Məhkəmə qərarları › İş №2(004)-1476/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1476/2024

04.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1476/2024 04.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-2347/2022 nömrəli qətnaməsi ilə təyin edilmiş xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin miqdarının azaldılaraq, hər ay hər uşağa 150 manat olmaqla, ümumilikdə 300 manat aliment ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-2347/2022 nömrəli qətnaməsinə əsasən birgə nikahdan doğulmuş övladları - xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı hər ay hər uşağa görə 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində aliment alınaraq Cavabdeh verilməlidir. İddiaçı hazırda rəsmi işləmir, fərdi əməklə məşğul olur. Eyni zamanda nikah pozulduqdan sonra X4 ilə ailə qurmuşdur. Həmin evlilikdən xx.xx.2023-cü il tarixli X7 adlı bir övladı da var. Aylıq gəliri onun özünün və ailəsinin xərclərini qarşılamır. Odur ki, alimentin miqdarının azaldılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi, iddiaçının iştirakı olmadan işə mahiyəti üzrə baxılmasını tələb etdi və izahatında bildirdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-2347/2022 nömrəli qətnaməsinə əsasən birgə nikahdan doğulmuş övladları - xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı hər ay hər uşağa görə 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində aliment alınaraq ona verilməlidir. Ödənilən aliment uşaqların ehtiyaclarını ödəməyə kifayət etmir. 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Alimentin miqdarının azaldılması uşaqların mənafeyinə ziddir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi və “AZEMİS” vasitəsilə 050 *** ** ** nömrəli mobil telefonuna SMS bildirişi göndərilməklə məlumat verilmişdir, lakin iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-2347/2022 nömrəli qətnaməsi ilə İddiaçı ilə Məmmədova (Əliyeva) Nuranə Vəli qızı arasında 3 saylı Asan xidmət mərkəzi qeydiyyat şöbəsində xx.xx.2016-cı il tarixdə 406 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X2 anaları Cavabdeh yanında qalmışlar. xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2021-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay, hər uşağa görə 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh xeyrinə ödənilməsi və alimentin tutulma müddətinin, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli MTT(004)-136/2022 nömrəli qərardadı ilə tutulmuş və ödənilmiş alimentin məbləği nəzərə alınmaqla xx.xx.2022-ci il tarixdən müəyyən edilməsi qət edilmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Odur ki, uşağın minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanılması baxımından alimentin miqdarının azaldılması, uşaqların mənafeyinə ziddir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-2347/2022 nömrəli qətnaməsi ilə təyin edilmiş xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin miqdarının azaldılaraq hər ay hər uşağa 150 manat olmaqla, ümumilikdə 300 manat aliment ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar