Məhkəmə qərarları › İş №2(004)-131/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-131/2022

29.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-131/2022 29.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri Cavabdeh2nə, Bakı şəhəri 53 saylı notariat ofisi xüsusi notariusu X1 qarşı müqavilənin qismən ləğv edilməsi, ipoteka predmetinin satış qiymətinin müəyyən edilməsi və icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında xx.xx.2019-cu il tarixdə bağlanmış ipoteka müqaviləsinin 2.3-cü bəndinin (ipoteka predmetinin dəyərinə dair) ləğv edilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilmiş müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonra iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək əlavə cavabdeh qismində Cavabdeh2 və Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X2 göstərməklə ilk ərizədə göstərilən tələblərlə yanaşı Bakı şəhəri Cavabdeh3 xüsusi notariusu X3 tərəfindən aparılmış xx.xx.2020-ci il tarixli 8İ-6740 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh1 ilə kredit müqaviləsi bağlayaraq ondan xx.xx.2019-cu il tarixədək geri qaytarmaq şərti ilə 50000 manat məbləğində kreditə pul götürmüşdür. İddiaçı götürülən kreditin təminatı kimi xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən iddiaçıya məxsus Bakı şəhəri Şağan qəsəbəsində yerləşən 388 saylı sahəni girov qoymuşdur. Kredit müqaviləsinin müddəti başa çatdıqdan sonra iddiaçı müqavilə üzrə nəzərdə tutulan pulu geri qaytara bilmədiyi üçün cavabdeh müqavilə bağlanan Bakı şəhəri Cavabdeh3na müraciət etmiş və notariat kontoru xx.xx.2020-ci il tarixdə icra qeydi qəbul edərək icra olunması üçün Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinə göndərmişdir. xx.xx.2019-cu il tarixdə iddiaçı ilə cavabdeh arasında ipoteka müqaviləsi bağlanılarkən ipoteka predmeti olan Bakı şəhəri Şağan qəsəbəsində yerləşən 388 saylı sahənin üzərində tikili yox idi, bu səbəbdən ipoteka pretmetinin ilkin satış qiyməti ipoteka müqaviləsinin 2.3-cü maddəsində 110000 manat məbləğində müəyyən edilmişdir. Hal-hazırda həmin torpaq sahəsinin üzərində dəyəri 600000 manata yaxın olan ev (villa, hovuz, manqalxana, besedka daxil olmaqla) vardır, həmçinin ötən 2 il ərzində torpağın öz dəyəri 30% əvvəlki qiymətinə münasibətdə artmışdır. Belə olan halda faktiki olaraq 700000 manata yaxın olan ipoteka predmetinin ilkin satış qiymətinin 110000 manat müəyyən edilməsi iddiaçının hüquqlarının pozulması deməkdir. Nizami rayon İcra və Probasiya Şöbəsi iddiaçıya məxsus əmlakı dəyərindən dəfələrlə ucuz qiymətə hərracdan satılması istiqamətində tədbirlər görür. Beləliklə göründüyü kimi, ipoteka predmetinin faktiki qiyməti 700000 manat olduğu səbəbindən iddiaçı ipoteka müqaviləsinin 2.3-cü bəndində göstərilən ilkin satış qiyməti olan 110000 manat qiymətlə narazıdır və bu səbəbdən də ipoteka predmetinin məhkəmə tərəfindən müəyyən edilmiş müstəqil qiymətləndiricinin rəyi əsasında qiymətləndirilməsini tələb edir. Qeyd olunan bəndin ləğv edilməsi və ipoteka predmetinə yeni qiymət qoyulması barədə qarşı tərəfə xx.xx.2021-ci il tarixdə iddiaçı təklif göndərsə də, qarşı tərəfin yaşadığı və qeydiyyatda olduğu ünvanda ərizəni götürməkdən imtina etmişdirlər. Bu barədə "xxxx" MMC kuryer şirkəti tərəfindən müvafiq akt tərtib edilmişdir. Bundan əlavə Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən aparılmış xx.xx.2020-ci il tarixli 8İ-6740 reyestr nömrəli icra qeydi qanunvericiliyin tələbləri pozulmaqla verilmişdir. Odur ki, ləğv edilməlidir. Belə ki, notarius borcun mübahisəsiz olduğunu araşdırmamış, icra müddəti çatmamış öhdəlik üzrə icra qeydi vermişdir. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək izahatında bildirmişdir ki, İddiaçı iddia ərizəsində məhkəməni aldatmağa cəhd edərək, ipoteka müqaviləsi bağlanana qədər, yəni xx.xx.2019-cu il tarixədək ipoteka predmeti olan 0.075 ha torpaq sahəsində guya heç bir tikilinin olmadığını göstərmişdir. Tərəflər arasında ipoteka müqaviləsi bağlanana qədər borclu İddiaçı mülkiyyətində olan və Bakı Şəhəri Xəzər rayonu Şağan qəsəbəsi 388 ünvanda yerləşən, ipoteka predmeti olan 0.075 ha torpaq sahəsində fərdi yaşayış evi və digər tikililər mövcud olmuşdur. Belə ki, ipoteka predmeti olan 0.075 ha torpaq sahəsində fərdi yaşayış evi və digər tikililərin 2019-cu ilə qədər mövcud olmasını, yəni 2017-ci ildə inşa edildiyini "X5"-dan asanlıqla görmək olur. Bundan başqa evin satışı barədə iddiaçı tərəfindən verilmiş elanlardan həmin fərdi yaşayış evinin, digər tikililərin torpaq sahəsi ilə bir yerdə satılması üçün borclu İddiaçı tərəfindən 2018-ci il tarixdə daşınmaz əmlakın alqı-satqısı üçün yaradılmış müxtəlif saytlarda elanlar yerləşdirilmişdir. İş materiallarında olan borc verən Cavabdeh1 ilə borc alan İddiaçı arasında bağlanmış 1 fevral 2019-cu il tarixli ipoteka müqaviləsində ipoteka predmetində yerləşən tikililər barədə heç bir müddəa qeyd edilməmişdir. Çünki həmin tikililərin ipoteka predmetinə daxil edilməsi mümkün ola bilməzdi, belə ki, onların üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində heç bir şəxsin adına qeydiyyata alınmamışdır. Bundan başqa iş materiallarından göründüyü kimi borc verən Cavabdeh1 ilə borc alan İddiaçı arasında bağlanmış 1 fevral 2019-cu il tarixli kredit müqaviləsinə əsasən, borclu 50 000 manat məbləğində pul vəsaitini borc almış və həmin pul vəsaitinin cavabdehə 01 may 2019-cu il tarixə qədər qaytaracağı barədə öz üzərinə öhdəlik götürmüşdür. Borc müqaviləsinin təminatı kimi tərəflər arasında bağlanmış ipoteka müqaviləsində isə girov qoyulmuş ipoteka predmeti olan 0.075 ha torpaq sahəsinin qiyməti tərəflərin qarşılıqlı razılaşmasına əsasən 110.000 manat məbləğində müəyyən edilmişdir. Lakin borc götürdüyü 50 000 manat məbləğində pul vəsaitini borclu uzun müddət ərzində qaytarmadığına görə notariusun xx.xx.2020-ci il tarixli 8İ-6740 reyestr nömrəli icra qeydinə əsasən həmin əmlaka tutmanın yönəldilmsi qərara alınmışdır. Belə ki, borclu icra sənədi üzrə icraatın başlandığı və ipoteka predmetinə tutmanın yönəldiyi vaxt kredit müqaviləsi üzrə öhdəliyinin yerinə yetirilməsindən, yəni borcunu ödəməkdən yayınmaq üçün icra icraatı çərçivəsində məhkəməyə ərizə vermək əvəzinə, vicdansızcasına əsassız iddia vermiş və əsassız vəsatətlərlə işin yekunlaşmasına mane olur. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər Bakı şəhəri Cavabdeh2 və Bakı şəhəri 53 saylı Notariat Ofisi məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6425 saylı ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi 388 saylı ünvanda yerləşən İddiaçı məxsus 0,075 ha torpaq sahəsinin hazırkı vaxtda mövcud olan orta bazar qiyməti təqribən 118 500 manat, həmin ünvanda yerləşən tikililərin (villa, hovuz, manqalxana və s.) hazırkı vaxtda mövcud olan bazar qiyməti isə təqribən 431500 manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun: 38.2. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin müstəqil qiymətləndiricilər qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunduqda buna görə xərclər ipoteka saxlayan tərəfindən ödənilir və bu xərclər ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına ona qaytarılır. 51.1. İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ipotekası zamanı ipoteka hüququ ipoteka qoyanın həmin sahədə yerləşən və ya tikilən binalarına, tikililərinə və qurğularına şamil edilmir. Ekspert rəyindən görünür ki, tərəflər arasında ipoteka müqaviləsi bağlanandan sonra ipoteka qoyulmuş əmlak – torpaq sahəsinin dəyərində əhəmiyyətli dərəcədə artım olmuşdur. Belə ki, müqavilə bağlanan zaman torpaq sahəsinin dəyəri 110 000 manat olduğu halda, hal-hazırda həmin torpaq sahəsinin dəyəri 8500 manat artaraq 118 500 manat olmuşdur. Tərəflər arasında ipoteka müqaviləsi ilə ipoteka predmeti olan torpaq sahəsinin dəyərinin yeni qiymətə uyğunlaşdırılması barədə razılıq əldə edilməmişdir. Halhazırda torpaq sahəsinin müqavilə ilə razılaşdırılmış qiymətə satılması, ipoteka qoyan iddiaçının əmlak mənafelərini pozulmasına gətirib çıxara bilər. Odur ki, məhkəmə hesab edir ki, iddia xx.xx.2019-cu il tarixdə bağlanmış ipoteka müqaviləsinin 2.3-cü bəndinin (ipoteka predmetinin dəyərinə dair) ləğv edilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilmiş müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilməsi” hissəsində əsaslıdır və təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia “Bakı şəhəri 53 saylı notariat ofisinin notariusu tərəfindən aparılmış xx.xx.2020-ci il tarixli 8İ-6740 reyestr nömrəli icra qeydinin ləğv edilməsi” hissəsində əsassızdır və rədd olunmalıdır. Belə ki, cavabdeh 53 saylı Notariat Ofisi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli, 3M-290 və 3M-291 reyestr nömrəli kredit və ipoteka müqaviləsinə dair notariat işlərinin təsdiq edilmiş surətlərindən görünür ki, notarius tərəfindən icra qeydi verilərkən qanunvericinin tələbləri pozulmamış, borc mübahisəsiz olmuş və kredit müqaviləsi ilə müəyyən edilmiş kreditin icra müddəti keçmişdir. Eyni zamanda məhkəmə iclasında verilmiş izahatlar və iddia ərizəsindən görünür ki, kredit müqaviləsi üzrə verilmiş borc hal-hazıradək ödənilməmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 76. İcra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış reyestrdə 3M-291 nömrə ilə qeydə alınmış ipoteka müqaviləsinin 2.3-cü bəndi (ipoteka predmetinin dəyərinə dair) ləğv edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı № ******* saylı, 28 mart 2017-ci il tarixli çıxarışa əsasən İddiaçı məxsus ünvan ünvanında yerləşən 0,075 ha torpaq sahəsinin hərraca çıxarılacaq ilkin satış qiyməti 118 500 (yüz on səkkiz min beş yüz) manat məbləğində müəyyən olunsun. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar