Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-148/2022 26.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçnın nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İKF-nın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müstəqil tələb irəli süməyən üçünçü şəxs "xxxx" ASC cəlb edilməklə “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı İKF-nın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi”nə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 6.453,22 manat məbləğində sığorta ödənişi, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 1 manat bank xidməti pulun İddiaçı İKF-nın xeyrinə tutulması baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 08 sentyabr 2021-ci il tarixində LPO "xxxx" ASC ilə İddiaçı İKF arasında tələb hüququnun ötürülməsinə dair müqavilə bağlanmış və bu müqavilə üzrə LPO "xxxx" ASC-nin bütün iddia tələbləri İddiaçı İKF-na keçmişdir. "xxxx" ASC ilə "xxxx" MMC arasında 27.06.2019-cu il tarixdə sığorta müqaviləsi bağlanmış və Mİ- 010751 №-li şəhadətnamə üzrə ** PZ *** dövlət qeydiyyat nişanlı, “Renault Dokker” minik markalı avtomobil 3 il müddətinə 26500 manat məbləğində sığortalanmışdır. Mülkiyyət hüququ Cavabdeh2 məxsus olan və Cavabdeh1 tərəfindən idarə olunan ** RA *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz - E240” mink markalı avtomobil, 26.08.2020-ci il tarixdə "xxxx" ASC-də sığortalanmış avtomobil ilə Xəzər rayonu ərazisində toqquşmuş və nəticədə sığortalanmış avtomobilə zərər dəyərək sığorta hadisəsi baş vermişdir. Hadisə yerinə gəlmiş Xəzər rayon DYPŞ əməkdaşı tərəfindən tərtib edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs Cavabdeh1 göstərilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi nəticəsində zərərə uğramış sığortalı avtomobilin təmiri, müştərinin müraciətinə müvafiq olaraq, “İnter Continental” avtomobillərə texniki xidmət stansiyasında həyata keçirilmiş və tərtib edilən 04.09.2020-ci il tarixli qüsur aktına əsasən, avtomobilə dəymiş zərər 19.915 manat məbləğində hesablanmışdır. Avtomobilə dəymiş zərər real bazar dəyərinin 75%-ni keçdiyi üçün avtomobil tam məhv kimi dəyərləndirilmişdir. Bu halda avtomobilin real bazar dəyərindən avtomobilin qalıq dəyəri və müqavilə şərtlərinə uyğun olaraq 15% azadolma məbləği çıxılmaqla dəymiş zərər 22.000 (bazar dəyəri)-3300 (azadolma məbləği)-8500 (qalıq dəy.) = 10.200 manat məbləğində müəyyən edilmişdir. Hesablanmış 10.200 manat həcmində sığorta ödənişi sığortalı avtomobilin təmiri üçün "xxxx" MMC-yə ödənilmiş və bu ödəniş 02.06.2021-ci il tarixli, 1624 №-li ödəniş tapşırığında öz əksini tapmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərə və müstəqil tələb irəli süməyən üçünçü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: 08.09.2021-ci il tarixli "xxxx" ASC ilə İddiaçı İKF arasında bağlanmış “Tələb hüququnun ötürülməsinə dair” müqavilənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, "xxxx" ASC bu müqavilə üzrə müəyyən edilmiş şərtlər daxilində ödənilmiş sığorta ödənişi nəticəsində yaranmış subroqasiya tələbi hüququnu İddiaçı İKF-na ötürmüşdür. 29.10.2021-ci il tarixli, 016-127129-1221 saylı DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış cavab məktubundan müəyyən olunur ki, “Mercedes Benz - E240” mink markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobil 09.07.2012-ci il tarixdən xx.xx.1955-ci il təvəllüdlü Cavabdeh2 adına qeydiyyatdadır. Əlavə sənədlərdən müəyyən edilir ki, Cavabdeh2 tərəfindən nəqliyyat vasitəsinin idarə olunması üçün Cavabdeh1 hər hansı etibarnamə verilməmişdir. AB 780568 seriya və nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes Benz - E240” mink markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı, 1999-cu il buraxılışlı avtomobil Cavabdeh2 mülkiyyətindədir. AD 520912 seriya və nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Renault Dokker” minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı, 2019-cu il buraxılışlı avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir. 09.07.2012-ci il tarixli, ƏN-İİİ 805178 seriya və nömrəli etibarnamənin surətindən müəyyən olunur ki, Cavabdeh2 “Mercedes Benz - E240” mink markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı, 1999-cu il buraxılışlı avtomobili 50 il müddətinə X2 etibar etmişdir. Mİ-010751 nömrəli, 27.06.2019-cu il tarixli nəqliyyat vasitəsinin kasko sığortası şəhadətnaməsindən müəyyən olunur ki, sığortaçı "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə məxsus “Renault Dokker” minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı, 2019-cu il buraxılışlı avtomobil bir il müddətinə 26.500 manat dəyərində tam kasko sığorta olunmuşdur. Mİ-010751 nömrəli, 27.06.2019-cu il tarixli nəqliyyat vasitəsinin kasko sığortası şəhadətnaməsinin əlavə şərtlərinin 6-cı və 7-ci bəndlərinə əsasən müəyyən olunur ki, sığortalanmış nəqliyyat vasitəsinin oğurlanması, yanması və tam məhv olması halında azadolma nəqliyyat vasitəsinin həmin dövrdə olan real bazar dəyərinin 15%-ni təşkil edir. Nəqliyyat vasitəsinin tam məhvi dedikdə dəymiş zərərin məbləği sığortalanmış nəqliyyat vasitəsinin həmin dövrdə olan real bazar dəyərinin 70% və ya daha artıq hissəsini təşkil etməsi halları nəzərdə tutulur. “İnter Continental” avtomobillərə texniki xidmət stansiyasının 04.09.2020-ci il tarixli Qüsur aktından müəyyən olunur ki, "xxxx" MMC-yə məxsus “Renault Dokker” minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı, 2019-cu il buraxılışlı avtomobilə hadisə zamanı ümumilikdə 19.915 manat zərər dəymişdir. 04.05.2021-ci il tarixli, 000343/21 saylı Sığorta aktına əsasən "xxxx" MMC-nin mülkiyyətində olan "xxxx" ASC tərəfindən sığortalanmış “Renault Dokker” minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə “Mercedes Benz - E240” minik markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobil arasında yol nəqliyyat hadisəsi baş vermiş, hadisə nəticəsində “Mercedes Benz - E240” mink markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 təqsirli şəxs olaraq bilinmişdir. “Renault Dokker” minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə hadisə nəticəsində 19.915 manat məbləğində zərər dəymiş və sığortalanmış nəqliyyat vasitəsinə dəymiş ziyan real bazar dəyərinin 70%-ni keçdiyi üçün avtomobil tam məhv kimi dəyərləndirilmiş və bu halda avtomobilin real bazar dəyərindən 15% azadolma məbləği, avtomobilin qalıqlarının dəyəri çıxılmaqla (22000-3300-8500=10200) 10.200 manat məbləğində hesablanmışdır. 02.06.2021-ci il tarixli, 1624 nömrəli ödəniş tapşırığından müəyyən olunur ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına 10.200 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. 09.09.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən müəyyən olunur ki, Cavabdeh1 26.08.2020-ci il tarixdə, Xəzər rayonu ərazisində “Mercedes Benz - E240” minik markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən araməsafəsi qaydalarını pozmuş və nəticədə İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədərək 40 manat məbləğində cərimə olunmuşdur. Həmçinin iş materiallarına əlavə olunmuş 04.10.2021-ci il tarixli çıxarışdan müəyyən olunur ki, "xxxx" ASC tərəfindən reqress qaydasında 3.777,78 manat məbləğində pul vəsaiti "xxxx" ASC-yə ödənilmişdir. "xxxx" MMC-nin 28.12.2021-ci il tarixli, 147 saylı rəyindən müəyyən olunur ki, 2019-cu il buraxılışlı, “Renault Dokker” minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə törədildiyi 26.08.2020-ci il tarixə real bazar dəyəri 21.200 manat, 26.08.2020-ci il tarixə baş vermiş yol nəqliyyat hadisəsi zamanı dəymiş ziyanın məbləği isə 18.870 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Xəzər rayonu ərazisində, 26.08.2020-ci il tarixdə Cavabdeh1 idarə etdiyi “Mercedes Benz - E240” minik markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" MMC-yə məxsus “Renault Dokker” minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs “Mercedes Benz - E240” minik markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 müəyyən olunmuş və barəsində İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş əsaslarla inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, “Mercedes Benz - E240” minik markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən icbari qaydada, “Renault Dokker” minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil isə "xxxx" ASC tərəfinən tam kasko sığorta olunmuşdur. Həmçinin yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh1 “Mercedes Benz - E240” minik markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsiz idarə etdiyi iş materialları ilə öz təsdiqini tapmışdır. “Mercedes Benz - E240” minik markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı, 1999-cu il buraxılışlı avtomobil Cavabdeh2 adına qeydiyyatdadır. Hazırda ləğv prosesində olan "xxxx" ASC-nin müqavilə üzrə hüquqi varisi İddiaçı İKF iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ödənilmiş 10.200 manat məbləğində sığorta ödənişinin tutulmasını xahiş etmişdir. İş materiallarından müəyyən olunmuşdur ki, “Mercedes Benz - E240” minik markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sığortalı olduğu "xxxx" ASC tərəfindən 3.777,78 manat məbləğində reqress ödənişi "xxxx" ASC-yə ödənilmiş və İddiaçı İKF iddia tələbinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-yə aid hissəsində xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, "xxxx" MMC-yə məxsus “Renault Dokker” minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə “İnter Continental” avtomobillərə texniki xidmət stansiyasında qüsur aktı tərtib olunmuş, dəymiz zərər 19.915 manat məbləğində hesablanmışdır. Eyni zamanda "xxxx" ASC-nin sifarişi əsasında "xxxx" MMC-nin “Renault Dokker” minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi ilə bağlı hesabatına əsasən, avtomobilin 12.11.2020-ci il tarixə normal vəziyyətdə bazar dəyəri 22.000 manat, qəzalı vəziyyətdə qalıq dəyəri 8500 manat təşkil etmişdir. Mİ-010751 nömrəli, 27.06.2019-cu il tarixli nəqliyyat vasitəsinin kasko sığortası şəhadətnaməsinə əsasən hesablanmış zərərin məbləği sığortalanmış nəqliyyat vasitəsinin həmin dövrdə olan real bazar dəyərinin 70% və ya daha artıq hissəsini təşkil etdiyi üçün avtomobil tam məhv kimi qiymətləndirilmiş və bu halda azadolma nəqliyyat vasitəsinin həmin dövrdə olan real bazar dəyərinin 15%-ni təşkil etdiyi üçün dəymiş zərərdən qeyd olunan hissə və avtomobilin qalıq dəyəri çıxılmışdır. Eyni zamanda məhkəmənin təşəbbüsü ilə təyin olunmuş ekspertizanın rəyindən müəyyən olunmuşdur ki, “Renault Dokker” minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə törədildiyi 26.08.2020-ci il tarixə real bazar dəyəri 21.200 manat, 26.08.2020-ci il tarixə baş vermiş yol nəqliyyat hadisəsi zamanı dəymiş ziyanın məbləği isə 18.870 manatdır. Məhkəmə yuxarıda göstərilən ekspert rəyi ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bundan əlavə Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası MM-in 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə görə əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 896.2-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində qismən sığortalanmış əmlakın tam məhv olması halında sığorta məbləği bütünlüklə ödənildikdə, sığorta predmetinin qalıqlarına olan hüquq sığortaçıya sığorta ödənişi məbləğinin sığorta dəyərinə olan nisbətində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.6-cı maddəsinə əsasən əmlakın tam məhv olması dedikdə, həmin əmlakın sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin sığorta müqaviləsində müəyyən edilmiş həddən çox olması başa düşülür. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın təsdiq edilməsi haqqında qərarın 40.1.1-ci maddəsinə əsasən əmlak tamamilə məhv olduqda – istifadə üçün yararlı olan qalıqların dəyəri çıxılmaq şərtilə, həmin əmlakın sığorta hadisəsinin baş verməsi anında mövcud olmuş bazar dəyəri məbləğində sığorta ödənişi verilir. Həmin qərarın 33.2.2-ci maddəsinə əsasən avtomobilin tam məhv olması (avtomobilin sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin avtomobilin bazar dəyərinin 75 %-ni və ya daha çox hissəsini təşkil etməsi), yaxud oğurlanması və ya qaçırılması halında sığorta ödənişi həyata keçirilir. Məhkəmə hesab edir ki, Cavabdeh1 avtomobili etibarnaməsiz idarə edərək, təqsirli olduğu yolnəqliyyat hadisəsi zamanı “Renault Dokker” minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurduğundan və həmin zərər "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış könüllü sığorta müqaviləsinin şərtlərinə əsasən sığortaçı "xxxx" ASC tərəfindən ödənildiyindən, sonuncunun mülki qanunvericiliyinin tələblərinə əsasən verilmiş sığorta ödənişi həcmində cavabdehlərdən vurulmuş zərəri tələb etməkdən ibarət subroqasiya hüququ yaranmışdır. Eyni zamanda “Renault Dokker” minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərin sığorta qaydalarına əsasən dəqiq müəyyən edilməsi məqsədi ilə məhkəmə hesab edir ki, ekspert rəyi ilə müəyyən edilən nəqliyyat vasitəsinin bazar dəyərindən (21200 AZN) avtomobilin qalıq dəyəri (8500 AZN) və 15 % azadolma məbləği (3180 AZN) çıxılmaqla dəymiş zərər 9520 manat müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən 3.777,78 manat məbləğində reqress ödənişi "xxxx" ASC-yə ödənilməsi nəzərə alınaraq yekunda 5742,22 manat maddi zərər məbləği müəyyən edilir. Bundan əlavə “Mercedes Benz - E240” minik markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobil məhz Cavabdeh2 mülkiyyətindədir və onun tərəfindən Cavabdeh1 istifadəsinə verilmiş olsa da, sonuncu tərəfindən etibarnaməsiz idarə olunmuşdur. Başqa sözlə, Cavabdeh1 avtomobilə hüquqa zidd şəkildə deyil, bilavasitə mülkiyyətçinin iradəsi ilə sahiblik etmiş, lakin bu sahiblik qanuni əsaslarla rəsmiləşdirilməyərək əslində avtomobilin müvafiq hüququ olmayan şəxs tərəfindən idarə olunmasına şərait yaradılmışdır. Bu isə o deməkdir ki, yüksək təhlükə mənbəyi hesab edilən “Mercedes Benz - E240” minik markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobil hüququ olmayan şəxs tərəfindən idarə olunmasında Cavabdeh2 təqsirli olmuş və Mülki Məcəllənin 1108.2-ci maddəsinin üçüncü cümləsinin mənasına görə o, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımalıdır. Bu baxımdan məhkəmənin qənaətinə görə, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərə görə həm yol-nəqliyyat vasitəsinin törədilməsində təqsirli bilinmiş Cavabdeh1, həm də yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsinin) sahibi Cavabdeh2 məsuliyyət daşımalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı İKF-nın iddia tələbi qismən əsaslı hesab edilməli, “Renault Dokker” minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 5742,22 manat sığorta ödənişi məbləği cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı İKF-nın xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı İKF-nın iddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu və 1 manat bank xidməti xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı İKF-na ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Ekspertiza tədqiqatının dəyəri olaraq 350 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia ərizəsi qismən təmin edilsin. “Renault Dokker” minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 5742,22 (beş min yeddi yüz qırx iki manat iyirmi iki qəpik) manat, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 1 (bir) manat bank xidməti xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı İKF-nın xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 350 (üç yüz əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq “X3 Mərkəzi” MMC-nin hesabına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-148/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-148/2022
26.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver