Məhkəmə qərarları › İş №2(004)-1383/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1383/2021

23.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1383/2021 23.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, birgə nikahdan olan yetkinlik yaşına çatmayan xx.xx.2004cü il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 250 manat olmaqla, cəmi 500 manat məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2002-ci il tarixdə bağlanmış nikahdan xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü X5 anandan olmuşdur. Aralarında olan rəsmi nikah hələ də mövcud olsa da cavabdehlə birgə təsərrüfat aparmır, birgə yaşamır. Cavabdeh övladları ilə maraqlanmır, onların heç bir maddi tələbatını qarşılamır. Övladı 11-ci sinifdə oxuyur və ali məktəbə hazırlaşır, buna görə də hazırlıq xərcləri çoxdur. Təkbaşına övladlarının maddi tələbatlarını ödəyə bilmir. Cavabdeh vaxtilə Xüsusi Dövlət Mühafizə Xidmətində çalışmış və həmin qurumdan təqaüdə çıxmışdır. Buna görə də hazırda yüksək məbləğdə təqaüd alır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, 1493 manat təqaüd alır və 258 manat əmək haqqısıdır. Banka kredit borcu var və avtomobil üçün lizinq ödənişi etməlidir. Alimentin məbləği təyin edilərkən borclarının nəzərə alınaraq yaşayış minimumu həcmində tutulmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Bakı şəhəri Binəqədi rayon qediyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli AZ-İ № 023661 seriyalı nikah haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh və X1 xx.xx.2002-ci il tarixdə 424 №-li akt qeydi ilə rəsmi nikaha daxi olaraq ailə qurmuşdur. Nikahdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2004-cü il tarixli, AZ-İ 415226 №-li doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, tərəflərin birgə nikahdan xx.xx.2004-cü il təvəllüdlü X4 adlı övladları var. İş materiallarında olan xx.xx.2006-cı il tarixli, AZ-İ № 739827 №-li doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən müəyyən olunur ki, tərəflərin birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü X5 adlı övladları var. İş materiallarına əlavə edilmiş “xxxx” ASC tərəfindən tərtib olunmuş ödəniş kartı üzrə xx.xx.2021-ci il tarixli çıxarışdan müəyyən olunur ki, Cavabdeh hesabına DSMF tərəfindən hər ay 1493 manat məbləğində müavinət köçürülür. İş materiallarına əlavə edilmiş “xxxx” ASC tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli hesabdan çıxarışa əsasən Cavabdeh bank hesabına hər ay 258 manat məbləğində əmək haqqı köçürülür. İşin mübahisəsiz halı odur ki, tərəflərin rəsmi nikahı pozulmasa da onlar ayrı yaşayırlar, birlikdə təsərrüfat aparmırlar. Birgə nikahdan olan xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü X5 anaları İddiaçı yanında qalırlar. Hazırda cavabdehin aylıq qazancı müavinət və əmək haqqı ilə birlikdə 1751 manat təşkil edir. İddiaçı sabit pul məbləğində cəmi 500 manat aliment tələb edir. Məhkəmə qeyd edir ki, 500 manat aliment tələbi təmin edilə bilər, çünki qanunvericiliyin tələbinə görə valideyndən 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi məbləğində aliment tutula bilər. Cavabdehin aylıq gəliri 1751 manat təşkil edir. Həmin gəlirin 1/3 hissəsi 583 manat təşkil edir. Məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçı sabit məbləğdə aliment ödənilməsini tələb edir, iki uşaq üçün cəmi 500 manat məbləğində aliment tutula bilər. Cavabdeh bank öhdəliyinə görə 500 manat məbləğində alimentin tutulmasına etiraz etsə də, məhkəmə qeyd edir ki, uşaqların mənafeyi daha önəmlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Məhkəmə cavabdehin aylıq gəlirini və uşaqların mənafeyini nəzərə alaraq qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, alimentin tutulması xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinı əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, aliment tələbi təmin olunduğundan cavabdehdən dövlət nəfinə 30 manat pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin Alimentin tutulması xx.xx.2021-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh 30 manat dövlət rüsumu dövlət nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar