəfindən qəbul edilməməsi və mübahisənin məhkəmə müstəvisinə çıxarılması ilə bağlı iddiaçının iradə ifadəsi, dolayı yolla obyektiv faktiki vəziyyət nəzərə alınmalıdır. İddia tələbi üzrə əlavə xərclərə görə 440 manat pulun tutulması ilə bağlı iddiaçı tərəfindən sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin, ərizə xarakterli məktubların göndərilməsi üzrə poçt xərclərinə dair 43,52 manat pulun tutulmasına dair hissədə məhkəmə qeyd edir ki, sözügedən dövlət orqanları sığorta ödənişini həyata keçirmək və ya sığorta şirkətlərinin fəaliyyətinə nəzarət etməklə bağlı mükəlləf deyildirlər. Sığorta ödənişi ilə bağlı müraciət sığorta şirkətinə edilməli, razılaşma əldə edilmədikdə və ya imtina alındıqda isə məhkəməyə müraciət edilməlidir. Odur ki, iddiaçının cavabdeh sığorta şirkətinin hərəkətləri ilə bağlı olmayan, cavabdehin hər hansı təqsiri olmadan ödədiyi xərclər cavabdehdən tutula bilməz. Hazırki mübahisə üzrə cavabdeh sığorta şirkəti tərəfindən sığorta ödənişindən imtina edilməmiş, mübahisə yalnız avtomobilə vurulmuş zərərin və sığorta ödənişinin həcmi ilə bağlı olmuşdur. Odur ki, sığorta ödənişinin 172 gün gecikdirilməsinə görə hər gün üçün 0,1% olmaqla 691,44 manat pulun tutulması hissəsində iddia tələbi əsassızdır. Lakin, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra cavabdeh sığorta şirkəti tərəfindən icra edilmədikdə müvafiq dəbbə pulunun tutulması məsələsinə baxıla bilər. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Delikt hüquq institutunun əsaslarını nəzərdən keçirdikdən sonra məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə mənəvi zərərlər bağlı yuxarıda qeyd olunan dispozitiv şərtlər sübuta yetirilmir. Məhkəmə qeyd edir ki, cavabdeh sığorta şirkətinin rəhbəri barədə xüsusi qərardadın çıxarılmasına əsaslar müəyyən edilmir. İddiaçıya izah edilir ki, müvafiq hüquq mühafizə orqanlarına cinayət prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada ərizə ilə müraciət etmək hüququ vardır. Məhkəmə tələbə iddia həddində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin qismən təmin olunması əsası ilə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 37 (otuz yeddi) manat hissəsi, qiymətləndirmə ilə bağlı keçirilmiş X3 Mərkəzi MMC-yə ödənilmiş 200 (iki yüz) manat xidmət haqqı cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 1690 (min altı yüz doxsan) manat pul, ödənilmiş dövlət rüsumunun 37 (otuz yeddi) manat hissəsi, qiymətləndirmə ilə bağlı keçirilmiş X3 Mərkəzi MMC-yə ödənilmiş 200 (iki yüz) manat xidmət haqqı tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi, gecikdirilmiş günlərə görə dəbbə pulunun tutulması, xərclərin tutulması və 10.000 manat mənəvi zərərin tutulması” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 1690 (min altı yüz doxsan) manat pul, ödənilmiş dövlət rüsumunun 37 (otuz yeddi) manat hissəsi, qiymətləndirmə ilə bağlı keçirilmiş X3 Mərkəzi MMC-yə ödənilmiş 200 (iki yüz) manat xidmət haqqı tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-128/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-128/2025
12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver