Məhkəmə qərarları › İş №2(004)-1354/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1354/2025

12.05.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1354/2025 12.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X2 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin ləğvi və pul tələbinə dair mülki iş üzrə (açar sözlər: müqavilənin ləğvi və pulun tutulması, tapşırıq müqaviləsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “X2 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin ləğvi və pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə “X2 Mərkəzi” MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli "xxxx" müqaviləsinə əsasən MMC tələbənin Türkiyə Respublikasında ali təhsil müəssisəsinə bakalavr pilləsinə qəbul prosesinin başa çatdırılmasını öhdəlik kimi götürmüşdür. Müqavilədən görünür ki, təklif edilən fakültələr qrafasında “Spor fakültəsi” qeydi qoyulmuşdur.

2. Müqavilənin: 1.2 və 1.3-cü bəndinə əsasən öhdəliyin ölçüsü 1540 manatdır. Öhdəlik 4 ay müddətində icra edilməlidir. 3.1.4-cü bəndinə əsasən tələbənin qəbul prosesi ilə bağlı ilkin olaraq 600 manat almaq MMC-nin hüququdur. 3.1.7-ci bəndinə əsasən tələbənin sağlamlıq problemi olmadığı halda istənilən səbəbdən və prosesin istənilən mərhələsində proqrama qatılmaqdan imtina edərsə ödəmiş olduğu ilkin məbləği geri qaytarmamaq MMC-nin hüququdur. 7.2-ci bəndinə əsasən tələbənin Türkiyədə müqavilə ilə müəyyən edilmiş qaydada qəbul prosesi başa çatdırıldığı anda müqavilə qüvvədən düşmüş hesab edilir.

3. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, 600 manat pul MMC-nin hesabına köçürülmüşdür.

4. İddiaçı cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli bildirişlə ödədiyi 600 manat məbləğdə pulun geri qaytarılmasını tələb etmişdir.

5. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, MMC tərəfindən tələbənin Türkiyə Respublikasında ali təhsil müəssisəsinə bakalavr pilləsinə qəbul prosesi təşkil ediləcəkdir.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və sonradan tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış müqavilənin ləğv edilməsi, cavabdehə ödənilən 600 manatın və 130 manat məblədə ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddianın əsaslarına görə, iddiaçı xx.xx.2024-cü ildə oğlunun təhsili ilə bağlı “X2 Mərkəzi” MMC-yə mürariət etmişdir. Onu MMC-ni idarə edən Günay xanım adınlı biri qarşılayıb və söyləyib ki, xarici təhsillə bağlı köməklik göstərərək və göstərilən xidmətə görə rəsmi olaraq müqavilə bağlanmalıdır. O etiraz eləmədi və həmin gün o və oranı idarə edən direktor Nümayəndə - “Math Group” Tədris Mərkəzinin rəhbəri ilə müqavilə bağlanmış müqavilə əsasında onlara 600 manat dəyərində pul ödəmiş, ona bu məbləğin içində aparmaq, oturum izni, sığorta və yerləşdirmə də olacağını qeyd etmişdir. Bir müddət keçəndən sonra xx.xx.2024-cü ildə onu Günay xanım çağırıb və oğluna İstanbul şəhərində X1 Universitetindən qəbul gəldiyini söyləmişdir. Həmin zaman ona demişlər ki, təcili ora getməlidir və oğlunun xx.xx.2024-cü ilə qədər sənədlərini verməlidir ona görə ki, sənədlərin qəbulunun axırıncı günüdür. Buna etiraz etməmiş və həmin gün “Azal” şirkəti ilə əlaqə saxlayaraq biletin qiymətini soruşmuşdur. Biletin qiyməti bir günə gediş - gəliş 1600 mamat təşkil edirdi. O dərhal Günay xanıma zəng edərək biletin çox baha olduğunu, bilet ala bilməyəcəyini söyləmişdir. O, şirkətin nümayəndəsi İsmayılov Orxanın adına notariusda etibarnamə verərək, səhəri gün şirkətə gedib direktoru Nümayəndə oğlunun tam şəkildə konvertdə olan sənədlərini təhvil vermişdir. Nümayəndə ona narahat olmamasını, sənədlərin vaxtında universistetə çatdırılacağını desə də, axırıncı gün olan xx.xx.2024-cü il tarixdə nümayəndə Orxan ona zəng edərək sənədlərin qəbul prosesində valideynin iştirakının məcburi olduğunu və artıq sonuncu gün olduğundan sənəd qəbulunun yekunlaşdığını bildirmişdir. İki gündən sonra o şirkətin direktoru Nümayəndə yanına getmiş, direktor ona özünün İstanbul şəhərinə, universitetə getməsini məsləhət bilmiş, o isə oğlunun sənədlərini tam şəkildə təhvil alaraq, məcburiyyət qarşısında qalaraq başqa şirkətlə müqavilə bağlamışdır.

b) iddiaya qarşı etiraz

8. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) məhkəmə icraat iştiakçılarının izahatları

9. İddiaçı iddia ərizəsinə uyğun izahat verib, göstərdi ki, cavabdeh şirkət müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir, o məcbur qalıb başqa şirkətlə müqavilə bağlamışdır. İlkin ödədiyi 600 manat məbləğdə pul geri qaytarılmalıdır.

10. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclaslarında isə iddia tələbini qəbul etməyərək, göstərmişdir ki, müqavilə üzrə öhdəlik müddəti 4 ay müəyyənləşdirilib. Lakin iddiaçı səbrsiz davranıb danışıq və qəbul vaxtında başqa şirkətdən Bayburt universitetinə qəbul alıb.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir; Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər; Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür; Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir; Maddə 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir; Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir; Maddə 786.1. Tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər. Əgər müqavilə əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən tərəf digər tərəfin düşdüyü zərərin əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin ləğvinə səbəbin bilavasitə digər tərəfin hərəkəti nəticəsində baş verdiyini və ya həmin hərəkətlərlə bağlı olduğunu sübut etməsin; Maddə 786.5. Əgər vəkalət alan tərəfindən müqaviləyə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verən və ya həmin hərəkətlə bağlı olan səbəbə görə xitam verilirsə, vəkalət alan vəkalət verəndən görülmüş işlərin haqqını tələb edə bilər.

12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarı: ““Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. ... Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: – digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (məsələn, Mülki Məcəllənin 719.7-ci maddəsində müəyyən edildiyi kimi); – Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda (məsələn, Mülki Məcəllənin 786.1-ci maddəsində göstərilən hal). Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.”

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

Məhkəmə baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

15. İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli müqavilə bağlanmış, müqaviləyə əsasən razılaşdırılmışdır ki, cavabdeh tərəfindən tələbənin Türkiyə Respublikasında ali təhsil müəssisələrinə bakalavr pilləsinə qəbul prosesi başa çatdırılmalıdır. İddiaçı tərəfindən ilkin olaraq, 600 manat məbləğdə ödəniş edilmişdir.

16. İddiaçı hazırda cavabdehlə aralarında bağlanmış müqavilənin ləvğ edilməsini və ödənilmiş 600 manat məbləğdə pulun geri qaytarılmasını xahiş edir. Əsas olaraq isə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilmədiyi göstərilir.

17. Tərəflərin faktiki münasibətlərini maddi-hüquqi əsaslar baxımından yoxlayan məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında ödəniş müqabilində - muzd əsasında yazılı tapşırıq müqaviləsi bağlanmışdır.

18. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

19. Hazırkı halda vəkalət alan olaraq cavabdehin öhdəsinə götürdüyü iş tələbənin – iddiaçının oğlunun Türkiyə Respublikasında ali təhsil müəssisəsinə bakalavr pilləsinə qəbul prosesinin başa çatdırılmasından ibarət olmuşdur.

20. İddiaçının sözügedən müqavilənin ləğv edilməsi tələbinə münasibətdə:

21. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər.

22. Mülki Məcəllənin 786.1-ci maddəsində tapşırıq münasibətlərində tapşırıq müqaviləsinin hər bir iştirakçısının müqaviləni istənilən vaxt ləğv edə biləcəyi göstərilmişdir.

23. Hazırkı halda, tərəflər arasındakı müqavilənin ləğv edilməsi işin halları ilə təsdiqini tapır.

24. Belə ki, iddiaçı özü uşağının qəbul prosesi ilə bağlı toplanmış sənədləri 2024-cü ilin avqust ayında cavabdehdən təhvil aldığını, bir neçə gün sonra başqa şirkətlə müqavilə bağladığını və qəbul prosesinin həmin şirkətlə yekunlaşdığını təsdiq edir.

24. Odur ki, sənədlərin cavabdehdən təhvil alındığı vaxtdan tərəflər arasındakı müqavilə artıq ləğv edilmişdi. İndi isə iddiaçının müqavilənin ləğvi ilə bağlı tələbi olduğundan, müqavilənin artıq ləğv edildiyi təsbit edilməli, müqavilə ləğv edilmiş hesab edilməlidir.

25. Ödənilmiş 600 manat məbləğdə pulun qaytarılması tələbi ilə bağlı:

26. Tərəflər arasındakı müqavilə ləğv edilsə də müqavilənin kimin təqsiri ucbatından ləğv edilməsi ilə bağlı ixtilaf mövcuddur. Bu hissədə iddiaçı müqavilənin cavabdehin təqsiri ucbatından, cavabdeh isə iddiaçının özünün təşəbbüsü ilə ləğv edildiyini bildirir.

27. İddiaçı məhkəmə proseslərində verdiyi izahatlarda qəti olaraq bildirmişdir ki, cavabdeh şirkət uşağının qəbul prosesi ilə bağlı sənədləri universitetə çatdırmağı bir neçə gün qalmış ona tapşırmış, o isə həmin vaxt Türkiyə Respublikasına gedə bilmədiyindən sənədlərin çatdırılması mümkün olmamışdır. Cavabdeh tərəf isə iddiaçının özünün uşağı ilə Türkiyə Respublikasına getmək istədiyini, eyni zamanda xx.xx.2024-cü il tarixdə qəbulun son günü olmadığını, Türkiyə Respublikasında ali təhsil müəssisələrinə qəbulun xarici ölkə vətəndaşları üçün oktyabr-noyabr aylarında yekunlaşdığını, müqavilə üzrə icra müddətinin 4 ay müəyyənləşdirildiyini, iddiaçının müqavilədən imtina etmədiyi halda icra müddətinin sonunadakən qəbul prosesini başa çatdıracaqlarını bildirir.

28. Yuxarıda da qeyd edildiyi kimi, xx.xx.2024-cü il tarixdə digər şirkətlə müqavilə bağlanan zaman xx.xx.2024-cü il tarixli müqavilə artıq ləğv edilmişdi və görünən odur ki, bu iddiaçının təşəbbüsü ilə baş vermişdir. Müqavilənin ləğv edilməsinə səbəbin cavabdehin öhdəliyini icra etməməsi olduğu işin halları ilə təsdiq olunmur. Tərəflərin izahatları, nə də təqdim edilmiş sübutlarla cavabdehin müqavilənin ləğvinə əsas verən əhəmiyyətli pozuntusu müəyyən edilmir.

29. Xüsusi ilə, müqavilə predmeti yalnız tələbənin Türkiyə Respublikasındakı hər hansı idman fakultəsinə qəbul prosesini başa çatdırmaq olaraq müəyyənləşdirilmiş, sənədləşmə işlərinin hansı formada aparılacağı, iddiaçının özünün Türkiyə Respublikasına gedib-getməyəcəyi və s. məsələlər müqavilədə göstərilməmişdir.

30. Belə olan halda öhdəliyin icra edilməməsini irəli sürərərək, bunu müqavilə şərti olaraq razılaşdırılmamış kənar faktorlarla əlaqələndirmək əsaslı deyil.

31. Nəzərə almaq lazımdır ki, müqavilə üzrə öhdəliyin icra müddəti 4 ay müəyyənləşdirilmişdir. İcra müddəti başa çatmadan isə cavabdehdən öhdəliyin icrasını tələb etmək, onu öhdəliyi icra etməməkdə təqsirli tutmaq mümkün deyil.

32. Mülki Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.

33. Göründüyü kimi, müqavilənin cavabdehin təqsiri ucbatından ləğvi öz təsdiqinin tapmır. Bu halda isə, müqavilənin iddiaçının iradəsi ilə, birtərəfli qaydada ləğvindən sonra ödənilmiş ilkin ödənişin – 600 manat məbləğdə muzdun qaytarılması üçün müqavilə və ya qanuni əsasının olub-olmadığı aydınlaşdırılmalıdır.

34. xx.xx.2024-cü il tarixli müqavilənin 3.1.7-ci bəndinə əsasən tələbənin sağlamlıq problemi olmadığı halda istənilən səbəbdən və prosesin istənilən mərhələsində proqrama qatılmaqdan imtina edərsə ödəmiş olduğu ilkin məbləği geri qaytarmamaq MMC-nin hüququdur.

35. Mülki Məcəllənin 786.1-ci maddəsinə əsasən əgər müqavilə əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən tərəf digər tərəfin düşdüyü zərərin əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin ləğvinə səbəbin bilavasitə digər tərəfin hərəkəti nəticəsində baş verdiyini və ya həmin hərəkətlərlə bağlı olduğunu sübut etməsin.

37. Mülki Məcəllənin 786.5-ci maddəsinə əsasən əgər vəkalət alan tərəfindən müqaviləyə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verən və ya həmin hərəkətlə bağlı olan səbəbə görə xitam verilirsə, vəkalət alan vəkalət verəndən görülmüş işlərin haqqını tələb edə bilər.

38. Görünən odur ki, tərəflər arasındakı müqavilədə iddiaçının müqavilədən imtina etdiyi halda ilkin ödənişin qaytarılmaması razılaşdırılmışdır. Tapşırıqla bağlı müqavilənin ləğv edilməsi bağlı normalarda da müqavilənin digər tərəfin hərəkəti nəticəsində ləğv edildiyi halda vəkalət alanın görülmüş işlərin haqqını tələb etmək, düşdüyü zərərin əvəzinin qarşılanmasını tələb etmək hüquqları təsbit edilmişdir.

39. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı işin halları baxımından müqaviləni birtərəfli qaydada ləğv etdikdən sonra ilkin olaraq ödənilmiş pulun geri qaytarılmasını tələb etmək üçün əsaslar yaranmamışdır.

40. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunsa da, iddia təmin olunan hissə iddiaçının hüquqi marağına xidmət etməklə cavabdehin iddiaçını məhkəmə müdafiəsi hüququndan istifadə etməyə məcbur edən hər hansı təqsirli hərəkəti müəyyən edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

42. MPM-in 119.3-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

43. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə “Math Group” Tədris Mərkəzi arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə ləğv evilmiş hesab edilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

44. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. İddiaçı ilə “Math Group” Tədris Mərkəzi arasında bağlanmış 17 iyul 2024-cü il tarixli "xxxx" barədə müqavilə ləğv edilmiş hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar