Məhkəmə qərarları › İş №2(103)-6929/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6929/2022

21.11.2022 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6929/2022 21.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi vəkil Nümayəndə1, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə3 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi Nümayəndə4 işirakları ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-141/2022 saylı işi üzrə 13 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdeh1 və Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə qarşı AZNAV naviqator proqramında xanım bələdçi kimi ifa olunan səsləndirmədən-fonoqramdan iddiaçının razılığı olmadan istifadə edilməsinə görə, həmin proqramın yayılması ilə eyni zamanda iddiaçıya məxsus olan xanım bələdçi kimi istifadə olunan səsləndirmə-fonoqramın pirat nüsxələrinin yayılmasına görə 50000, həmçinin iddaiçıya dəymiş mənəvi zərərə görə 5000 manat pul məbləğinin birgə qaydada kompensassiya şəklində iddiaçıya ödənilməsi, AZNAV Naviqator proqramından iddiaçının ifası ilə yazılmış fonoqramın tamamilə silinməsi, əgər silinmə proseduruna 1 aydan çox vaxt tələb olunarsa iddia ərizəsi məhkəməyə təqdim olnuan tarixdən fonoqram silinənə qədər fonoqramdan istifadə olunmasına görə günlük 35 manat məbləğində kirayə haqqı ödənilməsi barədə iddiası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-141/2022 saylı işi üzrə 13 aprel 2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilməsi, Cavabdeh1-dən 2000 manat məbləğində kompensasiya və mənəvi zərərə görə 500 manat, cəmi 2500 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi, İddiaçı ifası ilə yazılmış fonoqram Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən AZNAV Naviqator sistemindən silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış 250 manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1-dən və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 30.2; Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikası Qanununun 4, 32.1, 33.1, 44.1, 45.2; Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında Azərbaycan Respublikası Qanununun 1,6; ÜƏMT-nin "İfalar və fonoqramlara dair Müqaviləsinin 7; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, AZNAV Naviqator proqramında istifadə olunan ifanın iddiaçıya məxsus olması iş materialları, ekspert rəyi və şahidlərin ifadələri ilə sübuta yetirilmiş, qanunvericiliyin tələbinə əsasən ifalar və fonoqramlar əlaqəli hüquqlara aiddir. Cavabdeh1 tərəfindən iddiaçının ifasından onun razılığı olmadan istifadə edilməklə iddiaçıya məxsus əqli mülkiyyət və əlaqəli hüquqlar pozulmuşdur. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, sifarişçi X6 Mühendislik Sanayi Ticaret Anonim Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi və icraçı Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli Azərbaycan Respublkasının elektron Naviqasiya Xəritəsinin və Oflayn GPS X4 təminatının satınalınmasına dair 21N°-li müqavilə üzrə Cavabdeh1 ifadan istifadə etməklə fonoqramın yazılmasını həyata keçirmiş və əqli mülkiyyət haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə riayət etməsini və həmin qanunvericiliyinin pozulması nəticəsində üçüncü şəxslərin iddialarından sifarişçini qoruyaraq onların qarşısında məsuliyyət daşıdığını bildirmişdir. Lakin iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 proqramı icraçı olaraq hazırlayarkən iddiaçının razılığını almamış və 3-cü şəxslərin iddiasından azad olmayan proqram hazırlamışdır. Proqramı Cavabdeh1 hazırladığından məhkəmə hesab edir ki kompensassiya və mənəvi ziyan Cavabdeh1-dən tutulmalıdır. İddiaçı onun razılığı olmadan proqramda səsinin istifadə olunmasına dair 55 min manat kompensassiya istəsə də, bu məbləğin ödənilməsini məhkəmədə sübuta yetirə bilməmiş, həmin məbləğin qanunda qeyd edildiyinə istinad etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının səs yazısından onun razılığı olmadan istifadə edildiyi üçün ağlabatan məbləğdə-2000 manat kompensassiya və 500 manat mənəvi ziyan Cavabdeh1-dən tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti AZNAV Naviqator sisteminin mülkiyyətçisi olduğu üçün, iddia tələbi, İddiaçı ifası ilə yazılmış fonoqramın Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən AZNAV Naviqator sistemindən silinməsi hissəsində əsaslı olduğundan həmin hissədə də təmin edilməli və iddia tələbləri qalan hissədə əsassız olduğundan rədd edilməlidir.

2. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəyəmə ünvanlanmış xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubuna əsasən, Azərbaycan Respublikasının ərazisini əhatə edən Naviqasiya Xəritəsinin və Oflayn GPS X4 təminatı (AZNAV) Cavabdeh1 ilə X6 Mühendislik Sanayi Ticaret” Anonim şirkəti arasında imzalanmış 19 iyul 2016-cı il tarixli 21 saylı müqavilə əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin məhsulu olan Ünvan Reyestri İnformasiya sisteminin məlumatları əsasında hazırlanmışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində İnformasiya Texnologiyaları və X5 ilə X6 Mühəndislik Sanayi Anonim Şirkətinin Azərbaycan nümayəndəliyi arasında imzalanmış xx.xx.2016-cı il tarixli müqavilə əsasında Mərkəz tərəfindən Azərbaycan Respublikasının ərazisini əhatə edən Naviqasiya Xəritəsinin və Oflayn GPS X4 təminatının (AZNAV) hazırlanması prosesində keyfiyyətə nəzarət və keyfiyyətə zəmanət üzrə xidmətlər göstərmişdir. Sistemin hazırlanması zamanı istifadə edilən mətn, audio, video və digər materiallar Cavabdeh1 tərəfindən tədarük edildiyi üçün istifadə olunan materialların mənşəyi barədə Əmlak Məsələləri Dövlət Xİdmətində hər hansı məlumat mövcud deyildir; - X6 Mühendislik Sanayi Ticaret Anonim Şirkəti ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin tabeliyində olan İnformasiya Texnologiyaları və İdarəetmə Mərkəzi arasında bağlanmış xx.xx.2016-cı il tarixli "Azərbaycan Respublikasının ərazisini əhatəedən Naviqasiya Xəritəsinin və Oflayn GPS X4 təminatı”nın hazırlanması üzrə satınalma müqaviləsi çərçivəsində məhsulların (mal, iş və xidmətlərin) keyfiyyətinə nəzarət və keyfiyyətə zəmanət üçün xidmətlərin satınalınmasına dair müqavilə”yə əsasən müəyyən olunur ki, podratçı-X6 Mühendislik Sanayi Ticaret Anonim Şirkəti ümumi qəbul olunan peşəkar standartlar və təcrübələrə müvafiq olaraq xidmət və onunla bağlı öhdəlikləri lazımi diqət və effektivlik və qənaətlə icra etməli, məntiqə uyğun idarəçilik təcrübəsinə riayət etməli, müvafiq texnologiyadan, təhlükəsiz və effektiv avadanlıq, aparatlar, material və metodlardan istifadə etməli, sifarişçi-Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti isə podratçıya yardım və güzəştlərini təmin etməsi üçün bütün səylərini səfərbər etməlidir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli ekspert rəyi ilə,ekspertizaya təqdim olunmuş "Aysel metn.mp3” və "Screen_Recording_20211010_172935_AzNav” adlı faylfonoqramlarda monoloq danışıqları qeydə alınmış Q2 və Q3 diktatorlarına məxsus səs və nitq ehtimal ki, eyni bir şəxsə məxsusdur.Ekspertizaya təqdim olunmuş "Ayselmetn.mp3” və "Screen_Recording_20211010_172935_AzNav” adlı təkrar yazılmış fayl-fonoqramlarda yazılış vaxtı və yazılışdan sonra edilmiş montaj əlamətləri müəyyən olunmad; - X6 Mühendislik Sanayi Ticaret Anonim Şirkətinin Azərbaycan Respubliikasındakı nümayəndəliyi və icraçı Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli Azərbaycan Respublkasının elektron Naviqasiya Xəritəsinin və Oflayn GPS X4 təminatının satınalınmasına dair 21N°-li müqaviləyə əsasən müəyyən olunur ki, müqavilənin predmeti Azərbaycan Respublikasının ərazisini əhatə edən Naviqasiya Xəritəsinin və Oflayn GPS X4 təminatının, bu müaviləyə əlavə 1-də göstərilmiş Texniki tapşırığa, Əlavə 2-də təsvir olunmuş spesifikasiyaya və Əlavə 3-də göstərilən icra planına uyğun olaraq yaradılması, test sınaqlarının keçirilməsi, sifarişçiyə təhvil verilməsidir. Müqavilənin dəyəri ******* manat təşkil edir. İcraçı müqavilənin icrası ilə əlaqədar əqli mülkiyyət haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə riayət edir və həmin qanunvericiliyinin pozulması nəticəsində üçüncü şəxslərin iddialarından sifarişçini qoruyaraq onların qarşısında məsuliyyət daşıyır. Sifarişçi icraçı tərəfindən hazılanmış Naviqasiya xəritəsi üçün icraçının müəlliflik hüququnu tanıyır və bu məhsulun istifadə olunduğu proqram təminatında onun hüquqi adının qeyd olunmasına etiraz etmir (l cild.səh.61, 62, 80, 140 ).

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

3. İddiaçı apellyasiya şikayəti ilə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon məhkəməsinin 2(004)-141/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini və Cavabdeh1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti AZNAV naviqator proqramında xanım bələdçi kimi ifa olunan səsləndirmədən - fonoqramdan onun razılığı və icazə olmadan istifadə edilməsi və satılmasına görə, həmin proqramın yayılması ilə eyni zamanda ona məxsus olan xanım bələdçi kimi ifa olunan səsləndirmə - fonoqramın pirat nüsxələrinin yayılmasına görə birgə qaydada 50000 manat, həmçinin, ona dəymiş mənəvi zərərə görə birgə qaydada 5000 manat ona kompensassiya ödənilməsini; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən AZNAV Navigator sistemində onun ifası ilə yazılmış fonoqramın tamamilə silinməsini;əgər silinmə proseduruna 1 aydan çox zaman tələb olunarsa, iddia ərizəsi məhkəməyə təqdim olunan tarixdən fonoqram silinənə qədər fonoqramdan istifadə olunmasına görə birgə qayda günlük 35 manat məbləğində kirayə haqqı ödənilməsinin təmin olunmasına dair yeni qətnamə qəbul etməyinizi xahiş etmişdir. Apellyasiya şikayətində Konstitusiyanın 13.1, 29.1-29, 30; Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunun 45-ci maddəsinə istinadən qeyd edilmişdir ki, məhkəmə nəzərə almamışdır ki, iş materiallarında olan sifarişçi X6 Mühendislik Sanayi Ticaret Anonim Şirkətinin Azərbaycan Respubliikasındakı nümayəndəliyi və icraçı Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli Azərbaycan Respublkasının elektron Naviqasiya Xəritəsinin və Oflayn GPS X4 təminatının satın alınmasına dair 21M-li müqaviləyə əsasən müəyyən olunur ki, Müqavilənin dəyəri ******* ABŞ DOLLARİ təşkil edir. Həmin müqaviləyə 5-ci əlavədə isə sifarişçi tərəfindən ödəniş qaydaları əks olunmuşdur. 1-ci mərhlədə bu məbləğin 40%-i yəni ******* Dolları * 1.70= ******* manat ödənilmişdir. 1-ci mərhələ üzrə işlər təhvil verilən zaman onun səsləndirdiyi fonoqramlar da təqdim olunmuşdur. Qanunun 45.2-ci maddəsinin 2-ci bəndində zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması əks olunmuşdur. Şirkət onun əqli mülkiyyət hüququnu pozmaqla bu qədər gəlir əldə edir, lakin ona dəymiş mənəvi zərər 2000 kompensassiya və 500 manat mənəvi zərər kimi qiymətləndirilir? Məhkəmə bu hissədə qanunu səhv təsvir etmiş və dəymiş zərərin ağlabatanlığını düzgün müəyyən etməmişdir məhkəmə bu iş üzrə əqli mülkiyyət hüququnun pozulma dərəcəsini düzgün müəyyən etməmişdir. Qısa olaraq aşağıdakıları qeyd edir: ona vəd verilərək səsi səs studiyasında yazılmışdır və sonradan səsin bəyənilmədi bildirilərək vədin icra olunmasından imtina olunmuşdur. Fonoqramı AZNAV proqramına qanunsuz olaraq yazılmışdır. Həmin proqram 200000 dəfədən artıq internet portallarından yüklənmişdir. Bu isə onun fonoqramının bir o qədər pirat nüsxələrinin yayılması deməkdir. Onun fonoqrarmından istifadə edərək ******* ABŞ dolları gəlir əldə olunmuşdur. Bu isə günün məzənnəsi ilə ******* manat edir. Həmçinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi məhkəmə iclasında çıxışı zamanı bildirmişdir ki, fonoqramın proqramdan silinməsi qeyri-mümkündür. Bu isə fonoqramın həmin proqramda yayımlanacağını özündə ehtiva edir. Məhkəmə isə bu hissədə onun hüquqlarının qətnamə qanuni qüvvəyə mindikdən sonra belə pozulmasına davam edilməsini nəzərə almamışdır və günlük 35 manat kirayə haqqının ödənilməsini əsassız olaraq təmin etməmişdir.

4. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-141/2022 nömrəli qətnaməsi qismən, yəni - “Aznav” naviqator proqramından iddiaçının ifası ilə yazılmış fonoqramın silinməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması - hissəsində ləğv edilməsi və iddia Əmlak Məsələləri Dövlət Xidmətinə aid həmin hissədə rədd edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1; Mülki Məcəllənin 752.1, 762.1, 762.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Azərbaycan Respublikasının ərazisini əhatə edən Naviqasiya Xəritəsinin və Oflayn GPS X4 təminatı” (AZNAV) SİNAM Şirkəti ilə “X7 Mühendislik Sanayi Ticaret” Anonim Şirkəti arasında imzalanmış xx.xx.2016-cı il tarixli 21 saylı müqavilə əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin məhsulu olan Ünvan Reyestri İnformasiya Sisteminin məlumatları əsasında hazırlanmışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və X5 ilə “X7 Mühendislik Sanayi Ticaret” Anonim Şirkətinin Azərbaycan nümayəndəliyi arasında imzalanmış xx.xx.2016-cı il tarixli müqavilə əsasında “Azərbaycan Respublikasının ərazisini əhatə edən Naviqasiya Xəritəsinin və Oflayn GPS X4 təminatı”nın (AZNAV) hazırlanması prosesində keyfiyyətə nəzarət və keyfiyyətə zəmanətlər üzrə xidmətlər göstərmişdir. “X7 Mühendislik Sanayi Ticaret” Anonim Şirkəti (sifarişçi) ilə SİNAM Şirkəti (icraçı) arasında imzalanmış xx.xx.2016-cı il tarixli 21 saylı müqavilənin predmetini icraçı tərəfindən Azərbaycan Respublikasının ərazisini əhatə edən Naviqasiya Xəritəsinin və Oflayn GPS X4 təminatının həmin müqaviləyə əlavə edilmiş Texniki Tapşırığa, Spesifikasiyaya və İcra Planına uyğun olaraq yaradılması, test sınaqlarından keçirilməsi və Sifarişçiyə təhvil verilməsi təşkil edir. Müqaviləyə əlavə edilmiş İcra Planının 1.12-ci bəndində səsli komandaların Azərbaycan dilinə tərcüməsi və 2(iki) səslə səsləndirilməsi öz əksini tapmışdır. SİNAM şirkətinin həmin layihə ilə bağlı xx.xx.2016-cı il tarixli 001 nömrəli Proqres Hesabatında İcra Planının 1.12-ci bəndində göstərilən səsli komandaların Azərbaycan dilinə tərcüməsi və 2(iki) səslə səsləndirilməsi işinin icra edildiyi göstərilmişdir. Qeyd edilən müqavilənin 12.1-ci maddəsinə əsasən İcraçı müqavilənin icrası ilə əlaqədar əqli mülkiyyət haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə riayət edir və həmin qanunvericiliyin pozulması nəticəsində üçüncü şəxslərin iddialarından Sifarişçini qoruyaraq onların qarşısında məsuliyyət daşıyır. İddia edənlərin hər hansı bir tələbi Sifarişçiyə qarşı irəli sürüldükdə, Sifarişçi bu haqda İcraçını yazılı xəbərdar edəcəkdir. İcraçı bütün əlaqədar xərcləri öz üzərinə götürməklə yanaşı, hər hansı bir mübahisə ya da tələblə bağlı Sifarişçini müdafiə edəcəkdir. İcraçı, Sifarişçinin yazılı xəbərdarlığını aldıqdan sonra heç bir hərəkət etməzsə, Sifarişçi özü İcraçının hesabına özünü müdafiə edəcəkdir. Yaranan mübahisə hər hansı bir məbləğin ödənilməsi ilə nəticələnərsə, İcraçı həmin məbləğləri və Sifarişçiyə dəymiş zərərin əvəzini ödəyəcəkdir. Yuxarıda sadalananlardan göründüyü kimi, “Aznav” naviqasiya proqramı “X7 Mühendislik Sanayi Ticaret” Anonim Şirkətinin sifarişi əsasında SİNAM şirkəti tərəfindən hazırlanmışdır. Həmin proqramın hazırlanması zamanı istifadə edilən mətn, audio, video və digər materiallar SİNAM şirkəti tərəfindən tədarük edilmişdir. AZNAV proqramı istifadəyə təhvil verilərkən proqramın mənbə kodları Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edilmədiyi üçün Xidmət tərəfindən AZNAV sistemində hər hansı dəyişiklik və ya əlavələrin edilməsi mümkün deyildir. Qeyd edilənləri nəzərə alaraq, iddia Əmlak Məsələləri Dövlət Xidmətinə münasibətdə tamamilə rədd edilməli olduğu halda, məhkəmə isə öz qətnaməsində iddianı qismən təmin edərək, “Aznav” naviqator proqramından iddiaçının ifası ilə yazılmış fonoqramın silinməsi vəzifəsini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoymuşdur. Bildiririk ki, qeyd edilən qətnamənin icrası, yəni - Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “Aznav” naviqator proqramından iddiaçının ifası ilə yazılmış fonoqramın silinməsi, həmçinin sistemdə hər hansı dəyişiklik və ya əlavələrin edilməsi praktiki cəhətdən mümkün deyildir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, proqram Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus olsa da, həmin proqram Xidmət tərəfindən deyil, SİNAM şirkəti tərəfindən hazırlanmış və Əmlak Məsələləri Dövlət Xidməti hazır məhsul almışdır. AZNAV proqramı istifadəyə təhvil verilərkən proqramın mənbə kodları Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edilmədiyi üçün məhkəmənin qərarında qeyd edildiyi kimi həmin proqramından iddiaçının ifası ilə yazılmış fonoqramın Xidmət tərəfindən silinməsi mümkün deyildir. Bu səbəbdən iddiaçının səsi yazılmış fonoqramın “Aznav” proqramından silinməsi vəzifəsi də, Əmlak Məsələləri Dövlət Xidmətinin deyil, SİNAM şirkətinin üzərinə qoyulmalıdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək, "xxxx" MMC tərəfindən mənbə kodları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə təqdim edilmədiyindən səsyazmanın silinməsini həyata keçirə bilmədiklərini, onların "xxxx" MMC ilə müqavilələrinin mövcud olmadığını, sifarişçi X6 Mühendislik Sanayi Ticaret Anonim Şirkətinin həm onlarla, həm də "xxxx" MMC ilə müqavilələrinin olduğunu, səsləndirmənin həyata keçirilməsinin "xxxx" MMC-yə həvalə edildiyini, "xxxx" MMC səsləndirmənin həyata keçirilməsi ilə bağlı hesabatı sifarişçi X6 Mühendislik Sanayi Ticaret Anonim Şirkətinə və bir surətinin isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin İnformasiya Texnologiyaları və X2 göndərildiyini, birinci instansiya məhkəməsinin səs yazısının onlar tərəfindən silinməsi hissəsindən narazı olduqlarını, çünki mənbə kodları onlarda olmadığından səsi faktiki olaraq silə bilmədiklərini, bağlanılmış müqavilədə məsuliyyətin "xxxx" MMC-yə məxsus olmasının qeyd edildiyini, 2019-cu ildən hazırki dövrə qədər proqramın artıq işlək vəziyyətdə olmadığını,belə ki, proqramda heç bir yeniləmə həyata keçirilmədiyini, mənbə kodları olacağı halda yenilənmənin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilməsinin mümkün olduğunu, proqramın sahibinin hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti olduğunu bildirmişdir.

6. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onunla Şahid arasında şifahi danışıqlar zamanı səsinin proqram yaradıcı tərəfindən bəyəniləcəyi halda ona aylıq kompensasiya ödəniləcəyini bildirdiyini, lakin sonradan səs yazısından istifadə olunmayacağını bildirdiyini, 3 il sonra taksidə olarkən öz səsini proqramda eşitdiyini bildimişdir.

7. İddiaçının nümayəndəsi vəkil Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, məbləğ hissəsindən narazı olduqlarını, proqam sayəsindən 3 milyon ABŞ dollarından çox gəlir əldə edildiyini, proqrqamdan hazırki dövrə qədər istifadə edildiyini və səs yazısının silinmədiyini, ödəniləcək pulun ağlabatan məbləğdə olmalı olduğunu, pul öhdəliyinin "xxxx" MMC, səsyazısının silinməsi öhdəliyinin isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması ilə razılaşdıqlarını, səs yazısının Şahid tərəfindən verilməsinə dair əllərində heç bir sübut olmadığından onu cavabdeh qismində müəyyən edə bilmədiklərini bildirmişdir.

8. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi Nümayəndə4 əqli mülkiyyət hüquqlarının proqram yaradıcı tərəfindən pozulduğunu, proqram yaradıcısının "xxxx" MMC olduğunu, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olduğunu, Şahid adlı şəxslə iddiaçı arasında danışıqların şifahi formada həyata keçirildiyini, iddiaçının səs yazısı alındıqdan sonra proqram yaradıcısı ilə iddiaçı arasında müqavilə bağlanılmalı olduğu halda belə bir müqavilənin bağlanılmadığını bildirmişdir. Apellyasiya baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır.

Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi: 10.Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının Qanununun aşağıdakı müddəaları münasibətlərin tənzimlənməsi üzrə nəzərə alınmalıdır: 23-cü maddəyə əsasən, efir yayımı təşkilatlarının qısamüddətli istifadə üçün yaratdıqları yazılmalar aşağıdakı şərtlər gözlənilməklə müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və əlavə haqq vermədən efir yayımı təşkilatının efir bildirişi hüququnu aldığı əsərin qısamüddətli istifadə üçün yazılmasına hüququ vardır: a) yazılmanın efir yayımı təşkilatının öz avadanlığı vasitəsi ilə və onun öz verilişləri üçün hazırlanması; b) yazılmış əsərin müəllifi ilə daha uzun müddət haqqında razılıq əldə edilmədikdə, belə yazılmanın 6 ay müddətində məhv edilməsi; belə yazılma müstəsna sənədli xarakter daşıyırsa, müəllifin razılığı olmadan dövlət arxivlərində saxlana bilər.24-cü maddəyə əsasən, kompüter proqramlarının və məlumat bazalarının surətinin çıxarılması. Kompüter proqramlarının dekompilyasiyası:1.Kompüter proqramını və ya məlumat bazasını qanuni əsasda əldə edən şəxs müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif haqqı vermədən aşağıdakıları həyata keçirə bilər: a) kompüter proqramında və ya məlumat bazasında istifadəçinin texniki vasitələrinin fəaliyyəti üçün lazım olan qədər dəyişikliklər etmək, həmçinin kompüter proqramının və ya məlumat bazasının təyinatına uyğun şəkildə işlənməsi ilə bağlı hər hansı bir hərəkəti etmək, o cümlədən yazılma və kompüterin (bir kompüterin, yaxud kompüter şəbəkəsinə qoşulmuş istifadəçi kompüterin) yaddaşında saxlamaq, həmçinin , aşkar edilmiş səhvləri düzəltmək; b) qanuni sahibkarın kompüter proqramının və ya məlumat bazasının itirilmiş, məhv edilmiş və ya istifadəyə yararsız formaya düşmüş nüsxəsinin dəyişdirilməsi və arxivləşdirilməsi üçün nəzərdə tutulmuş ehtiyat nüsxəni hazırlamaq.2. Kompüter proqramının və ya məlumat bazasının ehtiyat nüsxəsi bu maddənin 1-ci hissəsi ilə nəzərdə tutulan hallardan başqa, digər məqsədlər üçün istifadə oluna bilməz, kompüter proqramına və ya məlumat bazasına sahiblik hüququna xitam verildiyi hallarda bu nüsxə məhv edilməlidir.32-ci maddəyə əsasən,əlaqəli hüquqların subyektləri:1. İfaçılar, fonoqram istehsalçıları və yayım təşkilatları əlaqəli hüquqların subyektləridir. Əlaqəli hüquqlar bu Qanunun 2-ci bölməsində nəzərdə tutulmuş müəlliflik hüquqlarına zərər vurmadan həyata keçirilir.2. Fonoqram istehsalçısı və yayım təşkilatı bu bölmədə nəzərdə tutulan hüquqları ifaçı və fonoqrama yazılan və ya efirlə, yaxud kabel televiziyası ilə verilən əsərin müəllifi ilə bağlanan müqavilə üzrə aldığı hüquqlar həddində həyata keçirir.3. İfaçı bu bölmədə nəzərdə tutulan hüquqları, ifa olunan əsərin müəllifinin hüquqlarına riayət etmək şərti ilə həyata keçirir.3-1. Reklam yaradıcısı və reklam istehsalçısı bu Qanunda nəzərdə tutulan şərtlər hüdudunda əlaqəli hüquqların subyektidirlər.4. Əlaqəli hüquqların yaranması və həyata keçirilməsi üçün hər hansı formal qayda tələb olunmur. Fonoqram istehsalçısının və (və ya) ifaçının öz hüquqlarını bildirməsi üçün əlaqəli hüquqları qoruma nişanından istifadə etmək hüququ vardır; bu nişan fonoqramın hər nüsxəsində və (və ya) onun içinə qoyulduğu qutuda göstərilir və üç ünsürdən ibarət olur: dairəyə alınmış R latın hərfi — ®;əlaqəli hüquqların sahibinin adı;fonoqramın ilk dəfə istehsal olunduğu il.5. Əlaqəli hüquqların obyektlərinə müstəsna hüquq sahibləri onları əlaqəli hüquqların qüvvədə olduğu müddətdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumda qeydiyyatdan keçirə bilərlər. Bu halda əlaqəli hüquqların obyektlərinin qeydiyyatı haqqında nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş şəhadətnamə verilir.33-cü maddəyə əsasən,ifaçının hüquqları: 1. İfaçının aşağıdakı şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqları vardır:ad hüququ; ifanı ifaçının şərəf və ləyaqətinə xələl gətirə biləcək hər hansı təhrif, dəyişmə və digər qəsdlərdən müdafiə etmək hüququ (şöhrətinə hörmət edilməsi hüququ); ifadan bu Qanunda nəzərdə tutulan hallardan başqa, istifadənin hər növünə görə qonorar almaq hüququ da daxil olmaqla, hər hansı formada istifadəyə müstəsna hüquq. 2. İfadan istifadəyə müstəsna hüquq aşağıdakı hərəkətləri həyata keçirməyi, həyata keçirilməsinə icazə verməyi və ya qadağa qoymağı bildirir: a) ifanın efirlə və ya kabellə kütləvi bildirişi, əgər belə bildiriş üçün istifadə olunan ifa əvvəllər efirlə ötürülməmişdirsə, yaxud yazılmadan istifadə etmədən həyata keçirilirsə; b) əvvəllər yazılmamış ifanın yazılması; c) ifanın yazılmasının birbaşa və ya dolayı yolla surətinin çıxarılması; ç) ifanın ilkin halda kommersiya məqsədi olmadan hazırlanmış yazılmasının efirlə və ya kabellə bildirişi; d) fonoqrama yazılmış ifanın orijinalının və ya nüsxələrinin satışı, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə yayılması. Fonoqrama yazılmış ifanın orijinalı və ya nüsxələri satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə qanuni şəkildə mülki dövriyyəyə buraxılmışdırsa, sonradan ifaçının razılığı olmadan və ölkə ərazisində haqq ödənilmədən onların yayılmasına yol verilir; e) fonoqrama yazılmış ifanın orijinalının və ya nüsxələrinin hətta ifaçının razılığı ilə yayılmasından sonra, orijinala və nüsxələrə mülkiyyət hüququndan asılı olmayaraq, kirayəyə verilməsi; ə) fonoqrama yazılmış ifanın interaktiv istifadə üçün kütləyə çatdırılması (interaktiv kütləvi bildiriş). 3. Bu maddənin 2-ci hissəsi ilə müəyyən olunan səlahiyyətlər ifaçı, ifanın kollektiv ifaçılar tərəfindən ifa olunduğu halda isə həmin kollektivin rəhbəri tərəfindən istifadəçi ilə bağlanmış yazılı müqavilə əsasında həyata keçirilir. 4. İfaçı ilə yayım təşkilatı arasında ifanın efirlə və ya kabel televiziyası ilə bildirişi üçün müqavilə bağlanması, əgər bu, ifaçı ilə yayım təşkilatı arasında bağlanmış müqavilədə birbaşa nəzərdə tutulursa, bu maddənin 2-ci hissəsinin “a”, “b” və “c” bəndlərində göstərilən hüquqlarının ifaçı tərəfindən verilməsini bildirir. Bu cür istifadəyə görə ifaçıya veriləsi qonorarın məbləği göstərilən müqavilə ilə müəyyənləşdirilir. 5. İfaçı ilə audiovizual əsərin istehsalçısı arasında audiovizual əsərin yaradılmasına görə müqavilə bağlanması ifaçı tərəfindən bu maddənin 2ci hissəsində göstərilən hüquqların verilməsini bildirir;Müqavilədə başqa hal nəzərdə tutulmadıqda, ifaçı tərəfindən belə hüquqların verilməsi audiovizual əsərlərin istifadəsi ilə məhdudlaşdırılır. Audiovizual əsərdə qeydə alınmış səs və təsvirlərdən ayrıayrılıqda istifadə hüququ istisna edilir. https://e-qanun.az/framework/4167

6. İfaçı ilə fonoqram istehsalçısı arasında ifanın fonoqrama yazılmasına görə müqavilə bağlanması ifaçı tərəfindən fonoqramın kirayəyə verilməsi hüququnun verilməsini bildirir (bu maddənin 2-ci hissəsinin “e” bəndi); ifaçı həmin fonoqram nüsxələrinin kirayəyə verilməsinə görə qonorar almaq ixtiyarını saxlayır. 7. Xidməti vəzifə və ya işəgötürənin xidməti tapşırığını yerinə yetirmək qaydasında yaradılmış ifaya görə ifaçının ad və şöhrətinə hörmət edilməsi hüququ vardır. Əgər aralarındakı müqavilədə başqa hal nəzərdə tutulmazsa, həmin ifadan istifadəyə müstəsna hüquq, ifaçının əmək münasibətlərində olduğu şəxsə məxsusdur.8.İfaçının bu maddənin 2-ci hissəsiilə nəzərdə tutulmuş müstəsna hüquqları müqavilə üzrə başqa şəxslərə verilə bilər. 34-cü maddəyə əsasən,fonoqram istehsalçısının hüquqları:1. Fonoqram istehsalçısı, bu Qanunla nəzərdə tutulan hallardan başqa, fonoqramın hər hansı istifadəsinə görə haqq almaq hüququ da daxil olmaqla, fonoqramdan istənilən formada istifadə üçün müstəsna hüquqa malikdir.2. Fonoqramdan istifadəyə müstəsna hüquq aşağıdakı hərəkətləri həyata keçirməyi, həyata keçirilməsinə icazə verməyi və ya qadağa qoymağı bildirir:a) fonoqramın birbaşa və dolayı yolla surətinin çıxarılması;b) fonoqramda dəyişiklik edilməsi və ya onun başqa cür yenidən işlənilməsi;c) fonoqramın orijinalının və ya nüsxələrinin satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə yayılması. Fonoqramın qanuni dərc olunmuş (buraxılmış) nüsxələri satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə mülki dövriyyəyə buraxılmışdırsa, həmin nüsxələrin sonradan fonoqram istehsalçısının razılığı olmadan və haqq ödənilmədən ölkə ərazisində yayılmasına yol verilir;ç) fonoqram istehsalçısının icazəsi ilə istehsal edilmiş nüsxələr də daxil olmaqla, fonoqram nüsxələrinin yaymaq məqsədi ilə idxal edilməsi;d) fonoqramın orijinalının və ya nüsxələrinin fonoqram istehsalçısının razılığı ilə yayılmasından sonra, orijinala və nüsxələrə mülkiyyət hüququndan asılı olmayaraq, kirayəyə verilməsi;e) fonoqramın interaktiv istifadə üçün kütləyə çatdırılması (interaktiv kütləvi bildiriş).3. Fonoqram istehsalçısının bu maddənin 2-ci hissəsi ilə nəzərdə tutulmuş müstəsna hüquqları müqavilə əsasında başqa şəxslərə verilə bilər.37-ci maddəyə əsasən, kommersiya məqsədi ilə buraxılmış fonoqramlardan istifadə:1. Kommersiya məqsədi ilə buraxılmış fonoqramın istehsalçısının və ifası fonoqrama yazılmış ifaçının razılığı olmadan, lakin qonorar verilməklə aşağıdakılara icazə verilir: fonoqramın kütləvi ifasına; fonoqramın efirlə kütləvi bildirişinə; fonoqramın kabellə kütləvi bildirişinə.2. Bu maddənin 1-ci hissəsi ilə nəzərdə tutulmuş qonorarın yığılması, bölünməsi və ödənilməsi fonoqram istehsalçıları ilə ifaçıların hüquqlarının kollektiv əsasda idarə edən təşkilatlar (bu Qanunun 40-cı maddəsi) arasında bağlanan müqavilə əsasında həyata keçirilir. Müqavilədə başqa hal nəzərdə tutulmadıqda, göstərilən qonorar fonoqram istehsalçısı ilə ifaçı arasında bərabər bölünür.3. Qonorarın məbləği və ödənilməsi şərtləri fonoqramın istifadəçisi və ya belə istifadəçilərin birlikləri (assosiasiyaları) ilə fonoqram istehsalçıları və ifaçıların hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar arasında bağlanmış müqavilə əsasında, tərəflərin razılığa gəlmədikləri hallarda isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən müəyyən edilir.Qonorarın məbləği fonoqramdan istifadənin hər növünə görə müəyyən edilir.38-ci maddəyə əsasən,e fir yayımı təşkilatlarının həyata keçirdikləri ifaların və verilişlərin qısamüddətli istifadə üçün yazılması:Efir yayımı təşkilatının aşağıdakı şərtlər gözlənilməklə, ifaçının, fonoqram istehsalçısının və yayım təşkilatının razılığı olmadan qısamüddətli istifadə üçün ifanı və ya verilişi yazmaq və həmin yazılmanın surətini çıxarmaq hüququ vardır:1) efir yayımı təşkilatının qısamüddətli istifadə üçün yazmaq, yaxud surətini çıxarmaq istədiyi ifanın və ya verilişin efirlə kütləvi bildirişinə əvvəlcədən icazə alması;2) efir yayımı təşkilatı tərəfindən öz avadanlığı vasitəsi ilə və məxsusi olaraq öz verilişləri üçün qısamüddətli istifadə üçün yazılmanın hazırlanması və surətinin çıxarılması;44-cü maddəyə əsasən,m üəlliflik hüququnun və əlaqəli hüquqların müdafiəsi. Əsərlərin və ya fonoqramların pirat nüsxələri:1. Müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri, habelə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdirlər.2. İstehsalı (hazırlanması) və ya yayılması müəlliflik hüququnun və ya əlaqəli hüquqların pozulmasına səbəb olan əsər və ya fonoqram nüsxələri pirat nüsxələr sayılır. Gətirildiyi ölkədə heç vaxt qorunmamış və ya qorunma müddəti keçmiş, lakin bu Qanuna müvafiq surətdə qorunan əsərlərin və fonoqramların müəlliflik hüququnun və əlaqəli hüquqlarının sahiblərinin icazəsi olmadan Azərbaycan Respublikasına idxal edilən nüsxələri də pirat nüsxələr hesab olunur.3. Əsərlərə və fonoqramlara münasibətdə aşağıdakılara yol verilmir:a) müvafiq texniki mühafizə vasitələri ilə əsərlərdən və fonoqramlardan istifadəyə qoyulmuş məhdudiyyətlərin müəllifin (və ya digər hüquq sahibinin) və fonoqramın hüquq sahibinin icazəsi olmadan aradan qaldırılmasına yönəldilmiş hərəkətlərə;b) əsərin və fonoqramın istənilən texniki mühafizə vasitələrinin və ya onun hissələrinin istehsalına, yayılmasına, kirayəyə verilməsinə, müvəqqəti istifadəsinə, idxalına, reklamına, gəlir götürmək məqsədi ilə istifadəsinə, yaxud texniki mühafizə vasitələrinin tətbiqini qeyri-mümkün edən və ya texniki vasitələrlə bu hüquqların lazımi müdafiəsinin təmin edilməsinə yönəldilmiş xidmətlərə.Hüquq sahibinin icazəsi olmadan hüquqların idarə edilməsi haqqında informasiyanın dəyişdirilməsi və ya ləğv edilməsi də hüquq pozuntusu sayılır.45-ci maddəyə əsasən,müəlliflik hüququnun və əlaqəli hüquqların müdafiəsi vasitələri (üsulları):1. Müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər.2. Məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə aşağıdakılar barədə qərar qəbul edə bilər:1) zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması;2) zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi;3) hüquq pozuntusunun ağırlıq dərəcəsi və digər şəxslərin qanuni maraqları nəzərə alınmaqla məhkəmə qərarına əsasən pirat nüsxələrin surətinin çıxarılması (istehsalı) üçün istifadə edilmiş material və avadanlıqların müsadirə olunması;4) pirat nüsxələrin hüquqları pozan tərəfə heç bir kompensasiya ödənilmədən məhkəmə qaydasında müsadirə olunması və ya məhv edilməsi.3. Müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərinin texniki müdafiə vasitələrinin birbaşa müdaxilə yolu və ya dolayısı ilə ələ keçirilməsinə yönəldilmiş hərəkətlər müəlliflik hüququ və əlaqəli hüquqların pozulmasına görə qanunvericilikdə nəzərdə tutulan məsuliyyətə səbəb olur.4. Məhkəmə hüquq pozuntusu faktı sübut edildiyi halda vəkilə ödənilən haqq da daxil olmaqla hüquq sahibinin çəkdiyi ağlabatan xərclərin ödənilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Məhkəmə, həmçinin, hüquq pozuntusuna yol vermiş şəxsin bunu bilib-bilməməsindən asılı olmayaraq pozuntulara görə həmin şəxsin müəllifə (digər hüquq sahibinə) və ya əlaqəli hüquqların sahibinə kompensasiya ödəməsi barədə qərar çıxara bilər.5. Müəllifin və ya əlaqəli hüquqların sahibinin hüquq pozuntusuna yol verən şəxsdən kompensasiya ilə yanaşı, ona məxsus olan əsərdən və ya digər əqli mülkiyyət hüququ obyektindən normal istifadə zamanı əldə edə biləcəyi qonorarın ödənilməsini də tələb etmək hüququ vardır.

11. Birinci instansiya məhkəməsi qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsininqərarını; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 324, 385-390, 1096,1097; Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikası Qanununun 4, 32.1, 33.1, 44.1, 45.2; Mülki Prosesual Məcəlləsinin 14.2, 48- 49,72, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 372, 385, 386, 388, 389 və 390-cı maddələrinə istinadən birinci instansiya məhkəməsinin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə gəldiyi nəticəyə müvafiq apellyasiya şikayətlərinin dəlilləri sübuta yetirilmədiyindən hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

12. Apellyasiya şikayəti əsassız olduğundan apellyasiya instansiyasına müraciətlə bağlı məhkəmə xərcləri ödəyən tərəfin özünə aid edilməlidir.

13. Diqqətə çatdırılmalıdır ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

14. İlk olaraq apellyasiya instansiyası iddia tələbini, onun hansı cavabdehə hansı hissədə yönəlməsini, onun hansı hissədə təmin olunub-olunmamasını müəyyən etməli və bunun nəticəsi olaraq apellyasiya şikayətləri üzrə mübahisə edilən hissələrdə araşdırmanı həyata keçirməli, Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsini, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasını, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsini, və ya qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsini müəyyən etməlidir. Bununla belə, Mülki Prosesual Məcəllənin 385.2-ci maddəsinə əsasən qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 15.İddiaçının - ifa olunan səsləndirmədən-fonoqramdan iddiaçının razılığı olmadan istifadə edilməsinə görə, həmin proqramın yayılması ilə eyni zamanda iddiaçıya məxsus olan xanım bələdçi kimi istifadə olunan səsləndirmə-fonoqramın pirat nüsxələrinin yayılmasına görə 50000, həmçinin iddaiçıya dəymiş mənəvi zərərə görə 5000 manat pul məbləğinin birgə qaydada kompensassiya şəklində iddiaçıya ödənilməsi, AZNAV Naviqator proqramından iddiaçının ifası ilə yazılmış fonoqramın tamamilə silinməsi, əgər silinmə proseduruna 1 aydan çox vaxt tələb olunarsa iddia ərizəsi məhkəməyə təqdim olnuan tarixdən fonoqram silinənə qədər fonoqramdan istifadə olunmasına görə günlük 35 manat məbləğində kirayə haqqı ödənilməsi barədə - iddiası üzrə birinci instansiya məhkəməsi tərəfindən cavabdeh "xxxx" MMC-dən 2000 manat məbləğində kompensasiya və mənəvi zərərə görə 500 manat, cəmi 2500 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi, İddiaçı ifası ilə yazılmış fonoqram Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən AZNAV Naviqator sistemindən silinməsi qət edilərək iddia qismən təmin edilmişdir. 16.İddiaçının apellyasiya şikayəti üzrə qətnamənin qismən ləğv edilməsi, fonoqramın pirat nüsxələrinin yayılmasına görə birgə qaydada 50000 manat, həmçinin, mənəvi zərərə görə birgə qaydada 5000 manat ona kompensassiya ödənilməsi; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən AZNAV Navigator sistemində onun ifası ilə yazılmış fonoqram tamamilə silinməsi; əgər silinmə proseduruna 1 aydan çox zaman tələb olunarsa, iddia ərizəsi məhkəməyə təqdim olunan tarixdən fonoqram silinənə qədər fonoqramdan istifadə olunmasına görə birgə qayda günlük 35 manat məbləğində kirayə haqqı ödənilməsi - bununla iddianın yenidən tam göstərilərək təmin edilməsinin apellyasiya tələbində təsbit edilməsi, hər bir cavabdehə qarşı yönələn tələbin təsnif edilərək mülki məsuliyyətlərinin, habelə bu təsnifatın qətnamə ilə təmin edilən hissələrə münasibətdə təsbit edilməməsi, məhkəmənin isə yalnız tələb (apellyasiya şikayəti) həddində işə baxılması mümkünlüyü, işin araşdırılmasının prosessual cəhətdən səciyyələndirən və prosessual qənaətin nəticəsinə təsir göstərən amildir.

17. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti isə apellyasiya tələbi üzrə qətnamənin qismən, yəni - “Aznav” naviqator proqramından iddiaçının ifası ilə yazılmış fonoqramın silinməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması - hissəsində ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi olmuşdur. Bu hissədə isə apellysiyanın əsası o olmuşdur ki, proqram Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus olsa da, həmin proqram Xidmət tərəfindən deyil, "xxxx" şirkəti tərəfindən hazırlanaraq Əmlak Məsələləri Dövlət Xidmətinə hazır məhsul verimişdir. Qeyd edilməlidir ki, müqavilə münasibətlərindən irəli gələn mülki məsuliyyət həddi əqdin tərəflərinə şamil edilir və biləvasitə proqram mənsubiyyəti olan sahibin üçüncü şəxs qarşısında məsuliyyətini istisna edən hal kimi qiymətləndirilə bilməz. Diqqətə çatdırılmalıdır ki, qətnamənin qeyd edilən hissədə icra edilməsi mümkünsüzlüyü müqavilə tərəfindən, əqdlərdən irəli gələn öhdəliklər üzrə, tələb etmək hüququ çərçivəsində həll edilə bilər. Bununla da apellyasiyanın maddi hüquq normalarına uyğunsuzluğu müəyyən edilir. 18.Ümumiyyətlə fonoqram istehsalçısının və yayım təşkilatının hüquqlarının ifaçı və fonoqrama yazılan əsərin müəllifi ilə bağlanan müqavilə üzrə aldığı hüquqlar həddində, ifaçının isə hüquqlarının, ifa olunan əsərin müəllifinin hüquqlarına riayət etmək şərti ilə həyata keçirilməli olmasını, habelə qeyd edilmiş qanunvericilik üzrə dayanıqlı sübutetmənin mövcud olmadığını nəzərə alaraq diqqətə çatdırılmalıdır ki, ifaçının qeyd edilən cavabdehlərlə münasibətlərinin biləvasitə olmadığı şəraitdə sonuncuların yalnız fonoqramın qanuni üsulla əldə edilməməsinin sübuta yetirilməməsi həddində mülki məsuliyyətləri müəyyən edilir. Qeyd edilənlər və araşdırmanın verilən tələb müstəvisində mümkünlüyü baxımından hər iki apellyasiya şikayəti üzrə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, və ya qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi kimi hallar müəyyən edilmir. 19.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8- 14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçı və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-141/2022 saylı işi üzrə 13 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar