Məhkəmə qərarları › İş №2(004)-1339/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1339/2021

06.07.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1339/2021 06.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdeh "Cavabdeh" MMC-yə qarşı “əmək haqqı ödənişlərinin və işdən çıxma ilə bağlı son haqq-hesabın, istifadə edilməmiş məzuniyyət haqqının ödənilməsi tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X3 cavabdeh "Cavabdeh" MMC-yə qarşı “əmək haqqı ödənişlərinin və işdən çıxma ilə bağlı son haqq-hesabın, istifadə edilməmiş məzuniyyət haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əmək haqqı ilə bağlı ödənilməmiş 7190 manat məbləğində pulun, işdən çıxma ilə bağlı son haqq-hesabın və istifadə edilməmiş məzuniyyət haqqının alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh təşkilatla 26.07.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən həmin müəssisəyə qablama ustası vəzifəsində işə qəbul edilmiş və aylıq əmək haqqı 990 manat müəyyən edilmişdir. Müqaviləyə 31.11.2020-ci il tarixdə xitam verilmişdir. Lakin cavabdeh onun əmək haqqını tam olaraq ödəməmişdir. Belə ki, 2020-ci ilin yanvaravqust ayları ərzində cavabdeh təşkilat ona hər ay aylıq əmək haqqısının yarısını- 445 manat ödəmiş, 2020-ci ilin noyabr ayı da daxil olmaqla 4 ay ümumiyyətlə əmək haqqı ödəməmişdir. Nəticədə cavabdeh təşkilatın ona cəmi 7190 manat əmək haqqı borcu qalmışdır. Bununla bağlı AR ƏƏSMN-nə şikayət etmiş, şikayəti araşdıran X4 Xidməti Bakı şəhər İdarəsinin 04.11.2020-ci il tarixli məktubunda əmək haqqının ödənilməsində qanun pozuntusuna yol verildiyinin öz təsdiqini tapdığı və buna görə də cavabdeh təşkilatın rəhbəri F.Kazımlı barəsində tədbir görüldüyü və onun haqqında AR İXM-nin 192.4-cü maddəsi ilə protokolun tərtib olunduğu və əmək haqqının düzgün hesablanaraq ödənilməsi ilə bağlı F.Kazımlıya rəsmi məktubun göndərildiyi bildirilmişdir. Lakin bütün bunlara baxmayaraq əmək haqqı ödənilməmişdir. Hətta əmək müqaviləsinə xitam verilməsi ilə bağlı son haqq-hesab, istifadə edilməmiş məzuniyyət haqqı da ödənilməmişdir. Bütün bunlar isə onun əmək hüquqlarının pozulmasına xidmət etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X6 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, iddia tələbi ilə bağlı bir müddət əvvəldən araşdırmalar aparılmasına başlamışlar. Həmin müəssisənin fəaliyyətində nöqsan aşkarlandığı üçün tənbeh tədbiri tətbiq edilmişdir. Müəssisə rəhbərliyi ilə əlaqə yaratmağa dəfələrlə cəhd göstərilməsinə baxmayaraq, heç bir səlahiyyətli şəxslə əlaqə qurmaq mümkün olmamışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, ödəniş çox az hesablanıb, bu barədə müəssisəyə bildirilmiş, onlar maddi durumlarının pis vəziyyətdə olmasına istinad etmişlər, lakin ən pis halda əmək haqqı 2/3 hesablana bilərdi. Göstərilənlərə əsasən iddianın təmin olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh "Cavabdeh" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatların dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 26.07.2019-cu il tarixli əmək müqaviləsinə əsasən iddiaçı X3 26.07.2019-cu il tarixdən "Cavabdeh" MMC-də əmək müqaviləsi əsasında aylıq əmək haqqı 990 manat olmaqla, qablama ustası vəzifəsində işə qəbul edilmiş və 31.11.2020-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh "Cavabdeh" MMC tərəfindən 2020-ci ilin yanvaravqust ayları ərzində iddiaçı X2 hər ay aylıq əmək haqqısının yarısı- 445 manat ödənilmiş, 2020-ci ilin noyabr ayı da daxil olmaqla 4 ay ümumiyyətlə əmək haqqı ödəməmişdir. Nəticədə cavabdeh təşkilatın iddiaçıya cəmi 7190 manat əmək haqqı borcu qalmışdır. İş materiallarına əlavə edilmiş AR ƏƏSMN-nin yanında X4 Xidməti Bakı şəhər İdarəsinin 04.11.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçının əmək hüquqlarının pozulması barədə müraciətinə X4 Xidmətinin Bakı şəhər İdarəsində baxılmış, bununla əlaqədar Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən əmək haqqının ödənilməsində qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilmişdir. Bu səbəbdən də, F.Kazımlı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən təqdim edilmiş məktubdan və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin “Əmək müqaviləsi bildirişi” alt sisteminə baxış keçirilərkən əmək müqaviləsinin bağlanılmasına dair əmək müqaviləsi bildirişinin qüvvədə olduğu müəyyən edilmişdir. Həmçinin əmək haqqının düzgün hesablanıb ödənilməsi ilə bağlı F.Kazımlıya rəsmi məktub göndərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə görə əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 172-ci maddəsinin 1-ci hissəsinə görə aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmin Məcəllənin 172-ci maddəsinin 2-ci hissəsinə görə kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. Tərəflər arasında bağlanmış 26.07.2019-cu il tarixli əmək müqaviləsinin 4.2-ci bəndinə görə, tərəflər əmək haqqının ayda bir dəfə ödənilməsi ilə bağlı razılaşmışdırlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci bəndinə görə işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırdmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Beləliklə, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsini və Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinin tələblərini əsas tutaraq məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbi təmin edilməklə, cavabdeh "Cavabdeh" MMC-dən əmək haqqı ilə bağlı ödənilməmiş 7190 manat məbləğində pul, işdən çıxma ilə bağlı son haqq-hesabın və istifadə edilməmiş məzuniyyət haqqı alınaraq iddiaçı X2 ödənilməsidir. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh "Cavabdeh" MMC tərəfindən ödənilməmiş 7190 (yeddi min bir yüz doxsan) manat əmək haqqı, istifadə edilməmiş məzuniyyətlərə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya və ödənilməmiş son haqq-hesab hesablanaraq, iddiaçı X2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar