Məhkəmə qərarları › İş №2(004)-141/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-141/2022

13.04.2022 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-141/2022 13.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə AZNAV naviqator proqramında xanım bələdçi kimi ifa olunan səsləndirmədən-fonoqramdan onun razılığı olmadan istifadə edilməsinə görə, həmin proqramın yayılması ilə eyni zamanda iddiaçıya məxsus olan xanım bələdçi kimi istifadə olunan səsləndirmə-fonoqramın pirat nüsxələrinin yayılmasına görə, həmçinin iddiaçıya dəymiş mənəvi zərərə görə birgə qaydada 55000 manat məbləğində iddiaçıya kompensasiya ödənilməsi və AZNAV Naviqator proqramından iddiaçının ifası ilə yazılmış fonoqramın tamamilə silinməsi, əgər silinmə proseduruna 1 aydan çox vaxt tələb olunarsa iddia ərizəsi məhkəməyə təqdim olunan tarixdən fonoqram silinənə qədər fonoqramdan istifadə olunmasına görə günlük 35 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək Cavabdeh1 və Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə AZNAV naviqator proqramında xanım bələdçi kimi ifa olunan səsləndirmədən-fonoqramdan iddiaçının razılığı olmadan istifadə edilməsinə görə, həmin proqramın yayılması ilə eyni zamanda iddiaçıya məxsus olan xanım bələdçi kimi istifadə olunan səsləndirmə-fonoqramın pirat nüsxələrinin yayılmasına görə 50.000 (əlli min manat), həmçinin iddaiçıya dəymiş mənəvi zərərə görə 5000 (beş min) manat pul məbləğinin birgə qaydada kompensassiya şəklində iddiaçıya ödənilməsi, AZNAV Naviqator proqramından iddiaçının ifası ilə yazılmış fonoqramın tamamilə silinməsi, əgər silinmə proseduruna 1 aydan çox vaxt tələb olunarsa iddia ərizəsi məhkəməyə təqdim olnuan tarixdən fonoqram silinənə qədər fonoqramdan istifadə olunmasına görə günlük 35 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, vətəndaş İddiaçı iddiasını tamamilə əsassız hesab edir və aşağıdakı əsaslara görə iddia ərizəsinə öz etirazlarını bildirirlər: İddiaçını tanımırlar və onunla heç bir iş birlikləri olmamış, onunla heç vaxt hər hansı layihə çərçivəsində əməkdaşlıq etməmiş və onun səsinin yazılması üçün müraciətləri olmamışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi Şahid adlı şəxslə 2016-cı ilin sentyabr ayında heç bir işgüzar münasibətləri olmamış və, səsyazma üçün belə bir şəxsə müraciət edilməmişdir. İddiaçı qeyd edir ki, səsinin “AZNAV” naviqasiya sistemində istifadə edilməsini bildikdən sonra proqramın mülkiyyətçisi olan Dövlət Əmlak Xidmətinə müraciət etmiş, orada "xxxx" (?) adlı şəxs bu proqramın Cavabdeh1-dən alınmasını bildirmişdir. Qeyd edilən naviqasiya sistemi üzrə Cavabdeh1 ilə Dövlət Əmlak Xidməti arasında hər hansı müqavilə imzalanmamış və təbii ki, müqavilə öhdəlikləri yaranmamışdır. Bildirirlər ki, SİNAM şirkəti olaraq icra etdikləri layihələr, yalnız Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları çərçivəsində həyata keçirilir. Qeyd edilənlərə əsasən İddiaçı Cavabdeh1-yə qarşı iddia ərizəsinin təmin edilməməsini xahiş etmişlər. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia Əmlak Məsələləri Dövlət Xidmətinə aid hissədə əsassızdır və həmin hissədə rədd edilməlidir. İddiaçı öz iddia ərizəsində bildirmişdir ki, yeni yaradılacaq naviqator sistemində onun səsindən istifadə edilməsi üçün “Texnopark” verilişinin aparıcısı jurnalist Şahid tərəfindən ona əməkdaşlıq təklif edilmişdir. İddiaçı həmin təklifi qəbul etdiyini, təxminən 1 ay ərzində 100 vərəqdən ibarət sözləri səlis nitqlə səsləndirmək üçün Şahid məxsus səsyazma studiyasına getdiyini və daha sonra yazılmış səsyazmanın şirkət tərəfindən bəyənilmədiyini Şahid ona söylədiyini bildirmişdir. İddiaçı bir müddət keçdikdən sonra təsadüfən ona məxsus səsvermə yazısından “AZNAV” naviqator sistemində istifadə edildiyini öyrənmişdir. Bu səbəbdən müəllif hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmişdir. Bununla əlaqədar bildirirlər ki, “Azərbaycan Respublikasının ərazisini əhatə edən Naviqasiya Xəritəsinin və Oflayn GPS X5 təminatı” (AZNAV) SİNAM Şirkəti ilə “X7 Mühəndislik Sanayi Ticaret” Anonim Şirkəti arasında imzalanmış 19.07.2016-cı il tarixli 21 saylı müqavilə əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin məhsulu olan Ünvan Reyestri İnformasiya Sisteminin məlumatları əsasında Hazırlanmışdır (Həmin müqavilənin Əmlak Məsələləri Dövlət Komitəsində mövcud olan layihəsi əlavə edilir-əsli tərəflərdə saxlanılır). Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və X4 ilə “X7 Mühendislik Sanayi Ticaret” Anonim Şirkətinin Azərbaycan nümayəndəliyi arasında imzalanmış 02.08.2016-cı il tarixli müqavilə əsasında Azərbaycan Respublikasının ərazisini əhatə edən Naviqasiya Xəritəsinin və Oflayn GPS X5 təminatı”nın (AZNAV) hazırlanması prosesində keyfiyyətə nəzarət və keyfiyyətə zəmanətlər üzrə xidmətlər göstərmişdir. Sistemin hazırlanması zamanı istifadə edilən mətn, audio, video və digər materiallar SİNAM şirkəti tərəfindən tədarük edildiyi üçün istifadə olunan materialların mənşəyi barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat mövcud deyildir. AZNAV istifadəyə təhvil verilərkən proqramın mənbə kodları təqdim edilmədiyi üçün Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən AZNAV sistemində hər hansı dəyişiklik və ya əlavələrin edilməsi mümkün deyildir. “X7 Mühendislik Sanayi Ticaret” Anonim Şirkəti (sifarişçi) ilə Cavabdeh1 şirkəti (icraçı) arasında imzalanmış 19.07.2016-cı il tarixli 21 saylı müqavilənin predmetini iraçı tərəfindən Azərbaycan Respublikasının ərazisini əhatə edən Naviqasiya Xəritəsinin və Oflayn GPS X5 təminatının həmin müqaviləyə əlavə edilmiş texniki tapşırığa, spesifikasiyaya və icra planına uyğun olaraq yaradılması, test sınaqlarından keçirilməsi və sifarişçiyə təhvil verilməsi təşkil edir. Müqaviləyə əlavə edilmiş icra planının 1.12-ci bəndində səsli komandaların Azərbaycan dilinə tərcüməsi və 2(iki) səslə səsləndirilməsi öz əksini tapmışdır. SİNAM şirkətinin həmin layihə ilə bağlı 15.08.2016-cı il tarixli 001 nömrəli proqres hesabatında icra planının 1.12-ci bəndində göstərilən səsli komandaların Azərbaycan dilinə tərcüməsi və 2(iki) səslə səsləndirilməsi işinin icra edildiyi göstərilmişdir. Qeyd edilən müqavilənin 12.1-ci maddəsinə əsasən icraçı müqavilənin icrası ilə əlaqədar əqli mülkiyyət haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə riayət edir və həmin qanunvericiliyin pozulması nəticəsində üçüncü şəxslərin iddialarından sifarişçini qoruyaraq onların qarşısında məsuliyyət daşıyır. İddia edənlərin hər hansı bir tələbi sifarişçiyə qarşı irəli sürüldükdə, sifarişçi bu haqda icraçını yazılı xəbərdar edəcəkdir. İcraçı bütün əlaqədar xərcləri öz üzərinə götürməklə yanaşı, hər hansı bir mübahisə ya da tələblə bağlı sifarişçini müdafiə edəcəkdir. İcraçı, sifarişçinin yazılı xəbərdarlığını aldıqdan sonra heç bir hərəkət etməzsə, sifarişçi özü icraçının hesabına özünü müdafiə edəcəkdir. Yaranan mübahisə hər hansı bir məbləğin ödənilməsi ilə nəticələnərsə, icraçı həmin məbləğləri və sifarişçiyə dəymiş zərərin əvəzini ödəyəcəkdir. Yuxarıda sadalananlardan göründüyü kimi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaçının hər hansı hüququn pozulması ilə bağlı hərəkət və ya hərəkətsizliyə yol verilməmişdir. İddiaçı əsassız olaraq Əmlak Məsələləri Dövlət Xidmətini də iddia ərizəsində cavabdehlərin sırasında qeyd etmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın Əmlak Məsələləri Dövlət Xidmətinə aid hissədə rədd edilməsini xahiş etmişlər. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bildirmişdir ki, həyat yoldaşı ilə taksi ilə gedərkən orada öz səsini eşitmiş, sürücüdən bu səsin hardan əldə etdiyini soruşduqda isə sürücü Aznav naviqator proqramından istifadə etdiyini və səsin də orada olduğunu bildirmişdir. Onun səsindən razılığı olmadan istifadə edildiyi üçün həyat yoldaşı ilə aralarında mübahisələr, söz-söhbət yaranmışdır və ona mənəvi zərər dəymişdir. Hesab edir ki, ona mənəvi zərər və həmçinin onun səsindən icazəsi olmadan istifadə edildiyi üçün kompensasiya ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 26.08.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, AZNAV proqramı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mülkiyyətindədir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, bu halı halhazırda məhkəmə prosesi zamanı da sübut edə bilər. Belə ki, AZNAV naviqator proqramına daxil olduqda orada Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi qeyd olunmuşdur, həmçinin Cavabdeh1-nin logosu və adı da qeyd edilmişdir. Bundan əlavə proqrama daxil olduqda orada AZNAv naviqator proqramının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinə məxsus olması qeyd edilri və bələdçi xanımın adı da Aysel olaraq qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin Cavabdeh1-yə aid hissədə rədd edilməsini xahiş etmişdir. 07.01.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh1-nin nümayəndəsi məhkəməyə verdiyi izahatında Cavabdeh1-nin bu proqrama aidiyyətinin olmadığını, bu proqramın onlarla heç bir hüquqi bağlılığının olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə3 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin Əmlak Məsələləri Dövlət Xidmətinə aid hissəsində rədd edilməsini xahiş etmişdir. 26.08.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə3 məhkəməyə vediyi izahatında bildirmişdir ki, bu işlə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində heç bir məlumat yoxdur. İdarənin İnformasiya Texnologiyaları şöbəsi ilə əlaqə saxlamış və yalnız şifahi məlumat ala bilmişdir. Səsyazmanı onlar həyata keçirməmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, proqramın mülkiyyətçisi hal-hazırda Əmlak Məsələləri Dövlət Xidmətidir. 26.08.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində ifadə verən X1 rejissoru olduğunu, Zaur müəllimin tapşırığı ilə Aysel xanımın da səsini yazdığını, lakin səsin kim və nə üçün yazıldığını bilmədiyini, mətn təqim edildiyini, Aysel xanımın da həmin mətni oxuduğunu, hətta yalnışlıq olduğunu zənn edib Aysel xanıma təkrar zəng etdiyini, Aysel xanımın menecer kimi gəldiyini bildirmişdir. 26.08.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində ifadə verən X2 bildirmişdir ki, Lider kanalında yayımlanan canlı proqramda verilən suala düzgün cavab verdiyinə görə proqramdan hədiyyə qazanmışdır. Hədiyyəyə kinoteatra və planetlərə baxış biletləri daxil idi. Özü utandığı üçün Ayseldən onun yerinə çıxış etməsini xahiş etmişdir. Sonradan Zaur bəyin ona iş təklif etdiyini və Ayselin ona səs yazmasını dinlətdiyini bildirmişdir. 17.03.2021-ci il tarixdə məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən 3-cü şəxs Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi Nümayəndə4 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur. Kütləyə çatdırılmış və ya çatdırılmamış əsərə müstəsna müəlliflik hüquqlarının sahibləri onu müəlliflik hüququnun qüvvədə olduğu müddətdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumda qeydiyyatdan keçirə bilərlər. Əsəri qeydiyyatdan keçirən hüquq sahibinə nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş şəhadətnamə verilir. Bu şəhadətnamə müəlliflik prezumpsiyası kimi çıxış etmir. Mübahisə yaranan hallarda, digər sübutlar olmadıqda, qeydiyyat haqqında şəhadətnamə məhkəmə tərəfindən müəlliflik prezumpsiyası kimi tanınır. Əlaqəli hüquqların obyektlərinə müstəsna hüquq sahibləri onları əlaqəli hüquqların qüvvədə olduğu müddətdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumda qeydiyyatdan keçirə bilərlər. Bu halda əlaqəli hüquqların obyektlərinin qeydiyyatı haqqında nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş şəhadətnamə verilir. Bu fonoqram hesab olunur. Bizim qoşulduğumuz beynəlxalq müqavilələrdə bu belə qeyd olunub. Bu fonoqram hesab edilməlidir. İfaçılar, fonoqram istehsalçıları və yayım təşkilatları əlaqəli hüquqların subyektləridir. Əlaqəli hüquqlar bu Qanunun 2-ci bölməsində nəzərdə tutulmuş müəlliflik hüquqlarına zərər vurmadan həyata keçirilir. 2. Fonoqram istehsalçısı və yayım təşkilatı bu bölmədə nəzərdə tutulan hüquqları ifaçı və fonoqrama yazılan və ya efirlə, yaxud kabel televiziyası ilə verilən əsərin müəllifi ilə bağlanan müqavilə üzrə aldığı hüquqlar həddində həyata keçirir. 3. İfaçı bu bölmədə nəzərdə tutulan hüquqları, ifa olunan əsərin müəllifinin hüquqlarına riayət etmək şərti ilə həyata keçirir. 3-1. Reklam yaradıcısı və reklam istehsalçısı bu Qanunda nəzərdə tutulan şərtlər hüdudunda əlaqəli hüquqların subyektidirlər. 4. Əlaqəli hüquqların yaranması və həyata keçirilməsi üçün hər hansı formal qayda tələb olunmur. Fonoqram istehsalçısının və (və ya) ifaçının öz hüquqlarını bildirməsi üçün əlaqəli hüquqları qoruma nişanından istifadə etmək hüququ vardır; bu nişan fonoqramın hər nüsxəsində və (və ya) onun içinə qoyulduğu qutuda göstərilir və üç ünsürdən ibarət olur: dairəyə alınmış R latın hərfi — ®; əlaqəli hüquqların sahibinin adı; fonoqramın ilk dəfə istehsal olunduğu il. 5. Əlaqəli hüquqların obyektlərinə müstəsna hüquq sahibləri onları əlaqəli hüquqların qüvvədə olduğu müddətdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumda qeydiyyatdan keçirə bilərlər. Bu halda əlaqəli hüquqların obyektlərinin qeydiyyatı haqqında nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş şəhadətnamə verilir. İfaçının aşağıdakı şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqları vardır: ad hüququ; ifanı ifaçının şərəf və ləyaqətinə xələl gətirə biləcək hər hansı təhrif, dəyişmə və digər qəsdlərdən müdafiə etmək hüququ (şöhrətinə hörmət edilməsi hüququ); ifadan bu Qanunda nəzərdə tutulan hallardan başqa, istifadənin hər növünə görə qonorar almaq hüququ da daxil olmaqla, hər hansı formada istifadəyə müstəsna hüquq. 2. İfadan istifadəyə müstəsna hüquq aşağıdakı hərəkətləri həyata keçirməyi, həyata keçirilməsinə icazə verməyi və ya qadağa qoymağı bildirir: a) ifanın efirlə və ya kabellə kütləvi bildirişi, əgər belə bildiriş üçün istifadə olunan ifa əvvəllər efirlə ötürülməmişdirsə, yaxud yazılmadan istifadə etmədən həyata keçirilirsə; b) əvvəllər yazılmamış ifanın yazılması; c) ifanın yazılmasının birbaşa və ya dolayı yolla surətinin çıxarılması; ç) ifanın ilkin halda kommersiya məqsədi olmadan hazırlanmış yazılmasının efirlə və ya kabellə bildirişi; d) fonoqrama yazılmış ifanın orijinalının və ya nüsxələrinin satışı, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə yayılması. Fonoqrama yazılmış ifanın orijinalı və ya nüsxələri satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə qanuni şəkildə mülki dövriyyəyə buraxılmışdırsa, sonradan ifaçının razılığı olmadan və ölkə ərazisində haqq ödənilmədən onların yayılmasına yol verilir; e) fonoqrama yazılmış ifanın orijinalının və ya nüsxələrinin hətta ifaçının razılığı ilə yayılmasından sonra, orijinala və nüsxələrə mülkiyyət hüququndan asılı olmayaraq, kirayəyə verilməsi; ə) fonoqrama yazılmış ifanın interaktiv istifadə üçün kütləyə çatdırılması (interaktiv kütləvi bildiriş). 3. Bu maddənin 2-ci hissəsi ilə müəyyən olunan səlahiyyətlər ifaçı, ifanın kollektiv ifaçılar tərəfindən ifa olunduğu halda isə həmin kollektivin rəhbəri tərəfindən istifadəçi ilə bağlanmış yazılı müqavilə əsasında həyata keçirilir. 4. İfaçı ilə yayım təşkilatı arasında ifanın efirlə və ya kabel televiziyası ilə bildirişi üçün müqavilə bağlanması, əgər bu, ifaçı ilə yayım təşkilatı arasında bağlanmış müqavilədə birbaşa nəzərdə tutulursa, bu maddənin 2-ci hissəsinin “a”, “b” və “c” bəndlərində göstərilən hüquqlarının ifaçı tərəfindən verilməsini bildirir. Bu cür istifadəyə görə ifaçıya veriləsi qonorarın məbləği göstərilən müqavilə ilə müəyyənləşdirilir. 5. İfaçı ilə audiovizual əsərin istehsalçısı arasında audiovizual əsərin yaradılmasına görə müqavilə bağlanması ifaçı tərəfindən bu maddənin 2-ci hissəsində göstərilən hüquqların verilməsini bildirir; bununla birlikdə, ifaçı həmin audiovizual əsərin nüsxələrinin kirayəyə verilməsinə görə haqq almaq hüququnu saxlayır. Müqavilədə başqa hal nəzərdə tutulmadıqda, ifaçı tərəfindən belə hüquqların verilməsi audiovizual əsərlərin istifadəsi ilə məhdudlaşdırılır. Audiovizual əsərdə qeydə alınmış səs və təsvirlərdən ayrı-ayrılıqda istifadə hüququ istisna edilir. 6. İfaçı ilə fonoqram istehsalçısı arasında ifanın fonoqrama yazılmasına görə müqavilə bağlanması ifaçı tərəfindən fonoqramın kirayəyə verilməsi hüququnun verilməsini bildirir (bu maddənin 2-ci hissəsinin “e” bəndi); ifaçı həmin fonoqram nüsxələrinin kirayəyə verilməsinə görə qonorar almaq ixtiyarını saxlayır. 7. Xidməti vəzifə və ya işəgötürənin xidməti tapşırığını yerinə yetirmək qaydasında yaradılmış ifaya görə ifaçının ad və şöhrətinə hörmət edilməsi hüququ vardır. Əgər aralarındakı müqavilədə başqa hal nəzərdə tutulmazsa, həmin ifadan istifadəyə müstəsna hüquq, ifaçının əmək münasibətlərində olduğu şəxsə məxsusdur. 8. İfaçının bu maddənin 2-ci hissəsi ilə nəzərdə tutulmuş müstəsna hüquqları müqavilə üzrə başqa şəxslərə verilə bilər. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, iddiaçının öz səsi üçün şəhadətnamə almasına ehtiyac yoxdur, iddiaçının səsi qanunla fonoqram hesab edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən 3-cü şəxs Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Əqli Mülkiyyət Agentliyinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəyəmə ünvanlanmış 22.11.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikasının ərazisini əhatə edən Naviqasiya Xəritəsinin və Oflayn GPS X5 təminatı (AZNAV) Cavabdeh1 ilə X8 Mühendislik Sanayi Ticaret” Anonim şirkəti arasında imzalanmış 19 iyul 2016-cı il tarixli 21 saylı müqavil əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin məhsulu olan Ünvan Reyestri İnformasiya sisteminin məlumatları əsasında hazırlanmışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində İnformasiya Texnologiyaları və X4 ilə X8 Mühəndislik Sanayi Anonim Şirkətinin Azərbaycan nümayəndəliyi arasında imzalanmış 02.08.2016-cı il tarixli müqavilə əsasında Mərkəz tərəfindən Azərbaycan Respublikasının ərazisini əhatə edən Naviqasiya Xəritəsinin və Oflayn GPS X5 təminatının (AZNAV) hazırlanması prosesində keyfiyyətə nəzarət və keyfiyyətə zəmanət üzrə xidmətlər göstərmişdir. Sistemin hazırlanması zamanı istifadə edilən mətn, audio, video və digər materiallar Cavabdeh1 tərəfindən tədarük edildiyi üçün istifadə olunan materialların mənşəyi barədə Əmlak Məsələləri Dövlət Xİdmətində hər hansı məlumat mövcud deyildir. İş materiallarında olan sifarişçi X8 Mühendislik Sanayi Ticaret Anonim Şirkətinin Azərbaycan Respubliikasındakı nümayəndəliyi və icraçı Cavabdeh1 arasında bağlanmış 19.07.2016-cı il tarixli Azərbaycan Respublkasının elektron Naviqasiya Xəritəsinin və Oflayn GPS X5 təminatının satınalınmasına dair 21№-li müqaviləyə əsasən müəyyən olunur ki, müqavilənin predmeti Azərbaycan Respublikasının ərazisini əhatə edən Naviqasiya Xəritəsinin və Oflayn GPS X5 təminatının, bu müaviləyə əlavə 1-də göstərilmiş Texniki tapşırığa, Əlavə 2-də təsvir olunmuş spesifikasiyaya və Əlavə 3-də göstərilən icra planına uyğun olaraq yaradılması, test sınaqlarının keçirilməsi, sifarişçiyə təhvil verilməsidir. Müqavilənin dəyəri ******* manat təşkil edir. İcraçı müqavilənin icrası ilə əlaqədar əqli mülkiyyət haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə riayət edir və həmin qanunvericiliyinin pozulması nəticəsində üçüncü şəxslərin iddialarından sifarişçini qoruyaraq onların qarşısında məsuliyyət daşıyır. Sifarişçi icraçı tərəfindən hazılanmış Naviqasiya xəritəsi üçün icraçının müəlliflik hüququnu tanıyır və bu məhsulun istifadə olunduğu proqram təminatında onun hüquqi adının qeyd olunmasına etiraz etmir. İş materiallarında olan X8 Mühendislik Sanayi Ticaret Anonim Şirkəti ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin tabeliyində olan İnformasiya Texnologiyaları və İdarəetmə Mərkəzi arasında bağlanmış 02.08.2016-cı il tarixli “Azərbaycan Respublikasının ərazisini əhatə edən Naviqasiya Xəritəsinin və Oflayn GPS X5 təminatı”nın hazırlanması üzrə satınalma müqaviləsi çərçivəsində məhsulların (mal, iş və xidmətlərin) keyfiyyətinə nəzarət və keyfiyyətə zəmanət üçün xidmətlərin satınalınmasına dair müqavilə”yə əsasən müəyyən olunur ki, podratçı-X8 Mühendislik Sanayi Ticaret Anonim Şirkəti ümumi qəbul olunan peşəkar standartlar və təcrübələrə müvafiq olaraq xidmət və onunla bağlı öhdəlikləri lazımi diqət və effektivlik və qənaətlə ica etməli, məntiqə uyğun idarəçilik təcrübəsinə riayət etməli, müvafiq texnologiyadan, təhlükəsiz və effektiv avadanlıq, aparatlar, material və metodlardan istifadə etməli, sifarişçi-Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti isə podratçıya yardım və güzəştlərini təmin etməsi üçün bütün səylərini səfərbər etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.11.2021-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş “Aysel metn.mp3” və “Screen_Recording_20211010_172935_AzNav” adlı fayl-fonoqramlarda monoloq danışıqları qeydə alınmış Q2 və Q3 diktatorlarına məxsus səs və nitq ehtimal ki, eyni bir şəxsə məxsusdur. Ekspertizaya təqdim olunmuş “Aysel metn.mp3” və “Screen_Recording_20211010_172935_AzNav” adlı təkrar yazılmış faylfonoqramlarda yazılış vaxtı və yazılışdan sonra edilmiş montaj əlamətləri müəyyən olunmadı. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyərək, iş materiallarını nəzərdən keçirərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, AZNAV Naviqator proqramında istifadə olunan ifanın iddiaçıya məxsus olması iş materialları, ekspert rəyi və şahidlərin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən ifalar və fonoqramlar əlaqəli hüquqlara aiddir. Cavabdeh1 tərəfindən iddiaçının ifasından onun razılığı olmadan istifadə edilməklə iddiaçıya məxsus əqli mülkiyyət və əlaqəli hüquqlar pozulmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi 55000 manat məbləğin cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətindən tutularaq İddiaçı qıızna ödənilməsi hissəsində qismən təmin edilməli, kompensasiya məbləği olaraq 2000 manat, mənəvi zərər görə tutulmalı məbləğ 500 manat müəyyən edilməklə Cavabdeh1-dən cəmi 2500 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli və kompensassiyanın tutulması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə aid hissədə isə rədd edilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki , sifarişçi X8 Mühendislik Sanayi Ticaret Anonim Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi və icraçı Cavabdeh1 arasında bağlanmış 19.07.2016-cı il tarixli Azərbaycan Respublkasının elektron Naviqasiya Xəritəsinin və Oflayn GPS X5 təminatının satınalınmasına dair 21№-li müqavilə üzrə Cavabdeh1 ifadan istifadə etməklə fonoqramın yazılmasını həyata keçirmiş və əqli mülkiyyət haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə riayət etməsini və həmin qanunvericiliyinin pozulması nəticəsində üçüncü şəxslərin iddialarından sifarişçini qoruyaraq onların qarşısında məsuliyyət daşıdığını bildirmişdir. Lakin iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 proqramı icraçı olaraq hazırlayarkən iddiaçının razılığını almamış və 3-cü şəxslərin iddiasından azad olmayan proqram hazırlamışdır. Proqramı Cavabdeh1 hazırladığından məhkəmə hesab edir ki kompensassiya və mənəvi ziyan Cavabdeh1-dən tutulmalıdır. İddiaçı onun razılığı olmadan proqramda səsinin istifadə olunmasına dair 55 min manat kompensassiya istəsə də, bu məbləğin ödənilməsini məhkəmədə sübuta yetirə bilməmiş, həmin məbləğin qanunda qeyd edildiyinə istinad etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının səs yazısından onun razılığı olmadan istifadə edildiyi üçün ağlabatan məbləğdə-2000 manat kompensassiya və 500 manat mənəvi ziyan Cavabdeh1-dən tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti AZNAV Naviqator sisteminin mülkiyyətçisi olduğu üçün, iddia tələbi, İddiaçı ifası ilə yazılmış fonoqramın Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən AZNAV Naviqator sistemindən silinməsi hissəsində əsaslı olduğundan həmin hissədə də təmin edilməli və iddia tələbləri qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən hesab edir ki, iş üzrə aparılmış 250 (iki yüz əlli) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1-dən və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 30.2-ci maddəsinə əsaəsn müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur. Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən ifaçı” — rol oynayan, oxuyan, qiraət edən, deklamasiya deyən, musiqi aləti çalan və ya ədəbiyyat və incəsənət əsərlərini başqa şəkildə (o cümlədən estrada, sirk və ya kukla teatrı nömrələri) ifa edən aktyor, müğənni, musiqiçi, rəqqas və ya digər şəxs; “fonoqram” — ifaların və ya digər səslərin müstəsna olaraq səsli yazılmasıdır. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən ifaçılar, fonoqram istehsalçıları və yayım təşkilatları əlaqəli hüquqların subyektləridir. Əlaqəli hüquqlar bu Qanunun 2-ci bölməsində nəzərdə tutulmuş müəlliflik hüquqlarına zərər vurmadan həyata keçirilir. Həmin Qanunun 33.1-ci maddəsinə əsasən ifaçının ifadan bu Qanunda nəzərdə tutulan hallardan başqa, istifadənin hər növünə görə qonorar almaq hüququ da daxil olmaqla, hər hansı formada istifadəyə müstəsna hüququ vardır. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri, habelə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdirlər. Həmin Qanunun 45.2-ci maddəsinə əsasən məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi barədə qərar qəbul edə bilər. Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən əqli mülkiyyət hüquqları müəlliflik hüququnun obyekti olan əsərlərə, ifalara, fonoqramlara, yayım təşkilatlarının verilişlərinə, inteqral sxem topologiyalarına, məlumat toplularına, folklor nümunələrinə (ənənəvi mədəni nümunələrə), ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, əmtəə nişanlarına, coğrafi göstəricilərə hüquqlardır. Həmin Qanunun 6-cı maddəsinə əsasən hüquqpozmaya yol vermiş şəxsin əqli mülkiyyətdən qeyri-qanuni istifadə ilə bağlı hərəkətlərinin qanuna zidd olduğunu bilmədiyi və ya bunu bilməsinə kifayət qədər əsaslar olmadığı hallarda da məhkəmə hüquq sahibinin çəkdiyi zərərin əvəzinin ödənilməsi barədə qərar qəbul etmək hüququna malikdir. ÜƏMT-nin “İfalar və fonoqramlara dair Müqaviləsinin 7-ci maddəsinə əsasən ifaçılar fonoqramlara yazılmış ifalarının bilavasitə və ya dolayı yolla hər hansı üsulla və formada surətinin çıxarılmasına icazə vermək müstəsna hüququndan istifadə edirlər. Həmin Müqavilənin 9-cu maddəsinə əsasən ifaçılar fonoqramlara yazılmış ifalarının orijinalının və nüsxələrinin razılığı gələn tərəflərin milli qanunvericiliyində müəyyən edilən qaydada hətta ifaçının özü tərəfindən və ya onun icazəsi ilə həyata keçirilən yayılmasından sonra belə, kütlə üçün kommersiya kirayəsinə icazə vermək müstəsna hüququndan istifadə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1-dən 2000 manat məbləğində kompensasiya və mənəvi zərərə görə 500 manat, cəmi 2500 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddiaçı ifası ilə yazılmış fonoqram Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən AZNAV Naviqator sistemindən silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış 250 (iki yüz əlli) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1-dən və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar