Məhkəmə qərarları › İş №2(004)-142/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-142/2021

20.05.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-142/2021 20.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə birgə nikah dövründə əldə etdikləri VAZ 21214 minik markalı, ** VN *** dövlət nömrə nişanlı avtomobilin dəyərinin ½ hissəsini təşkil edən 6750 manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə 10 noyabr 2012-ci il tarixdə nikaha daxil olmuşlar, birgə nikahlarından 06.08.2013-cü il tarixdə X3 və 01.07.2015-ci il tarixdə isə X4 dünyaya gəlmişdir. Cavabdeh1 ilə aralarında olan 10 noyabr 2012-ci il tarixli nikah Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1376/2017 saylı, 30 yanvar 2017-ci il tarixli qətnaməsi ilə pozulmuş və bu barədə 05 aprel 2017-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Cavabdehlə birgə nikah dövründə 19.10.2015-ci il tarixdə VAZ 21214 minik markalı, ** XC *** dövlət nömrə nişanlı avtomobili əldə etmişlər. Sonradan həmin avtomobilin nömrə nişanı dəyişərək, ** EO *** kimi qeydiyyata alınmış və hazırda isə dövlət nömrə nişanı ** VN ***-dur. Belə ki, Cavabdeh1 qarşı “əmlak tələbi”-nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək VAZ 21214 minik markalı, ** VN *** dövlət nömrə nişanlı avtomobil üzərində onun və Cavabdeh1 1/2 hissədə mülkiyyət hüququnun tanınması və həmin avtomobilin açıq-hərracdan satılaraqəldə edilmiş vəsaitin mülkiyyətçilərin paylarına mütənasib olaraq bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O cümlədən işə mahiyyəti üzrə baxılıb qurtaranadək VAZ 21214 minik markalı, ** VN *** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulması və həmin avtomobilin saxlanca verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Lakin, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5433/2018 saylı, 19.08.2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan şikayət vermiş və Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-2657/2019 saylı, 02 Oktyabr 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5433/2018 saylı, 19.08.2019-cu il tarixli qərardadı ləğv edilmiş və mübahisəli avtomobilin özgəninkiləşdirilməsi cavabdehə qadağan edilmişdir. Bundan sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5433/2018 saylı, 19.08.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş və mübahisəli avtomobil üzərində cavabdehlə bərabər pay hüququnun olması müəyyən edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və apellyasiya şikayəti ilə tanış olarkən məlum olmuşdur ki, cavabdeh birgə nikah dövründə əldə olunmuş mübahisəli avtomobili Cavabdeh2 oğluna satmışdır. Cavabdeh2 Cavabdeh1 dostudur. Beləliklə, Cavabdeh1 ilə ailə münasibəti pozulduqdan sonra birgə nikah dövründə əldə etdikləri avtomobil bölünməsin deyə, 01.10.2019-cu il tarixdə formal alqı-satqı müqaviləsi bağlayaraq avtomobili dostunun adına keçirmişdir. Göründüyü kimi cavabdeh birgə nikah dövründə əldə etdiyi və birgə mülkiyyəti olan avtomobili onun razılığı olmadan dostunun adına formal alğı-satqı müqaviləsi əsasında keçirmiş və onun mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəmədən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə X2 arasında bağlanmış nikah 15.03.2017-ci il tarixdə ləğv edilmişdir. İş materiallarında olan Doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə nikahından 06.08.2013-cü il təvəllüdlü X3, 01.07.2015-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. İş materiallarında olan 2(004)-1376/2017 saylı, 10.01.2017-ci il tarixli qətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında 10.11.2012-ci il tarixdə bağlanmış nikah pozulmuşdur. İş materiallarında olan 01.10.2019-cu il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən görünür ki, **-VN-*** dövlət qeydiyyat nişanlı VAZ 21214 minik markalı avtomobil X3 tərəfindən Cavabdeh2 satılmışdır. İş materiallarında olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-VN-*** dövlət qeydiyyat nişanlı VAZ 21214 minik markalı avtomobil Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan xxxx MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, **-VN-*** dövlət qeydiyyat nişanlı VAZ 21214 minik markalı avtomobilin 01.10.2019-cu il tarixə bazar qiyməti 10000-11000 manat aralığında müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyərinin 200 manat olduğu qeyd edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının mübahisələndirdiyi “Vaz 21214” markalı avtomobil tərəflərin birgə nikahı dövründə (19.10.2015-ci il tarixdə) **-EO-*** dövlət nömrə nişanı ilə cavabdehin adına qeydiyyata alınmış, 24.06.2019-cu il tarixdə isə dövlət nömrə nişanı **-VN-*** olaraq dəyişdirilmişdir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikah 15.03.2017-ci il tarixdə ləğv edilmişdir. Yuxarıda qeyd edilən nəqliyyat vasitəsi isə 01.10.2019-cu il tarixdə X3 tərəfindən Cavabdeh2 satılmışdır. Hazırda İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə birgə nikah dövründə əldə etdikləri VAZ 21214 minik markalı, ** VN *** dövlət nömrə nişanlı avtomobilin dəyərinin ½ hissəsini təşkil edən 6750 manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə görə, ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi öhdəlikləri üzrə, ər-arvaddan birinin öhdəlikləri üzrə alınan vəsaitin ailə ehtiyacları üçün istifadə olunuğunu məhkəmə müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Belə ki, iş materiallarında olan 01.10.2019-cu il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən görünür ki, **-VN-*** dövlət qeydiyyat nişanlı VAZ 21214 minik markalı avtomobil X3 tərəfindən Cavabdeh2 satılmışdır. Həmçinin məhkəmə müəyyən etmişdir ki, X1 avtomobili satdığı vaxtda onun iddiaçı ilə nikahı pozulmuşdur. Belə ki, cavabdeh avtomobili 01.10.2019-cu il tarixdə satmış, 15.03.2017-ci il tarixdə nikahları ləğv edilmişdir. Beləliklə iş materiallarından da göründüyü kimi, **-VN-*** dövlət qeydiyyat nişanlı VAZ 21214 minik markalı avtomobil birgə nikah dövründə əldə edilmiş əmlak olduğundan tərəflərin ümumi birgə əmlakı hesab edilir. Ona görə də iddiaçı avtomobilinin dəyərinin yarısını tələb etməkdə haqlıdır. Lakin iş materiallarında olan xxxx MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, **-VN-*** dövlət qeydiyyat nişanlı VAZ 21214 minik markalı avtomobilin 01.10.2019-cu il tarixə bazar qiyməti 10000-11000 manat aralığında müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, həmin dövr üçün avtomobilin satış qiymətinin 10500 manat müəyyən edilməsi ədalətli və qanunidir. Ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 5250 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, iş üzrə ekspertiza təqdiqatının dəyəri olan 200 manat cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 5250 (beş min iki yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar