Məhkəmə qərarları › İş №2(004)-1356/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1356/2023

04.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1356/2023 04.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 660 (altı yüz altmış) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, tərəflər arasında bağlanmış nikah Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə pozulmuş və birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X3 atası Cavabdeh, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X2 isə anaları İddiaçı yanında qalmaları müəyyən edilmişdir. Qətnaməyə əsasən nikan pozulduqdan sonra xx.xx.2010-cu il təvəllüdlü X3 atası Cavabdeh yanında qalması müəyyən edilsə də faktiki olaraq anası Məryəm Abbasovanın yanında qalır. Qətnamə ilə Məryəmin atanın qalması müəyyən edilməsinə baxmayaraq bacı-qardaşların ayrılmaması məqsədilə tərəflər sonradan razılığa gəlmişlər ki, ananın yanında qalsın. Ona görə də həmin vaxtdan uşaqların hər üçünü iddiaçı saxlamışdır. Digər uşaqlar xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aliment iddiaçı həmin vaxt tələb etmədiyindən müəyyən edilməmişdir. Həmçinin tərəflər arasında alimentlə bağlı razılıq olmamışdır. Suala cavab olaraq bildiir ki, iddiaçı hazırda işləmir və əvvəl də işləməmiş, evdar xanım olmuşdur. İddiaçının yaşadığı mənzilin ipoteka ödənişini cavabdeh ödəyir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirir ki, iddia tələbini qəbul etmir. Belə ki, tərəflərin nikahı pozularkən onlar şifahi qaydada razılığa gəlmişlər ki, birgə nikah dövründə ipoteka yolu ilə əldə edilmiş və iddiaçının övladları ilə birlikdə yaşadığı mənzilin hər ay 200 manat məbləğində kredit ödənişini cavabdeh həyata keçirəcəkdir. Bunun müqabilində isə iddiaçı cavabdehdən aliment tələb etməmişdir. Hazırda cavabdeh şifahi razılığın şərtlərinə əməl edir və kredit ödənişindən əlavə olaraq mənzillə bağlı iddiaçının aylıq kommunal ödənişlərini də öz kart hesabından ödəyir. Buna dair hesabdan çıxarışı məhkəməyə təqdim etmişdir. Bundan əlavə uşağa görə psixoloqa hər ay 60 manat məbləğində ödəniş edir və uşaqların saxlanılmasında iştirak edir. Güman edir ki, cavabdeh 2022-ci ilin noyabr ayında yenidən ailə qurduğundan iddiaçı hazırda aliment tələb edir. Göstərilənlərlə yanaşı hazırda cavabdeh Daxili İşlər Nazirliyinin mühafizə polisidir, əmək haqqı məbləği 752 manat təşkil edir, onun əlavə qazanc yeri yoxdur, kirayədə yaşamaqla 150 manat kirayə haqqı ödəyir. Kredit və iddiaçı ilə bağlı yuxarıda qeyd olunan ödənişləri həmin əmək haqqı hesabına ödəyir. O, həmçinin etiraf edir ki, tərəflərin nikahı pozulduqdan sonra birgə nikahdan olan uşaqların hər üçü hazırda iddiaçının yanında qalır. O, izahatında göstərilənlərə əsasən iddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 11219/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində bağlanmış və 1102 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X3 atası Cavabdeh, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2012ci il təvəllüdlü X2 isə anaları İddiaçı yanında qalmaları müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı 232425 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Cavabdeh və İddiaçı arasında bağlanmış nikah xx.xx.2016-cı il tarixdə ləğv edilmişdir. İş materiallarında olan Nəsimi rayon Mühafizə İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən müəyyən olunur ki, Cavabdeh Bakı şəhəri Nəsimi rayon Mühafizə İdarəsinin polis nəfəri vəzifəsində xidmət edir və onun aylıq əmək haqqı 752,35 manat təşkil edir. Beləliklə, işin mübahisəsiz halı odur ki, tərəflərin xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X6 adında övladları vardır və uşaqlar hazırda anaları İddiaçı yanında qalır. Tərəflər arasında rəsmi nikah xx.xx.2016-cı il tarixdə ləğv edilmişdir. Məhkəmə qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X3 atanın yanında, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X2 isə ananın yanında qalması müəyyən edilməsinə baxmayaraq hər üç uşaq tərəflərin razılığı ilə həmin vaxtdan hazıradək iddiaçının yanında qalır. Uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən indiyədək aliment tutulmamışdır. Tərəflər arasında yazılı saziş olmamışdır. Hazırda cavabdehin aylıq əmək haqqı məbləği 752,35 manat təşkil edir. Hazırda iddiaçı faktiki olaraq himayəsində olan hər üç uşağa görə cavabdehdən hər ay ümumilikdə 660 manat aliment tutulmasını tələb edir. Cavabdeh isə onlar arasında əvvəllər mənzil və ipoteka ödənişi ilə bağlı şifahi razılaşma olduğundan iddianın rədd edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunla 2023-cü il üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.”. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə, tərəflərin faktiki maddi vəziyyətini, cavabdehin əmək haqqı məbləğini və uşaqların üstün mənafelərini, onların gündəlik tələbatlarının artmasını, onların saxlanılmasında hər iki valideynin bərabər öhdəlik daşımasını və hər bir uşağın saxlanılması üçün tələb olunan minimum yaşayış xərclərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin faktiki halları ilə müəyyən edilir ki, hər üç uşaq hazırda iddiaçının himayəsindədir. Cavabdeh hazırda iddiaçının və övladlarının yaşadığı ipoteka ilə yüklü edilmiş mənzillə bağlı aylıq kredit ödənişlərini həyata keçirir. Bu fakt cavabdehin məhkəməyə təqdim etdiyi bank hesabından çıxarışa əsasən təsdiq edilir, iddiaçı tərəf isə bu faktı qəbul edir və bu faktın aliment tələbi ilə bağlı olmadığını bildirir. Cavabdehin iddiaçının aliment tələbinin olmaması qarşılığında kredit ödənişlərini həyata keçirməsi və bununla bağlı onlar arasında nikah pozularkən şifahi razılaşmanın olmasına dair dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, bu faktla bağlı məhkəməyə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Eləcə də nikahın pozulması ilə bağlı Yasamal rayon Məhkəməsinin 2(004)-11219/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsində tərəflər arasında hər hansı razılaşma olması müəyyən edilməmişdir. Odur ki, məhkəmə cavabdehin qeyd olunan dəlilini sübut olaraq qəbul etmir, lakin kredit ödənişlərinin cavabdeh tərəfindən həyata keçirilməsini və onun əmək haqqı məbləğini uşaqların saxlanılması üçün aliment məbləğinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan hal kimi qiymətləndirir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-11219/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən iddiaçının himayəsinə verilmiş xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2, həmçinin tərəflərin könüllü razılığına əsasən hazırda faktiki olaraq iddiaçının himayəsində olan xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, alimentin tutulması iddia ərizəsiilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı və dərhal icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablansın. Qətnamə aliment hissəsində dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar