Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1385/2021 17.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədirliyi, X7 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdə qalmış 11000 manat məbləğində əşyaların, himayəsində olan sağlamlıq imkanları məhdud övladı Hüseynov Kamran Məmməd oğluna təyin olunmuş müavinət məbləğindən cavabdehdə qalan 2096 manat pulun alınaraq ona qaytarılması və 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 15 aprel 2011-ci ildə ailə qurub nikah qeyd etdirməklə evlənmişlər. Həmin nikahdan 22 mart 2012-ci il təvəllüdlü Mehriban və 30 mart 2014-cü il təvəllüdlü Kamran adlı iki övladları vardır. Yasamal Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqların onunla qalması və onların hər biri uçün cavabdehdən ayda 170 manat məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Buna qədər bütün cehiz və qızıl-zinət əşyaları cavabdehin mənzilində qalmışdır. Cavabdeh cehiz əşyalarının əksər hissəsini qaytarmış, lakin digər hissəsini qaytarmaqdan imtina edir. Qaytarılmayan əşyaları aşağıdakılardır: 800 manat dəyərində "Toshiba' markalı noutbuk-kompüter, 650 manat dəyərində "LG" (ekranın diaqonalı 107 sm) markalı televizor. Bununla yanaşı, valideynləri tərəfindən ona nikaha daxil olanadək alınmış, habelə qohumları tərəfindən hədiyyə şəklində verilmiş cəmi 9550 manat dəyərində qızıl-zinət əşyaları, o cümlədən: 5000 manat dəyərində 750 əyarlı 1 komplekt qızıl (üzük, qolbaq, sırğa, sep, kulon), 1000 manat dəyərində 750 əyarlı qızıl uzük, 700 manat dəyərində 585 əyarlı 5 cüt qızıl sırğa, 150 manat dəyərində 585 əyarlı qızıl üzük, 500 manat dəyərində 585 əyarlı 3 ədəd qızıl sep, 350 manat dəyərində 585 əyarlı qızıl kulon, 350 manat dəyərində 750 əyarlı qızıl qolbaq, 1000 manat dəyərində 1 ədəd onluq qızıl, 1500 manat dəyərində 750 əyarlı 1 cüt brilyant qaşlı sırğa Bundan başqa, övladları Kamrana sağlamlıq imkanları məhdud olduğuna görə təyin olunmuş ayda 208 manat məbləğində müavinəti cavabdeh uşağın deyil, öz ehtiyaclarına sərf etmişdir. Belə ki, o, müavinətin alınması üçür “Kapitalbank" tərəfindən onun adına verilmiş plastik kartı faktiki nikah münasibətlərinə son qoyulduğu 2020-ci ilin yanvar ayından ona versə də, həmin pulu ala bilmir. Çünki cavabdehin bankla əldə etdiyi razılığa əsasən, həmin pul onun hansısa kreditinin ödənilməsinə tutulur. Cavabdeh indiyə kimi həmin müavinətdən uşağa cəmi 2 dəfəyə 400 manat pul vermişdir, yəni 1 ildə verilən 2496 manat məbləğində müavinət pulundan 400 manat vermiş, qalan 2096 manat pulu öz ehtiyaclarına xərcləmişdir. Ona görə də cavabdehdə qalmış əşyalarının və oğlu Kamrana görə aldığı müavinətin məhkəmə qaydasında məcburi qaytarılması üçün məhkəməyə müraciət etməyi qərara almışdır. Cavabdeh ona məxsus olan əşyaları könüllü qaytarmaması, habelə himayəsində olan sağlamlıq imkanları məhdud uşaqları Kamrana təyin olunmuş müavinət pulunu alaraq xəstə uşağına verməməsi hüquqlarını pozur, ona ziyan vurur, ona görə də həmin əşyaların, pulun məhkəmə qaydasında məcburi qaytarılması barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh iddiaya etiraz edərək izahatında göstərmişdir ki, onlar ailə qurduqdan sonra ilk 4 ayı onun valdeynlərinin yanında, qalan vaxtını isə boşananadək iddiaçının valideynlərinə məxsus evdə qalmışlar. İddia ərizəsində göstərilən bütün əşyaların hamısı həmin evdədir. O, iddiaçıya qızıl-zinət əşyalarının hədiyyə olunduğunu təkzib etmir. Lakin həmin qızıl-zinət əşyalarının onlarda qalmasını rədd edir. Uşaq üçün ayrılan müavinətə gəldikdə, o, uşağın xəstəliyi üçün bankdan kredit götürmüşdür və onun müalicəsi üçün xarici ölkəyə aparmışdır. Daha sonra uşağın müalicəsi üçün götürdüyü kreditə görə borcu bank həmin pensiya kartından tutub. Pensiya kartını 2020-ci ilin yanvar ayında iddiaçıya vermişdir. 2014-cü ildə hər ikisinin razılığı ilə «Toshiba” markalı kompüter köhnəldiyi üçün, hissə kimi dəyərləndirilib və 100 manat dəyərində satıb yerinə «Acer» markalı notebook kompüterini 450 manat ödəməklə almışdır. “LG” markalı televizor iddiaçının valideynləri tərəfindən nikaha daxil olduqdan sonra təxminən 550 manata alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1, X3 və X2 ifadələrində iddiaçıya iddia ərizəsində göstərilən adda və sayda cehiz əşyalarının verildiyini, nişan və toy mərasimində iddiaçıya iddia ərizəsində göstərilən qızıl-zinyət əşyalarının hədiyyə edildiyini, lakin həmin qızı-zinyət əşyalaranın cavabdehdə saxlanıldığını bildirmişlər. X6 əlavə olaraq bildirmişdir ki, uşağın müalicəsini o, qarşılayıb. Cavabdeh isə uşağa kəsilmiş müavinəti mənimsəyib. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmədə tədqiq olunmuş sübutlarla - şahid ifadələri, təqdim edilmiş fotoşəkillərlə iddia ərizəsində tələb olunan cehiz əşyaları, qızıl-zinyət əşyalarının iddiaçıya hədiyyə olunduğu və hal-hazırda cavabdehdə olduğu və onun tərəfindən qaytarılmadığı təsdiq edilmişdir. Cavabdeh iddia ərizəsində göstərilən adda və sayda əşyaların mövcud olduğunu, yalnız onda olmadığı bildirsədə, bunu təsdiq edə biləcək heç bir sübut növünü məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia cehiz və qızıl-zinyət əşyalarının tələbi hissəsində əsaslıdır və təmin edilməlidir. Bundan əlavə iş materiallarına əlavə edilmiş 1 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş 22 iyun 2021-ci il tarixli **********6 saylı arayışa əsasən tərəflərin övladı Hüseynov Kamran Məmməd oğlunun sağlamlıq imkanları məhdudluğuna görə uşağa ödənilməli olan aylıq sosial müavinət və ona qulluğa görə Azərbaycan Respublikası Prezidentinin təqaüdü cəmi 200 (150+50)manat 01.04.2019-cu il tarixdən 31.03.2021-ci il tarixədək atası Cavabdeh ödənilmişdir. Tərəflərin verdiyi izahatlardan, cavabdehin etiraz və mülahizələrindən və Yasamal rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, tərəflər 30 sentyabr 2020-ci il tarixdə məhkəmə qərarına əsasən boşansalarda, onlar arasında faktiki nikah münasibətlərinə 2019-cu ilin dekabr ayının 19-dan xitam verilmişdir və tərəflərin uşaqları həmin tarixdən hal-hazıradək iddiaçının himayəsindədir. Odur ki, məhkəmə hesab edir ki, uşağın müalicəsi üçün ayrılmış və cavabdeh tərəfindən həmin dövrdə (01.01.2020-01.01.2021) götürülmüş 2400 manat məbləğində vəsaitdən iddiaçının verdiyi izahata görə ödənilmiş 400 manat çıxılmaqla qalan 2000 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddia qalan 96 manat məbləğində müavinət pulunun tələbi hissəsində rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1. -ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 14.2. -ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təqdim olunmuş sübutlarla təsdiq edildiyindən əsaslıdır və təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 29 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya öədnilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Aşağıda göstərilən əşyalar: 800 manat dəyərində "Toshiba' markalı noutbuk-kompüter, 650 manat dəyərində "LG" (ekranın diaqonalı 107 sm) markalı televizor, 5000 manat dəyərində 750 əyarlı 1 komplekt qızıl (üzük, qolbaq, sırğa, sep, kulon), 1000 manat dəyərində 750 əyarlı qızıl uzük, 700 manat dəyərində 585 əyarlı 5 cüt qızıl sırğa, 150 manat dəyərində 585 əyarlı qızıl üzük, 500 manat dəyərində 585 əyarlı 3 ədəd qızıl sep, 350 manat dəyərində 585 əyarlı qızıl kulon, 350 manat dəyərində 750 əyarlı qızıl qolbaq, 1000 manat dəyərində 1 ədəd onluq qızıl, 1500 manat dəyərində 750 əyarlı 1 cüt brilyant qaşlı sırğa və 2000 (iki min) manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh 29 (iyirmi doqquz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-1385/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1385/2021
17.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver