Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-155/2023 31.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 Şəmşəddil oğlunun, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cərimə, itirilmiş mənfəət və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cərimə, itirilmiş mənfəət və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən köçürmədən yayındırılmış 61473,97 AZN pul vəsaitinin həmin şirkətdən tutularaq DSMF-yə köçürülməsinə; itirilmiş mənfəətə görə 12073 AZN-nin ödənməsinə; maaşların illərlə gecikdirilməsinə görə qanunla nəzərdə tutulmuş cərimənin 362217,6 AZN-nin ona ödənməsinə; mənəvi zərərə görə isə 20000 AZN ödənməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1985-ci ildən xx.xx.2021-ci il tarixədək "xxxx" ASC-də müxtəlif vəzifələrdə işləmişdir. Bu illlər ərzində Azərbaycan Respublikasının müxtəlif rayonlarında və Qazaxıstan Respublikasının ən məsul tikintilərində işləmişdir. 2021-ci ilin oktyabr ayında növbəti məzuniyyətdə olarkən onu çağırıb Moldova Respublikasında tikintisi uzun zaman davam edən obyektə göndərmək istəyərkən üzrlü səbəbdən etiraz etmişdir. Onu həmin təşkilatda 36 il işləməyinə baxmayaraq qeyri-qanuni işdən azad etmişlər. Bundan sonra güzəştli şərtlərlə təqaüdə çıxmaq istəyərkən məlum olmuşdur ki, onun işlədiyi illər ərzində aylıq orta əmək haqqı bilərəkdən az göstərilmiş, sosial müdafiə fonduna köçürülən vəsait 2 dəfədən də az olmuşdur. Azərbaycan Beynəlxalq Bankından və Turan Bankdan onun əmək haqqı kartına köçürülən vəsaitləri Egov.az-da göstərilən aylıq gəlirlərlə müqayisə etdikdə onların kəskin fərqlənməsi bunu sübut edir. 2006-2013-cü illər arasında maaş gəliri kimi portaldan çıxarışda 45376.20 AZN göstərilib DSMF ödənişi isə 11344.12 AZN hesablanmışdır. Lakin həmin dövrdə qeyd edilən kimi maaş almışdır: 2006 - 1000AZN x 12ay = 12000; 2007 - 1000AZN x 12ay = 12000; 2008 - 1000AZN x 12ay = 12000; 2009 - 1000AZN x 12ay = 12000; 2010 - 1000AZN x 12ay = 12000; 2011 - 2000AZN x 12ay = 24000; 2012 - 2000AZN x 12ay = 24000; 2013 - 3000AZN x 12ay = 36000 AZN olmaqla cəmi 144000 AZN maaş almışdır. Ancaq göründüyü kimi portalda göstərilən miqdar 45376.20 AZN-dir. Vergi orqanlarından gizlədilən maaş məbləği 144000 – 45376.20= 98623.8 AZN təşkil edir. Yuxarıdakı nisbətə görə ödənməmiş DSMF borcu 24655.95 AZN olmalıdır. Belə ki, 2014-2021-ci illərdə şirkətin ona maaş gəliri kimi göstərdiyi miqdar – 107510.85 AZN-dir. Buna uyğun olan DSMF- 26128.79 AZN-dir. Lakin Azərbaycan Beynəlxalq Bankından alınmış çıxarışa əsasən maaş gəliri – 249182.01 AZN-dir. "xxxx" ASC MXD-dan alınmış çıxarışa əsasən maaş – 9282.74 AZN olmuşdur. Deməli 249182.01+ 9282.74 = 258464.75 AZN maaş aldığı halda göstərilən maaş – 107510.85 AZN təşkil edir. Yuxarıdakı nisbət nəzərə alınsa ödənməmiş DSMF borcu 36818.02 AZN təşkil edəcəkdir. Hər iki dövr nəzərə alınsa 24655.95+36818.02=61473.97 AZN DSMF-yə ödənməmiş borc qalmışdır. 2006-2021-ci illər ərzində aldığı cəmi faktiki maaş miqdarı 144000+258464.75=402464.75 AZN olmuşdur. ABB və Turan Bankdan alınmış çıxarışlara baxılsa açıq görünür ki, əmək haqqı aylarla ləngidilmişdir. Bunları nəzərə alaraq 2006-2021-ci illər hesablanmış 402464.75 AZN maaşın hər dəfə 3 ay gecikdirməklə verilməsinə görə ailəsini, evini və s. saxlamaq üçün banklardan kredit götürmüş, faizlə başqalarından borc almışdır. Yəni bu məsələlərə görə ziyana düşmüş, mənfəət itirmişdir. Təkcə 402464.75 AZN banka yerləşsəydi 402464.75 x 12 faiz = 48295.8 AZN edərdi. 3 ayda isə 12073.95 AZN edir. İtirilmiş mənfəəti simvolik olaraq 12073 AZN hesablayır. Lakin daha böyük məbləğ təşkil edir. Bundan başqa bütün bu hallarda DSMF ödənişlərinin az köçürülməsi və ona düşəcək təqaüdün az olacağına görə illərlə maaşlarının gecikdirilməsinə görə, işdən qanunsuz azad olmağına görə, yazdığı şikayətlərər və müxtəlif dövlət orqanlarının onun işinə görə şirkətə müraciətlərinə cavab verilmədiyinə görə həm də mənəvi ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, onun maaşı düz göstərilməyib və Pensiya Fonduna 61000 manata yaxın pulu əksik köçürülmüşdür. Onun maaşı 2500 manat olduğu dövrdə orada 400 manat pul göstərilmişdir. 2000 manat olduğu dövrdə isə 300 manat göstərilmişdir. Onun aldığı maaşla çıxarışda göstərilən ödəmələr üst-üstə düşmür. Çıxarışları təqdim edib. Onun əvvəlcə xəbərim olmamışdı. Sadəcə işdən çıxarılandan sonra pensiya məsələsi ilə maraqlananda bütün bu məsələlər ortaya çıxdı. İddiaçı istəyir ki, 61000 manat "xxxx" ASC tərəfindən Dövlət Sosial Müdafiə Fonduna köçürülsün. Aldığı maaşları hesablayıb onlara əsasən 61000 manat əldə etmişdir. İddia ərizəsində ümumi maaşları göstərilib. Ona mənə 2000-2500 manat maaş verilib, lakin Dövlət Sosial Müdafiə Fonduna 300-400 manat göstərilib. 3 il ərzində aldığı maaşla bağlı tabelləri təqdim etdi. Tabellərdə göstərilən maaşlarla Dövlət Sosial Müdafiə Fonduna ödənilmiş maaşlar düzgün göstərilməmişdir. DSMF-ə ödənişdə onun maaşı 300-400 manat göstərilir. 2006-cı ildən 2021-ci ilə qədər aldığı maaşları toplayıb və hər maaşa uyğun DSMF ödənişlərini hesablamışdır. İkinci tələbi itirilmiş mənfəətə görə 12073 manatın ödənilməsidir. Keçən ilin oktyabrından onu işdən kənarlaşdırıblar. Həmin dövrdə işsiz qalıb ziyan çəkdiyimə görə ödənilməli olan məbləğ 12073 manatdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 Şəmşəddil oğlu izahatında bildirmişdir ki, o təqdim etdiyi sənədlərlə bağlı baş mühasiblə danışmışdır. Ona bildirilmişdir ki, bu sənədlərin aydınlaşdırılması ilin sonu olduğu üçün çatdırılmayacaq. Onların ekspertizanın keçirilməsi ilə bağlı vəsatətləri var. Vəsatətdə də qeyd etdikləri bir məqam vardır ki, iddiaçı idda ərizəsində 2006-cı ildən bəri olan əmək haqqısı ilə bağlı da tələbi var. Hansı ki 2013-cü ildən etibarən əmək haqqını və digər ödənişləri kart vasitəsilə, əvvəlki illəri isə əlbəəl alıb. İddiaçının təqdim etdiyi çıxarışda ümumi məbləğlər göstərilmişdir. Lakin onlar ekspertizanın keçirilməsi ilə bağlı vəsatəti ona görə verirlər ki, belə hesab edirlər ki, təqdim etdikləri sənədlərdəki ayırmaların aparılması ekspertin səlahiyyətindədir. Həmçinin vəsatətlərində eksperizanın "xxxx" cəlb edilməklə keçirilməsini də qeyd etmişlər. Çünki "xxxx" tərəfindən təqdim olunan sənəd də düzgün formada tərtib edilməmişdir. Onların təqdim etdikləri sənədlərdə ayırmalar aparılmışdı, lakin məbləğlərdə düz gəlməyən hallar var idi. 2019, 2020, 2021-ci illərdə heç bir problem yox idi, bunu iddiaçının özü də bildirmişdi ki, həmin hissələrdə heç bir etirazı yoxdur. Lakin iddia tələbində göstərir ki, həmin illərə aid olan hissələrdə də məbləğlər müəyyənləşməlidir. Onlar özləri "xxxx"na getmişlər və onların təqdim etdikləri məbləği sadəcə əmək haqqı olaraq göstərmədikləri halda onların bütün məbləğləri yalnız əmək haqqı qeyd etmələrinin səbəbini soruşmuşlar. Bildirmişlər ki, onlar onları məhkəmənin vaxtına çatdıra bilmədikləri üçün sistemdən çıxarıb birbaşa göndərmişlər. Onlar müəyyən illərlə bağlı sənədləri tapıb təqdim etmişlər. Təqdim etdikləri sənədlərə əsasən araşdırma nəticəsində hər şey aydın olacaq. İddianın əsası kimi iddiaçı tərəfindən təqdim olunmuş sənədlərlə iddiaçının dedikləri ziddiyyət təşkil edir. Əvvəllər şirkətin kim tərəfindən nə formada idarə olunduğunu iddiaçı çox yaxşı bilir. 2019-cu ilə qədər şirkətdə sənəd olmayıb. Onlar bütün zəruri sənədləri təqdim edəcəklər. Tərəfə ödənilən ödənişlərin hansının əmək haqqı, hansının ezamiyyə xərci, hansının isə Nazirlər Kabinetinin qərarına əsasən ödənilmiş gündəlik xərc olması, həmçinin DSMF ödənişlərinin düzgün aparılıbaparılmaması formasında suallar ekspertin qarşısına qoyula bilər. İddiaçının əmək haqqısının nə qədər olması, ona faktiki ödənilən məbləğin nə qədər olması, əmək haqqından tutulan DSMF ödənişlərinin düzgün olub-olmaması sualları ekspertin qarşısına qoyulsun. Tərəfindən həm ötən məhkəmə iclaslarında məhkəməyə, həm də ekspertə lazımi sənədlər təqdim edilmiş və izahatlar verilmişdir. Sadəcə olaraq ekspert işi araşdırmaqdan imtina etmək üçün belə bir rəy vermişdir ki, imtina edilsin. Tabel uçot vərəqələri, son haqq-hesabaların aparılması iddiaçının təqdim etdiyi bank çıxarışlarında var. Fikrincə ekspertin keçirilməsindən imtina edilməsinə səbəb onlar tərəfindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə bank tərəfindən təqdim edilmiş sənədlər arasında ziddiyətin olmasıdır. Lakin onlar tərəfindən mümkün olan bütün sənədlər ekspertə təqdim edilmişdir. Həmçinin iddiaçının təqdim etdiyi sənədə əsasən onun kartına köçürülən məbləğ cəm məbləğ deyil. Yəni iddiaçının kartına köçürülən məbləğ onun əmək haqqısının həmin köçürülən məbləğ qədər olmamasını göstərir. Sadəcə olaraq bank onlara qarşı olan mövqeyini dəyişməyib və bütün köçürülən məbləği ümumi olaraq əmək haqqı kimi göstərib. İddiaçı özü də dəfələrlə qeyd edib ki, o çox vaxt sahələrdə, yəni ezamiyyətdə olmuşdur. Lakin Sosial Müdafiə Fondu tərəfindən təqdim edilmiş sənədlərdə də görünür ki, iddiaçının əmək haqqısı ilə onun kartına köçürülən məbləğ eyni deyil. Yəni faktiki olaraq şirkətləri tərəfindən ona ezamiyyə haqqı köçürülsə də, bank bunu ümumi əmək haqqı olaraq iddiaçının kartına köçürmüşdür. Bildirmək istədikləri məsələ bundan ibarətdir ki, təqdim edilmiş sənədlərə əsasən ekspert bu məsələ ilə bağlı rəy vermək imkanında olmuşdur. Bu iddia ilə bağlı şirkətləri xüsusilə maraqlıdır. Çünki şirkətlərinə qarşı çoxsaylı eyni iddialar vardır. Bəzilərində isə artıq xeyirlərinə yekunlaşmış məhkəmə qətnamələri də mövcuddur. Hesab edir ki, bankın nümayəndəsi gəlib bu məsələyə aydınlıq gətirməlidir. Əvvəllər şirkətin kim tərəfindən nə formada idarə olunduğunu iddiaçı çox yaxşı bilir. 2019-cu ilə qədər şirkətdə sənəd olmayıb. İddiaçının və iddiaçı kimi əvvəllər "xxxx" ASC-nin işçiləri olmuş şəxslərin onların şirkətə qarşı iddia qaldırmaqlarının səbəbi işdən çıxarılmaları olmuşdur. Başqa heç bir səbəb yoxdur. Üstəlik şirkətləri tərəfindən iddiaçıya bir çox güzəştlər olmuşdur. Buna misal kimi güzəştli şərtlərlə iddiaçıya avtomobillərin satılmasını göstərmək olar. Yekunda cavabdehin nümayəndəsi iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialının nümayəndəsi Nümayəndə4 izahatında bildirmişdir ki, onlar iddiaya dair mövqelərini bildirərkən qeyd etmişlər ki, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi sığorta edənin vəzifəsidir. Əgər yayınma halı vardırsa, məcburi dövlət sosial sığorta haqlarının cavabdeh müəssisədən tutulmasını xahiş edirlər. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Repsublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X4 izahatında bildirmişdir ki, ümumi olaraq işin halları ilə bağlı onu deyə bilər ki, hesab edir ki, mübahisənin predmeti şəxsə ödənilən məbləğin əmək haqqı, yoxsa ezamiyyət xərci olması məsələsidir. Çünki ezamiyyə xərclərindən məcburi dövlət sosial sığorta haqları, vergilər tutulmur. Şəxsin hesabına ödənilən pul vəsaitlərin ezamiyyət xərci, yoxsa əmək haqqı olması məsələsi aydınlaşdırılmalıdır. Bunun üçün də bank çıxarışlarının təyinatına baxılmalıdır. Şirkətin təqdim etdiyi bəyannamələrlə, əmək müqaviləsi ilə bank çıxarışlarındakı rəqəmlərin üst-üstə düşüb-düşməməsi məsələsi aydınlaşdırılmalıdır. Çünki hal-hazırda “X1 "xxxx" ASC-də vergi yoxlanması gedir. Məhkəmənin qətnaməsi də vergi yoxlanması üçün, yayınılmış vergi məbləği üçün, məcburi dövlət sosial sığorta haqlarının kompensasiya olunması üçün əsasdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan "xxxx" ASC-dən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli teleqramda qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixində onunla bağlanmış müvəqqəti əmək müqaviləsinə xitam veriləcək. Əmək kitabçasını həmin tarixdən etibarən şirkətin kadrlar şöbəsindən ala biləcəyi qeyd olunmuşdur. İş materiallarında olan Sosial Arayışa əsasən "xxxx" ASC-də işləyən İddiaçı 2006-cı ildən başlayaraq 2021-ci il tarixədək olan gəlirləri, ona hesablanmış və ödənilmiş pul məbləğləri aylar üzrə və ümumi il ərzindəki gəlir şəklində qeyd olunmuşdur. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə imzalanmış Əmək müqaviləsi bildirişindən görünür ki, “X1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin işçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin b bəndinə (əmək müqaviləsinin müddətinin qutarması) əsasən xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan İddiaçı məxsus ******* nömrəli Əmək kitabçasının surətindən görünür ki, “X1 "xxxx" Açıq Səhmdar Cəmiyyətində sahə rəisi vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin b bəndinə (əmək müqaviləsinin müddətinin qutarması) əsasən xx.xx.2021-ci il tarixli, ia-179 saylı əmrlə xitam verilmişdir. İş materiallarında olan İddiaçı məxsus Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş ******************** hesab nömrəli hesabdan xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixinə kimi hesabla bağlı mədaxil və məxaric əməliyyatları öz əksini tapmışdır. İş materiallarında olan "xxxx" ASC-nin 2017-ci ilin iyul ayına olan Tabeldən görünür ki, sahə rəisi vəzifəsində işləyən İddiaçı cəmi iş günü 29 gün olmaqla, cəmi oklad/tarif maaşı 1005 manat olmaqla, ələ alınacaq məbləğ 2000 manat təşkil etmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 2018-ci ilin iyun ayına olan Tabeldən görünür ki, sahə rəisi vəzifəsində işləyən İddiaçı cəmi iş günü 25 gün olmaqla, cəmi oklad/tarif maaşı 1005 manat, əlavə Ə/H 1495 manat olmaqla, ələ alınacaq məbləğ 2500 manat təşkil etmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 2019-cu ilin mart ayına olan Tabeldən görünür ki, sahə rəisi vəzifəsində işləyən İddiaçı cəmi iş günü 27 gün olmaqla, cəmi oklad/tarif maaşı 900 manat, əlavə Ə/H 1600 manat olmaqla, ələ alınacaq məbləğ 2500 manat təşkil etmişdir. İş materiallarında olan Sığortaolunanın hesabına dair Çıxarışdan görünür ki, "xxxx" ASC-nin işçisi İddiaçı 2006-cı ilin yanvar ayından 2021-ci ilin dekabr ayına kimi cəmi gəliri 152887,06 manat, cəmi hesablanmış 38221,77 manat, cəmi ödənilmiş 37427,42 manat, pensiya kapitalı isə 45035,37 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli əmək haqqına dair Arayışda İddiaçı 2015-cilin yanvar ayından 2021-ci ilin oktyabr ayınadək ödənilən əmək haqqı, məzuniyyət pulu, ezamiyyət xərcləri də daxil olmaqla cəmi hesablanan və cəmi karta köçən pul məbləği öz əksini tapmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4588/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərardadına əsasən İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cərimə, itirilmiş mənfəət və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə İddiaçı cavabdeh "xxxx" ASC-də işlədiyi müddət ərzində (2006-2021-ci illər) ona əmək haqqı kimi ödənilmiş pul vəsaitinin məbləği və ödənişin təyinatı barədə (əmək haqqı, ezamiyyə xərci, DSMF və vergi tutulmaları və s. dəqiq göstərilməklə) dəqiq və ətraflı məlumatlar cavabdeh "xxxx" ASC-dən və "xxxx" ASC-dən tələb olunması qərara alınmışdır. Həmin qərardad əsasında eyni tarixli icra vərəqəsi qəbul edilərək qərardad icraya yönəldilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli İcraata başlamaq haqqında Qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4588/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli İcraata başlamaq haqqında Qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4588/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan "xxxx" ASC-nin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli Çıxarışdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4588/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən "xxxx" ASC tərəfindən İddiaçı "xxxx" ASC-nin Abşeron filialında olan AZ48İBAZ******************** saylı hesabına xx.xx.2013-xx.xx.2021-ci il dövrü ərzində köçürülmüş pul vəsaitləri barədə məlumat məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 2016, 2017, 2018, 2019-cu ilin iyun ayına qədər əmək haqqı, ezamiyyə ödənişlərini təsdiq edən sənədləri məhkəməyə təqdim edirlər. 2019, 2020, 2021-ci illər üzrə ödənişlər internet banking əməliyyatları ilə ödənildiyindən həmin illər üçün əmək haqqı, ezamiyyə və digər ödənişləri təsdiq edən sənədlər yalnız ödənişi etmiş bank tərəfindən təqdim edilə bilər. İş materiallarında olan cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəməyə ünvanladığı iddia müddətinin tətbiqiq barədə ərizəsində qeyd edilmişdir ki, iş üzrə iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən Əmək Məcəlləsinin 296- cı maddəsi nəzərə alınmaqla iddia müddəti tətbiq edilərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İş materiallarında olan Məhkəmə ekspertizasının aparılmasından imtina barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2023-cü il tarixli məlumatında qeyd olunmuşdur ki, ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında qoyulmuş sualların həlli üçün iş materiallarında kifayət qədər məlumatlar öz əksini tapmamışdır. Belə ki, təqdim edilmiş iş materiallarında tərəflər arasında bağlanmış əmək müqaviləsi üzrə İddiaçı ilə cavabdeh "xxxx" ASC-də 2006-2021ci illər üzrə işlədiyi dövr ərzində hansı vəzifədə işləməsi, tutduğu vəzifə üzrə aylıq əmək haqqına dair məlumat, ştat cədvəli, əmək haqqı hesablanmasına dair cədvəllər, əmək haqqı üzrə bank hesabından çıxarış, tabel uçot vərəqələri, məzuniyyət əmrləri, son haqq hesab barədə məlumat, eyni zamanda qərardadın icrası ilə əlaqədar "xxxx" ASC-nin aidiyyatı üzrə mütəxəssisinin tədqiqatda iştirakı təmin edilməmişdir. Odur ki, hazırki ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır. İş materiallarında olan Məhkəmə ekspertizasının aparılmasından imtina barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyul 2023-cü il tarixli məlumatında qeyd olunmuşdur ki, iş materialları yenidən xx.xx.2023-cü il tarixdə Mərkəzə daxil olmuşdur. İş materialları ilə tanışlıq zamanı əvvəlki ekspert vəsatətində qeyd edilən zəruri sənədlərin işə əlavə edilmədiyi, eyni zamanda ekspertiza təyini haqqında qərardadda ekspertizanın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun və eyni zamanda "xxxx" ASC-nin əməkdaşlarının mütəxəssis qismində tədqiqata cəlb edilməklə” aparılması qeyd edilsə də, mütəxəssislərin tədqiqqatda iştirakı təmin edilməmişdir. Odur ki, hazırki ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli Sığortaolunanın hesabına dair Çıxarışından görünür ki, "xxxx" ASC-nin işçisi İddiaçı 2006-cı ilin yanvar ayından 2021-ci ilin dekabr ayına kimi cəmi gəliri 150126,25 manat, cəmi hesablanmış 37531,56 manat, cəmi ödənilmiş 36763,96 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “X1 "xxxx" Açıq Səhmdar Cəmiyyətində sahə rəisi vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin b bəndinə (əmək müqaviləsinin müddətinin qutarması) əsasən xx.xx.2021-ci il tarixli, ia-179 saylı əmrlə xitam verilmişdir. Hazırda İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cərimə, itirilmiş mənfəət və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən köçürmədən yayındırılmış 61473,97 AZN pul vəsaitinin həmin şirkətdən tutularaq DSMF-yə köçürülməsi; itirilmiş mənfəətə görə 12073 AZN-nin ödənməsi; maaşların illərlə gecikdirilməsinə görə qanunla nəzərdə tutulmuş cərimənin 362217,6 AZN-nin ona ödənməsi; mənəvi zərərə görə isə 20000 AZN ödənməsi barədə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəməyə ünvanladığı iddia müddətinin tətbiqiq barədə ərizəsində qeyd etmişdir ki, iş üzrə iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən Əmək Məcəlləsinin 296- cı maddəsi nəzərə alınmaqla iddia müddəti tətbiq edilərək iddianın rədd olunması barədə qətnamə qəbul edilsin. Belə ki, iddia ərizəsindən də müəyyən olunur ki, iddiaçının tələb etdiyi pul məbləğləri 2006-ci ildən 2021-ci ilədək olan dövrdə ona ödənilməsini nəzərdə tutduğu məbləğlərdir. Hazırki iddia ilə iddiaçı məhkəməyə müraciət etsə də qanunda nəzərdə tutulmuş müddəti iddia tələbinin bir hissəsinə münasibətdə ötürmüşdür. Belə ki, iş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə imzalanmış Əmək müqaviləsi bildirişindən görünür ki, “X1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin işçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin b bəndinə (əmək müqaviləsinin müddətinin qutarması) əsasən xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Fərdi əmək mübahisələri üzrə iddia müddətinin tətbiq edilməsi AR ƏM-nin 296-cı maddəsi ilə nizama salınır. AR ƏM-nin 296-cı maddəsinə əsasən:
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. AR ƏM-nin 296.4-cü maddəsindən də göründüyü kimi pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin b bəndinə (əmək müqaviləsinin müddətinin qutarması) əsasən xx.xx.2021-ci il tarixdə xitam verilmiş, mövcud iddia tələbi ilə bağlı məhkəməyə müraciət xx.xx.2022-ci il tarixdə olunmuşdur. Qanunvericiliyin müddəaları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı yalnız məhkəməyə müraciət etdiyi tarixdən 1 il əvvələ qədər olan pul məbləğini tələb edə bilər, yəni xx.xx.2021-ci il tarixdən-xx.xx.2021-ci il tarixə qədər olan pozuntu hesab etdiyi məbləği. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin hallarından görünür ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 1 illik iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmiş, 2006-cı ildən, işdən çıxdığı tarixə qədər 2021-ci ilə qədər olan məbləğləri tələb edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia tələbinin 2021-ci ilin avqust ayına qədər olan hissəsində iddia müddəti keçdiyindən, iddianın bu hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. İddia müddətinin ötürülmədiyi iddia tələbinin müvafiq hissəsinə gəldikdə isə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-155/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısına - İddiaçı cavabdeh "xxxx" ASC-də işlədiyi müddət ərzində (2006-2021-ci illər) ona əmək haqqı kimi ödənilməli olan və faktiki ödənilmiş əmək haqqı hansı məbləği təşkil edir ? - Göstərilən müddət ərzində (2006-2021-ci illər) İddiaçı ödənilən əmək haqqı üzrə DSMF ödənişləri düzgün aparılmışdırmı ? (Düzgün aparılmadığı halda əskik məbləğ dəqiq hesablansın) kimi suallar qoyulmuşdur. İş materiallarında olan Məhkəmə ekspertizasının aparılmasından imtina barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2023-cü il tarixli və 13 iyul 2023-cü il tarixli məlumatlarında qeyd olunmuşdur ki, ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında qoyulmuş sualların həlli üçün iş materiallarında kifayət qədər məlumatlar öz əksini tapmamışdır. Belə ki, təqdim edilmiş iş materiallarında tərəflər arasında bağlanmış əmək müqaviləsi üzrə İddiaçı ilə cavabdeh "xxxx" ASC-də 2006-2021-ci illər üzrə işlədiyi dövr ərzində hansı vəzifədə işləməsi, tutduğu vəzifə üzrə aylıq əmək haqqına dair məlumat, ştat cədvəli, əmək haqqı hesablanmasına dair cədvəllər, əmək haqqı üzrə bank hesabından çıxarış, tabel uçot vərəqələri, məzuniyyət əmrləri, son haqq hesab barədə məlumat, eyni zamanda qərardadın icrası ilə əlaqədar "xxxx" ASC-nin aidiyyatı üzrə mütəxəssisinin tədqiqatda iştirakı təmin edilməmişdir. Odur ki, hazırki ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır. Bundan əlavə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4588/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərardadına əsasən İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cərimə, itirilmiş mənfəət və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə İddiaçı cavabdeh "xxxx" ASC-də işlədiyi müddət ərzində (2006-2021-ci illər) ona əmək haqqı kimi ödənilmiş pul vəsaitinin məbləği və ödənişin təyinatı barədə (əmək haqqı, ezamiyyə xərci, DSMF və vergi tutulmaları və s. dəqiq göstərilməklə) dəqiq və ətraflı məlumatlar cavabdeh "xxxx" ASCdən və "xxxx" ASC-dən tələb olunması qərara alınmışdır. Həmin qərardad əsasında eyni tarixli icra vərəqəsi qəbul edilərək qərardad icraya yönəldilmişdir. Lakin icra nəticəsiz qalmışdır. Mülki iş üzrə hər iki tərəf iş üçün əhəmiyyət kəsb edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Hazırda məhkəmə hesab edir ki, hazırki mülki işdə mövcud olan bütün sənədlərlə və sübutlarla İddiaçı cavabdeh "xxxx" ASC-də işlədiyi müddət ərzində ona əmək haqqı kimi ödənilmiş pul vəsaitinin məbləğinin hansı hissəsinin əmək haqqı, hansı hissəsinin isə ezamiyyə xərci olması, bununla da DSMF və vergi tutulmalarının dəqiq müəyyən edilməsi mümkün olmur. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh "xxxx" ASC tərəfindən köçürmədən yayındırılmış 61473,97 AZN pul vəsaitinin həmin şirkətdən tutularaq DSMF-yə köçürülməsi hissəsində təmin oluna bilməz. Bundan əlavə iddia tələbinin itirilmiş mənfəətə görə 12073 AZN-nin ödənməsinə və maaşların illərlə gecikdirilməsinə görə qanunla nəzərdə tutulmuş cərimənin 362217,6 AZN-nin ona ödənməsinə hissəsi üzrə məhkəmə qeyd edir ki, həmin hissələrdə iddia tələbi ümumiyyətlə əsaslandırılmamış, iddiaçı tələbini həmin hissələrdə əsaslandıra bilməmiş və buna dair məhkəməyə hər hansı tutarlı sübut təqdim olunmamışdır. Habelə iddia tələbi mənəvi zərərə görə isə 20000 manat məbləğində pulun ödənilməsi hissəsində də təmin edilməməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. İşin hallarından da göründüyü kimi, iddiaçı ona mənəvi zərərin vurulmasını göstərən halları təsdiq edən faktları məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində təmin olunmamalıdır. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cərimə, itirilmiş mənfəət və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qanunvericiliyin müddəlarını, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cərimə, itirilmiş mənfəət və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi təmin olunmasın. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Məmmədli